Ruhaniyyət bataqlığı

Ruhaniyyət bataqlığı
23 sentyabr 2014
# 07:30

Lev Tolstoyun “Sergi ata” povesti haqqında

“Sergi ata” haqqında yazmağı düşünəndə qəfildən ağlıma belə bir fikir gəldi: kim xilas olmalıdırsa, o da xilas olacaq. Ədəbiyyat heç kəsi xilas edən, dəyişən deyil.

Tezcə də ağlımdan bu bədbin fikirləri qovdum.

Bəs “Sergi ata” insanlığı xilas atməyibmi? Nə olsun ki, bunun statistikası yoxdur? “Sergi ata” kimi bir əsər də insanları xilas etmək üçün yazılmayıbsa bəs nə üçündür?

“Sergi ata”nı dini məktəblərdə iki dəfə oxutmaq lazımdır. Birinci dəfə məktəbə qəbul olunanlara. İkinci dəfə məktəbin məzunlarına.

Din adamlarına bu əsəri oxumaq olduqca vacibdir. Məncə orta yaşlı bir din adamı bu əsəri ilk dəfə oxuyandan sonra Məcnun kimi çöllərə düşə bilər.

“Əsl dindarlıq nədir?”, “Nə Allaha ibadət sayılır?” kimi suallara cavabı “Sergi ata”da tapmaq olar. Provaslav kilsəsinin Tosltoyu qəbul etməməsinin bir səbəbi də bu idi. O, provaslav ruhani sinfini darmadağın etmişdi.

Dostoyevskidən fərqli olaraq insana inanan Tolstoy Sergi atanın timsalında bir insanı ruhani sinfinin bataqlığından xilas edə bilir. Əsl insan yaradır. Dostoyevskinin “Böyük inkivizitor”undakı din xadiminə isə Allah lazım deyil, o, öz yaratdığı Allahı ilə bu bataqlıqda qalmağa hazırdır.

“Sergi ata”nın qəhrəmanı 3 dəfə dəyişir. Birinci mərhələdə o, dünyəvi yüksəlişi əldə etməyə çalışan Stepan Kasatskidir. Sergi Ata mərhələsində o, ruhani, dini yüksəlişdə ən yüksək pilləyə qalxır. Möcüzələr göstərir, minlərlə insan şəfa tapmaq üçün onu ziyarətə gəlir. Etiraf edək ki, o, bir dəfə bu imtahandan üzüağ çıxmışdı, özünü ona təklif edən Makovkinanı qəbul etməmişdi. Lakin bu mərtəbədə belə o, sabit qala bilmir. Nəfsinin quluna çevrilir. Ruhi xəstə olan qızı zorlayır. O, anlayır ki, kilsənin marionetinə çevrilib. Üçüncü mərhələ isə “Allah bəndəsi” mərhələsidir. Bu mərhələ ilə qəhrəman sonuncu, Allahı dərk etmək mərtəbəsinə yüksəlir. Alçalmasan yüksəlməzsən. Allahın gözündə yüksəlmək üçün onun qulu olmalısan. Yalnız qul olduqdan sonra o qapıdan keçə bilərsən. Təkəbbürlə keçə bilməzsən. Dağa dırmaşmaq üçün özünü bütün yüklərdən azad etməlisən. Bir dao pritçasında deyildiyi kimi, boşalmasan dolmazsan. Çayla dolu fincanı necə doldurmaq olar?

Stepan Kasatski olduqca iradəli insandır. Qürurludur. Ləyaqətlidir. Buna heç bir şübhə yoxdur. Dünyəvi iyerarxiyada yüksəlmək üçün onun iradəsi hər cür imtahana hazırdır. Məhz ona görə deyirəm ki, kimlər xilas olmalıdırsa o xilas olacaq. Sadəcə geci-tezi var.

Stepan Kasatski əvvəldən xilas olmağa hazır idi. Amma özü bunu bilmirdi. Əks təqdirdə sevgilisinin keçmiş məşuqəsinin imperator Nikolayın özü olduğunu öyrənəndə qüruru əzilməzdi. Əksinə, sevinərdi, xoşbəxt olardı, hər yerdə elan edərdi ki, mənim arvadımın məşuqu imperator özüdür. Bundan sonra onun saraya girişi asan olmazdımı? Olardı. Yüksəlməzdimi? Yüksələrdi.

Amma əksinə Merinin imperator məşuqəsi olduğunu öyrənəndə Stepanın ləyaqəti parça-parça olur. Hətta imperatorun Stepanla Merinin evlənəcəyini öyrənəndə ona gülümsəməsini xatırlayır.

Bəs nə etməli?

Bu dünyada imperatordan qisas almaq üçün, özünü ondan yüksəkdə göstərmək üçün çıxıla biləcək bir mərtəbə vardımı? Yox. Ancaq və ancaq Allahın gözündə bu mərtəbəyə qalxmaq olar. Buna görə Stepan Kasatski monastr yolunu seçir.

Günlərini monastr hücrəsində, mağarada ac-susuz, bir tikə qara çörəklə, pəhriz saxlamaqla, Allaha ibadətlə keçirən Sergi ata yenə də öz iradəsi nəticəsində yüksəlməyi bacarır. Öz nəfsini cilovlayan Sergi ata yaşadığı bu guşənişin həyat nəticəsində Allahı tapacağına inanır. Amma bunu da sırf Allah sevgisindən etmir. Çünki bu yola qədəm qoyanda içində kin, nifrət vardı. Bundan təmizlənməmiş, ürəyini öz qanında yumamış bu mərtəbəyə yüksələ bilməzsən. Yüngül əxlaqlı Makovkina əylənmək üçün özünü ona təslim edəndə də Sergi atanı bu günahdan çəkindirən Allah xofu yox, öz iradəsi olur və o ehtirasına sinə gərmək üçün barmağını baltalayır.

Sergi ata müqəddəs insan kimi tanınır, qəbul olunur. Möcüzələr göstərir, qapısında şəfa üçün minlərlə insan gözləyir. Adamlar ona inanırlar. Sergi Ata öz şöhrətpərəstliyi haqqında belə fikirləşir: “Minlərlə verst yol gəlirlər, qəzetlər də yazır bu haqda, hökmdar da bilir...”

Bəli, hökmdar da bilir. O, artıq məqsədinə çatıb. O, yüksəlib. O, imperatordan da yüksək mərtəbədə dayanıb. Budur, onun bu qaranlıq mağarası ağzında imperator sarayının ağzındakı qədər adam toplanıb. Bu, onun ordusu deyilmi? Onun ordusudur. Bu qələbə deyilmi? Qələbədir.

Amma...

Amma Allah yolu deyil. Sergi atanın qəlbi artıq təkəbbür, şöhrətpərəstliklə doludur. O, səhv yolda olduğunu anlayır. Qəlbinə soxulan şöhrət qurdunu təmizləməsi üçün Allaha dua edir. O, vurnuxur. O, kilsənin marionetinə çevrilib. Kilsə sədəqə adına var-dövlət əldə etmək üçün ondan istifadə edir.

O, əvvəllər insanlara qarşı mərhəmətli idi. Onlar üçün dua edirdi. İndisə yalnız özünü göstərmək istəyir.

Bir gecə şəfa tapmaq üçün onun yanına gətirilmiş ruhi xəstə qıza sahib olur. İşə bax, bu yola elə ehtirasına güc gələrək qədəm qoymuş Stepan Kasatski (bu addımdan sonra yenidən Stepan Kasatskiyə çevrilir) o qədər yoxsullaşır ki, xəstə, müdafiəsiz bir qızın cazibəsinə düşür.

Bax o zaman anlayır ki, Allahı qaranlıq mağaralarda tapmaq olmaz. Allahı kitablarda tapmaq olmaz. Allahı dualarda tapmaq olmaz. Yəni Allah adamı olmaq üçün heç bir farmazonluq edib illərlə pəhriz saxlamaq, yalnız çörək və su ilə dolanmaq, özünü hər cür məhrumiyyətlərə düçar etmək, özünə əzab etmək lazım deyil. Bu məhrumiyyətlərə dözmək heç də Allah sevgisindən doğmur, bu yalnız və yalnız iradənin hesabınadır.

Bəs Allah hardadır? Əsl Allah adamı kimdir? O, haradadır? Ən yüksək dağın başındamı? Ən gözəl ibadətxanadamı? Harda? Bax bu zaman Sergi atanın yuxusuna bir mələk girir. Mələk deyir: “Paşenkanın yanına get, nə etməli olacağını, günahın və nicatın nədə, harda olduğunu ondan öyrən.”

Stepan Kasatskinin dayısı qızı Paşenka, Praskovya Mixaylovna kimdir? O, uşaq vaxtı, sakit səfeh bir qız olub. Hətta uşaqlar onu lağa qoymaq üçün bizə üzməyi göstər deyəndə quru yerə uzanıb, özünü torpağa bələyəcək qədər səfeh imiş. Böyüyəndən sonra bir kişiyə ərə gedib. Ondan bir oğlu, bir qızı olub. Oğlu ölüb. Əri bütün var-dövlətini qumarda uduzub. Qadın indi qızı və yeznəsi ilə qalır. Yeznəsi də əyyaşdır. Praskovya evində musiqi dərsləri verərək qızının ailəsini, nəvələrini dolandırmağa məcburdur.

Prsakovya Mixaylovna ilə Stepan Kasatskinin fərqi nədir? Praskovya bibisi oğlundan fərqli olaraq iradəsizdir. O, öz taleyini müəyyənləşdirə bilmir. Həyat onu yelkənsiz gəmi kimi hara istəsə sürükləyir. Kasatski isə belə deyil. O, öz taleyini özü müəyyənləşdirib. Çıxış yolu tapıb. Yüksələ bilib. Praskovya ömrü boyu məzlum həyat yaşayıb. Məzlumluq sanki onun boyuna biçilib. Lakin bununla belə heç vaxt üsyan etmir, həmişə hər zaman Allaha inanır. Heç düz-əməlli dua edə bilmir, bayırlıq geyimi olmadığından, kilsəyə də getmir. Bununla belə Allah sevgisi onun qəlbindədir. Stepanın ömrü boyu süni surətdə yaşadığı məhrumiyyətləri Praskovya məcburən yaşayıb, bunu ona həyat yaşadıb.

“Praskovya Mixaylovna biləklərini bir-birinə sürtdü, əllərini isə önlüyə sildi, evə keçib, dilənçiyə vermək üçün beş qəpik gətirmək istədi, amma sonra yadına düşdü ki, on qəpiklikdən kiçik xırdası yoxdur və dilənçiyə çörək verməyi qərara alıb, şkafa yaxınlaşdı. Qəfildən yadına düşdü ki, bu, xəsislikdir və o saat qızardı. Lukeriyaya tapşırdı ki, bir parça çörək kəssin, özü on qəpik gətirmək üçün evə adladı. “Çək cəzanı, - öz-özünə dedi, - xəsislik elədin, indi həm pul ver, həm də çörək”.

Praskovya bax belədir. Qəlbində şübhəyə yer yoxdur. Sergi atadan fərqli olaraq, dindar bir adam kimi yaşaya bilmir. Ömrünü yaxınlarına – kürəkəninə, qızına, nəvələrinə həsr edib. Allaha ayırmağa, kilsəyə getməyə vaxtı olmayıb. Buna baxmayaraq o, əsl Allah bəndəsi kimi yaşayıb. Paşenka ilə görüşdən sonra Sergi ata öz-özünə deyir: “Mən Allahı bəhanə edib insanlar üçün yaşamışam. Paşenka isə Allah üçün yaşayır, amma ona elə gəlir ki, adamlar üçün yaşayır. Bəli, balaca bir xeyirxahlıq, təmənnasız verilmiş bircə fincan su adamlara verdiyim xeyir-duadan qiymətlidir. İbadətlərimdə, fəaliyyətimdə misqal boyda olsa da, hər halda həqiqət olubmu heç?” – O, öz-özündən soruşdu. Cavab bu oldu: “Bəli, olub, amma həmin o həqiqət zərrəsi insan şöhrəti cəngəlliyi içərisində itib-batıb, murdarlanıb. Bəli mənim təki, şöhrət üçün yaşayanlardan ötrü Allah yoxdur. Gedib axtaracam onu”.

Paşenka ilə görüşəndən sonra Sergi ata anlayır ki, əsl Allah bəndəsi şöhrətpərəstlikdən, mənfəətpərəstlikdən, kindən-küdurətdən azad olunmuş insandır. Ən adi insan olub da əsl Allah bəndəsi olmaq mümkündür. Yalnız belələri o mərtəbəyə yüksələ bilər. O mərtəbə isə dünyanın hər cür rütbəsindən, mənafeyindən yüksəkdədir, hətta imperatorluqdan belə.

Bax, yalnız indi Sergi ata bir zamanlar rəğbət bəslədiyi imperator Nikolaydan yüksəkdə dura bilmişdi. O, yalnız indi bu mərtəbənin sahibidir. Allah bəndəsi olandan sonra.

# 3482 dəfə oxunub

Müəllifin son yazıları

# # #