İsa peyğəmbərə təbil çalmağı öyrədən oğlan

İsa peyğəmbərə təbil çalmağı öyrədən oğlan
29 yanvar 2017
# 14:00

Kulis Mirmehdi Ağaoğlunun “Tənəkə təbil” romanı haqqında yazısını təqdim edir.

Özünü yazmaq, amma necə?

Bizim yazarlarda qəribə sadəlövhlük var. Bu ələlxüsus avtobioqrafik elementlərlə zəngin əsər yazanda özünü büruzə verir. Həyatımızı bəzəyib-düzəmək, təxəyyülün nəhayətsiz süzgəcindən keçirmək istəmirik. Ona toxunmaq istəmirik. Olduğu kimi, necə varsa eləcə də kağıza köçürmək istəyirik. Sanki quraşdırıb yazanda bədii əsər öz enerjisini, həssaslığını itirəcək. Odur ki, həyatımızdan bəhs edən hekayələr, romanlar sənədli oçerkdən kənara çıxmır. Özümüzdən bəhs edən hekayələr yazanda da gerçək həyat hekayələrindən uzaqlaşmaq istəmirik, qurğuya meyllənməyə cəhd etmirik. Yazırıq, necə var eləcə.

Uşaqlığı Hitler Almaniyasında keçmiş, İkinci Dünya Müharibəsinə şahidlik etmiş, SS sıralarında olmuş, dünyaya meydan oxuyan, heç kəsə aman verməyən qüdrətli ölkənin süqutunu, parçalanmağını görmüş bir alman öz həyatını, uşaqlığından gəncliyinə bu gördüklərini olduğu kimi, necə var eləcə də yazsaydı, onu qalın bir kitab halına salsaydı, görəsən necə olardı? Oxucuları heyrətləndirərdimi? Dünyaya səs salardımı? Məncə hə, ən azından reaksiya doğurardı. Yuxarıda sadaladığım faktlar o kitabın maraqlı olması üçün bəs edərdi.

Bəs həyat materialı ilə bu qədər zəngin bir mövzunu, qurub-qurğulayıb, sadə süjet xəttindən çıxarıb, ona uydurma obrazlar salıb, bir az mistika əlavə edib, bir az fantasmaqorik elementlər qatmaq necə, ona xələl gətirməzdirmi? O səmimiyyəti, o sentimentallığı, o saflığı yerli-dibli məhv etməzdimi?

Dediklərimi eləmək böyük cəsarət tələb edir. Bunun öhdəsindən 32 yaşlı Günter Qrass “Tənəkə təbil” (1959-cu il) romanını yazmaqla gəlmişdi. Nəticədə ortaya XX əsrin ən gözəl romanlarından biri çıxmışdı.

Kiçik insanların kitabı

Romanın qəhrəmanı Qrass kimi o vaxtkı Dansiq, indiki Qdans şəhərində doğulmuş Oskardır. Onun da anası kaşub (Polşanın şimalında yaşayan qərbi slavyan əsilli xalq) atası almandır.

Hadisələr birinci şəxsin dilindən nəql olunsa da arada qəhrəman özünün hərəkətlərini üçüncü şəxsin dilindən verir. Misal üçün, nəsə nəql etdiyi yerdə birdən deyir ki, Oskar isə belə düşünmürdü və əsəri üçüncü şəxsin təkində nəql etməyə başlayır.

“Tənək təbil” 1899-cu ildən 1953-cü ilə qədər olan bir dövrü əhatə etsə də müəllif tarixə möhürünü vurmuş böyük hadisələrin üstündən olduqca sakit keçir. Qrass daha çox sadə insanların üzərində fokuslanır. Onu böyük hadisələr maraqlandırmır, böyük hadisələrin fonunda kiçik insanların taleyi onun üçün daha önəmlidir. Buna görə də tarixdən bir az xəbərsiz oxucu 630 səhifəlik roman boyu Almaniya, o cümlədən dünya tarixində baş vermiş böyük hadisələri hiss etməz.

Bir nümunə gətirək. Bildiyimiz kimi İkinci Dünya Müharibəsi almanların Polşaya girməsi ilə başlayır. Ordu işğala Dansiqdə yerləşən Polşa Poçtunun binasını işğal etməklə başlayır. Qrass burada almanların istilaçılığını vermək yerinə Oskarın anasının dayısı oğlu, həm də atası (?) Yan Bronskinin faciəsini göstərir. Polşa Poçtunun mühasirəyə alındığını görən Yan ölümdən qorxduğu üçün binaya girib Polşa dövlətinin vətəndaşları ilə birlikdə mübarizə aparmaq istəmir. Onu binaya soxan Oskar olur.

