Kulis.az tənqidçi Mehman Qarxanoğlunun "Gülünc zaman... Qulyabani insanlar" yazısını təqdim edir.
Sərdar Amin “Mirzə Cəlilin “böyük qardaş”a çaldığı “Kamança” adlı primitiv məqaləsini sosial şəbəkədə “Xahiş eləyirəm, mətni bitirməmiş ağır rəylər yazmayın. Nə demək istədiyimi başa düşün, sonra istənilən tənqidə açığam” sözləri ilə paylaşmışdır.
Açığı, müəllifin nə demək istədiyini anlamaq xeyli çətin oldu. Çünki məqalə elmilik baxımından məntiqsiz, dağınıq, kifayət qədər qeyri-müəyyən olmaqla yanaşı, həm də pinti bir üslubda yazılmışdır. Müəllifin nə demək istədiyi, deyəsən, heç özünə də məlum deyildir. Amma özünə “məlumdur”. Bunu özünüz də görəcəksiniz.
Sərdar bəy çox “maraqlı” bir hücum taktikası seçib; yüzillər boyu ədəbiyyatşünaslıqda sınaqdan çıxmış hazır, metodoloji cəhətdən özünü doğrultmuş üsullarla heç bir elmi əsası olmayan fikirlərini məharətlə qrimləyib, sübut etmək taktikasını…
Mətnə istinad edək:
“Nədənsə söz həmişə bu mövzu üstünə gələndə ortam gərginləşir, şəxsiyyətlərin və cəbhələrin müqayisəsi üzərində aparılan dağınıq polemika (nə deməkdir?! – M.Q) cücərir. “Molla Nəsrəddin”dən danışanda həmən-həmən ağıla “Füyuzat”, “Füyuzat” deyəndə “Molla Nəsrəddin” gəlir” “elmi tezisi”ni irəli sürür”. Söylənilən birinci fikir məlum həqiqətdir. Bəs ikinci fikir? Daha doğrusu, pis qrimlənmiş ikinci fikir? İfrata varmırmı? Bizim də ağlımıza “Lenin düşünəndə partiya, partiya düşünəndə Lenin” gəlir…
“Halbuki, bu iki mətbu orqan tamam ayrı müstəvilərdə qərarlaşan jurnallar idi”. Müəllif Amerika kəşf eləmir. Bəs sonrakı fikir? Bax, yenə naşıcasına sürtülmüş qrim! “Biri sənət axtarırdı, digəri xalqa daha yaxın olan qəzetçiliyin təməlini möhkəmləndirirdi”.
Müəllifin qərəzli məqsədi tədricən “aydınlaşır”. Guya “Füyuzat” sənət axtarır, “Molla Nəsrəddin” isə sadəcə, qəzetçiliyin təməlini möhkəmləndirir. Belə absurd müqayisə olarmı? Sərdar bəyin Mirzə Cəlilin “Molla Nəsrəddin”də çıxan esselərdən - əsl sənət nümunələrindən xəbəri varmı?! (Bir neçəsini xatırladıram: “Tarix” 1908, “Qoqol” 1909, “Yol” 1909, “Biz” 1911, “Şeir nəşəsi” 1924 və s. Hələ şedevr hekayələrini demirəm! Və ya hər iki jurnalın ilk sayında çap olunan müəllif məqalələrindən necə?!
Buyurun, diqqət edin: “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım. O kəsləri deyib gəlmişəm ki, mənim sohbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər… Sözümü tamam etdim, ancaq bircə üzrüm var: məni gərək bağışlayasınız, ey mənim Türk qardaşlarım ki, mən sizlə Türkün açıq ana dili ilə danışıram. Mən onu bilirəm ki, Türk dili danışmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir. Amma hərdənbir keçmiş günləri yad etmək lazımdır; salınız yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə Türk dilində lay-lay deyirdi və siz qulaq ağrısı səbəbinə sakit olmurdunuz. Mirzə Cəlil. “Sizi deyib gəlmişəm”.
“Məcmuəmizə "Füyuzat" adı təsadüfi verilmiyor, bu nam həyatdan təbii olaraq təvəllüd ediyor... "Füyuzat" ləfzon "feyz"in cəmil-cəmi olub rifah və bərəkətə, bolluğa, maddi və mənəvi nemətlərin bolluğuna, tərəqqiyyat və kəmalatın şəniəyyi-təcəllisinə dəlalət edərsə də, fəqət əsl məfhumu səadət və ələlxüsus səadəti-mənəviyyədir, həqiqi zövq və səfalərdən ibarət bir səadəti-mənəviyyədir. Həyat isə mənayi batinisilə daimi bir meyli-səadət, bir meyli-füyuzatdır. Əli bəy Hüseynzadə. "Həyat və meyli-füyuzat" məqaləsi.
