Elif Şəfəq və qoca dilənçi

Elif Şəfəq və qoca dilənçi
1 iyun 2013
# 07:30

Baxa bilmədiyim gözlər

Düşüncələrə elə dalmışdım ki, gözümü yerə dikərək qaşqabaqlı halda getdiyimdən xəbərsizdim. Birdən başımı qaldıranda düz qarşımda əsasına söykənib dayanmış qoca gördüm: hava isti olsa da, əynində nimdaş palto, başında tükü didilmiş papaq vardı.

Adətən, nəyəsə baxsam da, onu görmək, yadımda saxlamaq kimi bir problemim olur; çünki çox vaxt baxdığımı deyil, düşündüyümü görürəm qarşımda. Onu görə bildiyim bir neçə an məhzun baxışlarının ürəyimə saplanması üçün kifayət etdi. Bir an instinktiv olaraq əlimi çantama atdım, amma...

O, əlini açmamışdı, sadəcə əsasına söykənib durmuşdu. Odur ki, burada bəlkə də, kimisə gözlədiyi üçün dayandığını düşünərək ötüb keçdim.

Həmin gün işdə əhvalım çox pis oldu, adətən olduğu kimi danışa, əhvallaşa bilmədim yoldaşlarımla. Nə baş verdiyini soruşanda cavab verə bilmədim, deyə bilmədim ki, qocanın baxışları ağlımdan çıxmır. “Axı mən niyə belə ağılsızam, – deyə danlayırdım özümü, – axı sadəcə birini gözləmək üçün yolda dayanmış bir adamın gözləri belə baxa bilməzdi, bu qədər köməksiz, məhzun görünməzdi”.

Bəlkə də əlimi çantama uzadanda bunu görmüş, hiss etmiş, ümidlənmişdi... Bəlkə də, mən əlimi çantamdan çəkəndə bu zavallı qocanın o kiçicik ümidinin zəif qığılcımı sönmüşdü...

Qarşıma kitab qoyub oxumağa çalışsam da, gözlərim dolduğundan hərflər bir-birinə qarışırdı... İşdə çox qala bilmədim. Evə qayıdanda qocanın bayaq durduğu yerdə onu yenə görəcəyim ümidi ilə baxındım. Yox idi... Sevindim. Sevindim ki, demək, mən haqlıymışam, demək ki, kimisə gözləməkçün dayanıbmış burada. Axı o, əlini açmamışdı...

Bəs onda niyə günlərlə o məhzun baxışlar ağlımdan çıxmırdı?! İçimdə bir səs deyirdi ki, özünü təmizə çıxarmaq üçün uydurma, birini gözləyən adam nədən qarşıdan gələnlərin üzünə belə utancaq bir ümidlə, acı ilə baxsın ki?!

Ən qəribəsi budur ki, həftə boyu hər dəfə işə gedəndə qocanın həmin gün dayandığı ağacın yanından hər ötdüyümdə o ümid dolu utancaq baxışları xatırlayırdım – xatırladıqca utanırdım – ona pul verməməkdən daha çox əlimi çantadan çəkməklə ümidini qırdığım üçün bağışlaya bilmirdim özümü. Axı o, başqaları kimi deyildi; “Səni and verirəm o gözəgörünməzə, çörəkpulu ver” deyib yoldan keçənlərin ürəyini yumşaltmağa çalışmırdı.

...Düz bir həftə sonra... yenə o... yenə həmin ağacın altında əsasına söykənib durmuşdu. Bu dəfə onu qarşımda görəndə heç tərəddüd etmədən əlimi çantama uzatdım, sürətlə yaxınlaşıb ovcumun içindəcə qatladığım pulu azacıq irəli uzanmış yarıaçıq ovcuna qoyub aralandım, gözlərinə baxmadan. Arxamca qocanın titrək, utancaq səsini eşitdim: “Allah köməyin olsun.”

“Nə vaxt bir adam qabıma pul atsa, bunu sürətlə, təlaşla, sanki qaçırmış kimi, gözlərimin içinə baxmadan edər. Niyə adamlar pul verəndə dilənçilərin üzünə baxmırlar?! Elə bil ki, gözlərimizin içinə baxsalar, nəzərimizdən xəstəlik, ya da uğursuzluq keçməsindən qorxurlar.”

Təsadüfmü idi bu sətirləri məhz bu gün, bu saat oxumam? Kitabı qatlayıb avtobusun pəncərəsindən küçəyə baxmağa başladım, amma gördüyüm yenə o qocanın 1 həftə arxada qalmış məhzun baxışları idi... “Eşq” romanının cüzamlı qəhrəmanı dediyi kimi, qocanın baxışlarından uğursuzluq və ya bədbəxtlik keçəcəyindən qorxduğum üçün deyil, utandığım üçün baxmamışdım bu dəfə onun üzünə.

Ümumiyyətlə, heç vaxt ovcuna pul qoyduğum dilənçinin üzünə, gözünə baxa bilmirəm. Utanıram çünki, bu cəmiyyətin bir üzvü kimi onun bu halda olmasından utanıram, dilənmək məcburiyyətində qalmasında özümü də suçlu bilirəm.

Axı mən bu cəmiyyətin bir fərdi, həm də guya ziyalısı olaraq, onun üçün, onlar üçün nə edirəm, nə edə bilirəm?! Dilənçinin ovcuna qəpik-quruş qoymaq böyük işdimi ki?! Anam, atam yaşında birinin mənə 3-5 quruş üçün yalvarması, imkanım daxilində hər istəyini yerinə yetirməyə çalışdığım övladım boyda bir uşağın ətəyimə yapışıb “Anam xəstədir, balaca bacı-qardaşıma da mən baxıram” deyə, bəlkə düzünü deyən, bəlkə də uydurmaq məcburiyyətində qalan uşağa əhəmiyyət verməməyə çalışaraq ürəyinə daş bağlayıb ötüb keçmək doğru işmidir?

O uşağın gözlərinə baxsam, sabahın əsgərini, sabahın anasını görə biləcəyəmmi o gözlərdə? Görə bilməyəcəyəmsə, bundan həmişə özümü, özümüzü – özlərdən, bizlərdən təşkil olunmuş bu cəmiyyəti günahkar bilirəmsə, necə baxım o gözlərə, necə baxım?!

# 2325 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #