“Qarabağ mövzusu” ədəbiyyatı ağuşuna alıb – Tənqidçi yazır...

“Qarabağ mövzusu” ədəbiyyatı ağuşuna alıb – Tənqidçi yazır...
30 iyul 2020
# 16:08

Kulis.az müharibə mövzusunda yazılmış çağdaş hekayələrin təhlilinə həsr olunmuş “Müharibənin buynuzu” məqaləsini təqdim edir.

Özümlə dialoq:

- Yazı prosesində səninçün ən ağır iş nədir?

- İlk cümləni yazmaq.

- Ondan da ağır?

- İlk sözü...

- Bəs ondan da ağır?

- Yazılmayan mətnin önündə sonsuz sükut...

***

“Qarabağ mövzusu”nun ədəbiyyatı belə sürətlə öz ağuşuna alması tendensiyası ilə heç cür barışa bilmirəm. Ağlıma bir zamanlar çox dəbdə olan “Cənub mövzusu” gəlir. Bu mövzunun axırı nə oldu? Gecə-gündüz “Təbrizim, Təbrizim” deyənlərin, “Vətən həsrəti ilə alışıb yananlar”ın özləri, övladları və ya nəvələri gözəlim Azərbaycandan halal-haram qazandığı pullarla Təbrizin adının belə çəkilmədiyi uzaq-uzaq məmləkətlərdə dəbdəbəli villalar alır, həyatlarını yağ-bal içərisində keçirirlər. Hələ kartlar indi-indi açılır, sən demə, “Cənub mövzusu” sovet rejimi üçün uzunmüddətli ideoloji bir uyuşdurucu imiş. Təsiri hələ də getməyib. İndi isə bu mövzu az qala uzaq keçmişdə qalıb. Səhəndi də, Şəhriyarı da unutmaqdayıq. Yaddaşımızın qatı dumanlığından yalvarış dolu yorğun bir səs eşidirik: “Mənim də bir adım gəlsin dilüzə”. (M.Şəhriyar)

Xatırlayırsınızsa, Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasındakı müəyyən tünd boyalar, çağırış notları sovet hökumətinin ürəyincə olmadı. Yəni, sənə mövzu vermişəm, onun adı “həsrət”dir, yaz, inildə özün üçün, siyasi məsələlərə toxunma!

Qarabağ mövzusu ilə bağlı sızlamalar, iniltilər incəsənətin bütün sahələrini - musiqini, rəssamlığı, başlıcası, ədəbiyyatı zəbt edib. Gör, özümüzü hansı nağıllarla ovuduruq: “İrəvan qədim Azərbaycan ərazisidir”. Elədir! Bəs sonra? Dünən bunu Təbriz haqda deyirdik...

Torpaqlarımız alınıb, əvəzində bizə mövzu veriblər: Qarabağ! Mövzunu verənin kimliyi də məlumdur! Amma biz hələ də əsas təcavüzkarın kim olduğunu dünyaya bəyan edə bilmirik. Belə olan təqdirdə mətnlərimiz böyük həqiqətin önündən əyilə-əyilə keçməzmi?! “Səfillər”i yazan Hüqo, “Hərb və sülh”ü yazan Tolstoy üçün belə ağrılı komplekslər var idimi?!

Biz yaza-yaza nifrətimizi soyuduruq. Xocalı yoxdur!!! Amma biz Xocalı haqda yazılan çoxsaylı mətnlərlə o yoxluğu hayqırıb, dünyanın kar qulaqlarına demək əvəzinə, onun üzünə ev-ev, küçə-küçə, məhəllə-məhəllə niqab çəkib gizlədirik.

Geniş anlamda yoxdur Qarabağ mövzusu! Müharibə mövzusu vardır! Bizim üçün bu müharibə müqəddəslik simvoluna çevrilməlidir! Necə ki, alman faşizminə qarşı sovet xalqının apardığı müharibəni, bəstəkar Aleksandr Aleksandroviç, Vasili Lebed Kumaçın eyniadlı şeirinə bəstələdiyi mahnısı ilə “svyaşennaya voyna” (müqəddəs müharibə) adlandırmışdır.

***

Elçin Hüseynbəylinin “Sükutda hıçqırtı”, “Kənddə gün çıxanda qayıdacağıq”, Seymur Baycanın “Qab-qacaq səsi”, Yaşar Bünyadın “Atamın ayaqları”, Həmid Piriyevin “Məryəm xalanın oğlu”, Rəşid Bərgüşadlının “Namus dağı”, Şərif Ağın “Şəkil”, “Cəfər əminin yolları”, “Arıların səssizliyi” və s. hekayələrində də məhz müharibə vardır. Amma nə yazıq ki, həmin müharibə nə mətnlərdə, nə də reallıqda “müqəddəs maharibə”yə çevrilə bilib. İntuitiv olaraq, vaxtilə Şərifin “Arıların səssizliyi” hekayəsi haqqında olan yazımı bu cür bitirmişəm:

“Hekayə bitir. Amma Şəkurənin qıyyası bitmir. İki gündür ki, qulaqlarımda səslənir: Dədəəəə!!!

Gözümüzün önündə havalanan Dədələrimizi – o müqəddəs yurd yerlərimizi havasızlıqdan, boğulmadan qurtarmaq üçün bircə yol vardır: Bütün Azərbaycan Şəkurə kimi eyni sürətdə ayağa qalxıb qıyya çəkməlidir: Dədəəəə!!!”

Literaz.com | Ataqam. "Fələstinli və sərçələr"

Ataqamın “Nanəli konfet”ini oxuyandan sonra sövq-təbii düşündüm ki, ədəbiyyat təkcə “idarə olunan yuxu” deyil, həm də heç bir idarəçiliyə tabe olmayan qarşısıalınmaz mistik, sürreal bir qoxudur...

Həmin qoxunun dolaşdığı məkanlar da məchuldur...

Çeşidli bitkilərdən aldığı məhlullarla insanları sağaldan peşəkar təbibləri qədim ərəblər “əttar” adlandırıb və ya əttarlıqla məşğul olan şəxslər – parfümerçilər. Alman yazıçısı Züskindin “Parfümer” (“Əttar”) romanı və roman əsasında çəkilən “Əttar və ya bir qətlin tarixçəsi” (2006) filmi çox məşhurdur. Filmin qəhrəmanı Jan Batist Qrenuy, əslində, bir ətriyyat sənətçisidir. Öz ideal ətrini yaratmaqdan ötrü o, amansız qatilə çevrilir.

Şərqin ən böyük sufisti Fəridəddin ibn Məhəmməd Əttarın (1136-1221) adı da çox məşhurdur. Səbirsiz oxucu sual verə bilər ki, bunları xatırlatmaqda məqsədimiz nədir? Cavabım çox sadədir: Söz də çeşid-şeşid ətirlər kimidir. Yalnız əsl yazıçılar (əttarlar) onları bir-birindən ayıra bilir. Həm də bu yolda can alıb, can verə bilirlər... Və ya ən “yaxşı hal”da, qatilə də çevrilə bilirlər...

***

Ataqam da belə qələm adamlarından biridir. Onun yaradıcılığına az-çox bələd olan bir oxucu kimi deyirəm: O, qeyri-adi yaradıcılıq manerasına malik olan bir yazıçıdır. Azərbaycan nəsrində kiçik yaş fərqilə eyni nəslə aid olan bir neçə yazıçı vardır ki, zamanı fövtə vermədən onları dünyaya çıxarmalıyıq! Hətta gecikirik də. Xaricə elə ədəbi məhsullarımız çıxır ki, üzümüzə deməsələr də, biabır oluruq. Şəxsi münasibətlər hesabına alınan hər hansı bir mükafat və təltifi böyük ədəbiyyatın ayağına yazmaqla özümüz özümüzə ironiya etmiş oluruq...

***

Müharibənin ən “gözəl” tablosu olan düşərgənin təsvirindən sonra (Niyə gözəl? Çünki ən azından düşərgədəkilər sağdırlar!) yazıçının yaddaşı onu qırx il əvvələ dartıb aparır - nanəli konfet zamanına...

“Dayı” statusunu haqq edən Osman dayının xarakteri cümlə-cümlə açılır. Cümlə demişkən... Ataqamın cümlələrində qəribə bir burulğan effekti vardır; suyun (mətnin!) üzündəkilərin hamısını süngər kimi qəfildən özünə çəkib sonra gərəkən zamanda bir-bir suyun (yenə mətnin!) üzünə buraxır... “Kənddə uşaqlar qaramanlı Osman kimi şirindil kişilərə "dayı", Quşdan Məhərrəm kimi, nə bilim, Sərəncamın əri Abdal Əvəz kimi acıdil, əzazil kişilərə "əmi" deyirdi. Niyəsini bilmirdik, elə eşitmişdik, elə də deyirdik”. Siz necə düşünürsünüz, Ataqam “niyəsini” suyun (mətnin!) üzünə buraxacaqmı? Heç bir zaman bunu etməyəcək. Çox sadə bir nümunə gətirdim. Ataqamın bütün cümlələrində bir “niyəsi” gizlənib. Vaxtınız olsa, təkrarən baxın, Mirzə Cəlil, Haqverdiyev, Selincer, Folkner, Markes, Çexov, Heminquey və digərlərində də belədir.

***

Bizdə bu gün, sadəcə, Cümləyə hörmət yoxdur! Eşidirsən, Cümlədir bu! Sənin axırına çıxan və səni axırsızlığa – sonsuzluğa aparan Cümlə...

Osman dayının da axırına çıxan “sağ döşündə qoşa xalı olan” Bəsirə olur. Kəhrizdə çimərkən görmüşdü Bəsirəni... Bəsirənin qohumları tərəfindən döyülüb “başı qaçan” Osman dayının taleyi ilə Bəsirənin sonrakı acı taleyi arasına qəribə bir “qan qohumluğu” vardır...

Doğrudur, hekayədəki əhvalatlar müharibədən çox-çox əvvəl olub. Bəs niyə indi yada düşür?! Bəlkə, altşüurundakı nastoloji “qorxu”dur təhkiyəçini danışdıran?! Müharibə situasiya və zamanları alt-üst edir və ya onların yerini rəhmsizcəsinə dəyişir. “Hərb və sülh” epopeyasının qəhrəmanı knyaz Andrey Bolkonskinin həyat tarixçəsini xatırlayın. Andreyin həyatında nə var, hamısı darmadağın olur. Tolstoyu dinləyək: Müharibənin nəticələri həmişə böyük fəlakət və ümumi əxlaq pozğunluğuna gətirib çıxaracaq”.

Həqiqətdir! Düşərgə həyatının məşəqqətləri fonunda yaddaşın qəfil keçmişə - uşaqlıq xatirələrinə fokuslanması çox təbii psixoloji bir haldır...

***

Məhz dərvişlə bağlı “yalançı nağıl” - əfsanə Osman dayı ilə “təhkiyəçi” arasına dostluq körpüsü atır. “Nanəli konfet” isə bu körpünü daha da “bərkidir”. Ataqamın bir çox mətnlərində sufi simvolikasına rast gəlinir. “Dərviş” də o sıraya daxildir. Fəridəddin Əttarı elə-belə xatırlamadıq... Ataqamın Şərq və Qərb fəlsəfəsinə dərindən bələdliyi mətnlərində açıq-aşkar sezilir. Bu da onları çoxspektrli edir...

“Əfsanənin sonluğunu - camaatın dərvişi döydüyü yeri oxuyanda Osman dayının gözü doldu”. Səbəb qəddar yaddaşdır! Bunu müəllif yox, biz deyirik. Əgər naşı bir müəllif olsaydı, yazardı ki, onun da vaxtilə döyülməyi yadına düşüb gözləri doldu. Biz cümlələrdə belə açımlara qarşıyıq. Cümlə açmaq əvəzinə, düyünləri çoxaltmalıdır...

Həm də yuxarıdakı cümlə düz gözümüzün içinə tuşlanıb deyir ki, yaşadığımız həyatın ən ağrılı anları hansısa bir əfsanənin, mifin, hekayətin küncünə düşüb qalıb... Haçansa onlar qarşımıza çıxarlar. Hətta Osman dayı kimi hərfləri oxuya bilməsək belə...

"İskəndərin buynuzu var, buynuzu" ənvalatı isə ayağın altındakı torpağın üstündən deyil, ən azı kətilin üstünə çıxılıb deyilməyə layiqdir... Əgər bu cümləni mətnə daxil eləməsəm, özümü bağışlamaram: “Osman dayı tərəddüd elədiyimi görüb, arıq boğazının dərisini hulqumundan çənəsinin ucuna qədər çəkdi, elə boğazı çəkili, başını göyərçin udan qutan quşu kimi yeyin-yeyin sağa-sola döndərib məni kətilə çıxartmaq üçün hansı Tanrıya and verəcəyini dalaq kələfində aradı və dizlərini azacıq qatlayıb, çöməli yalvardı:

- Sən Bəsirənin canı, çıx”.

Kontekstin bütün ruhunu daxilinə yığan cümlənin cərəyanı vurur adamı... Aydındır, Bəsirə yoxdur, amma həm də vardır. Osman dayının yaddaşında Bəsirənin canı hələ çıxmayıb, istidir...

İskəndərin buynuzu həm də Osman dayının buynuzudur. Bəsirə isə onun yaddaşının buynuzudur. Bir qədər də simvollaşdırsaq, bütün müharibələr buynuzludur. Məhz “buynuz” uzun illərdən sonra təhkiyəçi ilə Osman dayı arasındakı dağılmış körpünü bərpa edir. Amma təəssüf ki, indi o nənəli konfet yoxdur. Mövcud mifə modern münasibət mətni çoxlaylı edir.

Müharibə əslində bütün qoxuları aparır.

Qan və meyit qoxusundan başqa...

***

Müharibələrdən söhbət gedərkən adı lənətlə xatırlanan Adolf Hitlerin belə bir rəsmi gözümün önünə gəlir: “Cığırdakı ağaclar”. Həmin əsərdə sanki Hitler gələcəkdə qəfil bombalayacağı bir şəhəri və ya bomba şokundan ayılmayan insanların ora-bura dağılmış əzalarını təsvir edirdi. Əslində, öz xəstə təxəyyülü ilə Hitler dahi Pikassonun “Genrika” rəsmini xeyli qabaqlamışdı.

Bir də unutmayaq: “Məryəm və müqəddəs İsa Məsih” kimi unikal bir tablo da gələcək diktatorun fırçasının məhsuludur. Müharibənin təbiəti onu başlayanların təbiəti qədər ziddiyyətlidir...

# 4884 dəfə oxunub

Müəllifin son yazıları

# # #