Feysbukda keçirilən hekayə müsabiqəsinin qalibləri bəlli oldu

Feysbukda keçirilən hekayə müsabiqəsinin qalibləri bəlli oldu
19 iyun 2019
# 16:51

Bugünlərdə Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid feysbuk sosial şəbəkəsində qısa hekayə yarışması elan etdi. Yarışmanın şərti belə idi: 5 sözdən (corab, qələm, saat, ətir, alışqan) istifadə edərək bir cümləlik hekayə yazmaq.

Yarışma 10 gün qüvvədə idi. Rəşad Məcid statusunda bildirmişdi ki, bu müddət ərzində hekayəsi ən çox layk alan müəllif qalib sayılacaq, qalibə 10 kitab və yaxud 100 AZN pul mükafatı hədiyyə ediləcək, ən çox bəyənilən hekayələr isə "525-ci qəzet"də çap olunacaq.

Yarışma sosial şəbəkələrdə fəal olan yazarlar arasında böyük maraqla qarşılandı: yarışma ilə bağlı elan 27 paylaşım, 400 layk aldı, 450 rəy bildirildi. Müsabiqə çərçivəsində çox sayda bir cümləlik hekayə yazıldı.

Müsabiqənin sonunda Ceyhunə Cəlilova adlı yazar 157 səslə (layk) yarışmanın qalibi oldu. İştirakçıya öz seçiminə əsasən 100 AZN təqdim olundu (Qeyd: Ola bilər ki, bu hekayəni oxucularımız digər hekayələrdən güclü hesab etməsin. Amma yarışmanın əsas şərti layk sayı olduğundan məhz bu hekayə qalib sayıldı).

Yarışmaya marağı nəzərə alaraq, ən çox layk olunmuş bir cümləlik 10 hekayə arasında növbəti dəfə səsvermə elan olundu və qalibə 10 kitab hədiyyə ediləcəyi diqqətə çatdırıldı. Bu dəfə yalnız münsif seçilmiş şəxslərin rəyləri nəzərə alınacaqdı. 100 ədəbiyyat adamının ixtiyarına verilən 10 hekayə 5 gün ərzində bir daha dəyərləndirildi. Səs çoxluğu ilə bu dəfə Tural Turanın bir cümləlik hekayəsi qalib oldu. Ona 10 kitab hədiyyə edildi.

Beləliklə, sosial şəbəkədə böyük əks-səda yaradan bu yarışmaya yekun vuruldu.

Söz verildiyi kimi, hekayələr arasında söylənilən kriteriyalara uyğun olmayanları çıxmaq şərtiylə, ən çox bəyənilmiş hekayələri qəzetimizdə dərc edirik.

Qalib hekayə I: "Dodaqları cadar olmuş qadın saata baxdı, artıq yollanmaq vaxtı idi, alışqanını və yoldaşından yadigar qalan qələmini götürməyi unutmamışdı, axı sevgilərinin möhrü bu qələmlə qoyulmuşdu, doğrudur, bir qadınçün siqaret xoş qarşılanmırdı, lakin o dəhşətli hadisədən sonra körpəsindən qalan balaca corablarının ətrini bu tüstü qoxusuyla özünə unutdurmağa çalışırdı..."

Ceyhunə Cəlilova

***

Qalib hekayə II: "İlk qonorarımla atama alışqan, anama ətir, bacıma corab, yazıçı olmaq istəyən qardaşıma saat və qələm alıb qəbiristana - ailə məzarlığımıza getdim"

Tural Turan

Daha çox maraq cəlb edən digər hekayələr:

Fərhad Kərimli: "Adəm güzgünün qabağına keçib üst-başına ətir səpdi, qələmini döş cibinə taxıb saatını bağladı, bir az əvvəl eyvanda siqaret yandırarkən pəncərənin ağzında qalan alışqanı götürüb cins şalvarının dar cibinə dürtdü, əyilib başının ilməsi qaçmış corablarını yuxarı çəkib sığalladı, qəddini düzəldib güzgüdə bir də özünə ötəri nəzər salaraq məğrur addımlarla onu edam etmək üçün aparmağa gələn və qapının ağzında gözləyən əsgərlərə doğru getdi".

***

Vüsalə Məmmədova: "Siqaret taparsa alışqanı, kağız taparsa qələmi, iş taparsa saatı, sevgili taparsa ətiri istifadə edər deyə yanından ayırmayıb, corabında gəzdirirdi və elə bu ağırlıqdan da bir addım irəli gedə bilmirdi"

***

Kübra Əliyarlı: "Dünyanın ətrindən bihuş olub, getdiyi yuxudan çalar saatın zəngi ilə oyananda ağır cığırlardan cırıq-cırıq olmuş corabları, rəngli qələmlərlə doldurulmuş əməl dəftəri, bir də cəzalarını gözləyən alışqanla baş-başa qalmışdı".

***

Tağı Türk: "Günəş səmanı aydınladanda ana öz övladını düşmən gülləsindən ölmüş, üz-gözü tanınmaz hala salınmış meyidlərin arasında corablarından tanıdı, körpəni bağrına basıb ətrini qoxladı, qələmlə qara yazılmış taleyi onun ürəyini alışqan kimi yandırırdı və həmin an ömür saatının dayanmasını Tanrıdan dilədi".

***

Sofiya Babazadə: "Bu, keçmişdə kasıblıqdan corabı belə olmayan, gələcəkdə yazıçı olmaq istəyinə görə atasının ona əl qaldırmasına baxmayaraq, ilk addımlarını ata-ata düşüncələrini sınıq bir qələmlə cırıq bir kağıza yazıb, atasının evə gəlib onu yazaraq görməməsi üçün tez-tez saata baxan, anası ilə divanda oturub bir yandan onun ətrini, bir yandan isə canına çəkərək siqareti necə alışqanla yandırdığını izləyən qızcığazın həyatında baş vermiş, bəlkə də ən təsiredici hadisə kimi yadda qalmışdır".

***

Roma Xosrov: "Gecə saat ikidə, alışqanı götürüb o qıza yazdığım şeirləri yandırarkən, qələmim gözümə dəydi, bir vətən şeiri yazmaq istədim, bir anda, bütün dünya üstünə yıxılmış halda, anam evimizin qapısından özünü içəri atıb dedi: "Oğlum, atan cəbhədə şəhid olub" - atam minaya düşmüşdü, sanki cansız bədəni göylərə çəkilmişdi, batinkada bir ayağını tapıb dəfn etdiyim atamın, o vaxtdan bizə verdiyi tək təsəlli, corabının barıt qoxulu ətridir".

***

Aləmzər Sadıqqızı: "Toy gecəmizin sabahı Qarabağ uğrunda döyüşə gedən ərimin mənə qalan corabını, qələmini, saat və alışqanını qızıma verib son dəfə ətrini ciyərlərimə çəkmək istərkən qızımın "bunlardan ata qoxusu gəlir" cümləsindən anladım ki, bir ömür mən ər ətrinin, qızım isə ata ətrinin həsrətini yaşamışıq..."

***

Namiq Cavadlı: "Alzhaimer xəstəsi qoca 3 il əvvəl asmadan ölən yoldaşının ona toxuduğu yun corabı, atasının ona ölmədən əvvəl hədiyyə verdiyi kəməri bir az yeyilmiş köhnə qol saatını, şəhid olan mayor oğlunun ona 70-ci yaş gününde aldığı görkəmli metal qələmi bir yərə toplayıb, dəmir krikert alışqanının çaxmağını çəkərək yanaraq kül olan və sabah xatırlamayacağı bütün xatirələrinin ətrini ciyərlərine çəkirdi.

***

Tural İrfan: "Corabı yamaqlı dilənçi qızcığaz yan tərəfdə asfaltın üstündə qələm satan yetim oğlana tərəf oğrun-oğrun baxıb küçədən tələsik keçən qara eynəkli yaraşıqlı oğlanın cibindən düşən alışqanın fərqinə varmadı ona görə ki, oğlandan bir az qabaq qarşılarından keçən göygöz qızın ətri ona, cavan ölüb onu körpə yaşda yetim qoymuş anasının qoxusunu xatırladaraq xəyallar aləminə aparmışdı..."

P.S. Yarışmaya hekayə göndərən, mətnlərə münasibət bildirən bütün yazarlarımıza təşəkkür edib, diqqətə çatdırırıq ki, "525-ci qəzət"də belə yarışmalar davamlı olaraq keçiriləcək, qalib müəlliflərə mükafatlar təyin olunacaq./525.az/

# 1889 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #