Zemfira Əbdülsəmədova: "Teatrda mənəviyyat hər şeydən üstündür..." - Müsahibə

Zemfira Əbdülsəmədova:  "Teatrda mənəviyyat hər şeydən üstündür..." - Müsahibə
18 aprel 2025
# 09:00

Kulis.az Aydan Hacının Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, aktrisa Zemfira Əbdülsəmədova ilə müsahibəsini təqdim edir.

- Zemfira xanım, serial, yoxsa teatr? Hər iki sahədə fəaliyyət göstərirsiniz. Çətin deyil ki?

- Əlbəttə ki, teatr. Mən bunu dəfələrlə demişəm. Çünki teatr canlı sənətdir və tamaşaçı ilə birbaşa ünsiyyət vasitəsidir. Həm də teatrın enerjisi tamam başqadır. Bu da insanda səmimilik və rahatlıq yaradır. Bir sözlə, teatrda insan xoşbəxtdir. Qaldı yorulmağıma, xeyr, yorulmuram. Hər iki sahəyə də vaxt ayıra bilirəm. Bu da səhnəyə olan sevgidən, işə olan bağlılıqdan, bir az da professionallıqdan irəli gəlir.

- Seriallarda daha çox görünürsünüz, bunun səbəbi maddiyatdırmı?

- Əlbəttə, maddiyatın da rolu var. Hətta elə olub ki, istəmədiyim obrazı belə cilalayıb, formalaşdırıb, özümə uyğun olaraq canlandırmışam. Onu da qeyd edim ki, bizdə kino çəkilişi seriallara nisbətən azdır. Seriallardan müəyyən dəvətlər olur və mən bu dəvətləri dəyərləndirməyə çalışıram. Təbii ki, birinci ssenari ilə maraqlanıram. Daha sonra isə hansı rejissorla birlikdə işləyəcəyimi və tərəf müqabillərimi öyrənib, ona uyğun qərar verirəm. Mənim üçün əsas olan tamaşaçıya nəyi ötürəcəyimdir. Təkcə serialları nəzərdə tutmuram. Bildiyiniz kimi, seriallarımızın çoxu məişət mövzusunda çəkilir. Bunu siz də çox gözəl bilirsiniz. Bu seriallar evdar qadınlara, yaşlı nəslin nümayəndələrinə uyğun hesablanır deyə, əsas mövzusu da məişət məsələləri olur. Ona görə də çəkiləcəyim hər obrazda rəng axtarıram. Məni özünə çəkən əsas faktor obrazın güclü xarakterə malik olmasıdır.

- Məişət mövzuları demişkən, seriallardan şikayətlər çoxdur. Deyirlər ki, bayağıyıq. Razılaşırsınız?

- Burada iki əsas səbəb var. Birincisi, seriallara az pul ayrılır, ikincisi, məişət mövzularına tələbat çoxdur. Pul çox olarsa, təbii ki, klassik əsərlərə, detektiv mövzulara və qəhrəmanlıq hekayələrinə müraciət edilər. Geyimdən dekorasiyaya kimi hər şey pul tələb edir.

- Aktyorlara və aktrisalara dövlət qayğısı varmı? Məsələn, jurnalistlərə, yazıçılara ev verilir. Bəs kino sahəsində vəziyyət necədir?

- Əvvəllər olub. Yəqin ki, indi məsələ iqtisadi vəziyyətlə bağlıdır. Çünki müharibədən çıxmış bir xalqıq və əsas vəsait dirçəlişimizə yönləndirilib. Olsun ki, nə vaxtsa bizə də diqqət ayrılar. İndi də var, amma barmaqla sayılacaq qədər.

- Bəs mükafatlar, qonorarlar necə, varmı?

- Teatrda, bəli. Prezident Mükafatı var. Mən özüm 2019, 2020, 2021 və 2023-cü illərdə Prezident mükafatına layiq görülmüşəm. Bunlar da işlədiyim illərdə çəkdiyim əziyyətlərin bəhrəsidir. İndi bu mükafat gənclərə də verilir və hər biri də bu mükafata layiqdir.

- Ümumiyyətlə, maaş qane edir sizi?

- Təbii ki, digər ölkələrlə müqayisədə bizdə maaşlar çox azdır. Çəkdiyimiz əziyyətə görə aldığımız qonorar yolpuluna.... bir də xırda-para problemlərin həllinə çatır. Nə ev almağa, nə də maşın almağa kifayət etmir. Amma əvvəl teatrlarda maaş daha az idi. İndi vəziyyət bir az yaxşıdır. Onu da qeyd edim ki, teatrda maddiyat bizim üçün o qədər də əhəmiyyət kəsb etmir. Çünki teatrda mənəviyyat hər şeydən üstündür. Amma kino və serial sektorunda qonorarların çox olması vacibdir. Bizim məkana getməyimiz, qayıtmağımız, geyimlərimiz... Həm də serialda çəkilən əziyyət sözlə ifadə olunmaz. Bir günə 20-25 səhnə çəkilir, bu da özlüyündə çox yorucu prosesdir. Gündəlik seriallarda isə bunun əziyyəti iki qat artıq olur.

- Çəkiliş vaxtı rejissorlarla, ssenaristlərlə mübahisələr edirsinizmi?

- Sözsüz ki, olur. İlk növbədə aktyor rejissora güvənməlidir. Yəni rejissor aktyorunu tanımalıdır. Bu cür mübahisələrin olması təbii haldır. Amma mübahisəli məqamı həll etmək və aktyorla razılığa gəlmək də rejissorun işidir. Rejissorlarla bir problemim yoxdur, amma düşünürəm ki, bizim ssenaristlərin vaxt problemi var. Hekayənin ucundan tutub gedirlər və müəyyən müddətdən sonra mövzu bitir. Əgər serial uzun müddət davam edirsə, ssenarist məcbur qalıb, təkrar mövzuya qayıdır. Hərdən elə olur, rolumu ifa edəndə görürəm ki, axı mən bunu canlandırmışam. Sözün əsl mənasında “dejavu” yaşayıram. Əgər ortaya yaxşı iş çıxartmağa çalışırıqsa, bu hallar yaşanmamalıdır.

- Adətən, mənfi rolları canlandırırsımız. Bu cür rollara görə heç çəkindiyiniz olub? Məsələn, hansısa tamaşaçının nifrətini hiss etmisinizmi?

- Tamaşaçının gözü tərəzidir. Yəni, o mənfi obrazda çoxu özünü görür. Adam var, mənə deyib ki, canlandırdığın filan obrazda özümü gördüm və fərqinə vardım ki, xasiyyətim, xarakterim yaxşı deyilmiş. Beləcə, neçə insan özünü tərbiyə edir. Özünütərbiyənin isə yaşı yoxdur. Əslində, mənfi obrazlarıma görə nifrətdən çox, minnətdarlıq ediblər. Amma təbii ki, mənfi rəy yazan da var: “Səni görüm o qonorarı sağ yeməyəsən”, “Ay Allah bunu öldürsün” və sair.

Amma mən özümü yaxşı tanıyıram və mən kənardan necə göründüyümü yaxşı bilirəm. Onu da dəqiq bilirəm ki, elədiyim şey yalnış deyil. Hətta oynadığım bəzi obrazlar var ki, mən özüm də o obrazlardan müəyyən nəticələr çıxardıb, özümü tərbiyələndirirəm.

- Arzusunda olduğunuz xüsusi bir rol varmı?

- Elə obrazlar məndə çox olub. Gəncliyimdən bu yana romantik, dramatik, tragikomediya kimi hər janrda rollar ifa etmişəm. Buna görə də çox şanslı bir aktrisayam. Uşaq tamaşalarından belə... hər bir obraza girmişəm. Arzuladığım obrazlar da çox olub. Amma hazırda, bu yaşımda ən çox istədiyim Bertolt Brextin “Kuraj ana və onun uşaqları” pyesindəki Kuraj ana obrazını oynamaqdır.

- Bəs elə rol var ki, oynamısınız, amma ürəyinizcə olmayıb, demisiniz, yox, bu alınmadı?

- Əlbəttə, olub. Teatr və kinoda olmasa da, serialda olub. O deyirlər e, serial aktyor və aktrisanı korlayır. Amma yox. Mənə görə, serial adamı diri saxlayır. Səni hər zaman işləməyə və düşünməyə vadar edir. Serialda ssenarini əzbərləyib, işinə davam edirsən. Bu isə böyük sənət deyil, sadəcə, vərdişdir. Teatrda bu proses uzun və maraqlıdır. Burada obrazı analiz etmək üçün kifayət qədər çox vaxtın olur. Ortaya qoyduğun iş isə təmiz və səliqəli olur. Amma serialdakı obrazlara qarşı bəlkələrim çox olub. Düşünmüşəm ki, bunu daha da yaxşı canlandıra bilərdim. İnsan özündəki səhvləri görməyi bacarmalıdır.

- Həyat yoldaşınızla necə, sənət mübahisələriniz olurmu? İki sənət adamının eqosu toqquşmur ki?

- Əslində, yox. Çünki eyni sənətdəyik və biri-birimizi çox yaxşı başa düşürük. Hətta yarımçıq sözdən belə nə demək istədiyimizi anlayırıq. Bu da illərdir ki, birlikdə olmağımızın və bir-birimizi tanımağımızın nəticəsidir. Təbii ki, sənət qısqanclıqlarımız da var.

- Bəs sizi qısqandığı üçün oynamağınızı istəmədiyi rollar olurmu? Eləcə də sizin, Ədalət müəllimi qısqandığınız və oynamağını istəmədiyiniz obrazlar olubmu?

- Olub. Düzdür, hər təklifi qəbul etmirik, saf-çürük edirik, biri-birimizlə məsləhətləşirik. Müəyyən obrazlar var ki, bizə yad olur... Teatrda, demək olar ki, problem olmur, amma film və seriallarda məsələ başqa cürdür.

- Aktrisa necə olmalıdır ki, ona “yaxşı aktrisa” desinlər?

- Adətən, mənə yaxınlaşanlar deyir ki, sizin obraza münasibətiniz tamam fərqlidir. Yəni, mən obrazın dördüncü tərəfini də görməyə çalışıram. Hər zaman obrazın görünməyən tərəflərini də göstərməyə çalışıram. Bir sözlə, hər obrazda həyəcan, sevinc, kədər, stress və digər situasiyaları tamaşaçıya daha yaxşı çatdırmağa cəhd edirəm. İstənilən obrazla empatiya qurmağı bacarıram.

- Deyirlər, sənət sərhədsizdir. Elə obraz var ki, onu heç vaxt canlandırmazsınız?

- Var. Mənə bu yaxınlarda Hikmət Rəhimov öz filmi üçün bir rol təklif etmişdi. Razılaşmadım. Mən özümü o rolda görmədim, ona görə də qəbul etmədim. Çünki bir şey mənim ürəyimcə deyilsə, demək, nəticəsi də pis olacaq.

- Hansı obraz idi?

- Adını çəkməyəcəm. Başqa aktrisa həmin rolu canlandırdı. Yolu açıq olsun.

- Fəxri ad necə, istəyirsinizmi? İndiyə qədər verilmədiyinə görə narahat deyilsiniz?

- Fəxri ad sovetdən qalmış qaydadır. Elə adamlar da var ki, bu qaydalardan kənarda qaldı. Onlardan biri də mənəm. Açığını desəm, bununla bağlı indiyə qədər böyük cəhdlərim olmayıb. Ya da kimlərəsə bununla bağlı müraciətlər etməmişəm. Düşünmüşəm ki, mən bunu etməməliyəm. Hər şey kənardan görünməlidir. Çünki mən bu işin içində olmuşam. Həm də buna nə vaxtım, nə də həvəsim olub. Amma indi görürəm ki, etmək lazım imiş. Mən, sadəcə, başımı aşağı salıb, öz işimi görmüşəm. Heç vaxt da işimə xəyanət etməmişəm. Hər zaman tamaşaçı ilə öz aramdakı sevgi münasibətini qorumağa çalışmışam. Amma yenə də düşünürəm ki, görünür, haradasa o ipi boş buraxmışam, hələ də fəxri ada layiq görülməmişəm.

- Zemfira xanım, nə vaxtsa bezmisiniz? Düşünmüsünüz ki, kaş başqa sahədə olardım?

- Bunu düşünmək üçün artıq çox gecdir. Ömür qatarım gedir, onu saxlamaq kimi də bir fikrim yoxdur. Amma həddindən artıq çox işləmişəm və yorulmuşam. Qulu Ağsəsin çox gözəl bir sözü var. Deyir ki, insan dincələndə yorulur, işləyəndə dincəlir. İnsan, doğrudan da, belədir. Mən oturanda xəstələnirəm. Sağlam qalmağım üçün işləməliyəm.

- Sizi məşhurlaşdıran hansı obrazdır? Özünüz nə zaman hiss etdiniz ki, mən artıq məşhuram?

- Düzdür, teatr mənim üçün əvəzsizdir. Amma əsas məşhurluğum “Üç bacı” bədii serialı ilə olub. Bu rolu da mənə "Soy" prodakşının rəhbəri mərhum Oqtay Əliyev təklif etmişdi. Serial komediya janrında idi. Çətin rol idi. Çünki tamaşaçını ağlatmaq asandır, amma güldürmək çətin. Serialın ilk bölümü yayımlanmışdı və mən şəhərdə rəfiqələrimlə söhbət edə-edə gəzirdim. Qəfil bir qadın səsimi eşidib soruşdu ki, Xədicə? Beləliklə, hamı məni Xədicə kimi tanımağa başladı. Kiçikdən böyüyə hər kəs. Daha sonra “Bir qadın” serialında Zöhrə obrazını canlandırdım. Burada isə mühafizəkar, zəhmli, acıdıl qaynana roluna girdim. Nə qədər qəddar qaynana rolunda olsam da, tamaşaçıların sevgisi daha da artmağa başladı.

- İlk səhnə təcrübəniz haqqında təəssüratınız necədir?

- Məktəb vaxtlarımdan səhnələrdə çıxış edirəm. Amma ilk yadımda qalan obrazım Axundovun “Sərgüzəşti vəziri xani Lənkəran” tamaşasındakı Nisə xanım olub. Çox maraqlı tamaşa idi. Sonra “Romeo və Culiyetta” tamaşası ilə Moskvada çıxış etdik. Eyni zamanda Rəhman Əlizadənin “Kəndimizin narları” tamaşasında romantik qız rolunda çıxış etmişəm. O vaxtı bütün qəzet və jurnallarda bizim tamaşalar verilirdi. Orada adımı görəndə özümlə qürur duyurdum.

- Elə filmlər var, baxırsan ki, ssenarisi yaxşıdır, amma aktyor seçimi yanlış.

- Ən böyük bəlamız da budur elə. Rasim Balayev olmasaydı, Nəsimi olmazdı. Yəni, hər aktyorun özünə görə bir rolu olmalıdır. Əvvəllər İlyas Əfəndiyev gəlirdi AzDramaya, aktyorlara uyğun rollar yazırdı. İndi rejissorlar aktyoru kəşf edə bilmir. Burada tanışlıq filan məsələləri olmamalıdır. Kino və teatrda mükəmməllik, peşəkarlıq olmasa, heç bir irəliləyiş olmaz. Çox yaxşı aktyorlarımız var, amma rejissorlar obrazı seçə bilmir. Məsələn, “Mən gəldim qızlar” tamaşasında Bəhram Osmanov hər bir obrazı aktyorun tam üstünə otuzdurub. Adam baxdıqca baxmaq istəyir. Kastinq önəmlidir.

- Zemfira xanım, feministlər haqqında fikirləriniz nədir? Deyirlər ki, kişi ilə qadın bərabərdir. Siz bu haqda nə düşünürsünüz?

- Əşşi, qadının qadın yeri var, kişinin də kişi. Hərə öz yerini və işini bilsə, bəsdir.

- Bəs sizcə, yaradıcı insan siyasi-iqtisadi, sosial-ictimai problemlərə fikir bildirməlidir, yoxsa elə sənəti ilə məşğul olsa kifayətdir?

- Bilirsiniz, sənətçinin öz içində bu funksiya var. Əgər biz səhnədən tamaşaçıya hər hansı bir fikri çatdıra biliriksə, bu artıq qələbədir. İnsan nə qədər dürüst olarsa, o qədər də hər sahənin qalibi olar.

- Oxuculara xüsusi bir sözünüz varmı?

- Dəvətiniz üçün təşəkkür edirəm. Mən əslində, söhbətcil bir insan deyiləm. Hər zaman susmağı daha üstün tuturam. Sizinlə söhbətləşdim, problemlərdən uzaqlaşdım və sanki içimdə bir rahatlıq tapdım. Hər birinizə uğurlar.

Fotoqraf: İlkin Nəbiyev

# 1078 dəfə oxunub

Oxşar xəbərlər

Post-prodakşn müsabiqəsinin qalibləri açıqlandı

Post-prodakşn müsabiqəsinin qalibləri açıqlandı

13:00 19 aprel 2025
Günel Natiqin xilas yolu... – Fuad Biləsuvarlı

Günel Natiqin xilas yolu... – Fuad Biləsuvarlı

12:30 19 aprel 2025
Tənqid darıxan insanın ucuz əyləncəsidir - Aydın Talıbzadə

Tənqid darıxan insanın ucuz əyləncəsidir - Aydın Talıbzadə

12:00 19 aprel 2025
Uşaq İncəsənət Festivalında birinci seçim turu başladı

Uşaq İncəsənət Festivalında birinci seçim turu başladı

11:45 19 aprel 2025
Süni zəka istənilən ağsaqqaldan çox bilir - Yalçın İslamzadə

Süni zəka istənilən ağsaqqaldan çox bilir - Yalçın İslamzadə

11:10 19 aprel 2025
İnsan dərisindən hazırlanmış kitab tapılıb

İnsan dərisindən hazırlanmış kitab tapılıb

10:30 19 aprel 2025
#
#
# # #