Dünyanın ən təhlükəsiz yeri

Ruhi dispanserdə yatan Oskar özü ilə gəzdirdiyi ailə albomuna baxa-baxa başına gələnləri nəql edir. O, lap əvvəldən başlayır. Nənəsi ilə babasının tanış olmasından, 1899-cu ildən. Nənəsi Anna Bronski kartof sahəsində qaladığı ocağın qırağında oturub külləmə kartof yeyir. Bu vaxt üfüqdə üç nəfər görünür; iki polis balacaboy adamı qovur. Gözdən yox olan balacaboy bir azdan Annanın yanında üzə çıxır və Oskarın nənəsindən onu gizlətməyini xahiş edir. Bu balacaboy adamı çölün düzündə harda gizlətməli? Polislərdən qaçan adam çıxış yolunu özü tapır. Annanın üst-üstə geyindiyi dörd yubkanın altına girir. Polislər gəlib qaçan adamı- Yozefi axtarırlar. Kartof səbətlərinin içinə baxırlar. Amma tapa bilmirlər. Yozefsə bu vaxtı yubkanın altında bekar dayanmır. Polislər gedəndən sonra o, yubkanın altından çıxır, şalvarının qabağını bağlayandan sonra kartof səbətlərindən birini çiyninə alıb Annanın ardınca yollanır. Oskarın anası beləcə dünyaya gəlir.

Təsadüfi deyil ki, Oskar həmişə çətinə düşəndə, dünyadan bezəndə, özünü tənha hiss edəndə hər dəfə qaçaraq nənəsinin bu üst-üstə geyindiyi yubkaların altına sığınır. Bura onun üçün ana bətni qədər doğmadır. O, hətta Parisdə özünü tənha hiss edəndə də nənəsinin yubkası ilə eyniləşdirdiyi Eyfel qülləsinin altına sığınır. Anasını, atasını və atası hesab etdiyi Yanı itirəndən sonra o, nənəsinin yubkasının altına sığınmaq, təkcə özü yox, ölüb gedən doğmalarını da bura yığmaq istəyir. Əsərin sonunda polislərdən qaçanda da Oskar Parisə üz tutur, sanki yenə də Eyfel qülləsinə, dünyanın ən təhlükəsiz yerinə, nənəsinin yubkasının altına can atır. Və bu zaman özünü əsərin əvvəlində polislərdən qaçan babası Yozeflə eyniləşdirir.

Oskar anadan olanda artıq hər şeyi dərk edir, başa düşür. Onun üçün bu dünyada yaşamağın heç bir mənası yoxdur. Bu vaxt körpəsini bağrına basan ananın (Aqnesin) üç yaşında oğluna tənəkə təbil hədiyyə edəcəyini deməsi çağada həyata qarşı istək oyadır. Üç yaşı olanda da Aqnes oğluna söz verdiyi hədiyyəni alır. Yazıq qadın nə bilsin ki, bununla oğlunu qəribə bir asılılığa mübtəla edir. Bundan sonra Oskar heç zaman təbildən ayrı düşməyəcək.

O, böyümək istəmir

Budur ailəsi, qohum-qonşular Oskarın üç yaşını qeyd edirlər. Evdə böyük məclis qurulub, atası mətbəxdə yemək hazırlayır. Anası ilə Yan isə piano önündədirlər, olduqca səmimi görünürlər. Yeməkdən sonra qonaqlar kart oynamağa başlayırlar. Oskar masanın altına girir. Birdən görür ki, Yanın ayağı ayaqqabıdan çıxdı və anasının yubkasının altına doğru yönəldi. Bundan sonra Oskar masanın altından çıxır və qərara gəlir ki, əgər dünya bu qədər mənasızdırsa, insanlar bu qədər maraqsızdırsa böyümək nəyə lazım? Elə balaca olub da yaşamaq olar. Buna görə də özünü zirzəminin pillələrindən aşağı atır. Həmin hadisədən sonra o, heç vaxt böyümür, həmişə 3 yaşlı balaca Oskar olaraq qalır. Bu artıq hər şeyi dərk edən Oskarın dünyaya elan etdiyi üsyandır.

Böyüməməyi Oskar özü seçdiyini desə də müəllif birbaşa işarə vurmadan sanki oxucuya izah eləməyə çalışır ki, burda mistik məna, çalar axtarmaq lazım deyil. Halbuki həkimlər də bu nadir xəstəliyin səbəbini tapa bilmirlər. Buna görə də Oskarın zirzəmidən yıxılmaq səhnəsini verməklə sanki onun böyüməməsinin kökündə bədbəxt hadisənin dayanmağına işarə edir. Hətta Alfred Maseradın dəfnində Oskar böyüməyi qərara alanda da yenidən o labüd bədbəxt hadisə baş verir. Oskarın ögey qardaşı balaca Kurtun atdığı daş onun başına dəyib qəbrin içinə yıxır. Bununla da Oskar böyüməyə başlayır. Yəni burda da bədbəxt hadisə təkanverici rol oynayır.

