“Yuğ” binasının sökülməsi və teatrın başqa yerə köçürülməsi xəbəri bir xatirəmi yadıma saldı. Ötən il İstanbulda olanda Qismətlə maraqlı bir restorana getdik. Adı Ramiz köftəcisi idi. Masanın üzərindəki kağız süfrə o dəqiqə diqqəti cəlb edirdi. Süfrədə türk romanlarından, şeirlərindən parçalar həkk olunmuşdu. O parçalar ki, hadisələr bu tarixi köftəçidə baş verir. Məsələn, fərz edək ki, Yusuf Atılqanın “Avara” əsərində bir cümlə var: “İşdən çıxıb Ramiz köftəcisinə getdim.”
Baxırsan ki, adi bir köftəcidir, amma nə qədər mənalı məkana çevrilib. O köftəci artıq iaşə obyekti olmaqdan çıxaraq mənəvi dəyərə çevrilib və mənə elə gəlir ki, ora gələnlər təkcə köftə yemir, həm də ədəbi-mənəvi qida qəbul edirlər.
Yemək üçün gəldiyin məkanda özünü mədəni mühitdə, ədəbiyyatın, dolayısı ilə əbədiyyətin içində hiss edirsən. Sən də böyük tarixin bir parçasına çevrilirsən, sənə elə gəlir bu məkan kimi, bu əsərlər kimi sən də unudulmayacaqsan.
Fransada hətta Hüqo və başqa yazıçıların restoranda oturduqları masa qorunur. Və ya Paris rəssamlarının yığışdığı, Monparnas küçəsində yerləşən kafe hələ da salamatdır. Hər il minlərlə turist Parisə Eyfelə görə, bahalı, dəbdəbəli restoranlara görə deyil, həm də bu kafelərə görə gəlir.
Rəhmətlik Zəlimxan Yaqub bir dəfə dedi ki, Fransaya ilk səfərində Parisi küçəbəküçə gəzib. “Səfillər” əsərindən əzbərində saxladığı o küçələrdən keçdikcə özünü Jan Valjan, Fantina, Kozetta, Javer kimi hiss edirmiş. Həqiqətən möhtəşəm hissdir.
Bizdə isə bir əsrdə adı on dəfə dəyişən küçə adları var. Elə ona görə də bədii əsərlərlə aramızda bağlar qopur, misal üçün Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” əsərində adı keçən heç bir küçəni tanımırıq. Çünki küçənin adı dəfələrlə dəyişilib. Əlbəttə anlayıram, bu küçələrin bəzilərinin adı tarixi zərurətdən dəyişib. Amma təkcə küçəmi? Təkcə son beş ildə nə qədər avtobus nörməsi, xətti dəyişilib. Ölkədən bir illiyinə çıxıb geri qayıdanda şəhərdə gəzmək üçün mütləq bələdçi tutmalısan.
Ədəbiyyatla-sənətlə tarixin qovuşduğu məqamlar budur. Bir şəhərin tarixində davamlılıq çox önəmlidir. O ədəbiyyatdan, sənətdən nə qədər çox şeyi özündə cəlb edib saxlaya bilirsə turistlər üçün də o qədər əhəmiyyətlidir. Rusiyanın bir neçə şəhərində, həmçinin Ukraynanın paytaxtı Kiyevdə Mixail Bulqakovun “Master və Marqarita” əsərindəki qəhrəmanlara barelyeflər, heykəllər qoyulub. Hətta bu heykəllərdən biri əsərdə hadisələrin keçdiyi evin qarşısında quraşdırılıb. Eyni şeyi bizdə də etmək olar. İsa Hüseynovun “İdeal” əsərini oxuyanda ağlıma gəlmişdi ki, Sultan Əmirlinin Bakıda Stalinin adamları ilə görüşdüyü binanın qabağına barelyef vurmaq olar.
Kimə deyəsən? Şəhəri ucdantutma, ağına-bozuna baxmadan söküb-tikən icra hakimiyyətinəmi təklif verəsən. O ki, yüz illik bir binada yerləşən və artıq özünün ənənələri olan, dəyərə çevrilmiş bir teatrı sökmək istəyir.
Türklər adi bir köftəcini qoruyub saxlamaqla, ona tarixilik qazandırılar, biz isə tarixi binanı sökür, özünün ənənələri olan bir teatrı dərbədər edirik. Bu əməlimizlə təkcə teatrı yox etmirik, yaddaşımızı, şəhərə, Bakıya olan mənəvi bağlılığımızı yox edirik, qazıyıb atırıq. Xatirən olmayan şəhərdə yaşamaqsa qərib yerdə otel otağında qalmaq kimidir.
Dünyanın mədəni ölkələrində insanlar “heç nə”dən tarix yaratmaqda, öz ölkəsinə turist gətirməkdəykən biz hazır tarixi sökməklə məşğuluq. “Yuğ” teatrını söküb yerində salınan parka dünyanın ən bahalı mərmərini düzsən belə ora turist cəlb etmək mümkün olmayacaq. Əgər mümkün olsaydı Dubay dünyanın mədəniyyət mərkəzi olardı, alver mərkəzi yox.