450 manata satılan Aytacın dəhşətli həyat hekayəti – Könül Cəfərli yazır...

450 manata satılan Aytacın dəhşətli həyat hekayəti – Könül Cəfərli yazır...
1 noyabr 2019
# 09:00

Kulis.az Könül Cəfərlinin “Aytacın həyatı” hekayətini təqdim edir.

Aytacın bəxti doğulduğu gündən gətirmədi. Nənəsi qərarlı idi, nə günahsız körpəyə, nə də gözünün yaşını sel kimi axıdan qızına yazığı gəlirdi. Bəlkə də ürəyinin dərinliyində o da qan ağlayır, balanı anadan ayırmaq istəmirdi. Amma el qınağı, qonşu tənəsi içindəki mərhəməti səsini boğurdu. Həm də nənə razı olsaydı belə, babası qətiyyən evə yaxın qoymaz, əlindən xəta çıxardı.

- Atan öldürər! Bu uşağı hansı adla kəndə aparaq? Camaat deməz ki, kimdəndir? Hardan peyda oldu? Adam arasına çıxmağa üzümüz qalmaz.

Aytac qeyri-qanuni münasibətdən dünyaya gəlmişdi. Valideynləri bir-birini sevsə də, Əli kişi qızını bəyənmədiyi ailəyə gəlin köçürmək istəmir, hər dəfə Habilin elçilərinə rədd cavabı verirdi. Axırda əlacı kəsilən gənclər kənddən Gəncəyə qaçaraq, bir qohumun evinə sığınır. Lakin kişi qaçaqların yerini tapıb, qızını götürüb kəndə gətirir. Deyilənə görə, əvvəl Rahilənin başını kəsmək istəyir. Amma qız yalvar-yaxar edir ki, oğlan mənə toxunmayıb. Ata ürəyi də dözmür, övladını bağışlayır.

Dəhşətli həqiqət 5 ay sonra üzə çıxır. Ailə qızın hamilə olduğunu öyrənir. Evdə növbəti fırtına qopur. Əli kişi bu rüsvayçılığı əsla qəbul etmək istəmir, namusunu qanla təmizləməyə qərar verir. Rahiləni saçından sürüyüb tövləyə aparır. Əvvəl hamilə qızını asmaq istəsə də, fikrindən vaz keçib, əlini baltaya atır. Qız nə qədər fəryad etsə də, ata razılaşmır, “Tək özünü deyil, hamımızı bədbəxt etdin. Əvvəl səni öldürəcəyəm, sonra da özümü. Mən bu ayıbla yaşaya bilmərəm!”, - deyir.

Bu davanın qanla bitəcəyini görən Yaqut xalanın ağlına bir fikir gəlir. Ərini sakitləşdirməyə çalışaraq, başqa bir çıxış yolu da olduğunu söyləyir:

- Ölənin də arxasınca danışırlar. Söhbət kəndə yayılsa, onsuz da biabır olacağıq. Yaxşısı budur, aparaq Gəncəyə, orada gizli saxlayaq. Camaata da deyərik, Rusiyaya, qardaşının yanına gedib. Doğulandan sonra uşağı götürüb yetimxanaya verərik, qız da qayıdıb evə gələr. Heç kəs də olanlardan xəbər tutmaz.

Əslində, Əli kişi pis adam, qəddar ata deyildi. Övladını da çox sevirdi. Hətta Rahilənin qoşulub qaçmağını da bağışlamışdı. Bəlkə də camaatdan çəkinməsəydi, yenə bağışlayar, qızını körpəsi ilə birgə qəbul edərdi. Amma bic nəvənin ağır tənəsindən qorxurdu. Qohum-qonşunun sərt qınaqlara tab gətirəcək gücdə deyildi.

Amma arvadın təklif etdiyi plan Əli kişinin ağlına batır. Razılaşdıqları kimi də edirlər. Rahilə doğanadək Gəncədə qapalı şəraitdə qalır, 4 ay adam içinə çıxmır. Vədə yetişib, sancısı tutanda anası mamaçanı mənzilə gətirir. Ev mühitində olsa da, doğuş rahat keçir, Aytac sağ-salamat dünyaya gəlir.

Əvvəl valideynlərinin planı ilə razılaşan Rahilə körpəsini qucağına alandan sonra fikrindən dönür, balasından ayrılmaq istəmir.

- Qızımı heç kəsə vermərəm. Sizə əziyyət olmayacaq, özüm baxıb böyüdəcəyəm. Ayağımı da kəndə basmaram, heç kim bilməz. İstəyirsiniz, məni övladlıqdan silin, bir də üzümü görməyin. Amma yalvarıram, balamı əlimdən almayın.

Qadın nə illah etsə də, Rahilə qızını heç vaxt atmayacağını, Gəncədə qalıb yaşayacağını deyir. Axırda anası başa salır ki, əgər uşağı yanında saxlasan, əvvəl-axır söhbəti kəndə çatacaq, Əli kişi də namusunu təmizləmək üçün ikinizin də başını kəsməli olacaq: “Bunu atan etməsə də, qardaşların sizi sağ qoymayacaq. Özünə yazığın gəlmirsə, balanı düşün. Bəlkə də qarşısına yaxşı bir ailə çıxıb, öz balaları kimi böyüdəcək”.

Yalnız ölüm qorxusundan sonra Rahilə Yaqut xalanın tələbi ilə razılaşır. Ana-bala çağanı da götürüb, körpələr evinə yollanırlar. Həyətə daxil olanda qız anasına yalvarır ki, qoy, balam bir az da qucağımda qalsın, bir də üzünü görməyəcəyəm. Anası da razılaşıb, Rahilənin balası ilə vidalaşmasını gözləyir. Bu vaxt körpələr evinin qapısı açılır, bir qadın ağlayaraq bayıra çıxır. Rahiləgilə yaxınlaşaraq, övladlığa uşaq götürmək istədiyini, amma bunun üçün pulunun çatmadığını deyir.

Bu qadın Aytacın gələcək anası, mənim isə qohumum Solmaz xala idi. Toyundan 10 il keçsə də, uşağı olmurdu. Həm bala həsrəti çəkir, həm də qaynanası “Sonsuz gəlin mənə lazım deyil, oğlum səni boşayacaq”, - söyləyib, çox incidirdi. Dəfələrlə yetimxanadan uşaq götürmək istəsə də, qohumlar qarşı çıxır, yaddan sənə övlad olmaz deyirdilər.

Axırda əlacı kəsilib, öz baldızından uşaq istəyib. O, da razılaşıb, Solmaz xalaya vermək şərti ilə 4-cü uşağa hamilə qalır. Bunu bütün qohumlar bilirdi. 9 ay boyunca baldızının bütün hamiləlik xərcini Solmaz xala çəkir. Ürəyi istədiyi hər yeməyi bişirib aparır, əlinə keçən meyvəni, mürəbbəni onun qapısına daşıyırdı. Solmaz xalanın yaxşı əl qabiliyyəti vardı, körpə üçün xeyli pal-paltar da toxumuşdu.

Nə isə, 9 ay tamam olur, baldızının 4-cü oğlu dünyaya gəlir. Amma Solmaz xalanın sevinci çox çəkmir. Xəstəxanadan çıxan kimi qadın fikrini dəyişərək, uşağı verməyəcəyini deyir. Biçarə qadın az qalır dəli olsun, 9 ay həvəs və sevinclə gözlə, bir ətək pul xərclə, axırda da əliboş qal.

Beləcə, Solmaz xala yenə övladsız qalır. Onu da deyim ki, baldızının 4-cü oğlu 1 yaşına çatanda şikəst oldu. Daha doğrusu, həkimlərin dediyinə görə, elə əlil doğulubmuş, xəstəliyi böyüdükcə ortaya çıxıb. Uşaq çox yaşamadı, 16-17 yaşında iflicdən öldü.

Baldızının imtina etməsi Solmaz xalanı çox sarsıtdı. Yaxşı ki, əri onu çox sevir, sonsuz olduğu üçün xətrinə dəymirdi. Elxan əmi arvadının çox xiffət çəkdiyini görüb, yetimxanadan uşaq götürməyinə razılıq verir. Solmaz xala evdən 450 manat götürüb, Gəncəyə yollanır. Birbaşa gəlir körpələr evinə. Ordan da deyirlər ki, bu pul çox azdır, sənə uşaq verə bilmərik. Gerisini də bilirsiniz.

Həyətdə Rahiləgillə tanış olan Solmaz xala dərdini onlara danışır. Yaqut xala da qızının başına gələnləri söyləyib, uşağı yetimxanaya verəcəyini deyir. Beləcə, aralarında anlaşma baş tutur. Rahilə ağlayaraq, balasını Solmaz xalanın qucağına verərkən tək xahişi bu olur:

- Adını Aytac qoymuşam. Yalvarıram, adını dəyişmə. Anasından ona heç olmazsa, tək adı qalsın.

Beləcə, Solmaz xala Aytacı nənəsindən 450 manata alıb, evinə gətirir. İlk gündən qızı balası kimi sevir, bağrına basır. Elxan əmi də zamanla uşağa alışır. Di gəl, qohumların heç biri Aytacı doğma kimi qəbul etmir, uşaqdan zəhlələri gedirdi. Bunu hiss edən Elxan əmi ölənədək qızının qayğısını çəkib, öz qohumlarından qorumağa çalışdı. Elə Aytacın faciəsi də atasının ölümü ilə başladı.

Birinci hissənin sonu

# 8493 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
#
#
# # #