Çılpaq səhnə

Çılpaq səhnə
25 iyul 2011
# 10:56
Azərbaycan – Türkiyə münasibətləri barədə boğazdan yuxarı fikirlər söyləmək yersizdir.

Əməli işlərə keçmək lazımdır.

Bu təkcə pop musiqiçiləri Azərbaycana dəvət etməklə, bizim müğənnilərin səyyar şəkildə Türkiyədə televerlişlərə çıxması ilə olmaz.

Mədəni əlaqələr köklü surətdə qurulmalı, mədəniyyətin ciddi sahələrində əlaqələr yaratmaq lazımdır.

Türk kinosu son illər sürətlə inkişaf edir. Türk rejissorları filmləri ilə dünya çapında ün qazanmaqdadırlar.

Sonuncu Kann festivalında rejissor Nuri Bilgə Ceylan “Bir zamanlar Anadoluda” filmi ilə festivalın “Qran Pri”sini qazandıqda bizim icitimaiyyətdə heç bir əks-səda doğurmadı. Halbuki bu türk kinematoqrafiyası üçün böyük hadisə idi.

Və ya ədəbiyyat sahəsində çoxlu layihələr hazırlamaqla, türk yazarlarını Azərbaycanda tanıtmaqla, onları dəvət etməklə bir çox işlər görmək mümkün ikən nə Mədəniyyət Nazirliyi, nə də AYB tərəfindən heç bir addım atılmır.

Oysa bizim görməli olduğumuz işləri ermənilər edirlər. Təqribən bir həftə əvvəl Ermənistanda keçirilən “Qırmızı ərik” festivalında Nuri Bilgə Ceylanın “Bir zamanlar Anadolu”da filmi də nümayiş olundu. Tədbirlə əlaqədar rejissor da Ermənistanda idi.

Bu cür mədəni tədbirlərin keçirilməsi erməni-türk sərhədlərinin açılması yenidən gündəmə gəldikdə onların xeyrinə olmayacaqmı?

Bax bu zaman, yenidən əl-ayağa düşüb bir qrup deputatla Türkiyəyə gedib qarşı çıxmağın xeyri olmayacaq.

Bu məsələyə “dolma bizimdir”, ya “ermənilər bunu etdilər, biz də belə edək” prizmasından yanaşmaq fikrində deyiləm.

Nuri Bilgə Ceylan Kannda mükafat qazanandan qısa müddət sonra onu Azərbaycana dəvət edilərək məlum film burada nümayiş olunsaydı böyük qəbahət olardımı?

Bizdə türk incəsənətini dərindən tanımağa xüsusi ehtiyac var. Bu bizim xeyrimizədir.

Mühafizəkarlaşan, öz konturlarını meyxana, muğam, aşıq musiqisi kimi folk janrları ətrafında cızan, getdikcə bayağılaşan cəmiyyətimizdə ciddi sənətlə tanış olmağa çox böyük ehtiyac var.

***

Ədalət naminə deyim ki, bir neçə il əvvəl Rəşid Behbudov adına Mahnı Teatrında türk filmləri nümayiş etdirilmişdi. Tədbirin sonuncu filmi Bilgə Ceylanın “Üç meymun” filmi idi.

61-ci Kann festivalında bu film “ən yaxşı rejissor işi” mükafatını qazanmışdı. Filmin ssenarisi sıradan və bayağı olsa da, rejissor işi həqiqətən mükəmməl idi. Bilgə Ceylan fotoqraflığından da bu filmə bir şeylər qatmışdı.

Filmin bir yerində çılpaq səhnə var idi. Qadın sevişərkən sinəsi görünür. Bu yerdə səs-küy, gülüşmələr, yersiz replikalar başladı. Telefonlar qoburlardan çıxdı, mavi işıqları qaranlıq salonda səmada ulduzlar kimi sayrışmağa başladı. İnanılmaz idi, adamlar bir filmdən çılpaq səhnəni telefonlarına çəkirdilər.

Desəm ki, ciddi mədəni əlaqələrin qurulmasının kinoteatrda film seyr etmək qaydalarını öyrənməyə belə faydası toxunar, inkar etməyəcəksiz ki?
# 4613 dəfə oxunub

Müəllifin son yazıları

# # #