Kulis.az kinoprodüser, rejissor, “Zəhər tuluğu” filminin ssenarist və rejissorlarından biri Orxan Mərdanın APA-ya müsahibəsini təqdim edir.
– “Zəhər tuluğu”nun bölgələrdə nümayişi və digər təbliğat məsələləri ilə əlaqədar marafona çıxmısınız. İstəyərdim, elə buradan başlayaq.
– Qeyd etdiyiniz məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına müraciətlər etmişdik. Bilirsən, Azərbaycan təkcə Bakıdan ibarət deyil. Rayonlarda bu təşəbbüs davamlı olsa, adamların kinoya marağı da artar. Bu günə qədər 10 rayonda olmuşuq və onu da qeyd edim ki, nümayişlərin hamısı anşlaqla keçir. Bundan sonra da, haradasa, 10-12 rayonda da olacağıq. Bizim bu addımımızdan sonra düşünürəm ki, dövlət strukturları, müəyyən qurumlar regionlarda, ən azından, bir zallı kinoteatr düzəltmək məsələsinə baxacaqlar. Buna ümid edirəm. Çünki biz bu məsələ ilə bağlı bir neçə dəfə rəsmi görüşlərdə müraciətlər etmişdik. Əslində, bizim layihə qurumlar üçün, bir növ, test idi. Praktiki olaraq nəticələr də ortadadır.
– Filmin bölgələrdə nümayişi təbliğat xarakterlidir, bu, aydın məsələdir. Amma nəzərə alsaq ki, “Zəhər tuluğu” kommersiya filmidir və nəticə etibarilə nümayiş bir tərəfdən də qazanc məqsədi daşıyır, o zaman səfərləriniz sizə maddi baxımından nə dərəcədə uğurlu təsir bağışlayır?
– Biz bu işə başlayandan – “Xoxan” filmini nəzərdə tuturam – mənim müdafiə elədiyim bir məsələ var: kino pul qazandırmalıdır, kinonu pulsuz göstərmək olmaz. Bu birmənalıdır. Regionlardakı nümayişlərimiz də ödənişlidir – 1 bilet üçün standart qiymət 5 manatdır. Tamaşaçılar da filmə böyük həvəslə gəlir. Nə qədər qazandığımızı tam deyə bilməyəcəyəm, çünki hesablamaq lazımdı, amma səfərimizə, ora getməyimizə dəyir. Buna həm ziyarət, həm ticarət də deyə bilərəm. Elə fürsət ikən Taleh Yüzbəyova, Fuad Cəfərova təşəkkürümü bildirirəm. Çünki bizim bölgə səfərlərimizin hamısında iştirak edirlər. Sağ olsunlar.
– Bölgələrdəki reaksiyalar maraqlıdır.
– Ağdaş, Sabirabaddakı reaksiya, anşlaq bizim üçün gözlənilməz oldu. Yəni Ağdaşda düşünməzdik ki, o cür reaksiyaya səbəb olaq. Tamaşaçı çox idi. Şirvanda da eynilə tamaşaçı çox idi. Hətta maraqlıdır ki, Şirvanda kinoteatr da var idi və orada bilet sonuncu dəfə 1989-cu ildə satılmışdı. Ən az adam səhv eləmirəmsə, Şamaxıda oldu. O da zalın tutumu az idi deyə, belə oldu.
– Bu gün komediya filmləri at oynadır...
– Yox, fikri dəyişək, at oynadırdı...
– Aha, olsun. Sizcə, “Zəhər tuluğu” öz janrında yeni bir mərhələ aça biləcək?