Buyurun, müqayisə edin. Amma Sərdar bəy, unutmayın, heç unutmayın ki, ədəbiyyat həm də dil faktıdır.
“...Halbuki ayıq ədəbi baxışı olan hər kəsə məlumdur və ya tezliklə məlum olacaq ki, çağımızda belə “Füyuzat”çıların ənənələrini ürəklərində bəsləyən, bu və ya digər şəkildə onları davam edən insanların heç biri Mirzə Cəlili, Sabiri, Axundovu kiçiltmir, bəlkə də bu şəxslərə verdikləri qiymət özünü Molla Nəsrəddinçi sayan əksər qələm adamlarının sələflərinə verdiyi dəyərdən daha səmimi və yerindədir”.
Sizi narahat edən nədir, Sərdar bəy? Dolaşıq fikirlərinizlə nə demək istəyirsiniz? Kim füyuzatçılara qarşıdır? Belə çıxır ki, molla nəsrəddinçilərə münasibət bəsləyənlər səmimi deyillər? Əksinə, sizdən fərqli olaraq Cəlilşünaslar hər iki jurnalı bir-birinə qarşı qoyub, Azərbaycanın ədəbi-ictimai, sosial-fəlsəfi fikir tarixində rollarını kiçiltmirlər.
Bir faktı da nəzərə almağınızı xahiş edirik. “Molla Nəsrəddin” 1906-cı ilin aprelində, “Füyuzat” isə ondan yeddi ay sonra – noyabrın 1-də nəşr olunub. “Molla Nəsrəddin“in üst-üstə 748, “Füyuzat”ın isə cəmi 32 sayı çap olunub. “Molla Nəsrəddin”in hansı zülmlərlə, maliyyə çətinlikləri ilə çap olunması da sizə bəllidir. İki-üç nəfər məslək dostu birləşib onu ərsəyə gətiriblər. “Füyuzat” isə milyonçu-mesenat Hacı Zeynalabdin Tağıyevin şəxsi vəsaiti ilə nəşr olunurdu. Jurnalın redaksiyası milyonçunun şəxsi mülkündə yerləşirdi. Sual olunur: Niyə həmin Tağıyev cənabları “Molla Nəsrəddin”ə yardım etmirdi? Bu tarixi faktın özü hansı geosiyasi oyunların getdiyini sübutlamırmı?!
Mirzə Cəli yazırdı: “Və belə gülünc bir zamanda, belə qulibiyabanı bir insanların tarixini yazmaq üçün, əhval və ətvarını təsvir etmək üçün məgər “Molla Nəsrəddin”nin yaranması təbii deyil? “Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı”. (Cəlil Məmmədquluzadə “Xatiratım” “Xan” nəriyyatı bakı-2015, səh: 101)
Necə də gözəl deyilib: Gülünc zaman... Qulibiyabanı insanlar... Deyəsən, tarix təkrarlanır...
Məntiqsiz fikirlərinizi davam etdirirsiniz: Guya əsl sənət Qurbanəli bəyin axurunda və “Danabaş kəndi”nin danasında deyil, Hüseyn Cavidin “Ana”sındadır. Belə yalançı populizmə hesablanan fikirlər kimə gərəkdir? Lap özünüzü illüziyaçı kimi aparırsınız? Sonra da missiyanızı bəyan edirsiniz: “Bütün daşlar yerində oturmalıdır və oturacaq. Necə ki, biz yazmaq istəyirik, yazırıq...”. Maraqlıdır, siz daşları yerinə oturdursunuz, yoxsa on illər boyu yerində oturmuş daşları cığalcasına qoparıb dahilərimizə atırsınız?!
“Necə ola bilər ki, bu gün əksər “Molla Nəsrəddin”çi ədəbiyyatşünasların Cəlil Məmmədquluzadə nəsrində iynəylə gor qazırmış kimi axtardıqları və öncə özlərinə, daha sonra oxuculara danışdıqları şirin yalanları nəzərə almasaq, tapa bilmədikləri bəşəri dəyərlər, yeni üfüqlər, dünya ədəbiyyatı ilə, çağının ədəbi cərəyanları ilə çulğaşan ideyalar yalnız “Kamança”da toplaşa. Bir pərdəlik qısa faciə-pyesində yazıçı bu qədər dəyişə bilərmi?”.
