Yekaterina kimi hərəmxana qurmuşam yalqızlığımdan... - Ülviyyə Lalənin şeirləri

Yekaterina kimi hərəmxana qurmuşam yalqızlığımdan... - Ülviyyə Lalənin şeirləri
28 iyul 2025
# 17:00

Kulis.az Ülviyyə Lalənin şeirlərini təqdim edir.

***

Ayaq dırnaqlarımı qırmızıya boyadım,
albalıya oxşadı.
Nə gözəl rəssammışam.
Bəlkə sənin surətini də
köçürüm ürəyimə?


***

Gəl, günortanın istisində görüşək
və həyəcandan tərləyəndə
ataq havanın üstünə...


***

Bəşəriyyəti bətnində daşıyan qadın
özünə bəzək verir —
gah dodağını, gah dırnağını boyayaraq.
Maykl Cekson kimi
o da inanmır öz möhtəşəmliyinə.
Biri irqçiliyin,
Biri cinsiyyətçiliyin yükünü daşıyır çiyinlərində...

***

Nənəm siqaret çəkməyib,
dərd çəkib —
altı qızına ər tapmaq dərdi.
Öz sözüdür.
Nənəm siqaretin deyil,
təndirə çörək yapanda,
yemək bişirəndə —
ocağın tüstüsünə boğulub.
"Siqaret çəkmək sağlamlığa zərərdir"
təndirin üstünə yazılmayıb
siqaret qutusuna yazıldığı kimi.
Bəh-bəhlə yemişik təndir çörəyini,
ocaqda bişirilmiş yeməyi,
həm də nənəmin ömrünü —
tüstü ilə.

***


Niyə sevgi şeiri yazmırsan?-
soruşur kişi şairlər.
Sevgini qadağan edib
atam ağlım kəsəndən.
Sevmək başaşağılığı gətirər atama,
mənə,

bütün qohum-əqrəbama,
"Sevgi" sözü qadağan edilib,
yoxdur leksikonumda –
günah kimi,
ayıb kimi,
“qadağan edilmiş kitab” kimi...

***

Mən kaktusam.
Çiçək açmadım
sən gedən gündən.
Yekaterina kimi
hərəmxana qurmuşam
yalqızlığımdan.
Özümə cəza verirəm,
kədərimdən həzz alıram
öz acığıma.

***

Əsrlər boyu
şəninə tərif deyib,
mədh ediblər
əndamını, yerişini, duruşunu
əsir etdikləri qadının...
Şirin söz nəyə gərək
azad deyilsə qadın.
Xəyalı göylərdədir,
vücudu yanında olsa,
nə fayda.

***

Öldürürəm səni
gündə min dəfə
öz xəyalımda...
Sonra oturub şeir yazıram
sevgidən.
İnsanları qətlə yetirib
məhəbbət şeirləri yazan
hökmdarlar kimi.


***

Şərq qadını —
əlində fırça,
üzünə çəkir rəngləri...

Ənlik, kirşan —
təmas edir iztirabın alt qatına.
Ağarmış dodaqlarını —
qanla yox, boya ilə qızardır.
Kimyəvi bir boya ilə
gizlədir anemiyanı.
Qırılmış dırnaqlarını yapışdırır,
saçına qaynaq bağlayır —
belə gizlədə bilir
bədənində çatışmayan D vitamini günəşini.
O boyanır —
üzünüz ağ olsun deyə.
Qaralır içi,
parlayır çölü.
O bir günəşdir —
günəşsiz qalsa da, işıq saçan,
həsrət içində
özünü yandıran qadın.

# 348 dəfə oxunub

Oxşar xəbərlər

Böyük Çin səddi kərpic-kərpic yoxa çıxır – Cütlüyün inanılmaz planı

Böyük Çin səddi kərpic-kərpic yoxa çıxır – Cütlüyün inanılmaz planı

18:40 28 iyul 2025
"Messinin sevimli qolu"  əsəri satıldı

"Messinin sevimli qolu" əsəri satıldı

18:00 28 iyul 2025
Türkiyənin Azərbaycandakı səfiri APA Media Qrupda

Türkiyənin Azərbaycandakı səfiri APA Media Qrupda

17:50 28 iyul 2025
Bu tapıntı tarix dərsliklərini dəyişəcək

Bu tapıntı tarix dərsliklərini dəyişəcək

17:30 28 iyul 2025
Məşhur aktrisa oğurluğa görə saxlanıldı

Məşhur aktrisa oğurluğa görə saxlanıldı

17:00 28 iyul 2025
"Kurtlar Vadisi"nin aktyoru:  "Bir də çəkilsə, oynamaram"

"Kurtlar Vadisi"nin aktyoru: "Bir də çəkilsə, oynamaram"

16:03 28 iyul 2025
#
#
# # #