Seks həyatı olmayan nəslin qisası – Rəvan Cavid yazır...

Seks həyatı olmayan nəslin qisası – Rəvan Cavid yazır...
19 iyul 2019
# 11:02

Kulis.az Rəvan Cavidin “Uşaqlar - valideynlərin qisas planı” yazısını təqdim edir.

Doqquzuncu sinifdə oxuyanda atam məni prokuror, dayım mühəndis, əmim hərbiçi, bibim mühasib, xalam həkim görmək istəyirdi. Çünki atam prokuror, dayım mühəndis, əmim hərbiçi, bibimin oğlu mühasib, xalam həkim ola bilməmişdi. Alınmayan, başa gəlməyən həyat modellərini mənim üzərimdə qurmaq üçün kimsə onlara haqq verirdi. Evdəki bütün problemlərin sonu mənim jurnalist olmaq istəyimlə final vururdu. Məlum olurdu ki, məhz mən jurnalist olmaq istəyirəm deyə evimizdə hər gün dava-dalaşdı. Özümü günahkar hiss edir, kəhrizin yanındakı çinarın altında fikrə dalırdım. Günü bu gün də hər şeydə özümü təqsirkar bilməyim məhz həmin travmanın nəticəsidir.

Mühəndisliyi seçdim. Üçüncü kursda dərslərdən qaldım və ali təhsilimi yarımçıq qoydum. Mənim daha yaxşı yaşamağımı istəyən valideynlərim məni diplomsuz qoydu.

Məktəbin ən gözəl qızlarından birini özümə aşiq edə bilmişdim. Sinif yoldaşım idi. Kənddə zövq aldığım yeganə şey yaşadığım uşaqlıq sevgisi idi. Kəndin camaatı bizi ayırdı. Qapı-qapı, ev-ev bizdən danışıb, sözü bir yerə qoyub qınamağa başladılar. Məni ənənəvi janrda tənbeh, sevgilimi avanqard qadağalarla tanış edirdilər. Rahat olmadıq, ayrıldıq. Niyə belə oldu? Çünki bizim kənddə bütün nişanlılar öpüşmək üçün ən yaxın şəhərə gedirdilər ki, heç kim onları orda tanımasın. Kənd arzuladığı, amma yaşaya bilmədiyi sevginin qisasını bizdən aldı.

Qonşumuz zorla öz oğlunu hərbidə işləməyə məcbur etdi, vətənpərvərlik damarı tutmuşdu. Uşaq şəhid oldu.

Ən bərbadı isə yersiz namus-qeyrət bələdçiliyi idi. Tarixin bütün dövrlərində işğala məruz qalan xalqın namus davası da bir də yaşaya bilməyəcəyi tarixdən aldığı qisas idi.

Və bütün bunların ağrısını uşaqlar çəkirdi.

Ölkəmi tanıdıqca kəndimizə qarşı olan hirsim keçdi. Bütün rayonlarımız eyni biabırçılığı yaşayırdı. Bu qədər böyük xalq balaca mövzuların içindən çıxa bilmirdi.

Ümidim Bakıyaydı. Bakı mənim xilasım idi. Amma fələk saydığını saydı, mən oturdum baxdım.

“DeFakto”, “Mavi”, “Zara”dan geyinib, səhərlər kofeşopda kofe içən, günortalar AVM-lərdə gəzib-dolaşan, axşamlar brend restoranların siyahısı ilə maraqlanan adamların içindəki Gülsüm xalanı, Əlövsət əmini görəndə gülümsədim. Onların uşaqları daha amansız həyat yaşayırdı. Atalarının maşını, pulu, həyat tərzi onların da əyninə biçilmişdi. O valideynlər öz ata-analarından görmədiyi “qayğını” uşaqlarına göstərirdi və gözü bağlı gəncliyin bürokratiyası yaranırdı.

Seks həyatı olmayan nəsil iki gəncin bir yerdə yaşamamasına var gücü ilə çalışırdı. Çünki özləri bunu sadəcə “bazlıq”da edə bilirdi.

Kütlə psixologiyası fərdi azadlığı əlimizdən alır və biz heç vaxt tanımayacağımız adamların lazımsız qanunlar sistemi, hökmü, mentalitetin gülünc və sərt ifadə etsək, axmaq stereotipləri ilə yaşamağa məcbur qalırıq. Cəmiyyətin “update” olması əlli il vaxtımızı alacaq. Kədərli də səslənsə bu cür ifadə olunur: adət və ənənələri əlində bayraq edən nəsil ölməlidir.

Hərdən əlində təsbeh oynadıb, Bakıdakı çayxanaların adlarını, menyu qiymətlərini əzbərləyən, meyxana azarkeşi və “Hüseyn fədaisi” olan gənclər mənim ümidimi qırır.

Təhsili və mədəniyyəti iki əsrlik problem üzərində qurulan bir gəncliyin bu gün dünya elminə, dünya mədəniyyətinə töhfə verməsi qəhrəmanlıqdır.

Rəssam olmaq istəyənə “dilənəcəksən”, jurnalist olmaq istəyənə “heç nə edə bilməyəcəksən” deyən, yazıçı olmaq istəyənə mövzu “zakaz”ı verən valideynlərin kor etdiyi bir cəmiyyətin nümayəndəsiyik.

Öz məsuliyyətlərini övladlarının üzərinə yükləyən, onlardan nəsə gözləyənlər ən böyük mənəvi qatillərdir.

Ümumiyyətlə, ailə institutu vacibdirmi?!

Valideyn termini olmalıdırmı?!

Bu suallar haqda düşünməliyik.

Kimdir övlad və kimdir valideyn?!

Ailə dəyərləri ya yenidən düşünülməli, ya da allahın klaviaturasında “delete” düyməsinə tuş gəlməlidir.

Yaponların və yəhudilərin ailə anlayışına həmişə qibtə etmişəm. Onlar uşağın qulağına “allah böyükdü, ondan başqası yalandı” pıçıldamırlar, “sən işıqsan və özündən sonra da işıq saxlamalısan” deyib böyüdürlər.

Təssüf, dində də bəxtimiz gətirməyib. Dini dəyərlərin heç birində ailə modeli “qız uşağını öldürmək olmaz”dan o yana keçmir.

Ciddi boşluqlar var və bunun səbəbi heç şübhəsiz modern dəyərləri olmayan, mühafizəkar cəmiyyətin yetişməkdə olan uşaqlarının üzərindəki bu cür boş, anlamsız hökmlərdir.

Valideynlər öz uşaqlarını tanımır. Hansı musiqini sevirlər, hansı yeməyi xoşlayırlar, kimlə sevgilidirlər - bilmirlər. Uşaqları ilə pivə içən, rok konsertinə gedən, şeir oxuyub müzakirə edən neçə nəfər var?!

Uşaqlar qisas planı kimi hazırlanır. Həyatdan ala bilmədiklərini uşaqları vasitəsilə zorla dartmaq istəyirlər. İçlərindəki yaşam enerjisini övladlarının çiyninə yükləyir, onların arzularını görməzdən gəlirlər.

Gözəl gələcək yox, istədikləri gələcəyi vermək lazımdır onlara.

Bəlkə, sadəcə azad buraxmaq kifayətdir, onlar özləri çərpələng uçura biləcəklər.

# 4637 dəfə oxunub

Oxşar xəbərlər

Puqaçovadan haqlarında çıxan iddialara cavab

Puqaçovadan haqlarında çıxan iddialara cavab

10:21 30 oktyabr 2024
20 gənc peşəkar təlimlərdə və tamaşada iştirak etdi

20 gənc peşəkar təlimlərdə və tamaşada iştirak etdi

09:49 30 oktyabr 2024
"Füzuli muğam dünyası" konserti keçirildi

"Füzuli muğam dünyası" konserti keçirildi

09:26 30 oktyabr 2024
Məşhur reper sui-qəsddə ittiham olunur

Məşhur reper sui-qəsddə ittiham olunur

09:23 30 oktyabr 2024
"Qeyri-səlis məntiq və dil-nitq" kitabının təqdimatı keçirildi

"Qeyri-səlis məntiq və dil-nitq" kitabının təqdimatı keçirildi

16:46 29 oktyabr 2024
Rasim Balayevin ailəsində ağır itki

Rasim Balayevin ailəsində ağır itki

16:28 29 oktyabr 2024
# # #