Aqşin Yeniseyin “Tarix və tale” romanını oxuduğum ərəfələrdə bir dostum soruşdu ki, necə əsərdir, necə gedir? Ona dedim ki, elə bil Aqşin romanı yerindən “iki yüzlə”lə qaldırıb, mənzil başına çatana kimi də həmin sürətlə sürüb.
Haqlı olaraq, avtomobildən başı çıxan oxucular etiraz edə bilərlər ki, xeyr, maşını yerindən “iki yüzlə” qaldırmaq mümkün deyil. Doğrusu maşın barədə qəti heç nə deyə bilmərəm, bu bənzətmənin də reallıqla nə qədər səsləşdiyindən əmin deyiləm, lakin “Tarix və tale” romanı barədə onu deyə bilərəm ki, Aqşin romanda “iki yüzlə” getməyin mümkünlüyünü müəyyən mənada göstərib, lakin mənzil başına çatan “maşın” salamat qalıbmı? Bax bu barədə müəyyən şübhələrimi izah etməyə çalışacam.
Mənim adətimdir, kitabları qələmlə oxuyar və xoşuma gələn cümlələrin altından xətt çəkərəm, maraqlı gələn yerlərin qabağına müxtəlif işarələr qoyaram. Aqşinin romanın oxuyanda qələmə ehtiyac olmadı. İlk cümləsindən son cümləsinə qədər hər biri o qədər böyük ilhamla yazılıb, bədii ecazla yüklənib ki, xəttləməyə qalsa, gərək hər sətrin altından xətt çəkəydim.
Əsərdəki bəzi hissələri heç nə yox, sadəcə bədii lövhə kimi təkrar-təkrar qayıdıb oxumaq mümkündür. Nümunə kimi qəhrəmanların evinin, qənd sexinin təsviri və ya ATAnın sevgilisinin öldürülməsi ilə yekunlaşan “çuxa və çadra” təsvirlərinin verildiyi hissələri demək olar. Nümunələrin sayını artırmaq da mümkündür, zira kitab başdan-başa bu cür valehedici bədii boyalarla zəngindir. Bu bədii boyalar, nəfis dil, modern bənzətmələr istər-istəməz süjeti unutdurur, beləcə oxucu əsərin gedişatının deyil, sözlərin düzülüşünün, onların yaratdığı mənanın, ezackarlığın peşinə düşməyə başlayır. Mənim fikrimcə “Tarix və tale”nin də bariz üstünlüyü bundadır.
Bu yaxında gənc yazar Şamxal Həsənovun “Səs və ya Qırmızı” adlı romanından yazmışdım. Həmin romanda bir ailə üçbucağından bəhs olunurdu. Maraqlıdır ki, Aqşinin də romanı eyni üçbucağın hipotenuzunun kvadratının katetlərinin kvadratları cəminə bərabər olmasından danışır və hər iki əsərdə oğul yazıçı olmaq niyyətindədir. Sadəcə “Səs və ya Qırmızı”da müəllif bizi içə doğru səyahətə çıxarırsa da Aqşin əksinə, xaricə doğru səyahətə dəvət edir. “Tarix və tale”də qəhrəmanlar özlərinin tarixi ilə ölkənin taleyinə möhkəm tellərlə bağlıdır və hər bir qəhrəmanın taleyi də ölkənin tarixini doğurur.
Təsadüfi deyil ki, romanda OĞULun yazdığı əsər də milli-azadlıq hərəkatının iki iştirakçısından bəhs edir.
Roman nağıl danışmaq sənətidir. Aqşin isə təkcə nağıl danışmır, oxucunun qəbul edib-etməməyindən asılı olmayaraq özünün yəqinlərini, qənaətlərini, mifik-tarixi-fəlsəfi düşüncələrini bölüşür. Bu mifik-tarixi-fəlsəfi düşüncələr oxucu üçün yad olar bilər, razılaşmaya bilər, hətta yanlış da görünə bilər, lakin bütün hallarda MARAQLIdır, çəkicidir, yeri gələndə yumoristik, sarkazm doludur.
Bu fəlsəfi ricətləri, haşiyələri oxuduqca və əsər boyu onlar hər tərəfə yayıldıqca süjet bir tərəfdə qalır, əsas xətt özü haşiyəyə çevrilərək, “fəlsəfi traktat”ın içində əriməyə başlayır və oxucuya elə gəlir ki, müəllifin məqsədi sanki elə budur: roman həmin fəlsəfi düşüncələri yığmaq üçün dosyedir, çantadır.
Əlbəttə kiməsə, xüsusən roman janrının istənilən eksperimentə açıq olduğu indiki dövrdə “belə yazma, elə yaz” demək qəbahətdir, XXI əsrin romanı özü hər cür eksperimentə təhrik edir. Üstəlik Aqşin kimi bir qələm adamına heç demək olmaz, bir yandan da əsərin necə yazılmasından asılı olmayaraq oxucu tərəfindən maraqla qarşılanıbsa, deməli yazıçı öz missiyasına ulaşıb. Hərçənd Aqşin üçün, zənnimcə, oxucu rəyi əsas deyil.
Olsun ki, bir oxucu kimi mənim istəyim Aqşinin nəsrində fəlsəfəçilikdən arınmış və sırf bədiiliklə yoğurulmuş əsərlər görməkdir. Çünki fəlsəfədən kömək istəmədən də əsərdə sırf estetik məziyyətləri ilə oxucunu heyrətləndirmək bacarığı var Aqşində. Lakin mənim bunu arzulamaq istəyimdən ziyadə ürəyindən keçən üslubda əsər yazmaq müəllifin təbii haqqıdır, Aqşinin romanları və hekayələri də göstərir ki, bu artıq onda bir üslub halını alıb.
Təbii ki, bədii əsərlərində özünün fəlsəfi düşüncələrini təqdim edən yazıçı-filosoflar da az deyil, elə Jan Pol Sartrı, Alber Kamyunu yada salmaq kifayətdir. Lakin XX əsrin fəlsəfi düşüncəsində özünəməxsus yer tutmuş bu yazıçı-filosoflar (Sart və Kamyu) belə bədii əsərlərində fəlsəfi düşüncələrini açıq şəkildə təqdim etməyiblər, onlar bunu əsərin canına, qanına hopdurublar. “Yad”da açıq şəkildə ekzistensializmə işarə görmürük, lakin əsərin bütün məğzi-mənası bunu deyir.
Yeri gəlmişkən, başqa bir nümunə də çəkmək istərdim. “Anna Karenina”da Tolstoy bir neçə yerdə əsərin ümumi ahənginə ziddi gedən uzun-uzadı səhifələr boyu Levin vasitəsilə özünün fəlsəfi fikirlərini bölüşür. Oxucuların çoxu da bu hissələrin yorucu və əsərin ümumi ruhu ilə uyuşmadığını bildirirlər. Lakin bu fəlsəfi ricətlər bu geniş əsərin ümumi strukturunda əhəmiyyətli yer tutmadığı üçün “Anna Karenina”ya ağırlıq gətirmir, ya da belə deyək, romanın əsas süjetinin içində əriyib gedir. Oxucu Annanın yaşadığı hisslərin həyəcanı ilə Levinin fəlsəfəçiliyinə də qatlaşmağa hazırdır. Aqşin isə özünün fəlsəfi fikirlərini əsər boyu səpələyir, biz bu fikirlərə, demək olar, hər cümlədə rast gəlirik. Bəlkə buna görədir ki, əsərin bəzi yerlərində müəllif süjeti unudur, özü öz yazdığından ilhamlanaraq ordudan qabağa düşmüş kəşfiyyatçı dəstə kimi xeyli irəli gedir və qəfildən xatırlayır ki, qəhrəmanlar bir neçə səhifə geridə qalıblar, qayıdıb onları yenidən arxasınca çəkir. Aqşin bəzən şairliyinə güc verib hədsiz təsvirlərə qaçır, roman yaddan çıxır, bu təsvirləri romanın səhifələri boyu proporsiyalara bölsək, bəzən izafi hal da alır. Amma deyim ki, təsvirlər də təsvirdir. İlhamlı cümlələr süjetin nəzərdən qaçan hissələrini xilas edir.
Yuxarıda “maşın” bənzətməsini işlətsəm də, əslinə qalanda romanın da iş prinsipi elə maşın kimi deyilmi? Elə döngələr var ki, ordan saatda on kilometr sürətlə keçməlisən, elə qovşaq var ki, orda dayanıb gözləməlisən və sair və ilaxır. Elə yer var ki, orda iki cümləlik təsvir verib hadisəyə keçməlisən, yenə də avtomobil bənzətmələri ilə danışsaq, Aqşin “Formula” yarışlarının pilotları kimi drift edir, musiqi dilinə keçsək, “xal” vurur. Aqşin öz usanmaz təbinə güvənərək irəliləyir, saatda onla keçmək lazım olan yerdən də saatda iki yüzlə keçir, bəlkə buna görədir ki, sonluq bir qədər tələsik alınır (ata, ana və oğul xətti), hadisələr əsərin əvvəlindəki aramla deyil, qəfil çözələnir.
Aqşin qəhrəmanlarının hər birinə müəyyən xarakter yükləsə də, eyni fəlsəfi dillə danışırlar. Aqşinin qəhrəmanları hamısı filosofdur, fikir və düşüncələrini yüksək intellektlə büruzə verirlər, şair kimi poetik, filosof kimi aforizmlərlə danışırlar. Bu istər-istəməz mənim yadıma Fyodor Dostoyevskinin əsərlərini (“İdiot”, “Cinayət və cəza”, “Karamazov qardaşları”) salır. Onun qəhrəmanları da çox vaxt sosial mənsubiyyətlərindən asılı olmayaraq özlərini filosof kimi aparırlar. (İppolitin xəstə yatağında uzanıb qarşısındakı yüksək sinfə mənsub insanlara saatlarla fəlsəfi mühazirə oxumasını xatırlayaq). Böyük rus yazıçısının romanları da bədiiyyatdan çox, onun fəlsəfi düşüncələrini ifadə etməyə xidmət edir, nahaq yerə Vladimir Nabokov Dostoyevskini ədəbi pintilikdə ittiham etmir və Dostoyevskini böyük dramaturq potensialı olsa da özünü roman yazmağa həsr etmiş yazıçı adlandırmır. Qəhrəmanlarını ucdantutma filosof kimi danışdırmaq baxımından Aqşinin “Tarix və tale” əsərini Dostoyevskinin “Cinayət və cəza” romanı ilə müqayisə edərdim. Diqqət etsək, görərik ki, hətta müəyyən mənada hər iki romanda qoyulan problem də eynilik daşıyır (bilmirəm nə dərəcədə doğru müşahidədir, lakin mənə elə gəlir Aqşinin düşüncələri bir çox məsələlərdə Dostoyevskinin düşüncələri ilə oxşarlıq təşkil edir). Gəlin, yadımıza salaq: tələbə Roskolnikov sələmə pul verən “günahkar” qadın – Alyona İvanovnanı öldürdüyü üçün deyil, onun pak, dindar bacısı Lizaveta İvanovnanı qətl etdiyi üçün peşman idi. Onun nəzəriyyəsinə görə böyük amallar naminə cinayət törətmək məqbuldur.
“Tarix və tale”də isə Musa və İsa qardaşları inqilaba kömək etmək məqsədi ilə varlı dayılarının evinə girirlər. Lakin onların məqsədi dayılarını öldürmək yox, qəsb etmək olsa da, hadisə planlaşdırdıqları kimi cərəyan etmir dayılarını qətlə yetirməli olurlar, məhkəmə isə onları ölüm hökmünə məhkum edir. Burada Musa ilə İsa Azərbaycanın, qətlə yetirdikləri dayıları isə Rusiya İmperiyasının timsalıdır, 20 Yanvar hadisəsi isə qardaşlara kəsilən ölüm hökmünün rəmzidir. Hamıya borca pul verib onları müflis edən sələmçini öldürdüyünə görə peşmanlıq duymayan Roskolnikov kimi Musa da dayısının öldürməyi amansız cinayət hesab etmir, o, düşünür ki, bunu böyük amallar naminə törədib. Axı qəsbdən əldə edilən var-dövlət özlərinə deyil, qurmağı xəyal etdikləri dövlətləri üçün xərclənəcəkdi. Buna görə də Musa özünü ölkəsinin tarix və taleyində olduqca əhəmiyyətli addım atmış biri sayır.
Mən yazının bu yerinə çatanda “Tarix və tale”dən bəzi yerləri təqdim etmək istəsəm də sonradan vaz keçdim. Ona görə ki, “Tarix və tale”ni hansı səhifədən açsanız, oxuduğunuz hissə maqnit kimi sizi özünə çəkib qopmağa qoymayacaq. Necə ki, mən kitabı açdım və səhifələrə göz ata-ata bir də gördüm, içimdə bir hiss kitabı bir daha oxumağı və o ecazkar aləmə bir daha məftun olmağa dəvət edir.