Atamın məni döyməsi

Atamın məni döyməsi
31 may 2011
# 09:40
Bütün şərqli atalar kimi mənim atam da həmişə özünü bir balaca şahlara bənzədib. Övlad tərbiyəsi ehtiyatında daima bir –iki şilləsi olub. Uşaqların döyülməklə cəzalandırılması islamdan gələn bir ənənə olduğuna görə atalar ürəklənib bu qaydadan ən sonda deyil, çox vaxt elə ilk andaca istifadə edirlər. Bəzən bir- iki cümləlik tərbiyəvi söhbəti bir şillə rahatca əvəz edir. Belədə onlar özlərini hökmdar kimi hiss edirlər.

11-ci sinifdə oxuyurdum. Beşinci saat idman idi, ondan sonra ədəbiyyat dərsi. Çoxumuz abituriyent idik deyə qərara aldıq ki, idmanda məktəb həyətində boş-boş veyillənməkdənsə evə gedib hazırlaşaq. Sözləşib hamılıqla dərsdən qaçdıq.

On bir il əvvvəl dərsdən qaçmaq indiki kimi asan deyildi. Və onbirincilərin də dərsə getməmək kimi vərdişləri yox idi. Məktəbdə dərsdən qaçan şagirdin dərisinə saman təpirdilər.

Evin qapısını açıb içəri girdim. Aylardır işsiz olan atam bekarçılıqdan divanda oturub “Nəsimi” filminə baxırdı. Son vaxtlar daha da əsəbi olmuşdu, əhəmiyyətsiz bir şeydən hirslənib evi bir-birinə vurudu.

Hara əlini atırdısa boşa çıxırdı, iş tapa bilmirdi. Bir yandan da ailənin dolanışığı üçün etdiyi borcun həcmi artırdı. Filmə baxmasına baxmayaraq xəyalı başqa yerdəydi, onsuz atam o filmi əzbər bilirdi. Bəlkə yüzüncü dəfə baxırdı bu filmə. Sifəti gərgin idi.

Dərsdən niyə tez gəldiyimi soruşanda yalan deməyə cəsarətim çatmadı. Cavab verdim; “qaçmışıq dərsdən”. Ədəbiyyat dərsinə girmədiyimizi biləndə lap özündən çıxdı. Ona əsəbini boşaltmağa xammal lazım idi.Telefonu götürüb məktəbin nömrəsini yığdı, direktoru telefona çağırtdırıb ağzına gələni döşədi direktora. Təşvişə düşən direktor da dərhal məsələni araşdıracağına söz verdi.
Sonra üzünü mənə tutub xeyli danladı, söydü və məktəbə qayıtmağımı əmr elədi. Dərsdən qaçmağımın cəzasını isə mən gələndən sonra verəcəyini söylədi.

Yolu ağlaya-ağlaya, arada özümü hasar-divara vura-vura gedirdim. Pis vəziyyətdəydim, həm sevimli ədəbiyyat müəlliməm zərbə altında qoymuşdum, həm də sinif yoldaşlarım arasında adım yaxşıya hallanmayacaqdı.

Mənə əzab verən bunlar idi. Amma cəzalanmaq da gözümə durmuşdu. Atamın çox pis döyməyi vardı.

Məktəbə çatdım. Davranışıma bir az da artislik qataraq hirsimdən ağlaya-ağlaya konsert çıxarırdım. Məqsədim həm özümü, həm də ədəbiyyat müəlliməmi sudan quru çıxartmaq idi. İnsafən direktorla müavini də çox üstümə gəlmədilər.

Məsələni qarşılıqlı razılaşma yolu ilə qaydasına saldıq. Təbii ki, dərs də olmadı. Evə qayıdanda məni yalnızca atamın hansı cəza üsulunu tətbiq edərək cəzalandıracağı düşündürürdü. Menyuda şillədən tutmuş, boks kisəsi kimi yumruqlanmağa qədər nə desən vardı.
Qapını açıb evə girdim. Sakitçilik idi. Evdə hamı qorxusundan bir küncə çəkilib atamın gözündən qeyb olmuş, məsələnin nəylə nəticələnəcəyini gözləyirdi. Heç kəs ara yerdə güdaza getmək istəmirdi.

Qapını örtəndə arxasına söykənmiş yun çubuğunu gördüm. Məsələ aydın idi, yun çubuğu məni gözləyirdi.

Pis vaxtda girmişdim içəri. “Nəsimi” kinosunda düz Teymurləngin “ yüz çubuq” dediyi yeri idi. Bir çubuğa baxdım, bir də o kadra-cəzalanan keşikçinin ölməsi səhnəsinə. Öz-özümə düşündüm; işim tamamdır, bu səhnədən ruhlanan atam məni daha böyük qəddarlıqla cəzalandıracaq.

Amma atam mənə heç bir reaksiya vermədi. Ödümü qopardan kadr da bitdi, yalnızca atamda bir tərpəniş yox idi.

Nəsimin dərisi soyulanadək qapı ağzında, çubuğun yanında müntəzir vəziyyətdə dayandım. Cəzamı gözləyə-gözləyə filmə baxmağa başlamışdım.

Film bitdi. Atam ayağa durub məni cəzalandırmaq yerinə kanalı dəyişdi. Mən artıq intizardan bezmişdim, tezcənə hər şeyin bitməsini istəyirdim, nə olacaqsa olsun.

Ata, bə məni döyməyəcəksən?! - dedim.

Atam astadan bir kəlmə dedi: - “Get, dərsini oxu”.

O gün atam məni cəzalandırmadı. Səbəbini sonra öyrəndim. Sən demə atam Teymurləngin cəzalandırdığı o bədbəxtin öldüyünü görəndə əlindən bir xəta çıxacağından qorxaraq məni döyməkdən vaz keçib.
# 3205 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #