Markesi yazıçı edən qohumları

Markesi yazıçı edən qohumları
20 iyul 2016
# 17:38

Zənnim məni aldatmırsa hardasa belə bir fikrə rast gəlmişəm: Hansı mövzuda yazmaqlarından asılı olmayaraq yazıçılar özlərini yazır. Sadəcə bəziləri bunu hiss elətdirmir, bəziləri isə hiss elətdirir - şəxsi məlumatların, düşüncələrin altında qalıb əzilir. Belələri lap Marsa səyahətdən yazsa belə, ortaya avtobioqrafik əsər çıxır.

Halbuki yazıçı Tanrı kimi olmalıdır, mətndə olmalı, ancaq görünməməli.

Belə yazarların əsərlərində biz ancaq onun kəndini, ailəsini, özünü görürük. Onlar adətən ən maraqlı hadisəni belə öz üzərinə fokuslayır və hadisəni nə vaxtsa necə görüblərsə elə o gözlərlə də, eyni prizmadan baxaraq yazırlar. Belələrində hadisəni sfera kimi çevirmək, altına-üstünə baxmaq, ona başqa rakursdan yanaşmaq fikri olmur.

Və nəticə nədir? Görürsən ki, hansısa yazıçı gözəl bir mövzunu götürüb məhəlli hala salıb, o hadisəni bundan sonra qohum-əqrəbasından, tanışlarından başqa heç kim başa düşməyəcək. Yazıçı əlli dəfə başına gəlmiş bir hadisəni elə yaza bilər ki, oxucu o mətndə yazıçını görməz. Heç görməsi lazım da deyil. Axı oxucunun nəyinə gərək bu hadisə sənin atanın başına gəlib, yoxsa babanın. Əsas odur sən ona MƏTN ver. Bax, bu isə hər zaman çətin olub.

Elə mətn var ki, oxuyanda heç bilmirik müəllif bu əsərin harasındadır. Belə əsərlər bizə müəllif təxəyyülünün məhsulu kimi görünür. Amma bir az araşdırsaq aydın olar ki, təxəyyül məhsulu hesab etdiyimiz hər hansı bir əsər əslində avtobioqrafik impulslardan doğub. Sadəcə yazıçı onu elə yazıb ki, özü o əsərin içində görünmür. Bir misal deyim, sizcə “Polkovnikə məktub yoxdur” Markesin özünün və ya yaxının başına gəlmiş hadisədirmi, yoxsa özündən uydurub, həyatda belə şey baş verməz?

Bir az sonra bu suala cavab verərik. İndi isə yazımızın mabədinə gələk.

***

“Anlatmaq üçün yaşamaq” Qabriel Qarsiya Markesin avtobioqrafik əsəridir. Əsər on səkkiz yaşlı Markesin anası ilə doğulduğu Arakatakaya səfəri ilə başlayıb Avropaya səfəri ilə bitir. Bu əslində bir yazıçının formalaşmasının yol xəritəsidir. Markes də bu səbəblə uzatmayıb, elə Avropaya səfərə başlamağı ilə əsəri bitirib. Çünki onun bir yazıçı kimi formalaşması elə bu illərdə bitib, sonrakı illərdə isə yalnız əlavə təcrübə qazanıb və bacarığını nümayiş etdirib.

Hüquq fakültəsindəki təhsilini yarıda qoyub yazıçı olmağa qərar verən Markes ilk hekayələrini Frans Kafkanın təsiri ilə yazmağa başlamışdı. Hekayələri ədəbi dairələrdə maraqla qarşılansa da Markes başa düşürdü ki, bu onun üslubu deyil, təqliddir, öz yolunu tapmalıdır. Amma necə? O yol haradır? O yola necə gedib çıxmalı? Bəlkə də hələ cavan yaşında Markes bilmirdi ki, Kafkanın təsiri onun yaradıcılığı üçün necə bir stimul olacaq və “Çevrilmə”dən başlayan sərgüzəşt maqik realizm kimi bir yol açacaq.

Markes bu axtarışlardaykən anası onun oxuduğu şəhərə təşrif gətirir və oğluna deyir ki, ata evini satmaq üçün Arakatakaya Markesin də doğulduğu şəhərə getməlidirlər. Beləcə ana-bala doğma şəhərlərinə yola düşürlər.

Deyirlər insan 6 yaşına qədər bu dünyada nə görürsə, nə yaşayarsa ondan ibarətdir, bundan sonrakı həyat uşaqlıq illərinin üstündə formalaşır. Markes də doğma şəhərinə ayaq basandan sonra anlayır ki, Kafka kimi deyil, özü kimi yazmalıdır, özü kimi yazmağın yolu isə bax bu balaca şəhərcikdə - Arakatakada gizlənib.

Bir zamanlar banan kampaniyasının yerləşdiyi, küçələrində adamların qaynaşdığı şəhər indi sakit, kimsəsiz bir yerə çevrilib. Markes bu unudulmuş, kimsəsiz şəhərdə babasını, qohumlarını, qonşuları, bir zamanlar uşaq ikən gördüyü hadisələri xatırlayır və başa düşür ki, onun mövzuları məhz burda gizlənib. Çəkinmədən demək olar, nobelli yazıçının bütün həyatı da məhz elə Arakatakada baş verənləri yazmaq idi. Məlumat üçün bunu da deyim: Markes öz xəyali şəhərinin adını Arakataka yolunda rast gəldiyi bir fermanın adından götürüb. Gənclik yaşlarından Folkner heyranı olan yazıçı onun kimi öz xəyali şəhərini qurur, beləcə Makondo adlı ədəbiyyat ölkəsi yaranır.

Markes təxəyyülünün gücü ilə yazan yazıçı təəssüratı yaratsa da “Anlatmaq üçün yaşamaq” əsərini oxuyanda görürsən ki, “Polkovnikə məktub yoxdur”, “Yarpaq fırtınası”, “Yüz ilin tənhalığı”, “Taun zamanı məhəbbət”, “Gözlənilən bir qətlin tarixçəsi” və başqa əsərlərinin mövzusunu Markes öz uşaqlığından, balaca şəhərindən götürüb. Onun əsərlərindəki bu hadisələr gözlərinin qabağında baş verib. Bu hadisələr uşaqlıq ağrıları, uşaqlıq yaddaşıdır. Və insan yalnız bu ağrıları, bu yaddaşı içindən söküb atmaq istəyəndə yazıçı olur. Yazıçılığın ilkin şərti budur. Amma sən onu necə sökəcəksən, hansı üsulla, bax bu artıq ustalıq, bacarıq, istedad məsələsidir. İki nəfərə almaz verilir, biri onu cilalayıb brilyanta çevirir, digəri isə yox. Markes də öz almazını - uşaqlıq xatirələrini - yazıçılıq materialını cilalayıb brilyanta çevirənlərdəndir.

Markesin də avtobioqrafik əsərində xatırladığı kimi Rilkenin məşhur fikri var: Əgər yazmadan yaşaya biləcəksənsə yazma. Gənc Markes də anası ilə Arakatakaya gəldikdən sonra şəhərin miskin mənzərəsi neçə illərdir onun içinə gömülmüş uşaqlıq yaddaşını şok aparatı kimi oyadır və gənc Markes elə o an başa düşür ki, bu xatirələrini yazmasa həyatı heç vaxt rahat keçməyəcək. Elə bundan sonra onun yazıçı olmaq qərarı bir az da qətiləşir.

On uşaqlı böyük ailə gözünü ona dikib, atası hüquqşünas olub ailəni dolandırmağını istəyir, amma Markes öz yolundan dönmür. Atasının dediyi yolla getmir, geniş mənada isə atasının sözünü yerə salmır, böyük bir ailənin gözünü dikdiyi adam sonda dünyanın ən məşhur yazıçılarından birinə çevrilir. Və bundan sonra təkcə öz ailəsinin deyil, böyük bir materikin sözünü deyir, onu tanıdır.

İndi öz-özümə düşünürəm. Görəsən, Markes ilk qələm təcrübələrini Kafkanın təsiri ilə yazmasaydı, “Çevrilmə”nin şinelindən çıxmasaydı, ətrafında baş verənləri yenə də bu cür yazardımı? “Polkovnikə məktub yoxdur”un magik əsər olmadığını yazıçının tədqiqatçıları da təsdiq edir. Bununla belə artıq “Polkovnikə məktub yoxdur” əsərinin ovqatından magik realizm duyulur. Fikrimizi daha yaxşı əsaslandırmaq üçün kafkaes yazıçı Dino Buzzatinin “Tatar çölü” əsərini xatırlayaq. Çünki hər iki əsərdə magik realizm ovqatı aydın hiss olunur. Yəni Kafka təsiri duyulan hər bir yazıçıda istər-istəməz magik realizm ovqatı yaranır. Görəsən, həmən o “Kafka təsiri” olmasaydı, Markes bu əsərini necə yazardı? Axı bu hadisə nə qədər qəribə olsa da yazıçının babasının başına gəlmiş hadisə idi. Çoxları bu mövzunu yəqin ki, ya öz dilindən, ya da babasının dilindən yazardı, amma Markes polkovnikdən sanki tamam başqa bir adammış kimi yazıb. Markes “Anlatmaq üçün yaşamaq”ı yazmasaydı biz heç vaxt bilməyəcəkdik ki, polkovnikin prototipi kimdir. Çünki bu əsərdə babasına, öz həyatına heç bir işarə yoxdur.

“Anlatmaq üçün yaşamaq”ı oxuduqca yazıçının əsərləri boyu səpələnmiş qəribə obrazları gəlib gözlərinin qabağında canlanır. Bunlar kimlərdir; Markesin uşaq vaxtı gördüyü adamlar, babasının dostları, babası, ata-anası, nənəsi, xalaları, qonşuları, Arakatakanın sakinləri...

Markesin polkovnik babası hərbi xidmətinə görə pensiya alacağını gözləyə-gözləyə ölür. “Polkovnikə məktub yoxdur” bundan bəhs edir. “Taun zamanı məhəbbət”də atası qızı Fermina Dasanı Florentina Arisaya verməmək üçün qaçıraraq şəhər-şəhər gəzdirir və sevgililər Ferminanın getdiyi hər şəhərdə oğlanın dostu olan teleqramçılar vasitəsilə əlaqə saxlayırlar. Təbii ki, bu nağılvarı, qeyri-adi ünsiyyətdən qızın ailəsinin xəbəri olmur. Eyni hadisə Markesin ata-anasının başına gəlibmiş və yazıçı bu əsəri yazarkən atasından teleqrafçıların leksikonunu öyrənmək üçün bəzi məsləhətlər də alıb. Amma və lakin, sözümün canı. Bu əsərdə biz nə Markesi, nə də onun ata-anasını görürük. Yeri gəlmişkən həmin əsərin əvvəlində intihar edən polkovnik Markes də yazıçının babasının dostu imiş. Babası dostunun ölüm xəbərini eşidəndə nəvəsini də özü ilə aparıbmış və gələcəyin nobelli yazıçısına bu hadisə necə təsir edibsə onu heç vaxt unuda bilməyib.

Babasının otağında Cənubi Amerika inqilabçısı, siyasi xadimi Simon Bolivarın cənazə fotosu asılıbmış. Balaca Markes babasına sual verir ki, bəs o niyə başqa ölülər kimi kəfəndə deyil, uniformadadır. Babası deyir: “O fərqli idi.” Bundan sonra nəvəsinə rəsmin yanında asılmış bir şeiri oxuyur: “Sən Santa Marta çox qonaqpərvərdin, ona qucağında uzanıb öləcəyi okean sahilini verdin.” Bu şeirdən sonra Markes elə bilib ki, doğrudan da Bolivarı bir sahildə ölü tapıblar. Diqqətli oxucu söhbəti hara gətirdiyimi anladı: “Dünyanın ən gözəl ölüsü” hekayəsi bax beləcə yaranır.

