Dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə təsis edilmiş “Üzeyir Hacıbəyli mükafatı”nın yanvarın 22-də təqdimatı keçirilib.
Kulis.az xəbər verir ki, Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbində təşkil olunan tədbirdə Milli Məclisin deputatları, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Mərasimdən əvvəl qonaqlar Üzeyir Hacıbəyliyə həsr olunmuş sərgi ilə tanış olublar.
Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli bildirib ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə həm ölkə daxilində, həm də xarici ölkələrdə çoxsaylı layihələr həyata keçirilib.
Nazir diqqətə çatdırıb ki, Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri incəsənət və mədəniyyət təhsilinin keyfiyyətinin artırılması, bu sahənin səviyyəsinin yüksəldilməsi, eləcə də maddi-texniki bazasının gücləndirilməsidir. Bu istiqamətdə müvafiq dövlət proqramlarında da bir sıra tədbirlər nəzərdə tutulub və Mədəniyyət Nazirliyi həmin məqsədlərdən irəli gələrək son dövrdə bu sahədə islahatlara başlayıb, ardıcıl addımlar atır.
Diqqətə çatdırılıb ki, dahi Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində keçirilən bu müsabiqə musiqi və incəsənət təhsili sahəsində çalışan müəllimlərin peşəkarlığının təşviqi, yaradıcı potensialının üzə çıxarılması və milli musiqi irsinin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Müsabiqəyə Bakı şəhəri və respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərində çalışan ümumilikdə 66 müəllim qatılıb. Müsabiqənin I mərhələsinin nəticələrinə əsasən seçilmiş iştirakçılar II mərhələyə buraxılıb. Sonrakı mərhələdə reqlamentə uyğun olaraq Komissiya üzvləri tərəfindən iştirakçıların açıq dərslərinin videoyazılarına baxış keçirilib və namizədlər peşəkar meyarlar əsasında qiymətləndirilib. Müzakirələrin yekununda 19 müəllim müsabiqənin qalibi elan edilib.
Çıxışı zamanı Adil Kərimli layihənin həyata keçirilməsində dəstək göstərən tərəfdaşlara, xüsusilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına minnətdarlığını bildirib.
Daha sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov çıxış edərək tədbirin xüsusi əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, tədbirin keçirildiyi bu cür mədəniyyət ocaqları Azərbaycan musiqisinin və ümumən incəsənətin inkişafında mühüm rol oynayır, eyni zamanda gənclərin formalaşmasında, gələcəkdə peşəkar musiqiçi və sənət adamı kimi yetişməsində böyük imkanlar yaradır.
Sahib Məmmədovun sözlərinə görə, mükafatın təsis olunması, bu sahədə seçilən dəyərli müəllimlərin əməyinin qiymətləndirilməsi, onların bilik və bacarıqlarının önə çəkilməsi olduqca vacib və nümunəvi hadisədir. O vurğulayıb ki, nəticə etibarilə 19 müəllimin seçilməsi və onların fəaliyyətinə verilən dəyər təkcə qaliblər üçün deyil, bütün incəsənət sahəsi üçün stimulverici bir addımdır.
Çıxışının sonunda Sahib Məmmədov təşkilatçılara və Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib. O əlavə edib ki, bu kimi çoxşaxəli əməkdaşlıqlar mədəniyyət sahəsində həyata keçirilən layihələrin daha səmərəli olmasına, ümumi məqsədlərə birlikdə nail olmağa imkan verir.
Sonra qaliblərə pul mükafatı və diplomlar təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.