Müəllif Oskarı balaca saxlamaqla sanki öz kiçik qəhrəmanına böyüklərin dünyasına girmək üçün “qapı” açır. Axı kimdir bu üçyaşlı uşağa fikir verən. Buna görə də onun yanında hər istədiklərini rahatlıqla həyata keçirirlər. Oskar isə üçyaşlı olmasına baxmayaraq hər şeyi dərk edəndir. Lap elə İsanın özü kimi.

Oskar təkcə Qrassın prototipi deyil, o, həm də İsadır. Həzrəti İsa qeyri-ənənəvi üsulla dünyaya gəldiyi kimi, Oskar üçün də öz doğuluşu müəmmadır. Çünki o, Alfred Maseratın, yoxsa Yan Bronskinin oğlu olduğunu dəqiq bilmir. İsa da, Oskar da anadan olanda artıq dünyanı dərk etmə qabiliyyətinə malik idilər. Möcüzəyə gəldikdə isə Oskar da möcüzə göstərə bilir. O, səsi ilə istənilən şüşəni çilik-çilik etmək qabiliyyətinə malikdir. Üstəlik İsadan fərqli olaraq təbil də çalır.

Bəs o zaman Oskarın İsadan nəyi əskikdir? Bəlkə də üstündür? Niyə də olmasın? İsaya qarşı qəzəb hissi ilə qovrulan Oskar kilsədə, anasının dizləri üstündə oturmuş balaca İsanın qoynundan təbilini asır, çubuqlarını onun yarı yumulu əllərinə keçirir və “Çal-çal” deyə bağırır. Hətta azyaşlı quldur dəstəsinə qoşulduqda bir az da qabağa gedərək onlara özünü İsa kimi təqdim edir. Bundan sonra quldurları həvariləri bilib şəhərdəki oğurluqlara başçılıq edir. Evində oturduğu yerdə şəhərin istənilən səmtində olan binanın şüşəsini çilik-çilik edir, quldur dəstə isə asanlıqla binaya daxil olub talanı həyata keçirir. Bundan sonra Oskar öz həvarilərinin-quldur dəstəsinin köməyi ilə kilsədəki Məryəm ana və İsa heykəlindən İsanı qoparır. Onun yerinə Məryəmin qucağında özü oturur. Əsərin sonunda metrodan çıxarkən onu tutan polislər adını soruşduqda isə soyuqqanlılıqla deyir: “Mən İsayam”

Oskarın ikiləşməsi

Oskarın həyatı dilemmalarla doludur. Hamlet kimi ömrü boyu “Olum, ya ölüm” sualına cavab axtaranlardandır. Ömrü boyu balaca qalsınmı, yoxsa böyüsünmü? Atası kimdir? Heç vaxt sevə bilmədiyi Alfred Maseratmı, yoxsa Aqnesin gizlincə görüşdüyü, hər dəfə münasib şərait olanda sevişdiyi Yan Bronskimi? Kurt kimdəndir? Onun öz oğludur, yoxsa atasının oğludur? Axı Mariya ilə birinci Oskar tanış olmuşdu. Uşaq vaxtından tanıdığı iki tarixi şəxsiyyət Höte və Rasputin arasında da heç vaxt seçim edə bilmir. Gah içində Höte dahiliyi baş qaldırır, gah da Rasputin şeytanlığı.

Seks səhnələri

“Tənəkə təbil”də seks səhnələri sanki oyunla müşayiət olunur. Qrass bu oyunun təsviri ilə həmahəng seks səhnəsini də göstərir. Mariya ilə çimərlikdə, Turçinskilərin evində sevişmə şirin, su dəydikdə qabarcıqlar çıxaran tozun (Yupi tozlarını xatırlayaq) vasitəsilə baş verir. Əslində cütlüyün meyvə şirəsi tozları ilə oynamağı, Mariyanın tozu əlinə tökməyi, Oskarın tozun üzərinə tüpürməyi, Mariyanın qıjıldayan tozu dili ilə yalamağı – bunlar hamısı cinsi aktı xatırladır. Cinsi aktı birbaşa təsvir etməyən Qrass onu başqa bir hadisənin üzərinə proyeksiya eləməklə göstərir. Bu “oyunlar” Oskar üçün seksin özündən daha vacibdir. Dorote adlı tibb bacısına aşiq olan Oskar onunla qaranlıq tualetdə qarşılaşdıqda bu “oyun”un davamı olaraq özünü şeytan kimi təqdim edir. Ehtirasdan alovlanan Dorote isə sanki özünü indicə şeytanın ağuşuna atacaq.

Almanlar necə faşist oldular?

Böyük mədəniyyətə sahib olan, Hegel, Bethoven, Höte, Şiller, Marks, Nitşe yetişdirmiş bir xalq axı necə ola bilər ki, öz bətnində əjdaha da bəsləsin? Axı almanlar necə dəyişdilər? Bir-biri ilə mehriban yaşayan yəhudilər, almanlar, polyaklar, kaşublar bir anda necə düşmənə çevrildilər? Hitler yüksək mədəniyyətə sahib xalqı necə monstra çevirə bildi? Qrassın bu suallara cavabı özünəməxsusdur. İnsanın içində vəhşiliyin, şər toxumlarının gizləndiyini təcrübələrlə üzə çıxaran psixologiya elmindən, Stenford təcrübələrindən hələ çox-çox əvvəl Qrass bu suala cavab tapır. İnsanın içində dağıdıcılıq, şər toxumları doğuluşdan var. Onların üzə çıxmağı üçün münbit şərait olmadıqca insan yaxşı olacaq, elə ki, minimal şərait yarandı, şər toxumları cücərəcək. Qrass nasizmin inkişafı ilə uşaqların tərbiyəsindəki dəyişikliyi, onların zorakılığa meyllənmələrini bu hadisə ilə təqdim edir: həyətdə oynayan uşaqlar bişirdikləri qaynar şorbanın içinə qurbağa atır, içinə tüpürür, üstəlik işəyib həmin supu məcburən Oskara içirirlər. Qrass uşaqların timsalında Almaniyanın dəyişməsinin səhnəsini qurur. Bu uşaqlar sonradan böyüyüb nasist olacaqdı, Osvensimdə günahsız insanları qaz kameralarında boğacaqdı, Hitler uğrunda döyüşəcəkdi, dünyanı qana boyayacaqdı.

İkinci səhnə daha amansızdır. Oskar küçənin tinində gizlənib səsi ilə geyim, zərgərlik və başqa mağazaların şüşə vitrinlərində yumru dəliklər açır. Bu işin arxasında Oskarın dayandığını bilən yoxdur. Həmin vitrinin qarşısından keçən adamlar şüşədə dəliyi görüb oğurluq üçün şans düşdüyünü başa düşürlər. Sanki Oskar tanrı kimi kənardan dayanıb, almanları imtahan edir. Görəsən kim bu imtahandan üzüağ çıxacaq, şüşənin dəliyindən əlini soxub nəsə oğurlamayacaq? Təəssüf ki, heç kəs. Hətta Oskar bir dəfə Yan Bronskini də sınamaq qərarına gəlir. O da nəfsinə sahib çıxa bilmir. Sonradan oğurladığı zinət əşyasını Aqnesə hədiyyə etsə də dözmür, zərgərlik mağazasının vitrində dəlik yarandığını görən kimi əlini içəri aparır.

Adamağladan bar

Qrass tez-tez absurd situasiyalar yaradır. Üstəlik bunu elə bacarıqla edir, təxəyyülü o qədər zəngin və hüdudsuzdur ki, bəzən əsərin ana süjetinə aid olmayan fəsillərdə belə absurdizmə meyl etməkdən çəkinmir. Təbii ki, əsəri oxumayanlar üçün mənim nümunələrlə çıxış etməyimin mənası olmaz. Zatən onu yazsam da məlumatsız oxucu üçün maraqlı olmayacaq. Amma vacib bir epizodu deyim.

İkinci Dünya Müharibəsindən sonra öz yurdundan qaçqın düşərək Düzeldorfa sığınan Oskarın dostu Klepp və Şolle ilə birlikdə yaratdığı caz-band axşamlar “Soğanlı zirzəmi” adlı barda çıxış edir. Əslinə onların çıxış etməklərinə heç o qədər ehtiyac qalmır. Çünki bara gələnlər daha maraqlı işlərlə məşğul olurlar. Şmu adlı bar sahibi qonaqlara baha qiymətə bıçaq, ətdoğrayan taxta və soğan təqdim edir. Bara gələnlər soğan doğradıqca ağlayırlar. Bundan sonra hərə öz əhvalatını danışaraq ağlamağa başlayır. Lazım olanda qonaqlara ikinci dəfə soğan paylanılır. İkinci dünya müharibəsindən çıxmış insanların talelərinə ağlamaq, göz yaşı tökmək üçün o qədər dərdləri var ki. Qəribə təzad yaranır. Bu qədər dəhşətli mənzərələrin şahidi olmuş insanlar, özlərinin ən sadə insani xüsusiyyətlərini unudublar. Bu dəhşətlər onların ağlamaq qabiliyyətində deyil. Bu yerdə Qrass deyir: “Axı harda deyilib ki, adamın ürəyi dolu olanda gözləri yaşarır. Xüsusilə sonuncu və ondan əvvəlki on illikləri götürsək çoxları bunu heç vaxt bacarmırlar. Yəqin nə vaxtsa bizim əsri göz yaşı olmayan əsr adlandıracaqlar, halbuki dərd, iztirab bəs qədər idi”. Bax həmin bu ağlaya bilməyən adamlar bara gəlib soğan doğrayırdılar. Beləcə ağlayırdılar. Gördükləri dəhşətdən ağlamağı belə yadırğamış insanlar indi bu barda adi insani xüsusiyyətlərini bərpa etməyə çalışırlar.

Bir neçə fəsil sonra solo konsertlərlə çıxış edən Oskar təbildə döyəcləyə-döyəcləyə uşaq mahnıları oxuyur. Konsertə gələnlərin hamısı yaşlı nəslin nümayəndələridir. Qastrollarda konsert zalları ancaq qocaların hesabına dolur. Onlar təbilin sədaları altında sevə-sevə öz uşaqlıq mahnılarını dinləyirlər. Oskar burda o qocaların necə uşaqlaşdıqlarını müşahidə edir. Bəziləri özünü saxlaya bilməyib altına batırır, bəziləri Oskarın təbilinin sədaları altında sanki baxçadaymış kimi bir-birindin əlindən tutub gəzir. Bütün bunlar nədir? Dünyanı qana boğmuş, vəhşiliklər törətmiş, asanlıqla nasizmin boyunduruğu altına keçmiş, ona aldanmış insanlar indi əməllərinin nə qədər qeyri-insani olduğunu anlayırlar. Məhz buna görə sanki nasizmin tüğyan elədiyi bu illəri unutmağa çalışır, əsrin ən dəhşətli müharibəsinə şahidlik eləmiş insanlar uşaq mahnıları vasitəsilə öz qayğısız, pak uşaqlıq illərinə qayıtmaq istəyirlər.

Sözsüz ki, XX əsrin ən gözəl romanlarından hesab olunan “Tənəkə təbil” romanı haqqında bir yazı ilə kifayətlənmək yetməz. Çünki Qrassın bu ilk romanı təkcə orijinal ideyası, qeyri-adi süjeti, nəql etmə tərzi ilə deyil, özünün poetik dili ilə də, hadisədən hadisəyə təkrarsız keçidləri ilə də, özünəməxsus təsvirləri ilə də bənzərsizdir. “Tənəkə təbil”i oxuyarkən, tez-tez Markesin “Yüz ilin tənhalığı” əsərini xatırlamamaq mümkün deyil. Yəqin bu oxşarlıq hər iki əsərin böyük bir epoxanı özündə cəm eləməsi və bir də hadisələri fantasmaqorik təhkiyə ilə təqdim etməklərinə görədir. Amma Markesdən fərqli olaraq Qrass nağılvari təhkiyədən istifadə etmir. Yeri gəldikcə nəqletmə prosesinə baxıcısı Brunonu, dostu Vittların məhkəmədə şahidlik ifadəsini də əlavə edir.

Qrass da yaratdığı magik aləm ilə oxucunu öz dünyasına alıb apara bilir və oxucu beyninin hansısa hissəsində böyük bir epoxanın tarixçəsini, ağrısını-acısını, sevimli, şad günlərini danışan Oskarın təbilinin səsini eşidir. O, təbilə döyəclədikcə ritmik sədalar gəlir. Heç vaxt böyüməyən, böyüklər dünyasına qoşulmaq istəməyən Oskar sanki misilsiz fəlakət yaşamış, dünyanı müharibəyə boğmuş Almaniyanın obrazıdır.

Kim bilir, bəlkə də Almaniya həmişə uşaq kimi qala bilsəydi, böyüməsəydi, dünyamız da bu faciələri yaşamayacaqdı.

Bəlkə də “Tənəkə təbil” Günter Qrassın qoca Almaniyaya o illəri unutdurmaq, onu cahan müharibəsindən, nasizmdən əvvəlki o qayğısız, şən illərə aparmaq cəhdidir.

# 2883 dəfə oxunub

Müəllifin son yazıları

# # #