Hələ də Cəlil Məmmədquluzadəni plagiatlıqda suçlayan (Cavabları verilsə də!) Mirzə Fətəli Axundzadənin Qərbdə tanınmamasını (Guya bu da Mirzə Fətəlinin suçudur! Həm də bu “ciddi” fakta qarşı Mirzə Şəfi Vazeh şöhrətini qoymaq, sadəcə, ən yumşaq halda, oxucularda çaşqınlıq yaradıb, özünü “alimi-biəməl” kimi təqdim etməkdir.
Hətta uşağa da məlumdur ki, Fridrix Bodenştedt Vazehi tam sərbəst bir şəkildə almancaya çevirib və mətnə Qərb təfəkküründən gələn elementlər doldurub! Əgər Qərb təfəkkürünə uyğunlaşdırılma “əməliyyatı” olmasaydı, kim idi Qərbdə Mirzə Şəfinin adını çəkən?) aşağılayıcı tonla ifadə edən, məqsəd və niyyəti məlum olmayan (Əslində, məlum olan!) batini Şərq “əbalı”, zahiri Qərb “franklı” şəxslərin sayıqlamalarına cavab olaraq təkrarən deyirəm:
1. Yekaterina Qabaşvilinin "Maqdananın göygözü" əsəri ilə Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları”nı “birləşdirən” yeganə ortaq “nəsnə” hər iki əsərdə zavallı eşşəyin iştirakıdır; Mirzədə kiçik bir detal kimi, Qabaşvilidə isə baş qəhrəman kimi. Eşşəklərin sosial təyinatları da fərqlidir. İndi Mirzə neyləmli idi, ümumiyyətlə, eşşəkdən imtina eləməli idi və ya eşşəyin bizim areal üçün arzuolunmaz bir heyvan olduğunu elan edəydi?!
2. Niyə biz özümüzünkülərə Qərbin gözü baxıb qiymət verməliyik? Bu sadə aksiomanı anlamaq bu qədərmi çətindir ki, Qərb əgər Şərq kontekstini dərindən öyrənməsə, nə Nizami, nə Xaqani, nə də Füzuliyə doğru-dürüst qiymət verə bilər. Bu isə asan məsələ deyildir. Bildiyim qədəri, təkcə bir qərblinin adını çəkə bilərəm: İtalo Kalvino və onun Nizami haqqında essesini, vəssalam... Heç Bertels də Nizami vulkanına yaxın düşə bilmir. Amma Rüstəm Əliyevimiz əsl tufan yaratdı! O dahinin Nizami və Firdovsi mətnlərinə yazdığı unikal elmi şərhlər olmasaydı, dünya şərqşünaslığında dərin boşluq olacaqdı. Firdovsi mətnlərində “eşələnən” Qərbin əyilən başlarını bir dəfəlik “yuxarı” qaldıran Rüstəm Əliyev olmadımı?! O, dünya iranşünaslığında son nöqtəni qoyub dedi: Bu, Firdovsinin mətni, bu da onun elmi şərhi, yenə sözünüz varmı?!
3. Nəhayət, fərqli bədii mətnlərin üst laylarında oxşar su qovcuqlarını görən kimi “plagiatdır!” - deyib haray-həşir salmaq, sadəcə, ağlında tutuğunun yerinə xala, dayı və bibilərinin ona uzatdığı alayı konfetə görə qışqırıb özünü yerə çırpan uşağın halına bənzəyir. Biryolluq anlayın, cənablar, dünyada “saf” və “təmiz” mətn yoxdur. Hətta göydən nazil olan kitablar belə bir-biri ilə söz, fikir, xırda hekayə oxşarlığı və hətta süjet quruculuğu məsələsində ortaq bir müstəvidə kəsişirlər. Cümlənin “alimanə” variantı belədir: İstənilən mətn bizə məlum olan və olmayan, praktik şəkildə görünən və ya görünməyən digər mətnlərin alt qatları ilə struktural-semiotik yönlərdə assosiativlik təşkil edir. (Bu, müəllifin öz mətnləri də ola bilər, başqalarının da...) Bu qədər, sağ olun!