Seymurun ürəyi

Seymurun ürəyi
27 noyabr 2013
# 12:48

Doxsanıncı illərdə sevginin müqəddəsliyi haqqında fikirlər özünün ən yüksək zirvəsinə çatmışdı. Bu vaxta qədər məhəbbətdən bəhs edən bədii əsərlərdə aşiq məşuquna görə demək olar ki, bütün mümkün məhrumiyyətləri yaşamışdı. Sevgisi naminə səhraya düşən də vardı, donuz otaran da, əlini kəsən də, özünü öldürən də, oğurluq edən də...

İstər klassik ədəbiyyatda, istərsə də müasir nəsrdə bəs qədər nümunələr yaranmışdı. Daha bundan artıq fədakarlıq düşünmək olmazdı.

Və birdən "Ana ürəyi” segahı peyda oldu. Bu da sevgi dramı idi. Sevgisi yolunda hər şeyə hazır olan, hətta cinayət etməkdən çəkinməyən bir aşiqin dramı...

Bəlkə də aşiq sevgisinə görə küçədən keçən birini qurban eləsəydi bu qədər böyük rezonans yaratmazdı. Amma budəfəki əfsanədə aşiq öz anasını qurban edirdi...

Səksənlərdə doğulanlardan üzü o yana hər kəsin yadına gələr bu segah. O dövrdə hər yerdə oxunurdu...

Bəs görəsən bu qədər qəddar bir mətn kimin ağlına gələ bilərdi?

Sevgilisi üçün hər şeyə hazır olan aşiq bir gün onun istəyi ilə anasının ürəyini də çıxara bilərdi. Əgər qız istəsəydi…

Bu mətn özündən əvvəlki sevgi hekayələrinə ironiya olduğu halda nədənsə olduqca ciddi qəbul olundu. Və beləliklə özünə qədərki fədakarlıq dolu eşq hekayələrinin zirvəsinə qalxdı.

Bətnindəki ironiyanı reallaşdıra bilmədi. Biz sevgilisi uğrunda səhraya düşən, donuz otaran, dinindən dönən aşiqlərə inandığımız kimi həmin ana ürəyi çıxaran oğlanın varlığına da inandıq.

Bəs “Ana ürəyi” nədən lazımı missiyasını yerinə yetirə bilmədi? Gözlənilən effekti vermədi?

Əvvəla ona görə ki, mətn özü çox ciddi bir vasitə - muğam ilə, özü də muğamın ən “ağlamalı” növü segah üstə təqdim olunmuşdu.

İkincisi, bu mətni yazan şair, onu oxuyan müğənni də mühafizəkar təfəkkürlü adamlar idi. Üstəlik də öz peşələrinin adamları idilər. Tutalım həmin segahı bir aktyor və ya “KVN”şik oxusaydı bizə bu mətn olduqca ironik, qrotesk gələrdi. Lakin onu ciddi bir müğənni oxuduğuna görə tam əksi baş verdi. “Ana ürəyi” bizim üçün olduqca ciddi bir əsərə çevrildi.

Təbii ki, bir də həmin dövr üçün bizim postmodernizmdən, mətndə ironiyanın varlığından xəbərsiz olduğumuzu vurğulamaq lazım idi.

Bu baxımdan həmin mətnə bir daha qayıtmaq, 90-larda asanlıqla vampir filmlərinə konu ola biləcək o “qəddar” mətni yenidən işləmək, onu bu iyirmi ildə toz kimi üstünə çökmüş ciddiyyətdən təmizləmək, kökündə var olan ironiyaya, qroteskə qaytarmaq lazım idi.

Seymur Baycan “Ana ürəyi”ni onun öyrəşdiyimiz üslubuna tamamilə zidd bir şəkildə işləyib. Struktur, postmodernist texnikadan mükəmməl şəkildə istifadə öz yerində yazıçı həm də obrazların xarakterlərini yarada bilib. Xarakter yaratmaq müasir romançılığın əsas meyarlarından biri olmasa da klassik tənqid dili ilə desək Seymur dövrünün ümumiləşdirilmiş obrazlarını yaradıb. Bununla da o indiki qəhrəmanlarını əvvəlki əsərlərində yaratdığı qəhrəmanlarından fərqləndirib.

Bədii əsərə bu cür mövzuları konu etmək, keçmiş dövrün, xüsusilə də doxsanlar və ondan əvvəlki Sovet dövründə çox ciddi olan nəsnələrə yenidən qayıtmaq onlara yenidən, bu dəfə ironik, yanaşmaq Vikror Pelevin, Vladimr Sorokin kimi müasir rus yazıçıları arasında dəfələrlə sınaqdan çıxarılıb.

Əgər kimsə bu mövzu nəinki roman, heç hekayə üçün də yararlı deyil, hekayə, roman qəlibinə girmir deyirsə yanılır. Ədəbiyyat üçün kiçik-böyük, dərin-dayaz mövzu yoxdur. Yazıçı istədiyi mövzudan yaza bilər. Sadəcə biri var, vaza düzəltmək istəyəsən, stəkan alına, deyəsən nə olsun, mən elə stəkan düzəltmək istəyirdim, bir də var ki, sən əvvəldən stəkan düzəltmək istəyəsən elə stəkan da ortaya çıxa.

Seymur Baycan əvvəldən nə niyyət etmişdisə onu da ortaya çıxarıb.

# 2898 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #