Vaqif Mustafazadədir, Alimdir, bir də Elza

Vaqif Mustafazadədir, Alimdir, bir də Elza
16 noyabr 2016
# 11:39

Mirmehdi Ağaoğlu

Nolub sizə?

Elzanın şeirlərini qəbul etmirsiz, başa düşdük.

Normaldı.

Şeir yazır də, hər kəsin yazmaq haqqı var, qolunu geridən burub “yazma” deyəsi deyilik ki. Kim bəyənmir, yazdıqlarını oxumasın.

Bəs musiqisini niyə qəbul etmirsiz?

Səbəb?

Mikayıl Müşfiqin hamımız üçün əziz o məşhur şeirinə mahnı bəstələdiyi üçünmü?

Və bu mahnı bildiyimiz mahnılardan olmadığı üçünmü?

Mikayıl Müşfiqin ruhu bundan incik düşəcəyi üçünmü?

Hə, burda bir qədər gözləməli olacağıq.

Mahnı bəstələmək də şeir yazmaq deyil ki, Elza bacarmasın!

Elza Seyidcahan istedadlı, özünəməxsus bəstəkardır, onu ilk gündən fərqləndirən də bu fərqli bəstələri olub. Onu improvizələrinə görə Zərrin Özərə bənzətmək olar, hətta bərk dursan Zərrin Özəri Elzaya bənzətmək olar. Elza Seyidcahanın bəstələri, improvizələri qeyri-adidir, yenidir və ən əsası istedadla yazılır. O, sənət sahəsində cəsarətlidir, Nəsimidən üzü bu yana çox şairin yaradıcılığına müraciət edib.

Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeirinə gəldikdə isə.

Hər kəsin Mikayıl Müşfiqin şeirinə müraciət etmək haqqı var, əksinə kiminsə Mikayıl Müşfiqin adından danışmaq haqqı yoxdur. Elzanın “Yenə o bağ olaydı”ya musiqi bəstələməyinə heç Mikayıl Müşfiq irad tutmazdı, sizə nolub?

O ki, qaldı məlum mahnıya. Bu mahnıdakı Müşfiq sevgilisi ilə keçirdiyi xoşbəxt günləri xatırlayan, sevən şair obrazı deyil. Burdakı Müşfiq repressiya olunmuş, özü güllələnmiş, ailəsi dağılmış Müşfiqdir, Azərbaycan poeziyasının nakam, bəlkə də ən nakam şairdir. Və bu “hi-ha-ha”lar isə gülüş yox, o nakam şairin tale qarşısında dəlicəsinə qəhqəhəsidir.

Nə bilmək olar? Bəlkə də Müşfiq güllələnmək üçün divara söykədildikdə cəlladının gözlərinə son dəfə baxaraq elə bu cür dəlicəsinə bir qəhqəhə çəkmişdi: “Hi-ha-ha...”

Mən Elzanın mahnısında nakam Müşfiqi gördüm və kim bilir, bəlkə Müşfiqin şeirləri elə bu cür oxunmalıdır, tüfəng lüləsinə tuşlanmış dəlicəsinə qəhqəhə ilə.

Sadəcə Elzaya hayıf ki, o, bu mahnını konsert salonundan deyil, onun sənətini başa düşməyən, banal şouya hesablanmış bir verilişdə ifa edib. Onun yeri Zaurun verilişi deyildi.

Azad ruhlu, yeniliyə can atan, qəlibləri sındıran, eksperimentlərdən çəkinməyən, ruhu sənət axtarışları ilə aşıb-daşan bir musiqiçini qəbul etmək istəmirik.

İndi nə edək?

Gözləyək Elza Vaqif Mustafazadə kimi, Alim Qasımov kimi gedib xaricdə tanınsın, sənətkar olduğu təsdiqlənsin, sonra qəbul edək!

Vəziyyətimiz çox gülməlidir, vallah: hi-ha-ha...

# 1088 dəfə oxunub

Müəllifin son yazıları

# # #