Markesin hekayələrinə gəlib çıxmışkən bir şeyi də qeyd edək. “El Espektador” qəzetində müxbirlik etdiyi zaman bəzən qəzetə təcili material lazım olurmuş. Belə vaxtlarda Markes oturub bir neçə saata hekayələr yazırmış ki, qəzet dolsun. Bu hekayələrdən biri də “İtin mavi gözləri” idi. Markes deyir, sonralar bu hekayəni təkrar oxuyub gördüm ki, heç bir düzəlişə ehtiyac yoxdur.

Markesdən danışıb “Yüz ilin tənhalığı”ndan söhbət açmamaq mümkün deyil. Xatirələrini oxuyandan sonra belə başa düşdüm ki, o, bu həyata sanki elə bu romanı yazmaq üçün gəlibmiş. Özü müsahibələrində “Patriarxın payızı”nı özünün ən gözəl əsəri adlandırsa da Markesin şah əsəri “Yüz ilin tənhalığı”dır. O, bu əsəri lap gənc yaşlarında yazmağa başlayır. Romanın ilkin adı “Ev” idi. Əsərin baş qəhrəmanı da təbii ki, Kolumbiya vətəndaş müharibəsinin iştirakçısı olan babası olacaqdı. Hətta bunun üçün material da toplayır. Bu zaman dostlarından biri ona müharibədə iştirak etmiş Buendiya adlı bir polkovnikin dosyesini təqdim edir. Buendiya adı yazıçını necə məftun edirsə bundan vaz keçə bilmir. Markesin parlaq istedadını hiss edən ona təkcə dosye vermirlər. Məsələn, bir dostunun böyük kitabxanasını görüb heyran qalır. Tətildə evə qayıdandan bir müddət sonra onlara böyük qutuda sovqat gəlir. Qutunu açanda nə görsə yaxşıdır, dostu, Folkner, Virciniya Vulfun, Heminqueyin, Steynbekin, Dos Pasosun, Hakslinin və başqalarının kitablarını ona yollayıb, belə bir qeyd ilə: “Bu sənin üçün, ustad, görək axırda bir şey öyrənə biləcəksən?”

“Yüz ilin tənhalığı”nın maqik, sehrli atmosferi nə qədər heyrətləndirsə belə ağlının bir yeri ilə deyirsən: əlbəttə bunlar hamısı nağıldır. Eşq olsun, yazıçı təxəyyülünə. Amma bunlar da təxəyyül deyilmiş. Məsələn, Bunediyanın 17 oğlunun olmasını və onların bir gündə ata evinə gəlməsi səhnəsini xatırlayın. Markesin babasının həqiqətən başqa qadınlardan 17 oğlu olubmuş və onlar bir dini bayram gün sözləşib həqiqətən də atalarına dəyməyə gəliblərmiş və yolda rastlaşdıqları bir keşiş onların alnına küllə xaç çəkibmiş. Başqa bir şeyi qeyd edək. Markesin bir xalası həqiqətən qəfildən kəfən tikməyə başlayıb və elan edib ki, kəfən hazır olan gün öləcəm. O cür də olub.

***

“Anlatmaq üçün yaşamaq” əsəri gənc bir yazıçının axtarışlarının, onun öz üslubunu, öz səsini tapmaq cəhdləri haqqında əvəzsiz əsərdir. Ədəbiyyat da elə budur: İçinin səsini tapmaq və bu səsi dünyaya çatdırmaq. Yalnız öz içinin səsini tapıb o səslə “oxuyan” kəs yazıçı ola bilər. Bir anlıq düşünək ki, Markes Kafkanın, çox sevdiyi Folknerin təsirində qalardı, onun həyatının dönüm nöqtəsi olan Arakataka səfəri olmazdı, bax o zaman yer üzünün milyonlarla sakini də Ədəbiyyat dünyasının ən əsrarəngiz ölkələrindən olan Makondaya “bilet”dən də məhrum olardı.

# 2392 dəfə oxunub

Müəllifin son yazıları

# # #