Kimi sevir, kimi güllələtdirir, kiminlə yeyib-içir? – Nəsimi Nəbizadə bütün sirlərini açıb-tökdü

Kimi sevir, kimi güllələtdirir, kiminlə yeyib-içir? – Nəsimi Nəbizadə bütün sirlərini açıb-tökdü
29 oktyabr 2019
# 13:14

Bu gün tanınmış teleaparıcı, əməkdar jurnalist Nəsimi Nəbizadənin 45 yaşı tamam olur. Kulis.az bu münasibətlə Nəsimi bəyi təbrik edir və “Səni deyirlər” layihəsində onunla söhbəti oxucuların diqqətinə çatdırır.

- Gəl, “Nəsimi İli”ndən başlayaq. Yəni adının məsuliyyət hissindən. Bu, sənin üçün ciddi bir mövzudur, yoxsa zarafatdır?

- Əvvəla bunu deyim; 45 il əvvəl Nəsimi adı təkcə mənə verilməyib, Bakının Nəsimi rayonu da həmin il indiki adını alıb və mən həmin rayonda qeydiyyatdayam. Hə, deyəsən "Nəsimi" filmi də həmin illərdə çəkilib. Tarixlə götürsək, mən doğulduğum ildə İmadəddin Nəsiminin 605 yaşı tamam olub, yəni o, məndən 605 bayram böyükdür (gülür). Adın insanın üzərindəki məsuliyyətinə gəlincə - Dədə Qorqudluq eləmək kimi çıxmasın, düşünürəm ki, bu fani dünyada heç kəs heç kimin məsuliyyətini daşımadığı kimi, adaşlar da bir-birinə cavabdeh deyil. Hərə öz adı üçün yaşamalıdır ki, sonra adı da onu yaşatsın. İndi kim necə yaşayır, qəmi kəm! Qaldı bu ilə, mən düşər-düşməzə inanan, belə şeyləri sınayan adam deyiləm. Çox sevindiyim hadisə iş yerimizin fəaliyyətini yenidən bərpa etməsidir, dostlarla yenidən hər gün görüşmək gözəldir. Düz demirəm? Bizim kollektivdən harda var axı? Xoşagəlməz hadisə də olub. Bu məsələ özəldir, danışmaq istəmirəm bu barədə. Yəni, demək istədiyim odur ki, rəhmətlik Şaiq Vəlinin şeirindəki kimi - olacaqlar, olacaqlar!

- Yadındadırsa, gənc jurnalistlərdən biri səni AzTV dövründəki diktorluğunu nəzərə alaraq, belə təqdim etmişdi: “Biz bu əminin yalanları ilə böyümüşük”. Deyəsən, buna etiraz etməmişdin. Susmaq razılıq əlamətidir.

- Turxan Qarışqanın sözüdür. Niyə etiraz etməliydim ki? Elə ən çox özümün xoşuna gəlmişdi, neçə gün güldüm. Efirdə yalan olmur bəyəm? (gülür). Mən həmişə demişəm ki, jurnalistikanın ən ciddi belə deyək, qolu - xəbər, həm də ən böyük şoudur. Turxan dostumdur. Yeri gəlmişkən, onunla bir fotom var, sonradan fotomontajla onu İmadəddin Nəsimiyə çevirmişəm (gülür).

- Hazır mətni oxuyan diktor nə qədər yalançı sayıla bilər?

- Bilirsən, belə mövzular kiçik bir yubiley söhbətinə uyğun deyil. Diktorluq sənətdir, a kişi, bunu birdəfəlik hamı bilsin! Özü də böyük sənət, ürək, istedad, incəliklər tələb edən sənət. Yalançılıq nədir? Ayıbdı eee. Guya ki, rəngsaz, pinəçi, yaxud həkim, mühəndis yalan danışmır? Ən böyük yalançılar elə siz yazıçılarsınız! Kitab-kitab, özü də qalın-qalın yazırsız yalanı. Belə yanaşmalar adətən siyasətlə məşğul olanlardan, bir-birinə müxalif olan tərəflərdən gəlir. Məsələn, ölkədəki mövcud iqtidara müxalif bir yoldaş mənə bu günlərdə səsləndirdiyim mətnin linkini göndərib, xeyli irad və ittiham bildirdi. Ona bir kəlmə ilə başa saldım ki, dost, gəl çox uzağa getməyək, götürək elə Azərbaycanı. General-polkovnik Vaqif Axundovu məsələn. Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisini. Səhv etmirəmsə, Ayaz Mütəllimovla da işləyib, rəhmətlik Əbülfəz Elçibəylə də, Heydər Əliyevlə də. Niyə? Çünki adam öz işinin peşəkarı, ən yaxşısıdır. Bir də baxdım, dost susub, danışmır.

- Şəxsən mən səni o yaşda özümə düşmən hesab edirdim. Cizgi filminin ortasında qəfil peyda olurdun. Yəqin, mənim kimi bir xeyli uşaqların sənə acığı tutub.

- Habil Əliyevin hansısa ali məktəbdə tələbələrlə görüşü olur. Tələbələr ona müxtəlif suallar, o da maraqlı cavablar verir. Tədbirin şirin yerində bir qız başlayır və əl çəkmir ki, bəs, Habil müəllim, siz niyə məhz kamançanı seçdiniz, bu alət sizi necə maraqlandırdı, bəlkə səsi, bəlkə quruluşu? Axı niyə kamança? Ustad baxır ki, bu qız əl çəkmir, birdən qayıdıb deyir: “Ay qızım, sən Allah bağışla, uşaq olmuşam, bir qələtdi eləmişəm, bir də eləmərəm...” İndi sən də məni peşman eləmək istəyirsən, deyəsən. Televiziyada "efir setkası" deyilən bir sistem var. Hər şey həmin o "setka" ilə nizamlanır. Dediyin məsələ baş verəndə həmin o "setka"da hər şey dəyir bir-birinə. Yox, əgər sənin filmlərə və başqa proqramlara baxmağına mən mane olmuşamsa, onu da laməkanlığıma keç... (gülür).

- Elə bil bir az hirsləndin?

- Yox. Allah eləməsin.

- Onda icazə ver, bir sual da verim. İşə getməməklə bağlı məşhur bəhanələrin olub. Hər dəfə bir şey uydurmusan. Bir günsə qəribə bir söz demisən: dilim ağrıyırdı! Dilin indi ağrımır ki?

- Bilirsən, media işçilərinin baməzə söz-söhbətləri ədəbi camedəkilərində geridə qalmır. Əksinə, daha maraqlı və duzlu alınır. Məndə də olub. Elə "dilim ağrıyır" söhbəti ən yadda qalanlarındandır. “Kulis” yazıb bir dəfə mənimlə bağlı. Gərək ki, “Maraqlı adam” layihəsində. Əhvalatların bir neçəsini özüm verdim sizə. Bilmirdiniz (gülür).

- Bir şəxsi sual da keçir ürəyimdən. Müsaidə varsa...

- Buyur. Buyur. İcazə verməsəm də verəcəksən. Səni tanıyıram.

- Eşitdiyimə görə, tanınmış bir jurnalist xanımı çox möhkəm sevmisən və ona görə indiyə qədər ailə qurmamısan...

- Birini yox, ikisini. Amma başqa-başqa vaxtlarda. Atalar üçdən deyib, görək də. Ciddi deyirəm. Xoşuma gələnlər var. Amma sənin nəzərində tutub, sualını verdiyin sevmək hissi qurtarıb deyəsən. Hə, yeri gəlmişkən, üç gündən sonra sənin toyuna gələcəyik. İndidən təbrik edirəm!

- Çox sağ ol. Amma elə bil sualdan yayındın.

- Yox, a kişi (gülür). Hələ də subayam, qorxan yerim yoxdur.

- Sən də hamının çox istədiyi adamlar siyahısındasan. Səbəb nədir, görəsən?

- Deməzdim ki, məni hamı çox istəyir. Məndən zəhləsi gedənlər də var, tanıyıram (gülür). Amma azdı sayları. Deyirlər, o adamın ki, düşməni yoxdur, ən təhlükəli adam da elə odur.

- Meyxanaya aşırı sevgin hardandır? Saraylıyam demə, çünki sən məhəlli düşünən adam deyilsən.

- Meyxana ola bilər məhəlli səviyyəli, meydan çərçivəli bir yaradıcılıq nümunəsi olsun kiminsə münasibətində. Amma meyxanaçıların arasında elə söz deyənlər var ki, həmin sözü tapmaq, mənalandırmaq, necə deyərlər, yerinə oturtmaq üçün bəzi tanıdığımız və meyxananı aşağılayan şairlərimiz günlərlə gücənir. Yeri gəlmişkən, burda bir haşiyə çıxaq. Bizim Orxan Məmmədlinin - rəhmətlik Məmməd Nazimoğlunun oğlunun bir yaxşı tapıntısı var; şeir nədir, şeir necə olur sualına cavab kimi. Deyir, var ürək şeiri, var idrak şeiri. Çox xoşuma gəlir bu müqayisə. Bax, mən ürək şeirinin tərəfdarıyam, onu şeir hesab edirəm. Şair ki, söz üçün gücəndi, heç nə. İndi meyxananı kim ədəbiyyata yaxın, kim uzaq hesab edir, özü bilər.

Həm də meyxananı da meyxanaçı deməlidir, necə ki, mahnını səsi olmayan müğənninin ifasında eşitmək istəmirsən, bu da elə. Çoxu bilmir, amma vaxtı ilə Cəfər Cabbarlıdan tutmuş, Cəfər Xəndana qədər yığışıb yeyib-içəndən sonra meyxana deyiblər. Bu bir növ motivasiya olub bəlkə də onlar üçün. Nəyi pisdi ki? Qoy elə bunu da bilsin oxucular. Çağdaş şairlərimizdən də yaxşı deyənlər var. Salam Sarvanla bəlkə ən güclü meyxanaçılar da bacarmaz, Cəlil Cavanşir də əladır (gülür). Şəhriyar del Geraninin yaxşı meyxana deməyi var. Elə mən özüm də babatam (gülür). Bir də ki, ruslar yeyib-içəndən sonra “çastuşka” deyib əylənir, gürcülər oxuyur, biz meyxana deyəndə nə olar? Dünya dağılmaz ki? Əylənirik də...

- Sən həm də gəncəlisən. Bu necə olur?

Əslim-köküm Gəncədəndir. Amma mən Bakının Saray kəndində doğulub böyümüşəm. Bu sualından da hiss etdim, meyxanaya həvəsimlə bağlı səni təəccübləndirdisə, narahat olma, əvvəllər meyxana Bakı kəndlərinin monopoliyasında olsa da, indi Gədəbəydə də deyən var. Yəni, meyxana Biləcərini çoxdan aşıb. Türkiyədə sinov gedənlər var. Hətta götürüb oxuyan müğənnilər var.

- Çoxlu maraqlı əhvalatların var. Özün quraşdırırsan, ya həqiqətən olur bu əhvalatlar?

- Olub. Hətta bayaq dedim ee, mənimlə bağlı əhvalatları bir dəfə yazmışdınız. Onda yadındadır, sənə dedim ki, filan deyilən quramadı, amma filankəs çox istedadlı quraşdırıb.

- Nədənsə, Murad Köhnəqalayla yaxın dostluqdan sonra bu əhvalatlar birdən-birə ortaya çıxmağa başladı. Adam şübhələnir ki, əhvalatları Murad quraşdırıb.

- Murad da bu yaxınlarda yubileyini qeyd etdi. Burdan onu yenə təbrik edirəm. Murad Köhnəqala yumor hissi yatmayan adamdı. Bir ara onunla lətifələr yazmaq qərarına gəldik. Bunu Facebook üzərindən bir-birimizə yazırdıq ki, reaksiyaları görək. Baxdıq ki, millət artıq orda necə deyərlər, ağzımızı güdür. Bir müddət davam etdik. Aqşin də qoşulmuşdu bizə. Onda da əla alınırdı. Sizə deyim, lətifə yazmaq bəlkə də ən çətin yazı işidir.

- Deyəsən, bir dəfə deyibsən ki, yazsam, bu yazıçılar qabağımda dura bilməz.

- Mən elə indi də deyirəm. Son vaxtlar qəribədir, aşırı yazmaq həvəsi hiss edirəm. Bəlkə də siz yazıçılar bunu göydə gəzirsiniz. Mən isə xəbər adamıyam. Xəbər yazısı quru yazıdır. Bu sahənin adamı olmasaydım bəlkə də yazardım irihəcmli nəsə və yaxud şeir. Xəbər yazmaq enerjimi alır. Yazmamaq da olmur axı. Dolanışığım da xəbərdən çıxır. “Kulis”lə bir damın altında işləməyin ən yaxşı tərəfi odur ki, hərdən yanınıza düşüb, heç olmasa ədəbiyyat söhbətləri edib, qurdumu öldürürəm. Bir də ki, Şərif tutub bir neçə dəfə, deyib, filan sözü o xəbərdə əla otuzdurmuşdun, xəbərdə işlədilməyən söz olsa da. Bir də Salam Sarvan bir dəfə dedi ki, Nəsimi yaza bilib, amma yazmayan adamdır. Onu döymək lazımdı (gülür). Yarızarafat, yarıgerçək bir xəyanətkar damğası da yapışdırdı.

- Gəl, belə bir sual verim: Muradı, Salamı və Aqşini güllələməyə aparırlar və sən birini xilas edə bilərsən. Hansını seçərdin?

- Aqşini. O bir dəfə o biri dünyanı görüb gəlib bəsidir. Qoy qocalar da gedib gəzsin də. Nə paxıllıqdı?

- Deyirlər, içkidən daha çox içdiyin adam gözəl olmalıdır. Sən özün də bu siyahıya daxilsən. Bəs sənə görə Azərbaycanın ən yaxşı badə yoldaşı kimdir?

- Səbuhi Məmmədli. Onunla məclisimiz tutur. Amma həmin vaxt rus demiş "tretiy lişnıy". Amma daha əvvəlki məclislər olmur. Bilirsən, Ayxan, bəlkə səndə də belə olacaq. 40 yaşdan sonra xeyli dəyişiklik hiss etdim özümdə və bu davam edir. Bir də bilirsən nəyi hiss edirəm? Hər şey yaxşılığa doğru gedir. Çox arxayınam. Amma bilmirəm hələ nədən, nə üçün, kimdən arxayınam?

- Ad gününü kimlə və necə qeyd edəcəksən?

- APA TV-nin kollektivi ilə. Sonra ata-anama dəyməyə gedəcəm. Hə, 5 il də yaşaya bilsəm, 50 illiyimi yəqin ki, təm-təraqlı qeyd edəcəm. Yox, yaşaya bilməsəm, məni utandırmayın, özünüz nəsə eləyərsiz (gülür).

# 20761 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #