Ədəbiyyatın “xəstə” uşaqları...

Ədəbiyyatın “xəstə” uşaqları...
11 iyun 2019
# 15:42

Kulis.az Mehman Qaraxanoğlunun “Ədəbiyyatın xəstə uşaqları” yazısını təqdim edir.

(Ədəbi sezintilər)

Xəbərin varmı ki, biz yazarkən qorxuruq. Qorxarkən mətn zədələnir, səndən uzaqlaşır, yadlaşır, özgələşir. Daxilimdən 150 senzorun qışqırtısını eşidirəm...

***

Ədəbi cameə futbol oyununu xatırladır. Burada yalnız cəzalandırma - sarı və qırmızı kartlar vardır...

***

Adətən, futbol oyununun sonunda oyunçular öz köynəklərini bir-biri ilə dəyişirlər. Əgər ədəbiyyatda da belə bir ritual olsaydı, sən kimin üstünə qaçardın?!

***

Bütün ədəbi uğursuzluqlarım öz qapıma vurduğum toplar kimidir. Qapımda əlavə toplara yer yoxdur. Amma əziz qələm dostum, sən, məhz sən əks qapını sürüyə-sürüyə mənə tərəf dartırsan... Bu bəşəri yaxşılığına rəğmən sənə son mükafatım budur: İki əlimlə başımı sıxıram...

***

Bizim aramızda cəmi 11 metrlik bir məsafə vardır. Sən isə topu hər vəchlə qabağa itələyirsən. Məsafə qısalır... Bu günün “avanqard” ədəbi tablosu... Yaşlı ədiblər gənclərə yalnız qapını “etibar edirlər”. Çünki zərbəni sərbəst vurmaq üçün yaşlıların çox “böyük” təcrübəsi vardır. Amma izaholunmaz bir qorxu da onların qəlbini didir: Birdən zərbəm alınmaz! Bəs nə etməli?! İki yol vardır: ya gənci qapıqarışıq özünə tərəf dartmaq, ya da topu yavaş-yavaş, bic-bic irəli verib məsafəni “qısaltmaq”. Çevrəsindəki qoluzorlular hesabına bu “zəif”, “gücsüz” fəqət kinli qocaların birinciyə də gücü çatar, amma tamaşaçıların onları fitə basacağından “çəkinirlər”. İkinci yol isə daha “humanist” və “bəşəri”dir! Mən bunları yazarkən artıq məsəfə “itir”. Qoca ədiblərdən biri gənclə üz-üzə, göz-gözə, burun-buruna dayanıb... Bu “möhtəşəm” səhnəni kənardan seyr edənlər narın-narın “kövrəlib” mızıldanırlar: Gör necə də mehribandırlar! ...Və top torda “çabalayır...” Az qala unutmuşdum: Bütün bu həngamələr hakimin gözləri qarşısında baş verir!

***

Futbolda simulyasiya deyilən bir termin vardır, yəni, yalandan yerə yıxılma. Ədəbi simulyasiya ilə məşğul olan o qədər yazar tanıyıram ki...

***

Əziz dostum, əsl ədəbiyyat adamı Zakir Məmməd sosial şəbəkədə belə bir paylaşım eləmişdi: ”Yaxşı əyləncədir. Sevdikləri əsər qəhrəmanı istənilir, yüz adam rəy yazır, ancaq orada bircə nəfər azərbaycanlı yazıçı yoxdur. Ayrı vaxtda yerli yazarlara tərifnamələr söyləyənlər indi qərb və rus ədəbiyyatı cazibəsindən qurtula bilmirlər, ya intellektual görünmək üçün əcnəbi yazıçını misal gətirirlər, ya da öz ədəbiyyatımızı oxumurlar. Müstəqil ölkə olmağın belə xırda-xuruş şərtləri də var”.

***

Mən də fikirlərimi onunla bölüşdüm: “Onlar bugünəcən heç bir cazibəyə-zada düşməyiblər; nə Qərb, nə də rus ədəbiyyatının. Sizin dediyiniz kimi, sadəcə, intellektual görünmək şakəridir. Az qala "şəkər" yazmışdım, məncə, "şəkər" də yazmaq olardı, çünki şəkər xəstəlik deyil, həyat tərzidir, elə intellektual görünmək də onların həyat tərzidir. Bu, bir! İkinci səbəb psixolojidir - özümüzünkülərdən yazmaq çox çətindir, çünki çox şeylər deyilib, sən yeni nəsə deməlisən, bunun üçünsə düşüncə xışın dərinlərə işləməli, konteksti üfüqi deyil, şaquli şəkildə genişləndirməlisən. Postsovet düşərgəsində bu mümkün deyildi, indisə imkan var, amma və lakin... Onlar yenə də müstəqil deyillər, özlərini kaloniyadakı kimi hiss edirlər. Müstəqil olmayanın isə düşüncəsi qandallı olar. Bəs bu qandalı necə "görünməz" etmək olar?! Aha, ən rahat yol, Qərb və rus ədəbiyyatının qəliz, sıx meşələridir! Oxucunu orada azdırmağa nə var ki? "İnsan bilmədiyinin düşmənidir". Ona görə də onlar milli ədəbiyyata nifrət edirlər. Baxın, kimləri hədəf seçirlər? Füzulini, Xətayini, Sabiri, Axundzadəni... Guya Mirzə Cəlili sevmirlər, amma Cavidi sevirlər! Əgər Mirzə Cəlilə nifrət olmasaydı, bu sevgi də olmazdı. Buna deyirlər ədəbi nifrətin “balanslaşdırması!” Əgər bu, təkcə zövq məsələsi olsaydı, üstündən keçmək olardı. Bu, "olum və ya ölüm" – milli varislik və kimlik məsələsidir. Ağır terminologiya ilə silahlanıb “altdan və üstdən qıfıllanan” bu ədəbiyyat "fədailəri" Ekonun, Bartın, Eliotun ("Niyə məni döyürsünüz?" Qoy mən də bir azcana "intellektual" görünüm də...) nə bilim kimin, kimin ən yaxşı tədqiqatçıları kimi "görünürlər". Həmişə məndə bəsit, primitiv bir sual yaranıb: Görəsən, adlarını çəkdiyim bu bədbəxtlərin öz vətənlərində tədqiqatçıları yoxdur ki, bizimkilər belə əl-ayağa düşüblər? Məgər sən Tolstoyu, Dostoyevskini, Puşkini Qoqolu... Vladimir Nabokovdan yaxşı təhlil edə bilərsən? Olmazmı ki, məlum maskaradın yerinə elə çox “sevdiyin” Hüseyn Cavid haqda mükəmməl araşdırmalar aparıb onu dünyada tanıdasan?! Bic təbəssümünüzü “tuturam”: Və sizinlə razıyam, ədəbiyyatın sərhədi olmur, amma həm də var, axı, biz öz sərhədlərimizdən dünyaya boylanmalıyıq, ayağımız altda olan torpağın üstündə Mirzə Cəlilin öz qanı ilə yazdığı "Azərbaycan" məqaləsinin qolundan tutub ayağa qaldırmalıyıq. Hə, əziz Zakir müəllim, bunun "xırda-xuruş" məsələ olmadığını Siz əla bilirsiniz! Sadəcə, bizi "danışdırmaq" istədiniz... Sağ olun!”.

***

Bu da Zakir Məmmədin oğlu Pərvizin çox həssas duyumları: “Belə bir portret canlandı təsəvvürümdə. Böyük Hüseyn Cavidlə üz-üzə dayanan nəhəng Mirzə Cəlilin arxasından başını çıxarıb "mən səni sevirəm, Hüseyn Cavid!" – deyə çığırışan personajlar və iki dahinin ciddi və istehzalı təbəssümü”.

***

Mən də dünyanı "oxumağa" cəhd edirəm. Bir az (bəlkə, çox!) yekəxana çıxdı, çalışıram ki, içimdə olan və içərisində olduğum dünyanı "oxuyum". Bu məhz mənə məxsus olan bir dünyadır. Zaman-zaman sevincini, ağrı-acılarını yaşamışam. İndi, sadəcə, onlar şəkillənir. Bu an həmin qəddar şəkillərə baxıb "sevinirəm". Lənətə gəlmiş yaradıcılıq sevinci, deyəsən, buymuş...

***

Ədəbiyyatın da xəstə uşaqları olur, onlar daha çox sevilmək imtiyazına malikdirlər...

# 3241 dəfə oxunub

Müəllifin son yazıları

# # #