Bu gün tanınmış şair Adil Mirseyidin anım günüdür. Kulis.az onun haqqında maraqlı faktları təqdim edir.
Universitet oxumamışdı Adil Mirseyid. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdı. Qəribədir ki, orta təhsilli olsa da, intellektual səviyyəsi çox yüksək idi. Onun ədəbiyyat, sənət, rəssamlıq haqda söhbətləri ensiklopedik təsir bağışlayırdı və bu söhbətlərin işığına çoxlu gənc yazarlar yığışırdı.
***
Həm rəsmlər çəkirdi, həm də şeirlər yazırdı. Daha çox şair kimi tanınırdı. Hərdən deyirdi ki, rəsm çəkməyim məni yoxsulluğun əlindən xilas eləyir. Özünün sözüdür: “Mələklər mənim bir əlimlə şeir yazır, o biri ilə rəsm çəkir”.
***
Durğu işarələrindən imtina etmişdi. Şeirlərində durğu işarəsi qoymurdu. İlk dəfə çap olunmağa gedəndə tanınmış jurnal rəhbəri ona belə demişdi: “Rəssamsan, get şəkil çək. Səttar Bəhlulzadə kimi rəssam ol, qoy şairlər sənə şeirlər yazsınlar”. Adil Mirseyid bundan acıqlanır və başqa bir redaktorun yanına gedir. O da şeirləri çap etmir. Üstündən bir-iki ay keçəndən sonra Nazim Hikmətin şeirlərindən bir neçəsini götürüb gəlir redaksiyaya. Şeirləri çap etməyən redaktor bu dəfə deyir: “Keçən dəfə daha yaxşılarını yazmısan. Bu nə şeirlərdir?”
***
Yaşı ötsə də modern tərzdə geyinməyi sevirdi. Cırıq şalvar, rəngli kostyum və bir də çoxlu qolbaqlar... Bir növ onu fransız şairlərinə bənzətmək olardı. Kasıb olsa da, aristokrat kimi geyinməyi və o cür davranmağı sevirdi. Bəzən dostlarının yeyib-içmək üçün pul axtardığı vaxt “Qardaş, bəlkə bir badə viski içək” deməyi hər kəsi çaşdırırdı.
***
Ömrü boyu Paris həsrəti ilə yaşadı. Ən çox getmək istədiyi şəhər idi. Hətta ora aid şeiri də var. Bir dəfə şair Əlisəmid Kür onların evində olub. Adil Mirseyidin kasıbçılıq içində yaşadığını görən Əlisəmid əsəbiləşərək deyib:
- Şeirində yapon balıqlarından yazırsan. Evində də səfalət. Bundan yaz da...
***
Paris həsrəti, Eyfel qülləsini görmək istəyi o qədər böyük idi ki, öz-özünə fransız dilini öyrənmişdi. Şarl Bodleri orijinaldan oxuyurdu. Bəzi şeirlərində fransızca ifadələr var. Hətta Bakıya bir dəfə qonaq gəlmiş fransız şairlə söhbətləşəndə qonaq heyrətlənir. Bir yerə çatanda Adil Mirseyidin fransızcası tükənir. Qonaq onun fikrini ifadə edə bilmədiyini görüb gülümsünür:
- Mən türkcə bilirəm, keçək sizin dilə...
***
İndi dəbdə olan yumru, xırda gözlüklü eynəyi vardı. Fotoqraf dostu Şahin Yüksəl gecə vaxtı onlara gedib. Qonşu imişlər. Həyətdə oturub söhbətləşirlərmiş. Axşam düşəndə Adil Mirseyid evə keçib ədyala bürünüb. Qaranlıqda qəfil çıxanda Şahin Yüksəl dik atılıb. Elə bilib, Mahatma Qandi dirilib gəlib.
***
Onun yumru eynəyi ilə bağlı başqa bir əhvalat... Əlisəmid Kür ruhi xəstəxanada müalicə alan vaxt bir gün darıxdığından ordan qaçır. Taksiyə oturub özünü Zəlimxan Yaqubgilə yetirir. Yolda təsadüfən Adil Mirseyidlə rastlaşır. Onu da taksiyə götürür. Zəlimxan müəllimgilin həyətinə çatanda axşamçağıymış. Həyətdən taksinin üstünə işıq düşürmüş və bu işıqda Adil Mirseyidin maşının pəncərədəki üzü yumru şüşəli eynəyi ilə çox poetik və romantik görünürmüş. Əlisəmidin dəlixanadan belə laübalı gəlişinə çaşan Zəlimxan Yaqubu bir yandan da maşındakı adam həyəcanlandırır:
- O kimdi? – Əlisəmiddən soruşur. Həm də öz aləmində bu sualla onun ağlının yerində olub-olmadığını yoxlayır. Əlisəmidin cavabı şairi diksindirir:
- Hüseyn Cavid! Yolda rastıma çıxdı, oturtdum taksiyə, gətirdim.
***
Yeni texnologiyaya alışa bilmirdi. Kompüterdə yazmağı bacarmırdı. Deyirdi, mürəkkəb qələmlə yazmaq mənə ləzzət edir. Mürəkkəbli qələm olmayanda yaza bilmirmiş. İlham mənbəyi mürəkkəbli qələm imiş. Sonradan qızı Ayan onun yazdığı əlyazmaları kompüterə köçürür və saytlara göndərirdi.
***
“Qar” şeiri onu məşhurlaşdırmışdı. Bu şeir müəllifindən daha çox populyarlıq qazanmışdı. Hər qar yağışında Adil Mirseyidin bu şeiri sosial şəbəkələrə yağırdı...
***
“Camel” siqareti çəkər, N.Tusi ilə üzbəüz zirzəmidəki türk kafesində oturub bir bardaq çay içməyi sevərdi. Hərdən Sahil bağında çıxıb gəzərdi. Və ordakı yapon ağaclarına baxıb deyərdi ki, bu ağaclar öz vətənlərindən uzaq düşüblər.
Bir xasiyyəti vardı: gəzəndə dinləyicisinin diqqətini çəkmək üçün ya onu dümsükləyir, ya da dayanıb danışırdı.
Bir dostuyla parkda gəzirlərmiş. Onda Adil Mirseyidin qolu sınıbmış, gibsə salıblarmış. Dostu sevincək-sevincək gəzirmiş ki, Adil onu dümsükləməyəcək. Elə bu dəm görüb, Adil o biri əlini uzadıb dümsükləyir:
- Qardaş, qulaq as...
***
Kirayə qaldığı evin sahibi yekə bir it saxlayır, gecə saatlarında açıb həyətə buraxırmış. Adil Mirseyid evə gecikəndə o itin qorxusundan dostlarının yanında qalırmış.
***
Uzun müddət qara ciyər serrozundan əziyyət çəkdi. Müalicə olundu. Ümidsiz müalicələr. Və 2014-cü ildə yoxsulluq içində kirayə qaldığı mənzildə vəfat etdi. Sonralar ailəsinə jurnalistlərin binasından ev verdilər.