Xəbər verdiyimiz kimi, Ədəbiyyat üzrə Nobel mükafatının 2018-ci il qalibi polşalı Olqa Tokarçuk və 2019-cu il qalibi Avstriya yazıçısı Piter Handke olub.
O yazıçıları yaxından tanıyırıqmı? Nobel ədalətli qərar çıxardı?
Kulis.az bu suallara cavab tapmaq üçün mütəxəssislərdən münasibət öyrənib.
Piter Handekinin “Solaxay qadın” uzun hekayəsini Azərbaycan dilinə tərcümə edən tərcüməçi Vilayət Hacıyev Kulis.aza yazıçı haqda bunları söyləyib:
“Mən onun bütün əsərləri ilə tanış deyiləm. Bircə “Solaxay qadın” adlı uzun hekayəsini tərcümə etmişəm. “Xəzər” jurnalında 2017-ci ilin 3-cü sayında çap olunub. “Çexovdan Markesə qədər” “kitabında isə onun "Nəzarət şurasına təbrik məktubu” verilib. Bu yaxınlarda “Kafkadan Rilkeyə qədər” kitabı çap olunacaq və orda"Solaxay qadın" uzun hekayəsi də veriləcək.
Piter Handke çox böyük yazıçıdı. O, çoxdan bu mükafata layiq idi. Neçə dəfə namizədliyi irəli sürülmüşdü. Hətta Elfrida Yelinikə Nobel veriləndə mübahisə doğurmuşdu. Onu bir yazıçı kimi səciyyələndirən ən mühüm məsələlərdən biri insanın cəmiyyətdə təcrid olunması məsələsidir”.
Təhsil eksperti, “Ədəbiyyat üzrə Nobel mükafatçıları” kitabının müəllifi Etibar Əliyev qeyd edib ki, Nobel istisnaları çıxmaq şərti ilə heç vaxt yanlış seçim etmir:
“Artıq 2000-ci ildən Nobel hamımızı təəccübləndirir. Bir neçəsi istisna olmaqla - Lyosa, İşiquro, Pamuk. Məsələn, Mo Yan, Elis Munro kimi yazıçılar da bizi təəccübləndirmişdi. Elə Bob Dilanın özü də... “İnostrannaya literatura” jurnalını 90-cı illərdən alıram, orda Nobelçi yazıçıların əsərlərinin böyük əksəriyyəti mükafatdan əvvəl təqdim olunurdu. Mən əksəriyyətini ordan tanımışam. Olqa Tokarçuka təəssüf ki, rast gəlməmişəm. Piter Handkenin isə təxminən 2010-cı ildə bir romanını çap eləmişdilər. O daha məşhur yazıçıdır.
Bukmeykerlər Salman Ruşdinin, Mişel Uelbekin, Culian Barnsın adlarını çəkirdi. Ancaq hər zaman olduğu kimi onların proqnozu özünü doğrultamdı. Nobelin xətti başqadır. Onların kriteriyası belədir: ideal yönümlü əsərlər, məhdud mövzulu əsərlər burda əhəmiyyət daşımır. Onlar hələ ki, bu xətdən qırağa çıxmırlar. Düzdü, elə hal olub ki, komitənin bir neçə üzvü istefa verib, bəzi seçimləri mübahisə yaradıb. Ancaq gəlin etiraf edək. Biz bu yazıçıların heç birini əvvəlcədən tanımadığımıza görə Nobelin qərarının doğru və yaxud yanlış olduğunu deyə bilmərik. Tutaq ki, Mo Yana və İşuquroya veriləndən sonra o yazıçılarla tanış olduq və gördük ki, doğrudan da layiq imişlər. Tam əminliklə deyim ki, Nobel komitəsində kənara çıxmalar, tərəf saxlamalar, hansısa bir yazıçıya digərindən daha çox üstünlük vermək kimi hallar baş vermir. Bu mükafatı təyin edənlər ədəbiyyat üzrə ekspertlərin, dilçilik və ədəbiyyat mərkəzlərinin nümayəndələrinin, tənqidçilərin rəylərini nəzərə alırlar. Mənə görə, Nobel hələ də meyardı. Bir neçə cüzi istisnalarla Nobel büdrəməyib”.
Şair-tərcüməçi Səlim Babullaoğlu polşalı yazıçı Olqa Tokarçuk haqda fikirlərini bölüşüb:
“Bizim Polşa səfirliyi ilə bərabər nəşr etdiyimiz polyak antalogiyasında Olqa Tokarçukun şeirləri yoxdu. Orda cəmi dörd şairin şeiri var. Amma yanılmıramsa Polşa səfirliyinin nəşr etdiyi polyak nəsr antologiyasında Olqa Tokarçukun, deyəsən, bir hekayəsi olmalı idi. Yazıçı kimi yaxşı tanımıram. “Son hadisələr” əsərinin fraqmentlərini oxumuşam. Hətta ordan bir fraqmenti öz dilimizə çevirmişdim.
Bir də onun şeirlərini oxumuşam. Mənə xüsusi olaraq hədsiz toxunan, duyğulandıran, düşündürən yazıçı və ya şair olduğunu deyə bilmərəm. Hesab edirəm ki, polyak poeziyasında daha ciddi şairlər var. Məsələn, Adam Zaqayevski. Buna baxmayaraq Olqa Tokarçuk müasir Polşa ədəbiyyatını dünyada tanıdan imzalardandır. Yeri gəlmişkən 2018-ci ilin martında, Qdansk şəhərində Avropa Azadlıq Şairi müsabiqəsində iştirak edirdim. Tokarçukda jüri üzvi idi. Ayaqüstü bir söhbət oldu. Ümumiyyətlə orda ona münasibət çox isti, təmtəraqlı olmuşdu. Bu isə o deməkdir ki, Tokarçuk ölkəsində kifayət qədər sevilir və tanınır”.