Bu necə bərbad üslubdur? Siz Azərbaycan dilinin başına hansı oyunları gətirmək istəyirsiniz? Amma nə demək istədiyinizi “tuturam”. Bəndlərlə danışaq. A) Həqiqətən, gözəl mətni ərsəyə gətirmək iynə ilə gor qazmağa bərabərdir. “Dedim, genə durum yazım, Özümə bir qəbir qazım”. (M. Şəhriyar) B) Mirzə Cəlilin öz etirafını eşidək: “O ki qaldı siyasi məsələlər, bu barədə dilim lal olsun: haman əsrin sansorunun tələbatı o qədər səxt idi ki, siyasət nədir ki, siyasətin qorxusundan “S” hərfini yazmağa cürət etməzdik”. (Cəlil Məmmədquluzadə “Xatiratım” “Xan” nəriyyatı bakı-2015, səh: 83) Böyük yazıçının eyhamlarla, işarə və simvollarla danışması qaçılmaz idi. Onu tədqiq edənin də başqa əlacı qalmır, çünki yanaşma mexanizmini o dahi özü diktə edir. C) Mirzə Cəlildə nə dəyişiklik baş verir ki? Erməni xisləti onun əsərlərində yetərincə açılır. “Kamança”ya gəldikdə isə, o, sözügedən mövzuya sanki son nöqtəni qoyur. Ən dünyəvi və bəşəri nöqtəni...
Yazırsınız: “Daha sonra, 1920-ci ildə Şuşa Qalasından “Kamança” səsi gəlir...
Çox maraqlıdır, niyə “Kamança” 1905-ci ildə baş verən erməni-müsəlman qarşıdurmasından sonra yox, 1920-ci ildə, Mirzə Cəlilin pərəstiş etdiyi sovet-rus mədəniyyətinin Azərbaycana ayaq açacağı ərəfədə yazıldı? (Yaxud üzə çıxdı)
Gülünc arqumentlərdir! Məgər 1918-1920-ci illərdə erməni-müsəlman qırğını getmirdi? Burdan durub yazıçıya deyə bilərikmi ki, niyə əsəri 1905-ci ildə deyil, 1920-ci ildə yazmısınız? Dərindən baxanda (heç dərindən baxmağa ehtiyac da yoxdur!) əsər çox zamanında yazılan və bugünəcən aktuallığını qoruyub saxlayan unikal bəşəri bir sənət nümunəsidir.
Bildirirsiniz ki, guya əsər sifarişlə yazılıb. Burada hansı sifarişdən söhbət gedə bilər? Kim deyir ki, Cəlil Məmmədquluzadə repressiya olunmayıb? Məlumatınız olsun ki, Mirzə Cəlil “pərəstiş etdiyi” “yeni” dövrü “Lal”la qarşıladı. Niyə “Lal?” Əsərin yazıldığı vaxtda azad, müstəqil düşüncəyə qənim kəsilən bir sistem bərqərar olur, kütləvi repressiyaların başlanmasına “hazırlıq” gedirdi. Mədəni inqilab adı ilə özünün genetik köklərindən, minillik mənəvi dəyərlərindən ayrı salınan xalq inzibati amirlik sisteminin lal, dilsiz qurbanına çevrilməkdə idi.
“Lal”, totalitar-avtoritar rejimə qarşı böyük mütəfəkkirin simvolik etiraz forması və ya bütöv epoxaya qarşı tək adamın aksiyası idi. Təkcə ad deyil, struktur baxımdan da əsər “lal”dır. Yalnız dramaturqun təsvir etdiyi “antiharmonik” dekorlar danışır. Hər bir obraz cəmi bircə dəfə görünür, musiqidən başqa! Həm “Lal”da, həm də “Kamança”da musiqi humanist, bəşəri və birləşdirici möhtəşəm bir obraz kimi canlanır.
Xatırladıram: M.Ə.Rəsulzadə sizin aşağıladığınız “Kamança” əsərini “Anamın kitabı” ilə birgə “milli ruhun keşiyində duran əsərlər” hesab edirdi.
Mirzə Cəlil “Tarix” essesində yazır: “İnsan üçün böyük dərslərin biri də tarixdir. Aç qabağına tarixin səhifələrini və əgər gördün ki, bir vaxt insanlar bir para işlərdə səhv eləyiblər, - dəxi sən həmin səhvi eləmə”.
Yalnız öz xalqını dəlicəsinə sevən, “qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir... Bu ola gərək hər bir qələm sahibinin amalı” - deməyə mənəvi haqqı olan bir yazıçı-vətəndaş bu cür düşünə bilər...