Yenə hər şeyi sıfırdan başlayacaq - Rəvan Cavid

Yenə hər şeyi sıfırdan başlayacaq - Rəvan Cavid
19 dekabr 2023
# 18:40

Kulis.az Rəvan Cavidin "Uzağın bir adı var..." yazısını təqdim edir.

Adam var, hara getsə rahatlıq, dinclik tapa bilmir. Əvvəlcə, doğulduğu evi tərk edir, sonra xatirələr budağının cücərməyə başladığı kəndi. İstəyir həmin məktəbi, həmin tozlu küçələri bir də görməsin, bir də saçını hörüb dərsə gələn ilk sevdanın evi önündən keçməsin. Qışda bulaq suyundan bir az gur axan, yazda körpüsünün üstündən adlayıb keçən həmin lilli çayın qırağına bir də mart ayında bənövşə yığmaq üçün getməsin.

Adam var, illər keçdikcə başa düşür ki, kənddə danışacağı, ağlayacağı, onun nazını çəkəcəyi kəslərin hamısı yovşanlı təpədəki məzarlıqdadır. Ayaqları ora çəkir. Evindən çıxar-çıxmaz buz kimi mərmərlərə sarılmaq üçün qəbiristanlığın yolunu tutur. Sinif yoldaşları ilə çay içdikləri, atalarının verdiyi pulun bir çaydanlıq şirin, məzəli söhbətə çatdığı o günlərin nişanı kimi quru kəhrizin yanında ilişib qalmış həmin kafe də indi heç nə ifadə etmir. Uçub dağılmış köhnə məktəbin divarlarına yazdıqları film replikaları, mahnı adları, ləqəblər isə o viranənin tək rəngli tərəfidir. Ora getmək indi o qədər mənasızdır ki. Həmin uşaqlıq dostları da başqa-başqa qədərə boyun əyib yoxa çıxıblar. İstəsə, bircə mesajlıq məsafədədirlər, amma istəmir. Bax o küçədə, yüzcə metr aralıda parta yoldaşının evidir, amma getmək, darvazanı döymək keçmir içindən. Çünki başa düşür: artıq kənd hekayəsi öz nöqtəsini ondan bixəbər qoyub. Qışqırmaq, ağlamaq, gülmək, saatlarla gəzmək, kəndin alatoranlığında hürüşən itləri cırnatmaq, uzaqdakı rəməlikdən qayıdan çobanlara salam vermək, sürünün içindən öz qoyunlarını tapmaq istəmir. Qohum-əqrabanın evinin yolunu tutmağa, illərin turşutduğu kəmturş çaxırın hərarətində qızışıb evə bir az yellənə-yellənə qayıtmağa həvəsi qalmayıb. Kəndin ağsaqqalları kimi dilində "inşallah, sübhanallah" sözləri mızıldana-mızıldana ona verilən yekə-yekə suallara cavab qaytarır. Əllərini cibinə salıb, başını önə əyib eləcə getmək istəyir. Arxasında qoyub getdiyi hər şeyə şirin bir xatirənin masmavi adlarını paylayıb getmək. Oradakı hamının, hər şeyin, hər yerin yadından çıxıb eləcə getmək. Gedəcəyi yer onu xoşbəxt edəcəkmiş...

Adam var, xırdaca kənddən baş götürüb gəlir nəhəng şəhərə. İtib-batır qələbəliyin içində. Nə dost var, nə tanış. Nə ana nəvazişi, nə ata məsləhəti. Nə məzəli söhbətlər, nə də qoyub gəldiyi o isti doğmalıq. Heç nə yoxdur. Hündür binaların yanından qarışqa kimi ora-bura keçən tanımadığı milyonlarla adam var. İşıqlı, şəkilli, çilçıraqlı mağazalar. Səs-küylü restoranlar, səsi heç vaxt kəsilməyən maşınlar. Nəfəsi daralır adamın. Metrolar yerin altından, avtobuslar yerin üstündən içi adam dolu filan prospektdən filan idarənin qabağına kimi şütüyürlər.

Harasa girir, yoxlanılır, hardansa çıxır, yenə yoxlanmaq. Onsuz da yad olduğu şəhərdə ona yaddan da yad münasibət göstərilir. Hər şey təzədən başlanır. Fikirləşir ki, burda, bu qədər rəngin içində təzə xəyalları olacaq, təzə dostlarla o xəyalların dalınca qaçacaq. İllər keçir meqapolisdə. Adam başa düşür ki, kənddə ömür lal çay kimi sakit, yavaş, şəhərdə təzə müştəriləri mindirməyə tələsən karusel kimi sürətlə keçib gedir. Jetonun bir nəfəslik vaxtı var, çəkir içinə, burnundan havaya üfürməmiş deyirlər, düş, axşam oldu, bundan sonrası bax orada, məsələn, o kafedə səmimiyyətsiz insanların arasında keçəcək. Həvəs də qırılır, qanadlar da. Xəyallara aparan yollar idarələrin dəhlizində daralır, kabinetlərin içində gərəksiz suallarla kəsişir və adam başa düşür ki, burada, bu tanımadığı, tanımaq istəmədiyi şəhərdə dinclik tapa bilməyəcək. O biri sahilləri görünməyən dənizin sahilində qışqır-bağır salan qağayılar da, elə bil, nəyəsə dözüb qalırlar bu dənizin üstündə. Qağayılar da dənizin uçmaq arzusudur, bir gün bu arzudan əl çəkəndə o boz-bəyaz quşlar uçub gedəcəklər başqa sahillərə. Əzbərlədiyi küçələrdən hər dəfə keçəndə adam başa düşür ki, illər ona xəsis davranıb və ömründən elə bu şəhərin küləkləri kimi boş-boşuna əsib keçib. Bir az da uzağa getmək istəyir. Boğulduqca uzağa, lap uzağa. Ayaqları tərgidir sahillərin mərmər soyuğunda gəzməyi. Əlləri unudur salamlaşmağı. Gözlərindən qeyb olub gedir gəncliyin işıltılı arzuları. Və gedir...

Adam var, nəhayət, çatdıqları yerdə başa düşür ki, onun qədəridir yol. Yenə, nə vaxtsa, ilk fürsətdəcə, ilk boğulmadaca burdan da çıxıb gedəcək.

Yenə hər şeyi sıfırdan başlayacaq. Bundan sonrakı üç-dörd il üçün təzə dostlar tapmalıdır, təzə evlər, təzə yerlər... Həyat bir ipin yumağına dönür. Çəkdikcə gəlir, çəkdikcə gəlir, haradasa düyünlənir, açılır, bir də təzədən. Yorulub qərib şəhərin, qərib evinin bir küncündə lap uşaqlığına, ən birinci nəyi, haranı xatırlayırsa, oraya qayıdır adam. Eşdikcə eşir xatirələr bağçasını. Təzə-təzə bar verən yabanı meyvə ağaclarına fikir də vermir, iyirmi il əvvəl yarpaqları, ləçəkləri solub torpağa qarışan qızılgülləri axtarır. Tapdığı bir qoxu olur, o da tez çəkilib gedir... Yol görünür. Ya lap əvvələ, ya lap axıra. Bu diyarın qəribliyinə öyrəşəndə adama elə gəlir ki, xoşbəxt olmaq üçün bir az da uzaqlaşmalıdır. Məşhur mahnıda deyildiyi kimi:

Uzağın bir adı var

Uzağa gedir yollar...

İtirir izlərini

Ardından dalğalar...

# 1209 dəfə oxunub

Oxşar xəbərlər

Elza Seyidcahan:  “Şeirlərim dərsliklərə düşür, kitablarım hamısı alınıb”

Elza Seyidcahan: “Şeirlərim dərsliklərə düşür, kitablarım hamısı alınıb”

12:23 22 noyabr 2024
Cennifer Lopesin yeni sevgilisi

Cennifer Lopesin yeni sevgilisi

10:53 22 noyabr 2024
Tanınmış xanəndə vəfat etdi

Tanınmış xanəndə vəfat etdi

10:10 22 noyabr 2024
Bu televiziya kanalları ilə bağlı tədbir görüldü

Bu televiziya kanalları ilə bağlı tədbir görüldü

09:27 22 noyabr 2024
Daha bir serial final edir

Daha bir serial final edir

09:19 22 noyabr 2024
"Vətəndaş A"nın səs rejissoru:  "Çıxarılan o səhnələrə rejissora etiraz edəcək qədər heyfim gəlir" - Müsahibə

"Vətəndaş A"nın səs rejissoru: "Çıxarılan o səhnələrə rejissora etiraz edəcək qədər heyfim gəlir" - Müsahibə

09:00 22 noyabr 2024
# # #