– Komediyaların tüğyan eləməyini dediniz. Bunun da, əslində, səbəbi biz olduq – “Xoxan” filmini çəkməklə. “Zəhər tuluğu”ndan öncə biz “İkinci pərdə”ni çəkmişdik. Orda məqsəd birbaşa və sərt keçid idi – komediyadan birbaşa drama. Bu, həm də bizim üçün praktika idi. Və o film bizim gözlədiyimiz nəticəni vermədi. Çünki tamaşaçı buna hazır deyildi. Sonra isə biz alternativ janrları yoxladıq: komediya-dram qarışıq “Qaragöz” filmini çəkdik. Biz bundan sonra komediya da çəkəcəyik, bu o demək deyil ki, “Zəhər tuluğu”nu çəkmişəmsə, komediya çəkməyəcəyəm. Xeyr, belə bir şey yoxdur. Bizə nəticə lazımdır, bu gün tamaşaçı kinoteatrda drama baxırsa, dram çəkəcəyik. Və bir müddət sonra romantik komediya, tarixi filmlər çəkməkdə də maraqlıyıq. Bununla paralel komediya da həmçinin.
– Orxan bəy, mən operator işini bəyənmədim. Məsələn, filmdə Talehin qəbiristanlıq səhnəsi var ki, orada rakurs çox yanlış seçilmişdi. Buna oxşar səhnələr çox idi. Mənə maraqlıdır ki, bundan öncə həmin operatorun başqa işləri olub?
– Operator Talehin bu günə qədər videolarını lentə alan adamdır. Talehin də istəyi ilə operator İmanla işlədik. Amma mən deməzdim ki, İman olmasaydı, başqası olsaydı, daha yaxşı bir iş ortaya qoyardı. Yox. Bütövlükdə Azərbaycan reallığımı nəzərə alsaq, İman heç də pis işləməyib, fikrimcə.
– “Zəhər tuluğu” ilə qurtardıq (gülürəm). Orxan bəy, Azərbaycan kinoteatrlarında hər hansısa senzura varmı? Məsələn, erotik səhnələrlə, yaxud vulqar ifadələrlə bağlı...
– Ümumiyyətlə, dünyanın heç bir yerində kinoteatrlarda senzura yoxdur, eynilə bizdə də.
– Səhv eləmirəmsə, “İkinci pərdə”də (Rejissor Emil Quliyevin filmi – N.P.) belə bir hal yaşanmışdı.
– Yox, elə olmayıb. Filmin nümayişi zamanı bir neçə tamaşaçı zaldan çıxıb şikayət eləmişdi. Amma bunun da qanunla qorunan tərəfi var. Mədəniyyət Nazirliyinin hər film üçün verdiyi yayım vəsiqəsi var. Orada həmin filmə uyğun yaş kateqoriyası tərtib edilir və kinoteatrlara ötürülür. Kinoteatrlar da buna uyğun tamaşaçıları filmə buraxır. Əgər yaş kateqoriyasına uyğun olaraq, səni ora övladınla buraxmırlarsa, etiraz edə bilməzsən, eyni zamanda, buraxıblarsa, zalda səs-küy salmağa haqqın yoxdur. “Zəhər tuluğu”nun yaş kateqoriyası 14+ idi. Ümumiyyətlə, film istehsalçısı olaraq, vulqar ifadələrə qarşı deyiləm. Amma o ifadəyə sinonim tapa bilirsənsə, hə, o ifadəni işlətməmək olar. Məsələn, düzünü deyim ki, “İkinci pərdə”də bir az balansı pozmuşduq, loru dillə desək, ağ eləmişdik. Bu da janr təcrübəsizliyi və rejissorun yanaşması idi. Mən hər dəfə prodüser olaraq rejissorla dalaşası deyiləm axı.
– Bir qrup tamaşaçı vulqar ifadələri təbii qarşılayır, digər qrup isə aşırı dərəcədə etirazla yanaşır.
– Elədir. Bilirsən, biz sovet vaxtından çıxan nəslin davamçılarıyıq. Söhbət “Sovet ölkəsində erotika yoxdur” mərhələsindən gedir. Ondan sonrakı ilk 10 ildə axsama oldu. O boşluqda bizim tamaşaçı üçün hər şey süni təsir bağışladı. Ona görə bu gün tamaşaçı o cür reaksiyalar verir. Dediyim kimi, əsas balansı qorumaqdır. Yeri gəlmişkən, türklərdə bu söyüş məsələsi özün də bilirsən nə vəziyyətdədir. Biz hələ qadınların dilindən vulqar ifadələr işlətmirik. Gör olsa, necə reaksiya verilər? Bizim qadına yanaşmamız başqadır.
– Orxan bəy, “Xoxan” filminin davamı olaraq, “Naxox” filmini də çəkdiniz. Eyni ad oyunu Cem Yılmazın “GORA” və “AROG” filmlərində də var idi. Niyə bizdə başqa ad seçimi olmadı?
– Yox, filmin Cemlə və onun filmləri ilə heç əlaqəsi yoxdur. Burda məsələ başqadır. Zaur Mirzəzadə ilə ortaq işimiz olan filmlərdə Fərda və Elməddin aktyor kimi dəvət olunublar, yəni onların adla əlaqəsi yoxdur. Bizim ad daxili narazılıqdan yarandı. “Xoxan” yaxşı effekt verdi və bizim içimizdən bir nəfər dedi ki, o adı mən düşünmüşəm. Biz isə ikinci filmdə o adamla işləmək istəmirdik, problem yaşayırdıq. Və Zaurla belə qərara gəldik ki, adı dəyişək. Bilirsən, “Naxox” adı bizim üçün daha təhlükəli idi. Millət o adı tanıyırdı, çünki ilk filmdə olan addır. Məsələn, “Xoxan 2” qoya bilərdik, amma “Naxox” elədik.
– Amma “Naxox” əvvəlki kimi tutmadı, hə?
– Əksinə, hətta mən deyərdim ki, daha uğurlu oldu.
– “Xoxan” haqda deyirdilər ki, 1 milyon manata yaxın qazanc əldə olunub.
– O qədər də olmasa, ortada ciddi rəqəm var idi. O dönəmlərdə həmin söz-söhbət yayıldı və çoxu bu rəqəmə aldanıb uğursuz filmlər çəkdi.
– Bax mən bu barədə sual verəcəkdim. Ortadakı bu qədər uğursuz və bayağı filmlərə görə, bir növ, sizin komandanı günahlandıra bilərəm. Çünki məhz o dedi-qodu filmdən anlayışı olmayanları şirnikdirdi, böyük filmə gətirdi, itirən isə Azərbaycan kinosu oldu.
– Bir az haqsız yanaşmadır (gülür). Bu bizim günahımız deyil axı. Biz o filmlərin keyfiyyətinə heç vaxt cavabdehlik daşıya bilmərik. Amma bir şey də var ki, o şirnikləşən müəlliflər deyirsiniz ha, biz onlarla dəfələrlə görüşmüşük. İzah eləmişəm ki, heç bir filmdə bir neçə qat qazanc olmur. Bunu gözləmək absurddur. Bizim biznesin ən təhlükəli tərəfi odur ki, əldə əmtəə olmur. Bu çox risklidir. Məhsul bir müddət sonra heç sənin özünə də maraqlı gəlmir.
– Razı deyiləm, Orxan bəy. “Xaç atası” bir tamaşaçı üçün nə qədər köhnələ bilər ki?
– Yaradıcı olaraq danışıram. Biz yalnız “İkinci pərdə”ni çəksəydik, o film məşhurlaşdıqca onun bizə verdiyi bir şey olacaqdı: sağ ol, ay qaqa, nə gözəl çəkmisən, vəssalam! “Xaç atası” ona görə köhnəlmir ki, dünyada müəlliflik hüququ var, müəllifə qonorar vermək anlayışı var. Məsələn, yerli televiziya kanalları filmi yayımlayarsa, mənə, yaradıcıya müəyyən qonorar verməlidir. Bizdə belə bir şey var? Yoxdur! Bizim kanallar elə deyir ki, ver, göstərək. Bütün bunlar olmadığına görə, o film sadəcə hard diskin yaddaşında qalan bir işə dönür. Bayaq da dediyim kimi, bu sahə çox riskli sahədir. Çünki maksimum iki dəfə maddi baxımdan batıra bilərik. Üçüncü şansımız yoxdur, olsa, gedib başqa işlə məşğul olacağıq, vəssalam. Dövlət üçün film çəkənlərdən fərqimiz odur ki, pis film çəkmək kimi şansımız yoxdur. Pis çəksək, pul itiririk, bunu isə heç kəs istəməz. Filmi həm də xeyirsiz bitirə bilmərik. Niyə? Çünki davamı olmayacaq, maliyyəsiz qalacayıq. Dövlət üçün film çəkənlərə həmişə yaşıl işıqdır. Ortada büdcə var və nəticəni heç kəs sorğulamır.
– Rəf filmləri...
– Eynən! Bizim itirmək şansımız yoxdur. Çünki bir film digər işimiz üçün yol açmalıdır. Ən adi səhv bizim məhvimiz deməkdir. Ən epizodik rol üçün də güzəşt şansımız yoxdur. Çünki tamaşaçı ona baxır və qiymət verir. Tamaşaçı desə ki, aktyor pis oynayır, vəssalam. Biz hər şeyi düzgün hesablamaq məcburiyyətindəyik. Məsələn, tez-tez deyirlər ki, yeni filmi nə vaxt çəkirsən? Mən onlara deyirəm ki, mənəvi və psixoloji baxımdan hazır deyiləm. Əlimizdə hazırda iki bitkin ssenari var: biri 44 günlük müharibə və onun qəhrəman əsgərləri haqqındadır, digəri isə 70-ci illərdən bəhs edir. Fiziki olaraq prodüser kimi bu prosesi başlamağa, idarə etməyə və bitirməyə psixoloji hazır deyiləm. Niyə? Ölkədə kino qanunu yoxdur, kino idareətməsi yoxdur, verginin kino ilə əlaqəli güzəştli yanaşması yoxdur. Dünyada bu prosesi bir komanda idarə edir, bizdə isə bir nəfər – mən.
– Dəyir bu qədər əzab-əziyyətə?
– Yalnız ruhən. Məni maddiyyatdan daha çox zövq məsələsi maraqlandırır. Bura sərf elədiyimiz pulu başqa sahəyə xərcləsək, daha çox qazanarıq. Kino xəstəlikdir. Kino arzudur, istəkdir. Biz sadəcə bu xəstəlikdən pul qazanmağa çalışırıq (gülür). Bu mexanizmi bilirik. Azərbaycanda kino ilə xəstələnmiş çox adam var, biz onu biznesə çevirə bilmişik. Bunun yolunu tapmışıq. Dövlətdən və dövlət büdcəsindən asılı olmadan etmişik. Bu gün israrla istədiyim şey regional kinoteatrların formalaşmasıdır.
– “Azərbaycanfilm”də rəhbər dəyişikliyi oldu. Yeni kadrdan gözləntiniz nədir?
– Nazim bəyi (Nazim Hüseynov, “Azərbaycanfilm”in yeni direktoru – N.P.) mən yeni kimi qəbul edə bilmirəm. Yəni çoxdan tanınan və bu sahəyə illərini vermiş adamdır. Rəhbərdən asılı olmayaraq, mən Mədəniyyət Nazirliyinin kino istehsal etməyinin əleyhinəyəm. Düşünürəm ki, Fariz bəy (Fariz Əhmədov, “Azərbaycanfilm”in əvvəlki direktoru – N.P.) olsun, ya Nazim bəy, fərqi yoxdur, hansı yeniliyi edə bilərlər?
– Nazirliyin film istehsal etməyinə qarşısınız. Mən belə başa düşdüm ki, sizin dediyiniz odur ki, dövlət film sektorundan tamamilə çəkilsin, meydan kommersiya filmlərinə verilsin.
– Ümumiyyətlə, Nihat, kommersiya filmi anlayışı yoxdur. Müəllif filmi var, hansı ki müəllifin öz dünyasını əks etdirir və müəllifin dünyasına yaxın olan tamaşaçıları cəlb edir. Buna Avropa kinematoqrafiyası daha yaxındır. Bir də var ki, kütləvi istehsal olunmuş filmlər. Kütləvilik kommersiya demək deyil, əzizim. Bu anlayış bizdə ona görə bu formaya düşdü ki, kino adamlara qazanc vermirdi. Kino ki adamlara qazanc verdi, adamlar adını qoydu kommersiya.
– Biz tam olaraq, 2014-dən danışırıq, hə?
– Hə, “Xoxan” filmi və sonrakı mərhələdən. “Dolu” filmini xatırla, o anlayış olaraq, kommersiya filmidirmi? Hə. Niyə? Çünki kütləvi filmdir. İndi zamanında onun kütləvi yayımı təşkil olunmayıb, o başqa məsələ. Dünyada bu cür filmlərə bloqbaster deyilir.
– “Joker”, məsələn.
– Hə, “Joker” olsun, yaxud “Spiderman”, “Avatar”. Dünyanı bir-birinə vuran filmlər. Bizim istehsal etdiyimiz filmlərə kommersiya filmi damğası vurub niyə bizi ayırırsınız?
– Qonşu Gürcüstana artıq xarici film çəkilişləri üçün gəlirlər. Məsələn “Forsaj”ın bir hissəsi orda çəkildi.
– Bildiyim qədəri ilə bizdə də artıq bu yöndə iş gedir. Kino şöbəsinin yeni rəhbərliyi “Filming Azərbaycan” deyə bir layihə hazırlayıb. Əsas məqsədi Azərbaycanı xarici istehsalçılar üçün platformaya, turizmə çevirməkdirsə, iki ilə yaxındır, bu yöndə kütləvi və silsilə görüşlər keçirilir. Amma burada əsas şey Gürcüstandakı vəziyyətlə bizim vəziyyətin fərqidir. Gürcüstan bütövlükdə bütün qurumları ilə hazırdır, qanunvericilik müəyyən olunub. Məsələn, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, digər qurumlar bilir ki, kino çəkilirsə, ona şərait yaradılmalıdır. Bizdə belə şey varmı? Azərbaycan istehsalçısı olaraq, biz hələ buna nail ola bilməmişik. Sən İçərişəhərdə film çəkə bilərsən? Onun kirayə haqqı elə qiymətdir ki, ağla batmır.
– Xarici ölkələrdə “Zəhər tuluğu”nun nümayişi nəzərdə tutulub?
– Bəli. Bu istiqamətdə işlər gedir. Mayın 15-dən “Zəhər tuluğu” Qazaxıstanda nümayiş olunacaq. İlk dəfə bir Azərbaycan filmi xaricdə kütləvi şəkildə nümayişə çıxacaq. Filmin rus dilində dublyajı, Qazaxıstan xərcləri, piar məsələləri və sair hamısını özümüz qarşılamışıq. Dağıstanda 3 həftədir ki, nümayiş davam edir. Ardından Rusiyada da eynilə filmin nümayişini düşünürük. Hətta bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla da görüşmüşük və bu məsləyə çox isti yanaşıb. Biz ABŞ-ın 6 ştatında “Zəhər tuluğu”nun nümayişini planlaşdırırıq. İlkin razılıqlar da əldə edilib. Məqsəd Azərbaycan filmini ölkə xaricinə çıxarmaq, dünya üçün baxımlı hala gətirməkdir.
– İngiliscə dublyaj olacaq?
– Yox, onlar altyazıya öyrəşiblər. Buna ehtiyac yoxdur.
– Kinoteatrlarda dublyaj məsələsindən danışmaq istəyirəm. Bizdə filmlər hələ də rus dilində nümayiş olunur. Niyə öz dilimizdə dublyajlar yoxdur?
– Mədəniyyət Nazirliyi bu işdə maraqlıdır. Müəyyən qanunvericilik aktları da tərtib olunub. Amma burada başqa məsələlər var. Xarici istehsalçılar hansısa bir şirkətə filmi verəndə ondan minimum satış sığortası istəyir. Məsələn, bir xarici şirkət film çəkib, Azərbaycan o filmi istəyir. O şirkət minimal sığorta dəyərini istəyəcək, məsələn 300 min dollar. İkinci məqam onun sənə etibar eləməsi məsələsidir. O sənə o dərəcədə etibar eləməlidir ki, filmini dublyaj üçün orijinal halda sənə versin. Üçüncüsü, sən öhdəlik götürməlisən ki, ölkəndə o aktyorları səsləndirəcək dublyaj bazan var. Biz bu filmləri Rusiyadan, Ukraynadan alırıq. Rusiya üçün sadaladığım öhdəlikləri almaq rahatdır. Bütün rusdilli ölkələr onun üçün bazardır. O şirkət də onun bazar potensialı görür və bundan qorxmur. Belə olan halda, biz ortada tək qalırıq. İki yolumuz var, biri filmi götürüb orijinal formada altyazı ilə verməkdir. Gürcüstan bu cür edir. Son illərə qədər Türkiyə, Ukraynada da bu, keçərli idi. Sual verirəm, bizim tamaşaçı altyazılı filmə baxmağa hazırdırmı? Başqa bir məsələ, Azərbaycana hər həftə gələn filmləri hesablasaq, il ərzində 200-ə yaxın film edir. Güzəştlə belə, filmin birini 50 min dollara versələr – böyük filmləri saymıram – 1 milyona yaxın pul edir. Sual verirəm, bu pulu özəl şirkətlər qarşılaya biləcək? Yox. Dövlət verə bilərmi? Ehtiyac varmı?
– Hələ adamların reaksiyanı bir yana.
– Sistem alt-üst olar. Pul batar, filmlər qalar ortada. Bir də var, böyük bloqbasterlər. Onu Türkiyə dərhal alır, türkcə dublyaj edir və filmin orijinalını yayımlamağı qadağan edir.
– Adamları, bir növ, məcbur edir.
– Qismən, hə. Çünki film o maliyyəni çıxaracaq. Məsələn, “Spiderman”. Adamlar mütləq gedib baxacaq. Mənə qalsa, bu pul israfıdır. Məsələn, ondansa Göytəpədə böyük bir kinoteatr var, içində quşlar uçur, onu təmir etmək olar.
– Azərbaycan filmində bu gün üçün Orxan Mərdanın gördüyü 3 ən ciddi problem nədir?
– Birinci, kinoteatr sayının ölkə üzrə yetərincə olmamasıdır. Düşün ki, hansısa məhsulu başqa bir bölgədə sata bilmirsən, bu çətin məsələdir. Bir yerdən sonra sənin istehsal potensialın azalacaq, bu məcburiyyətdir. Bakıda ehtiyac yoxdur, ölkədə kinoteatrların sayı artırılmalıdır. Dövlət bu gün kino istehsal etməyin əvəzinə, kinoteatrlar yaratmalıdır. İkincisi, dövlət özü kino istehsalçısıdır, bu da özəl kino istehsalçıları üçün rəqib olmaq deməkdir. Və dövlətin büdcəsi bizdən çoxdur. Dövlət nə vaxta qədər kino çəkməyə meylli olacaqsa, Azərbaycan filmində balans pozulacaq. Mənim 100 min büdcəm var, dövlətin 1 milyon. Və dövlət o büdcə ilə elə film çəkir ki, mənim 100 minlik filmim də gözdən düşür, tamaşaçı da filmdən soyuyur. Və sonuncusu – ən əsası, Azərbaycanda kino qanunu yoxdur. Ən vacibi budur. Kinonun inkişafı üçün bir nömrəli məsələ vergi güzəştlərinin kino istehsalı və yayımına tətbiq olunmasıdır. Bu dünya təcrübəsində var – Türkiyə, Rusiya buna nümunədir. Bunlar olsa, il ərzində 30 film çəkərik, onun 10-u partlayış olar. Dövlət israrla dəstək istəyirsə, Kino Fondu yaratsın, açıq qapı elan eləsin. Kim film çəkmək istəyir, gəlsin, müraciət eləsin. Bəyənilsə, dəstək versin və çəkilsin.