“Fələk qırmancı”da nöqtələrin yeri

<span style="color:red;">“Fələk qırmancı”da nöqtələrin yeri
22 aprel 2016
# 12:30

Mirmehdi Ağaoğlu yazır

Qan Turalı mənə deyəndə ki, “Fələk qırmancı” adlı roman yazmışam, diksindim. Və elə bilirəm ki, bu yazının birinci cümləsini oxuyan dəyərli oxucu da “Mən bu cümləni haradasa görmüşəm axı?” deyə diksindi. Düz tapmısan, əziz oxucu. Bu yazının ilk cümləsi Şərif Ağayarın Qan Turalının “Fələk qırmancı” romanı haqqında məqaləsinin birinci cümləsidir.

“Fələk qırmancı” çıxandan haqqında yazı yazmaq istəyirdim, nədənsə müxtəlif səbəblərdən heç cür imkan tapıb Asus K50 noutbukumun önünə keçə bilmirdim. Bu səbəblərdən biri vaxt darlığı ilə əlaqədar idisə, başqa biri roman haqqında düşüncələrimin hələ tam oturuşmaması idi. Ona görə də qərar aldım ki, yazımın ilk cümləsini Şərif Ağayarın yazısından götürüm, sağlıq olsun ardını da özümüz gətirərik, lap Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” əsərinin ilk cümləsini borc alan Mehdi kimi.

Yeri gəlib, bir şeyi də deyək; burda qəbahət yoxdur. Buna ədəbiyyatşünaslıqda pastiş deyirlər. Ümumən müasir romançılığın əsas xüsusiyyətlərindən biri də odur ki, özündən əvvəlki mətnlərlə intertekstuallıq yaradasan. Bir mətn özündən əvvəlki mətnləri xatırlatsın. Bəlkə də ilk cümlədə pastiş etmək bir az qəribə görünə bilər, amma bu da qəbul olunandır. Elə haqqında danışacağımız romanda da arif oxucu tez-tez bu cür pastişlərə rast gələ bilər.

Turalın qaçaqaçı

Qan Turalını yaxından tanıyanlar onun necə bir iti zəkaya sahib olduğunu bilirlər. Bu təkcə Turalın həyat tərzində, davranışlarında deyil, yaradıcılığında da özünü göstərir. Yəqin buna görə də istər kiçik, istərsə də irihəcmli əsərlərində təfərrüatlara varmadan qaçır. Və qaçır, dayanmır. Əsərlərində təhkiyə uçur, oxucu zəkası güc tapıb özünü ona yetirə bilmir. Bu təzahürləri onun son romanında da görmək olar.

“Fələk qırmancı” bu cür birxətli qaçaraqlıq üzərində yazılıb. Demək olar ki, heç bir hissədə, əyləcə, nəfəsdərməyə rast gəlməzsən. Bu da əlbəttə irihəcmli əsərdə bəzi qüsurların ortaya çıxmasına yol açır. Elə yer var ki, orda dayanmalısan, izaha keçməlisən, məkanı təsvir etməlisən, obrazın daxilində gedən prosesləri əks etdirməlisən. “Fələk qırmancı”nda isə bu cür məqamlar olduqca azdır. Müəllif, sufi Mehdinin çilədə keçirdiklərini, cavan sevgililərin görüş səhnələrini daha dərindən işləməli, onların psixoloji portretlərini də yaratmalı olduğu halda süjetin doğurduğu zərurətləri belə qəbul etmədən finala doğru sürətlə hərəkət edir.

Tomas Vulf “Bir romanın tarixçəsi” adlı məqaləsində “Oktyabr yarmarkası” romanının yazılmasından danışır: Əsərin bir yerində dörd adam dörd saat boyunca dayanmadan söhbət edirlər. Vulf deyir ki, adətən belə qeybətcil adamların söhbətlərinə dəfələrlə şahid olduğu üçün bu hissəni olduqca canlı, maraqlı yazıbmış. Söhbət edənlərdən biri ata evinə qonaq gəlmiş qadın olur. Onun əri maşında oturub dayanmadan siqnal verir, qadın isə tez-tez ərinə səslənib deyir ki, beş dəqiqəyə çıxıram. Vulf etiraf edir ki, onların söhbəti nə qədər maraqlı alınsa da bu kiçik detal əsərin iki yüz səhifəsini əhatə edirdi. Üstəlik bu cür söhbətin dörd saat davam etməsi də absurd görünür. Buna görə o hissədən imtina etməyə məcbur olur. Ümumiyyətlə Vulf o yazıçılardandır ki, onun əsərləri dağ çayı kimi dayanmadan axır, o əsərin harda bitəcəyinə, harada yekunlaşacağına qərar verə bilmir, bəzən kiçik bir detala qədərindən artıq diqqət edir, onu daha da dərinləşdirir. O özü də etiraf edirdi ki, Flober kimi mükəmməlliyə can atanlardan deyil. Buna görə də “Oktyabr yarmarkası” romanının əlyazması “Hərb və sülh”dən iki dəfə qalın alınmışdı. Məşhur naşir Perkins əlyazmanı oxuyanda xeyli ixtisarlar edir və bu əsəri səhv etmirəmsə iki ayrı roman kimi çap edir.

Detalla işləmək baxımından Qan Turalı ilə Tomas Vulf əks qütblərdə dayanırlar. Biri hər şeyin üstündən ildırım sürətilə ötüb keçir, digəri isə tısbağa ləngliyi göstərir.

Bəndeyi-həqirin izharı

“Fələk qırmancı” Azərbaycan intellektual nəsrinin azsaylı nümunələrindəndir. Tural müasir nəsr texnikalarını bir romanda məharətlə birləşdirib. Bəlkə kimsə irad bildirər ki, dünya romançılığında bu texnikadan bir əsrdir istifadə olunur. Mən razı. Amma gəlin, Azərbaycan romançılığına nəzər yetirək, onda görəcəyik ki, Turalın istifadə etdiyi texnika bizim üçün hələ təravətlidir. Və Tural da nəsr atını çox zaman bizim üçün yeni olan “avanqard oylaqlar”da çapdırır.

“Fələk qırmancı” iki adamın dilindən yazılıb, roman içində romandır. Üstəlik hadisələr iki fərqli zaman müstəvisində cərəyan edir. Orta Əsrlər zamanından müasir dövrə keçidlər ustalıqla qurulsa da əsərin təhkiyəsində bu fərqlər kafi deyil. Düzdür, Tural Orta əsrlərdən bəhs edən hissələrdə o dövrə aid olmayan söz və ifadələrdən qaçıb, üstəlik bəzi arxaik sözlərdən, ərəb-fars izafətlərindən yararlanıb. Ki bu fərqi qəhrəmanların lisanlarında göstərsin, fəqət qüvveyi-təbi mətalibi-səbt etməyə yetməyibdir. Mən həqir bu iddiada bulunuram. Ki, büzürgüvar nasirimiz gərəkdir ol dövrü-lisana kamali-qüvvətlə vaqif olub, qabiliyyəti-ziyadə göstərərək ərz edəydi. Səd heyf ki, dustumuz ol dövrlərdən bəhs olunan səfahətlərdə əski lisanı rişteyi-təhrirə çəkməmişdir. Bəndeyi-həqiriniz izhar etsin ki, tarixi-qədimlərdən məlumdur, nasirlər başqa bir dövrü səbt edən zaman, mütləq ol dövrü-lisanı da nəzəri-diqqətdə hakim tutmuşlar.

Yusif Səmədoğlu “Qətl günü”ndə Sədi Əfəndinin xatirələrini verərkən o dövrün üslubunu bariz şəkildə saxlayıb və ya Kamal Abdullanın “Yarımçıq əlyazma” romanında Dədə-Qorqud, Şah İsmayıl və müasir dövrün dili bir-birindən fərqlidir. Düzdür, Tural sufilər dövründən bəhs edən mətni mənim yuxarıda yazdığım kimi təqdim etsəydi, oxucuların çoxu başa düşməyəcəkdi. Amma hər halda orta yol tapmaq olardı. Misal üçün ərəb-fars izafətlərini istifadə etmək, səhifənin aşağısındakı haşiyədə onu müasir dillə təqdim etmək. Belə olan halda oxucu həqiqətən orta əsrlərin ab-havasına düşər, o dövrü müəllifin dilində də hiss edərdi.

Bu hansı dövrdür?

Dövr demişkən, sufilərdən bəhs edən hissələrdə oxucu konkret olaraq hansı əsrdən bəhs olunduğunu bilmir. Müəllif sanki bilərəkdən tarixi dəqiqlikdən qaçıb. Amma nə üçün? Hadisənin dəqiq olaraq hansı əsrdə baş verməsini gizlətmək əsərə və ya oxucuya nə verir? Əksinə müəllif dövrün siyasi-ictimai ab-havasını çatdırsaydı, tutalım hansısa şahın, xanın adını çəkərək və ya rusların Azərbaycana hücumlarını vurğulayaraq dövrün siyasi atmosferini göstərsəydi əsər daha tutumlu olardı. Müəllif Fərid Hüseynə müsahibəsində bizim iradlarımıza cavab olaraq hadisələrin sufi təkkəsində, dolayısı ilə qapalı məkanda baş verdiyini deyir. Olsun, amma biz görürük ki, dərvişlər bir neçə dəfə karvansarada qalırlar. Heç olmasa Molla Sadıq və Mehdinin qazi ilə görüş səhnəsində dövrün siyasi söhbətləri müzakirə olunsaydı, bu həm də tarixə ekskurs olar, həm də oxucunu daha ziyadə cəlb edərdi.

Oxucunun başını qatmaq

Müəllif bəzən bədii əsərə kiçik bir detal əlavə etməklə oxucunun “başını qata”, onu yanlış yerə yönləndirə bilir. Halbuki əsərin ümumi inkişaf xəttində həmin detalın xüsusi əhəmiyyəti olmur. Orhan Pamuk “Məsumiyyət muzeyi”ndə Kamalın Sibelə aldığı çantanın markasının “Jenny Colon” olduğunu yazır. Bir az yox, olduqca məlumatlı oxucu bilir ki, Jenny Colon XIX əsr fransız şairi, Pamukun da sevimlisi Jerar de Nervalın aşiq olduğu qadının adıdır. Və bu detal əsərin inkişafında xüsusi əhəmiyyət kəsb etmir. Bəs o zaman Pamuk çantanın adını niyə “Jenny Colon” qoyub? Sadəcə oxucunu bir az oyalamaq, bir az da Nervala olan ehtiramını göstərmək üçün.

Turalın da özünün Mehdi obrazı ilə mərhum Mehdi Bəyazid arasında əlaqə qurması, romanına Mehdi Bəyazidin yazmaq istəyib, amma yaza bilmədiyi əsərinin adını verməsi oxucu ilə oynanılan postmodern oyundur. Bu priyomla müəllif romanın düşüncə arealını genişləndirərək oxucunu roman ətrafında daha çox baş sındırmağa vadar edir. Əlbəttə, bu Mehdinin o Mehdi Bəyazidlə əlaqəsini yalnız ədəbiyyat adamları biləcək, amma olsun, bu da mərhum Mehdi Bəyazidi tarixdə yaşatmağın, onu ölməyə qoymamağın bir yoludur. Deyim ki, Turalın üzünü heç vaxt görmədiyi Mehdi Bəyazidə qarşı bu ehtiramı sevindiricidir.

Ovqatsız mistika

Mehdi bir roman yazıb məşhur olandan sonra yazmaqdan usanmış yazıçıdır. O, dərk edir ki, yazmaqla dünyanı dəyişmək olmaz. Yazıçılar dünyanı dəyişməkdə acizdirlər. Üstəlik, bu pislik, riya, ikiüzlülük ədəbi mühitə qədər, ədəbiyyatın içinə qədər ayaq alıbsa, mənəvi dünyamızın nüvəsinə oturubsa daha əldən heç nə gəlməz. Bu səbəbdən Mehdi bir zamanlar müqəddəs bildiyi dəyərlərin aşındığını görüb yazmaqdan əl çəkir. Sufi Mehdi isə Orta Əsrlər üçün mənəvi təmizlik sayılacaq bir mühitin - təkkənin üzvüdür. Amma sufi Mehdi də çilə ilə, zikr ilə insanın xilasının mümkünsüzlüyünü dərk edir. Buna görə də təkkədən uzaqlaşır. Onun yazıçı Mehdinin timsalında təzədən dirilməsi, öz hekayətini Mehdiyə yazdırması ilə Tural belə bir önəmli mesaj verir: Ədəbiyyatdan başqa xilas yolu yoxdur. Bütün ideologiyalar, təlimlər nə vaxtsa köhnələ, yararsız hala düşə bilər, təkcə ədəbiyyatdan başqa. Dünya nə qədər yenilənsə, dəyişsə də ədəbiyyat insanı xilas missiyasını itirməyəcək. Buna görə də sufi Mehdi yazıçı Mehdinin timsalında yenidən doğulur. Eşqə düşən Abbas Tufarqanlının şeir yazması, elə sufi Mehdinin də çilə vaxtı Quranı bir kənara qoyub şeir oxuması bu xilasa canatmadır.

Yazıçı Mehdinin sufi Mehdiyə aid olan mətni tapması, onlar arasında əlaqə aydın təsvir olunmayıb. Mistik ab-hava ortamında baş verən bu əlaqə axıra qədər tam açılmır və oxucu müəyyənləşdirməkdə çətinlik çəkir: yazıçı Mehdi “Fələk qırmancı” əsərini zibillikdən tapmışdı, yoxsa sufi Mehdi ona bunu avtobus səfərlərində diktə etmişdi. Yazıçı Mehdi sufi ilə avtobus səfərlərində yaşadığı “bayğınlıq” hallarında qarşılaşırdısa o zaman dəftərə köçürüb qapının üstündəki şkafa tulladığı və Zeynəbin sonradan tapdığı mətn nə idi? Üstəlik ərəb əlifbasında yazılmış bu mətnin üzün köçürmək üçün Zeynəb o əlifbanı da öyrənir. Ola bilsin müəllif mistik əhval-ruhiyyə yaratmaq üçün bu qarışıqlığı süni surətdə edir. Bununla belə bu mistik ab-hava oxucuya ötürülmür, onda emisoional təsir buraxmır.

Pazl roman

Kitabın üzünü köçürən Mehdi naməlum avtobus səfərlərinə çıxır. Turalı plagiatda ittiham etmək fikrindən uzağam, amma Mehdinin kitabın üzünü köçürməsi və avtobusda səyahət hissəsi Pamukun “Yeni həyat” romanına bənzəyir. Əgər “Yeni həyat”da Osman dəfələrlə oxuduğu kitabı əzbərləmək, yaymaq üçün onun üzünü köçürür və sevdiyi Cananın axtarışına çıxdığı üçün avtobuslarda səyahət edirsə “Fələk qırmancı”nda Mehdinin avtobus səfərlərinin məğzi məlum olmur. Onun bu addımı da “Jacobs” qəhvəsi, pivə, araq içməsi kimi əsərin süjetinin inkişafına xidmət etməyən detala çevrilir.

Bayaq da qeyd etdiyimiz kimi romanda iki fərqli mətn var: biri Mehdinin həyatından bəhs edən hissə, digəri isə sufi Mehdi ilə bağlı hissədir. Yazıçı Mehdinin hissəsi də özlüyündən üç mətndən ibarətdir: Zeynəbin mətnidir, Mehdinin mətni, üçüncü isə Zeynəbin diktofonda saxladığı, Mehdinin monoloqlarının olduğu mətn. Sonradan bu mətni Mehdi kitab halına salaraq “Mən deyirdim ki, ədəbiyyat...” adı ilə çap edir. Mehdinin bu monoloqları da romanda süjetin gedişatında istifadə edilir. Üstəlik bu mətnlərə əsərin sonunda Qan Turalının özünün məqaləsini və əsərdə bir obraz kimi iştirakını da daxil etsək “Fələk qırmancı” pazl kimi müxtəlif mətnlərdən qurulma romana çevrilmiş olur.

Tural mətnlərin kollajından yaratdığı bu qurama ilə də kifayətlənmir, sona doğru əsərə bir də detektiv xətt əlavə edir. Əsərin sonunda verilən detektiv xətt süjetin inkişafında elə bir əhəmiyyət daşımır. Zeynəbin həyat yoldaşının onu axtarması xətti əsərin əvvəlindən gətirilsəydi romanın gərginliyini bir qədər artıra bilərdi.

Təcrübə dovşanı Zeynəb

Zeynəb hər iki Mehdiyə qarşı dayanan obrazdır. Bir qədər də onların təcrübə dovşanıdır. Əgər yazıçı Mehdi yazıçılığın faydasız olduğunu düşünüb yazmaqdan imtina edirsə Zeynəb məhz onun kitabı sayəsində özünü tapır, qaranlıqdan xilas olur. Yazıçı Mehdi ilə sufi Mehdinin fikirlərini, düşüncələrini müəllif Zeynəbin üzərində sınaqdan keçirir. Zeynəb əsərin ilk cümləsində də deyildiyi kimi əsirlikdən xilas olur, Bakıya gəlir, Mehdiyə qoşulur. Onun ağır fəlsəfi nitqlərinin sadiq dinləyicisinə çevrilir, onu yenidən yazmağa ruhlandırır.

O zaman Zeynəbin Bakıdakı günlərinə azadlıq adı vermək olarmı? Zeynəb bu dəfə Mehdinin mənəvi əsirinə çevrilmirmi? Mehdini qısqansa da ona heç nə deyə bilmir, əvəzində susmaqla, ağlamaqla ovunur. Mehdinin kitabını oxuyub “əsir”likdən, buxovlardan xilas olub, amma sonda Mehdinin nüfuzunun, şəxsiyyətinin köləsinə çevrilir.

Beləliklə qəribə bir ziddiyyət yaranır: Kitabdan uzaqlaşan Mehdi də, kitaba can atan Zeynəb də məhv olur. Bəs o zaman insan nə etməlidir? Bəlkə əsl çıxış yolu təkkədən sonrakı taleyi naməlum qalan sufi Mehdinin həyatında gizlənib? Bəlkə bunun cavabını heç müəllif özü də bilmir, ona görə də sualı açıq saxlayıb? Bəlkə Mehdinin yazdığı o biri kitabın adı elə məhz buna görə “Mən həmişə deyirdim ki, ədəbiyyat...” adlanır ki, nöqtələrin yerini özümüz dolduraq!

Bəlkə yazımızın sonunda müəllifin yarımçıq qoyduğu cümləni tamamlayaq?

“Fələk qırmancı”nı bitirəndən sonra nöqtələrin yerinə sən nə yazardın, əziz oxucu?

# 2392 dəfə oxunub

Müəllifin son yazıları

# # #