Əziz oxucular!
Kulis.az saytında Asif Atanın davamçılarından biri olan Soylu Atalının “İslam dini inamla əvəz olunmalıdır” başlıqlı müsahibəsini dərc etmişdik. Müsahibədə Soylu Atalının Ocağın yükümlüsü kimi təqdim etməyimizə etiraz əlaməti olaraq Safruh Atalı şərh yazmış, həmin şərhdə Soylu Atalını Ocağa dəxli olmayan adlandırıb. “Özünü “Mütləqə İnam Ocağının Yükümlüsü” kimi təqdim edərək adamları və mətbuatı aldadan bu şəxs nəinki Ocaq Yükümlüsü, heç Ocaqçı da deyil. Bu haqda Ocağın Ruhani Başçısı Safruh “Xural” qəzetində də yazmışdı. (28.X.2010, N44) “Soylu”nu dərindən tanıdığım üçün bunları deyirəm. O, Ocaqdan getmək qərarını Ruhani Başçı Safruha və Ocaq evladlarına – İşıqlıya və mənə bildirib. Bu hadisə 8 oktyabr 2009-cu ildə olub.”
Həmin şərh və müsahibə ilə bu linkdə tanış ola bilərsiniz:
Bundan sonra cavab haqqının yarandığını düşünən Soylu Atalı redaksiyamıza izahat xarakterli məktub yollayıb. Həmin məktubu olduğu kimi diqqətinizə çatdırırıq.
Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!
Yüz illərdir, Azərbaycan cəmiyyəti özünəyadlaşma aqibəti yaşayır. Həyatımıza özgəçilik fəlakəti gətirən başqa mədəniyyətlərin, kənar basqıların təsiri altında bir xalq olaraq, daxili münaqişə səviyyəsində yaşamağa sanki məhkum olunmuşuq. Yadlığa qarşı döyüşə bilməyəndə həmişə özümüz özümüzlə döyüşmüşük, yəni bir-birimizlə. Hətta bir-birimizlə döyüşümüz başqa təsirləri, mədəniyyətləri müdafiə mövqeyində dayanmağımızla həyata keçibdir.
Bu hal cəmiyyətimizin həyatında bu gün də davam edir. İctimai-siyasi təşkilatların, partiyaların münasibətlərində biz bunu təəssüf ki, hər an görürük. Bu da ona görədir ki, biz xalq olaraq, içəridən inkişaf eləmirik, özümlü dəyərlər yaratmırıq. Asif Ata belə bir dəyəri yaradıb ortaya qoydu və dedi ki, xalq olmağımızın yolu içəridən qurulmağımızdan keçir.
Biz, Asif Ataya tapınanlar bu prinsipi rəhbər tutduq. Buna baxmayaraq, cəmiyyətin halında yaşayan qüsurlar Asif Atanın Ocağında da özünü göstərdi. Ocağa üz tutanlar cəmiyyətin qüsurlarını özləri ilə Ocağa daşıdılar. Bu cəhətdən cəmiyyətlə Ocaq mühiti arasındakı fərq elə də böyük deyildi. Bu da təbiidir. Heç nə bir gündə baş tutmur. Bunun üçün daxili yol keçmək gərək və Asif Atanın İnsanlaşma ideyasının əsas mexanizmi olan “Özüylədöyüş” əməlini işə salmaq gərəkdir.
Yadlığı hər kəs daxilində daşıyır. Başqasında yadlıq axtarıb döyüşmək tarixin heç bir dönəmində özünü doğrultmayıb. Əksinə, ziyan verib. Siyasət də əslində başqası ilə döyüşmək səviyyəsindən doğub. Adamda özünümüdafiə instinkti çox güclüdür. Onun üstünə getdikcə, həmin instinktlər aktivləşir, pis mənada yenilməz olur. Və düşmənçilik başlayır. Bir-birinə qarşı fəndlər düşünülür, məkrlər işə salınır, qərəzli təbliğatlar aparılır. Bu cür münasibət hətta cinayətə qədər inkişaf edir...
Asif Atanın ölümündən sonra mühitinə toplaşan adamların münasibətlrəində mənəmlik, birincilik, paxıllıq, qısqanclıq duyğuları fəlakətli bir səviyyədə özünü göstərdi. Mən də, Soylu Atalı olaraq bu duyğulardan xali deyildim. Bu barədə ətraflı şəkildə “İnam Sorağında” kitabımda yazmışam (kitab 400 tirajla “Adiloğlu” nəşriyyatında çap olundu və yayıldı, hələ də qalan nüsxələri yayılır). Orada mən balaca hisslərimi, qüsurlarımı, naşılığımı, kallığımı incəliklərinə qədər vurğulamışam. Bu, mənim ciddi şəkildə özüylə döyüşə başlamağımın nəticəsi idi.
Çox qəribədir ki, mən də özümlə döyüşürdüm, başqaları da mənimlə döyüşürdü. Çünki mən Ocağın Yükümlüsü məsuliyyətini üzərimə götürmüşdüm və bu məsuliyyətə layiq olmağa çalışırdım. O birilər isə nə yükün altına girirdilər, nə də mənim yükü götürməyimi istəyirdilər. Bununla belə, mən öz üzərimdə qələbəyə nail oldum. Bu gün də mən öz üzərimdə işləyirəm. İctimai şərlə - ehkamla, quruluşla, ədalətsizliklə, həqiqətsizliklə döyüşmək üçün öz üzərində qələbə çalmaq gərək və daxili azadlığa yetmək gərəkdir. Asif Atanın tələbi də budur. Mənim ilk və əsas müəllimim Asif Atadır, ikinci müəllimim Tolstoydur. Onların özüylə döyüşləri, özlərini yaratmaları hesab edirəm ki, bütün insanlıq üçün örnəkdir. Hər kəsin öz ömründə bu örnəkdən bəhrələnməsini arzulayardım. Onda çox gözəl insani mühit yaranar. İctimai şər fərdi yetkinliyin qarşısında yenilər...
Bu gün mənə qarşı davam eləyən hədyan münasibətləri də cəmiyyətin durumu kontekstindən yozmaq doğrudur. Axı adamlar nəyə nail olmaq istəyirlər?! Ocaq hay-həşirə, görüntülərə bərabər deyil ki. Görüntü yaratmaq, bunun üçün rəqabət aparmaq, ora-bura qaçıb çığır-bağır salmaq insani qüsurlardır. Şər danışmaq, məkr işlətmək, böhtanlarla şantaj yapmaq normal kişi işi, normal insan işi deyil. Ayıbdır Atadan, ayıbdır toplumdan. Asif Atanın ideyalarını öyrətdiyimiz insanlara sayğı duymaq lazımdır. Mən harda nə demişəmsə, nə yazmışamsa, nöqtə, vergülünə qədər arxasında dururam. Bəli, etiraf eləmişəm ki, bir vaxtlar içki içirdim, papiros çəkirdim, kart oynayırdım, qızlara qarşı içimdə duyğular əmələ gəlmişdi. İnsanın daxildə yaranan duyğuları pis əməl kimi qələmə vermək nə üçündür? Ümumən, mənim bu etiraflarımın ətrafında eybəcər şübhələr yaratmaq nəyə xidmət edir?! Deyilən sözləri montaj edib şantajçılıqla məşğul olmaq ayıb deyilmi?! İndi durub belə məsələləri məhkəmədəmi çözək?
Ən böyük ləyaqət Asif Atanın işini davam eləməkdir. Onun adı ətrafında xoşagəlməz oyunlar yaratmaq nəyə lazımdır?! Tutaq ki, mən də həmin adamların haqqında, onların işlədikləri suçlardan, naqisliklərdən danışmağa, əks təbliğat aparmağa başladım. Axı bu nəyi həll edir?! Məgər mənim məqsədim ülvi xəlqi yön yaratmaq deyilmi?! Ona görə də heç bir oyuna çəkilməyəcəm, heç bir cılız hisslərə qoşulmaycam...
Mən üzümü Mübarizə eşqimin, İnamımın göstərdiyi tərəfə tutmuşam!
Atamız var olsun!
Sayğılarımla
Soylu Atalı,
Mütləqə İnam Ocağının Yükümlüsü
15 Şölə Ayı, 33-il. Atakənd.
(iyun, 2011)