Şeyx Nəsrullahlıq edən müasir alimlərimiz

Şeyx Nəsrullahlıq edən müasir alimlərimiz
2 sentyabr 2019
# 16:10

Kulis.az Mehman Qaraxanoğlu “Xroniki “mentalitet” xəstəliklərinə Mirzə Cəlil baxışı; dəqiq diaqnozlar və müalicəsi” yazısını təqdim edir

DANABAŞLIQ

Çox qorxunc siyasi-ideoloji və sosial bir xəstəlikdir. Təəssüf ki, xəstəliyi məkan adı kimi qəbul etmişik - “Danabaş” kəndi deyilən bir yer yoxdur.

Danabaşlıq nədir və insan nə zaman danabaşa çevrilir?! Danabaşlığa sadə bir tərif versək, bu cür alınar: Yaşadığı məkanda (ölkədə) ictimai-siyasi proseslərin mahiyyətini başa düşmədən necə olursa olsun hakimiyyətə can atan, itirdiklərini ləyaqətsizcəsinə hesaba almayıb, “xidmətləri” müqabilində guya istədiyini qoparıb “alan”, xarici qüvvələrin əlində siyasi bir alətə və ya köləyə çevrilən, lakin tutduğu mövqe xətrinə bunu özünə şərəf və xoşbəxtlik sayan Xudayar bəy kimilərə danabaş deyilir.

Hər bir fərdin daxilində şöhrətə amansız bir meyllilik olur. Məhz həmin yerdən danabaşlıq zəhərini yeritmək asanlaşır.

Qurbanəli bəylər, Vəli xanlar, Nəzərəli xanlar artıq danbaşlaşma üçün “yaramırlar”. “Yeni”lərini tapmaq lazım idi. Qlava, yasavul, katda, yüzbaşı və onbaşılar həmin “yeni”lərdən idilər.

Qurbanəli bəylər, Vəli xanlar zamanlarının bitməsi ilə razılaşa bilmirlər. “Xanın bir qədər fikrə get”məsi də (“Poçt qutusu”) bununla bağlı idi.

Qurbanəli bəyin “manerası”na bir baxın: “Mən özümü bu gün xoşbəxt hesab edirəm ki, bu məclisdə varam. Allah sənin ərin Mixail Pavloviçi bizim mahaldan uzaq eləməsin”. Həqiqətən, Qurbanəli bəy xoşbəxtdir. Öz köləliliyini dərk etməyən qul niyə də xoşbəxt olmasın?! Amma Qurbanəli bəy həm də o “məşhur” sağlıqla öz yerini “möhkəmləndirmək” istəyir. Artıq ona bəllidir ki, onun qatarı düşüb yola. Onun pristavın xanımının ad günündə canfəşanlıq eləməsi də buna hesablanıb. İstəyir ki, diqqət ona yönəlsin. Amma bir həqiqəti unudur: Necə olursa olsun o məhz “Qapazlı” kəndinin (çar Rusiyasının qapazı altında olan bir kəndin) “məşhur” bəylərindəndir. İçki onu tam ələ verir, əsl simasını göstərir.

Xalqımızı danabaşlaşmaya yoluxduran çar Rusiyası oldu. (“müstəbid Rusiya hökuməti” – Mirzə Cəlil) Bu, onun siyasətinin tərkib hissəsi idi. Danabaşlar çoxalandan sonra xalqı idarə eləmək çətin olmur. Danabaşlaşma XIX əsrin ortalarından sürət yığır, “kütləviləşir”. Əgər biz “danabaşlığ”ı siyasi termin kimi dövriyyədə saxlaya bilsəydik (Mümkünsüz idi, avtoritar rejim yol verməzdi!) və ya ən azından, onun şüurumuzdan tamam silinib yox olmasına imkan verməsəydik (Bunu edə bilərdik! Qonşularımız etdi!), bugün başımıza gələn müsibətlər olmazdı və ya o müsibətlərin miqyası bu qədər geniş olmazdı. Böyük ziyalı İsmayıl Şıxlının xalq ruhundan sıyrılıb gələn “sapı özümüzdən olan baltalar” ifadəsi arxeoloji kök baxımından danabaşlaşmaya qarşı dirənişin “itmiş” yaddaşa ötürdüyü ciddi siqnallardan biri idi. Onu da qulaqardına vurduq...

“Manqurtlaşma” “danabaşlaşlığ”nın yanında çox kiçik bir termindir. Çünki ikincisi hətta dünya xəritəsinin dəyişilməsində də mühüm rol oynaya bilir. Baxın, Mirzə Cəlil – iyirmi beş yaşlı o dahi zamanında necə böyük həyəcan təbili çalır! Özü də necə bir zamanda: “O ki qaldı siyasi məsələlər, bu barədə dilim lal olsun: haman əsrin sansorunun (senzor – M.Q) tələbatı o qədər səxt (ağır, bərk) idi ki, siyasət nədir ki, siyasətin qorxusundan “s” hərfini yazmağa cürət eləməzdik”. (Cəlil Məmmədquluzadə. “Xatiratım”)

Danabaşlaşlığın müalicəsi varmı? Dahi Mirzə Cəlil bu haqda nə deyir? O, sadə bir “resept” verir: Yaddaşı ölməyə qoymayın! Bunun üçün hər an papağınızı qabağınıza qoyub düşünün. “Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata cumuram, özümdən soruşuram ki... - Haradır Azərbaycan?” (“Azərbaycan” məqaləsi)

“Anamın kitabı” danabaşlığa qarşı acı və amansız bir hayqırtı idi. Ötən sənələr ərzində (“Əhvalatlar”dan sonra) qlava, katda və yasavulların varisləri olan Səməd Vahidlər, Mirzə Məhəmmədəlilər və Rüstəm bəylər “intelligent” statusu qazanmış danabaşlardan başqa bir şey deyillər. Onları yalnız simvolik “Anamın kitabı” ilə - Yaddaş kitabı ilə tarixin səhnəsindən silib süpürmək olar, vəssalam...

Şeyx Nəsrullahlıq...

Ağır fəsadları olan bir mərəzdir.

1. Şeyx Nəsrullahlıq ölü diriltmək deyildir – diriləri “öldürüb” yenidən “diriltmək” ritualıdır. Əgər günü bügün belə bir aksiyaya başlansa, nə kökdə olacağımızı göz önünə gətirin...

2. Şeyx Nəsrullahlıq həm də bir “dil hadisəsi” - “qrammatik hadisə”dir, “oxumuş”ların hüzurunda öz üstünlüyünü sübutlayıb məqsədini həyata keçirmək üçün ana dilin insana verdiyi hüdudsuz imtiyazlardan bol-bol və bəlağətlə istifadə etmək şansıdır. (“Açıq ana dilində (burada sadə anlamda – M.Q), açıq türk dilində yazmaq eyibdir; çünki yazanın savadının azlığına dəlalət edir”. Cəlil Məmmədquluzadə. “Xatiratım”) Yad dilin ağalığı altında doğma dilin daşıyıcıları - Həsən ağalar, Hacı Baxşəlilər, Məşədi Oruclar, Mir Bağır ağalar, Məşədi Hüseynlər sınıb çilik-çilik olurlar.

Bugün Şeyx Nəsrullahlıq edən nə qədər alimlərimiz vardır! Onlar ana dilin möhtəşəm qapılarını yad dilə “xaincəsinə” açır və qoşun-qoşun sözlər, xüsusən, terminlər dil ərazilərimizi zəbt edir, ana dilin mövqelərini zəiflədirlər. Və başlıcası, bu tiplər bədəni çoxdan soyumuş ölü mətnləri “dirildib” əfkari-ümumiyə çatdırır və beləcə, toplumun gözündə “elm dəryası” kimi görünürlər. Onlara da məhz bu lazımdır!

3. Şeyx Nəsrullahlıq dual bir hərəkatdır. Təklikdə Şeyx Nəsrullah bir heçdir. Gərək onun yanında bir Şeyx Əhməd də olsun! İkincisi birincidən gələn psixoloji refleksləri, teatral-dekorativ impulsları imitasiya eləyib kütləyə ötürməlidir.

Xatırlayın: Caduları ilə məşhur olan Məstəli şahın yanında da Qulaməli adında bir qulbeçəsi həmişə müntəzirdir. (M.F.Axundzadə. “Hekayəti-Müsyö Jordan və Dərviş Məstəli şah”) Onsuz Məstəli şah da bir heçdir...

Bu, bir oyundur. Oyunun şərtlərini pozmaq olmaz! Bugün Şeyx Əhmədlərin əli ilə özü haqqında saxta, yalançı, kütlə düşüncəsinə hesablanan rəy formalaşdıranların daxilində də amansız bir Şeyx Nəsrullah oturub. Onlar da nəyisə “dirildəcəklərinə” inanırlar...

4. Şeyx Nəsrullahlıq həm də xalqa yönəlik “qəddar” və məkrli bir simvolik sorudur: “Kim yatmış, kim oyaq?!” Məlum olur ki, hamı yatıb. Kefli İsgəndərdən başqa. Təəssüf ki, sərxoşluq da yuxu kimidir. Amma tək bircə nəfər də şeyxin və diriykən “ölü”lərin yuxusuna haram qata bilir...

Şeyx Nəsrullahlığın müalicəsini Mirzə Cəlil nədə görürdü?! Kefli İsgəndərləri “zülmətdə nur”dan “nurda zülmətə” çevirməkdən...

İFRAT QONAQPƏRVƏRLİK ...

Qəribə görünsə də bu da bir “mentalitet” xəstəliyidir. Günü bugün də bizə təşrif buyuran istənilən əcnəbinin ağzını arasan, ilk növbədə qonaqpərvərliyimizdən ağızdolusu danışacaq. Adamda qəribə bir qıcıq yaranır: Əcaba, məgər başqa gözəl keyfiyyətlərimiz yoxmudur ki, bunlar yalnız qonaqpərvərliyimizdən yapışıblar? İnanmıram ki, Yaponiyada olan birisi desin ki, yaponlar çox qonaqpərvərdir. Çünki qonaqpərvərlik haradasa bir vaxt itkisidir. Vaxt isə yaponlar üçün qızıldır. Bizi “qonaqpərvər” eləməklə, (“şair xalq” da eynən bu cür!) əslində, əcnəbilər öz maraqlarını güdür, istirahətlərini daha gözəl təmin edirlər. Zənnimizcə, torpaqlarımızda bədnam qonşularımızın geniş əl-qol açmasında da “xəstə” qonaqpərvərliyimizin rolu az olmayıb.

“Molla Fəzləli” hekayəsində Cəlil Məmmədquluzadə məhz ifrat qonaqpərvərliyimizin öz başımıza bir bəla olduğunu göstərir. Hekayəçi qərib iranlı Molla Fəzləlini təmənnasız öz evində saxlayır. Onun bütün istəklərini həyata keçirir. Ona “iş” tapır, hətta evləndirir də. Amma hekayəçini və onun ailəsini qonaq tədricən zinhara gətirir, boğaza yığır. Sonda ev yiyəsinin bircə yüngül iradı ilə küsüb “sağ ol” demədən çıxıb gedir...

Təhkiyəçi xəbərdarlıq edir: Hər şeyin artığı ziyanlıdır. Hətta qonaqpərvərliyimizin də... “Qızıl orta” hər şeydə gözlənilməlidir; birini ifrat tərifləmək də doğru deyildir. (“Yazıq Fatma xala!!!” hekayəsi)

# 2731 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #