"Məni ona bənzədəndə xoşum gəlir" - Sevdiyim qızın xatirə dəftərində nə yazılmışdı?

"Məni ona bənzədəndə xoşum gəlir" - Sevdiyim qızın xatirə dəftərində nə yazılmışdı?
10 yanvar 2026
# 10:00

Kulis.az Bəhruz Tağızadənin "Cincilim" romanının üçüncü hissəsini təqdim edir.

(İkinci hissə burada)

Üç məhlə aşağıda toy vardı. Kişilər yeyib-içib dağılışandan sonra oynamaq üçün yer düzəltdilər. Cincilimlə Könka toya baxmağa gəlmişdi. Bu yay aşağı məhlədə ard-arda iki toy olacaqdı. O vaxt toylarımız “palatka” adlanan mağarda keçirilirdi. Musiqiçilər oturan yerin arxasına pambıqla “Toyunuz mübarək” yazılmış xalça asılırdı. Günorta yeyib-içməkdən sonra oynamaq üçün geniş meydan açılırdı. Musiqiçilərin qarşısındakı meydanın əks tərəfində qadınların oturması üçün taxta oturacaqlar düzəldilirdi. Yan tərəflərdə isə kişilər ya oturur, ya da ayaqüstə dayanıb toya tamaşa edirdilər. Bizim toylarda inciklik bir səbəbdən baş verirdi: niyə xeyir-dua vermək üçün mənə hamıdan axırda söz verildi?! Dördəmcək Ramiz kimdir, məndən əvvəl danışsın?!

Dava-dalaş isə tamam başqa məntiqsizliyə söykənirdi. Yəni bizim kəndin kişilərinin çörəyini əlindən al, evini yıx, haqqını ye, təpə-qapaz elə, bir itin küçüyü sənə bir söz deməz, amma toyda “zakaz”ını (mahnı sifarişini) kəs, bağırsaqlarını yerə tökər. O vaxtlar təzə mahnı peyda olmuşdu, toyun tən yarısı həmin musiqi çalınırdı. Düşündürücü sözləri vardı. Oğlan qıza xitabən deyirdi:

“Lap istəsən, anamı Sizə elçi göndərim,
Amma anan bilməsin.”

Nə qədər əlləşirdimsə, bəndin birinci hissəsi ilə ikinci hissəsini uzlaşdıra bilmirdim. Mahnının sözlərinin kim tərəfindən nə zaman hansı şəraitdə yazılması möcüzə idi. Bir insan yalnız və yalnız iki halda bu sözləri yaza bilərdi:

Ya 20 yaşında şeirin birinci hissəsini, 60 yaşında, əvvəlki misraları tam yadından çıxarandan sonra ikinci hissəsini yazıb.

Birinci hissəni yazıb bitirən kimi əlində qələm ölüb, o dünyada ikinci hissəni yazıb.

Başqa cür mümkün deyildi. Dünya ədəbiyyatını ortalığa töküb söz-söz araşdırasan, yenə də misraları yazan şairin fikrinə bənzər ifadə tapa bilməzsən. Heç Nizami Gəncəvinin özü də belə şeir yaza bilməzdi. Ömər Xəyyam bu şeiri oxusaydı, lələkli qələmini ocağa atıb yandırardı. Düşünürəm, bəlkə də bunu yazan şair mənim günümdə olub. Elçi göndərmək istəyir, amma qarşı tərəfdən heç kimin bilməməsini istəyir. Xüsusən ona düşmən kimi baxan qız anasının…

Cincilimlə Könka qonşu qızlara qoşulub toya baxmağa gəlmişdilər. Bəyaz mələyimlə göz-gözə gəlib dörd saniyədən çox baxışdıq. Bu bir mahnının bitib digərinin başlaması anına düşdü.

O toyda oynamadım. Cincilim də oynamadı. Anamgil hələ gəlməmişdilər. Gördüm Könka Cincilimin yanından durub harasa gedib. Bu vaxt mağarın çöl tərəfində qışqırıq düşdü. Cırtqoz Muxtar Mağmun Əlini “zakaz” üstündə bıçaqlamışdı. Qadınlar elə qışqırırdı, hamı elə bildi, kimsə ölüb. Musiqiçilər də alətləri atıb mağardan çölə çıxdılar. Bütün camaat sürətlə çölə axışdı. Cincilim qorxudan qollarını sinəsinə sıxıb laldinməz dayanmışdı. Şəhər qızı ilk dəfə bıçaqlanma görürdü. Mağarda ikimiz qalmışdıq. Çox qorxduğunu görüb, musiqiçilərin masasındakı sudan süzüb ona apardım. Təşəkkür edib stəkanı başına çəkdi. İçib qurtarandan sonra bir də təşəkkür etdi. Əlinə su tökdüm, dedim, üzünə vursun. Belə də etdi. Ona evə getməsinin daha uyğun olduğunu bildirdim. Bayırdan pis söyüşlər eşidilirdi.

Mağarın musiqiçilər tərəfdən açıq hissəsini – hava gəlməsi üçün çadırı qaldırmışdılar – göstərərək dedim:

– Burdan arxa tərəfə, kanalın üstünə yol var. İstəyirsən, burdan çıx get evə. Çox qorxursan.
– Aha.
Mağarın həmin açıq hissəsindən bağa keçdi. Mən də onun arxasınca getdim. Heç kim bizə fikir vermirdi. Hamı bıçaqlananın başına yığışmışdı. Kanalın taxta körpüsünü Cincilimə göstərdim. Belə körpülər çox evin həyətində vardı. Həmçinin toy olan evin. Onun yanına düşüb gedə bilməzdim. Görən olsaydı, yaxşı çıxmazdı. Hər ikimiz yetkin uşaq idik. Amma həm də onu tək tutmuşdum və fürsəti əldən verə bilməzdim. Odur ki, dedim:

– Bax bu körpünü keç, dikdiri qalx, panel boyu sağa get. Könkagilin həyətini tapa biləcəksən?
– Birdən tapa bilmərəm.
– Get, göstərəcəm.

Ondan bir az aralı arxasınca düşdüm. Taxta körpünü keçdik, dikdiri qalxdıq. Dikdir panelə dirənirdi. Paneldən sonra yoxuş, yoxuşa paralel yol, yola paralel əkin sahəsi başlayırdı. Ətrafa baxdım, heç kim yox idi. Qızı qorxutmamaq üçün özüm paneli keçdim. Cincilim kənd evləri tərəfdə qaldı. Aramızda arxdan azca böyük panel vardı. Hoppanaraq keçə bilirdim. Könkagilin evlərinə tərəf hərəkətə başladıq. Əsl məqamı idi. Nəsə deməliydim. Amma birbaşa ürəyimi açıb yox cavabı almaq məni məhv edərdi. Yox cavabından çox qorxurdum:

– Yadındadı, uşaq vaxtı “Bənövşə” oynayırdıq?
– Hə. “Bakuş” yeyirdik. İndiki “Bakuş”ların o dadı qalmayıb.
– Nailə İslamzadə var e, diktor. Tanıyırsan?
– Hə, əlbəttə.
– Onu görəndə sən yadıma düşürsən.

Qız diksinən kimi oldu. Hiss etdim ki, ya bu Könkanın xatirə dəftərini oxuyub, ya da Könka bu barədə ona nəsə deyib. Təəccüblə gülümsəyərək:

– Mən ona bənzəmirəm axı, siz necə bənzədirsiniz? – dedi.
– Güləndə oxşayırsan.
– Nə bilim, İlk dəfədir eşidirəm.
– O çox gözəl qadındır. Bura bax, sənə bir şey göstərə- cəm. Burda söyüd ağacı var. Torpaq sürüşüb əyib. Kanalın suyu bol gələndə elə bilirsən, kanalda saçını yuyur . O de haa, bax.

Cincilim ağaca baxa-baxa dedi:
– Aaa nə maraqlıdır. Əsil şəkil çəkdirməli yerdir. He- yif, “Kodak”ım Bakıda qaldı. Gərək gətirəydim.

Biz dikdirin üstü ilə panel boyu Könkagilin həyətləri- nin tuşuna gəldik. Cincilim dedi:

– Burdan belə tanıyıram, sizə zəhmət verdim.
– Heç bir zəhməti yoxdur. Bir xahişim var. Mənə “siz” demə, “sən” de.
– Niyə?
– Özümü deputat kimi hiss edirəm. O səsli güldü. Mən əlavə etdim:
– Yekəqarın, bığlı deputatlar olur e, bax elə.

Yenə güldü. Sağollaşmaq istəyəndə riskə getdim, əlim- lə onun dayandığı dikdiri göstərib dedim:

– Gecə saat 2-də burda olacam.

Özümü inandırdım ki, onu görüşə çağırmıram, sadəcə məlumat verirəm. Buna görə heç kim mənə heç nə deyə bilməzdi. Bura dövlətin ərazisidir, panel də Meliorasiya İdarəsinindir. Kimə nə?! Meliorasiya İdarəsi bilər, mən bilərəm. Lap səhərə kimi burda duraram. Bura mənim vətənimdir. Gördüyüm işə daxilən bu cür bəraət qazandırmağım məni hüquqşünas kimi böyüdürdü.

Cincilim sakit səslə dedi:

– Gecə 2-də niyə?
– İndi gilas vaxtıdır. Bu vaxtlar gecə göy üzü təmiz olur. Gələcəm bayaqkı söyüdə baxmağa. Lilli kanalda ay işığı gözəl görünür, – sonuncu cümləni uydururdum. Çinardan goplamağın bəzi sirlərinə yiyələnmişdim.
– Söyüd o tərəfdədir axı.
– Bu cığır təmizdir, burdan gedəcəm. Orda kol-kos çoxdur.
– Mən gedim. Sağ olun. Mən təkrar dedim:
– Gecə saat ikidə… Burda... Bilirsən, bu gecə həyatımın ən xoşbəxt gecəsi ola bilər.

O bir az duruxdu. Nəsə demək istədi. Demədi.

– Sağ olun, – deyib əlini yellədi.
– Sağ ol.

Taxta körpünün o biri başına çatanda çevrilib mənə baxdı. Onu gözümlə ötürdüyümü gördü.

Evə qayıdıb hazırlığa başladım. Gəlməyəcəyini düşünürdüm. Gəlmə ehtimalı milyardda bir olsa da, gələcəkmiş kimi hazırlaşmalıydım. Çimdim. Təzə geyimimi gözdən keçirdim. Dayımdan oğurladığım ətri yoxladım. Dayımın ətir zövqü çox pis idi. Ətirdən təzək iyi gəlirdi. İstədim vurmayım. Əlacım kəsilmişdi. Ürəyimdə dayıma dedim: “Ətrin başına dəysin”. Xəbərlər proqramı başlayanda nənəmin aldığı elektron saatı 19:00-a qurub qaranlığı gözlədim. İçimdə xoşbəxt bir qorxu var idi. Yalnız bir sual haqqında düşünürdüm: Gələcəkmi? Gəlsə də, gəlməsə də, mənim olana qədər sürümsürüm sürünəcəkdim. Lap ölənə qədər. Cincilim Könkanın xatirə dəftərindəki mənə aid bölməni oxumağa getmişdi. Həmin vaxt mən onu düşünürdüm. İçimdə bir rahatlıq vardı. Cincilim onu istədiyimi anlamışdı. Elə bil milyon manatlıq borcumu ödəmişdim.

Saat 23 radələrində anam mətbəxdəki xörəkləri soyuducuya yerləşdirib yatmağa getdi. Birdən yuxu tutar, yataram deyə hər ehtimala qarşı elektron saatımda 01:45-ə zəng qurdum. Barmağına duz basmış Məlikməmməd yatardı, mən yox. Cincilim həyəcanı yuxumu ərşə çəkmişdi. Paltarlarımı hamama qoymuşdum ki, gecə heç kimi oyatmadan əkilə bilim. Ev sakinlərinin duyuq düşüb suallar verməsindən zəhləm gedirdi. Yüz ildən uzun saatlar, dəqiqələr güclə keçirdi. Saat 01:30-da hamam otağına keçib hazırlaşdım. Saçıma gündüzdən termosda hamama qoyduğum şirin çaydan vurdum. Ətirləndim. Çöl qapının cəftəsini açıb küçəyə çıxdım. Kimsə yox idi. Kənd elə bil qəflət yuxusuna getmişdi. Çəyirtkə və böcək səsindən, gözləri görməyən adam da gecə olduğunu bilərdi. Aydın və romantik gecə idi.

Dikdirlə irəliləyəndə saatımın zəngi çaldı. Tez söndürüb ətrafa bir daha baxdım. Kimsə yox idi. Əkin sahəsi tərəfdən gedirdim ki, evlərdən və həyətlərdən görünməyim. Cincilim duran yerdə duranda saata baxdım. 01.50-ni göstərirdi. Gəlsə də, gəlməsə də saat 02.10-a qədər, bəlkə, daha çox gözləyəcəkdim. Sonra söyüdə baxıb evə qayıdacaqdım. Gözümü Könkagil tərəfə zillədim. Artırmanın lampasından başqa bütün işıqlar söndürülmüşdü. Gözlədim. Saat 01.58-də əvvəlcə qaraltı gördüm. Budur, həyatımın ən gözəl sürprizi Cincilim körpünün tuşundan həyətdə göründü. Ürəyimin çırpıntısını hiss etdim. Əgər məndən nə vaxtsa soruşsalar ki, ən xoşbəxt gecən hansıdır, bu gecəni deyərdim. Düşündüyüm milyardda bir ehtimal gerçəkləşmişdi. O gecə Tanrıya daha çox inanmışdım.

Cincilim körpünün tuşunda dayanıb mənə tərəf boylandı. İki dəfə sağa baxıb, evdən kiminsə onu görüb-görmədiyini yoxlayandan sonra təkrar mənə tərəf çevrildi. Mən irəli – dikdirin ətəyinə addımladım. O da körpüyə tərəf irəlilədi və mənim yanıma qədər gəlib salam verdi:

– Axşamın xeyir!
– Axşamın xeyir.
“Siz”dən”, “sən”ə keçməsi çox yaxşı hal idi. Gəlməyəcəyini güman etdiyimdən, söhbət etməyə hazır deyildim. Ağlıma ilk olaraq söyüd gəldi:
– Gedək söyüdə baxmağa?
– Aha.

Ona toxunmağı və ya başqa bir hərəkət etməyi heç ağ-lımın ucundan da keçirmədim. Gözütox olmalıydım. Yoxsa elə bilərdi məni bura ötəri həvəs gətirib. Çox qorxurdum. Qələbə çalan cəngavər kimi sevinsəm də, onun gözündən düşmək qorxusu içimi titrədirdi. Həm də elə zərif idi ki, ona toxunsam, hardasa quş yuvası dağıla bilərdi. Cığırda yeriməyə kömək etmək üçün də əlimi uzatmadım. Ayaqlarımızı yovşan kollarına toxundura-toxundura söyüdə çatdıq. Ətrafa bir daha baxdım. Kimsəni görmədiyim üçün arxayınca dedim:

– Necədir?
– Çox gözəl. Ağcaqanad olmasa, lap yaxşı olar.
– Biz ona ditdili deyirik. Yay gəlməmiş o gəlir. Dızıltısı beynimə işləyir. Yönlü şey olsa, bizim kənddə yaşamaz. Bakıda da var?
– Hə. Bizdə də tarakan çox olur.
– Xalamgildə görmüşəm. Xalama deyirəm, tarakanlar sizinlə bərabər yaşayır. Gərək kirayə pulu alasınız onlardan.
– Təvəllüdün neçədir?
– 84-əm.
– Mən də.
– Mən böyük olaram səndən. Yanvar ayıyam.
– Mən də.
– Mən əvvəliyəm.
– Mən də.

– Mən 7-siyəm.

O gözlərini böyüdüb gülümsədi:

–Aaa, mən də 7-siyəm.

İkimiz də təəccübləndik və güldük. Mən daha çox sevindim. Artıq bizi birləşdirən ilk nəsə var idi. Hər ikimiz eyni gündə doğulmuşduq.

O dedi:

– Oğlaq bürcü, siçan ili. Necə olub eyni gündə doğulmuşuq?
– Gərək mamamdan soruşam, görəm, məni saat neçədə doğub. Nə olur-olsun gərək səndən böyük olam.

Biz bir az bürclərdən danışdıq. Əslində, bürclərə inamım yoxdur, amma özümü elə apardım, guya inanıram.

Yarım saatdan çox idi birlikdəydik. Birdən mövzunu dəyişib soruşdu:

– Neçənci qrupa hazırlaşırsan?
– Üçə. Hüquqşünas olmaq istəyirəm.
– Bu nə xəstəlikdir oğlanlarda, hamısı hüquqşünas olmaq istəyir.
– Bir ildir hazırlaşıram. Hələ sınağa getməmişəm. Hüququn balı yüksəkdir. Amma Naxçıvan dövlətə-zada girib başımı girələyərəm. Bəs sən neçəyə hazırlaşırsan?
– Mən də üçə. Həkimlik istəyirdim, qandan qorxuram deyə atam qoymadı. Açığı, hüququ yazacam. APİ-ni də yazacam. Sınaqda 500 balı keçirəm.
– Mən tarixdən Səfəvilərə qədər keçmişəm. Sınağa gedə bilərəm.
– Get. Özünü indidən imtahana hazırla. Vaxt var. Test bankı oxu. Çoxlu test elə.
– Edirəm.

Söhbət başımızı bərk qatdı. Cincilim özü dedi, gedək. Etiraz etmədim. Onu ötürmək üçün taxta körpünün başına çatanda Cincilim çevrilib soruşdu:

– Könka səni istəyir?
– Mən onu istəmirəm.
– İstədiyin var?
– Var.
– Kimdir?
– Könkanın xatirə dəftərində yazmışam. Baş hərifi “C”-dir. Nailə İslamzadəyə baxanda o yadıma düşür. “Bənövşə” oynayandan istəyirəm onu.

Gülümsünüb dedi:

– O vaxt biz lap balacaydıq axı.
– Hə, bilirəm. Bakıda evdən qaçıb, məhlənizə gələndə də balacaydım.

Diksindi. Mən davam elədim:

–Kənandan öyrənmişdim evinizin yerini. “Əhmədli” metrosu, “Ukraynski kuruq”, “Qarmoşka” bina, 171 saylı məktəb, göy köşk…

Sağollaşanda dedim:

– Cincilim, bir də nə vaxt qayıdacaqsan? İstəyirəm həmişəlik kəndimizdə qalasan.
– Hazırlıqlarım başlayır. Bazar günü qayıdacam evimizə. Sən universitetə ciddi hazırlaş.
– Baş üstə. Mütləq, mütləq hüquqşünas olacam. İstə- yirsən lap kosmonavt olum. Sən istəsən, həkim də olaram, hərbçi də. Lap Qarabağı da işğaldan azad edərəm.

Yenə gülümsədi. Mən davam dedim:

– Sabah gecə 2-də mən yenə burda olacam.
– Fürsət tapsam, gələcəm. Amma heç kimə demə gəldiyimi. Heç dostlarına da.
– Narahat olma. Heç vaxt demərəm. Amma gəl... Cinci- lim, gəldiyin gün boynunda yaylıq var idi ee…
– Kasinka?
– Hə. Çox yaraşırdı sənə.
– Atam Türkiyədən alıb.

– Çox qəşəng yaraşırdı. Yenə o kasinkanı taxsan... – sözümün ardını gətirmədim.
– Yaxşı. Sağ ol.
– Sən də sağ ol.

Məni dünyanın ən xoşbəxt adamı eləyən həmin gecənin səhərini xüsusi gümrahlıqla oyandım. Görəsən, yuxu görməmişdim ki? Yox, yuxu deyildi. Sevindiyimdən anamı öpdüm, nənəmi öpdüm. Hamı hiss edirdi ki, kefim kökdür. Gün ərzində Şıpı və Çinarla orabura getdik. Cincilimi günortaya qədər bir dəfə uzaqdan gördüm. Yaylığı taxmamışdı. Baxışdıq və içiniçin sevindik.

Görüşdüyümüzü heç kimə demədim. Dostlarım Cincilimi istədiyimi bilsələr də, hələ bişirə bilmədiyimi düşünürdülər. Doğrudan da hələ arada bir münasibət yox idi. Sadəcə istəyimi bildirmişdim.

Hamımız məhlədəki ikinci toya hazırlaşırdıq. Qalstuklu və qalstuksuz kişilər yeyibiçib, birbirini tərifləyib dağılışandan sonra toyun şıdırğı hissəsi başladı. Anam, bacım, Könka və anası toya gəlmişdilər. Cincilim də. Anamın arxasındakı cərgədə xalasının yanında oturmuşdu. Könka anamı Cincilimə təqdim etmişdi: “Bax Ərəlin anası budur”. Yaylığını da bağlamışdı. Məni görəndə boynunda düzəltdi. Bir neçə dəfə baxışdıq. Hər mahnı bitib yenisi başlayanda baxışırdıq. Gülürdük. Çox gözəl olduğundan oğlanlar altdanaltdan ona baxırdılar. Kəndimizin qızlarının hamısından gözəl idi.

Kəndimizin toylarında bir qayda olaraq doğması vəfat edən birini il mərasimindən sonra yasdan çıxarmaq üçün rəqsə dəvət edirdilər. Qadınları qadınlar, kişiləri kişilər çağırırdı. Hər iki babamın ili çıxmışdı. Bu toyda qadınlar anamı oynadıb yasdan çıxarmağı planlaşdırmışdılar. Bir ildən çox idi babalarım birbirinin ardınca vəfat etmişdi. Əhəd babam öləndə vəsiyyət etdi ki, onu İsmayıl babam yusun. İsmayıl babam vəsiyyəti yerinə yetirdi. Onu tək yudu. Heç kimi “yuyat yeri”nə buraxmadı. Dedi, bəlkə, bədənində ayıbı var, mənə etibar edib. 37 gündən sonra özü dünyasını dəyişdi. Əhəd babamın qırx mərasimi ilə İsmayıl babamın üçü bir günə düşdü. İndi hər ikisinin ili çıxmışdı. Toyun aram yerində nənəmin qohumları “Ata” mahnısını sifariş verib anamı rəqsə dəvət etdilər. Anam durmaya bilməzdi. Nənəmin bacısı – o anamı, anam da onu çox istəyirdi – anamın önündə oynayırdı. Durmamaq hörmətsizlik olardı. Anam rəqsə başladı. Bir nəfər teztez yerə su səpirdi ki, oynayanda toz qalxmasın. Mən özüm də babalarıma görə ildən çox idi toylarda oynamırdım. Qohumların gözü məni axtardı. Anam ağlayaağlaya rəqs etdiyindən mən də kövrəldim. Cincilimin məni ağlayan və oynayan görməsini istəmirdim. Tez toyxananı tərk edib mağarın arxasına keçdim və hönkürüb ağlamağa başladım. Babalarım öləndən sonra atam anamı incidirdi. Termus Əhədin qızına, İffallı İsmayılın gəlininə heç kim əl qaldıra bilməzdi. Atam qaldırmışdı. Çünki onlar ölmüşdülər. Bu bir ildə anam dünyadan küsmüşdü, özünü yiyəsiz hiss edirdi.

Məni mağarın arxasından tapıb gətirdilər. Başımıza dezodorant qabına bənzər qabdan süni qar fısqırdırdılar. Əlimi güclə qaldırıb təxminən dörd saniyə oynadım, qəhər məni boğdu, mağarı tərk elədim. Cincilim məni ağlayan yerdə gördü. Özümə gələndən sonra mağara qayıtdım.

Bir az keçdikdən sonra anamgilə getmələri üçün işarə verdim. O vaxt işıqlar teztez söndüyü üçün mağarlara generator qoyulurdu. Səsi musiqinin səsindən bərk çıxırdı. Toyu bitirib camaatı mağardan çıxarmaq üçün işıqları söndürürdülər. Mağar zülmətə bürünəndə ağzıqara kənd gədələri basabasdan istifadə edib qadınlara sürtünürdülər. Mosu ilə Şıpı da bu tərbiyəsizlərə qoşulurdu. Məsələni üstüörtülü anama demişdim, ona görə toyun qurtarmağına yaxın mən işarə verən kimi bacımı da götürüb mağardan çıxdılar. Mən onları evə qoyub təkrar toya qayıtdım. Anam və bacıma heç vaxt qadağa qoymurdum. Nəyisə qadağan edirdimsə, bildiyim dərin bir səbəb vardı. Ona görə bu mövzularda dediyim sözlər onlar üçün qanun idi.

Gecəyə hazırlaşmışdım. Saat 2.00-da dikdirin başında Cincilimi gözləyəcəkdim. Toyun tez qurtarmağını bəygəlindən çox mən istəyirdim. Gədələrdən Cincilimi qorumalı idim. İşıqlar sönənə yaxın qadınlar tərəfdə durdum. Sönən kimi Cincilimi elə qorudum ki, özüm də daxil heç bir oğlan ona toxunmadı. Həmin gecə dünənki qaydada evi tərk edib dikdirdə dayandım. Cincilim gec gəldi. Düz iyirmi dəqiqə gecikdi. Gələndə yaylığını boynuna bağlamışdı. Hətta ona ətir də vurmuşdu. Mən dayımın ətrini vurduğum kimi, o da xalasının ətrindən istifadə etmişdi.

Çatan kimi salamdan əvvəl dedi:

– Elə bildim, getmisən. Necəsən?
– Yaxşıyam, sən necəsən? Heç gedərdimmi?! Səhəri burda açardım, amma getməzdim.
– Çıxa bilmirdim, Könka oyanmışdı.
– Bildim. Gedək söyüdə baxmağa?
– Heç söyüdə baxmırıq axı. Məni gülmək tutdu. O da güldü.
– Bu gün mütləq baxaq.

Gündüzdən həmin yerə kötük gətirmişdim. Cincilim onu görəndə dedi:

– Dünən bu yox idi.
– Mən gətirmişəm.

Gülüb kötüyün üstündə oturdu. Mən də ona toxunmayacaq qədər aralıda əyləşdim.
– Kasinkanı nə yaxşı taxmısan. Yaman xoşuma gəlir. Ondan harda satırlar?
– Buralarda yoxdur.

– Satsaydılar, birini alardım.
– Neynirsən kasinkanı? Qız da deyilsən, asasan boynuna.
– Xoşuma gəlir.
– İstəklinə verəcəksən?
– Hə.
– Kimdir istəklin?
– Nailə İslamzadəyə oxşayan qız.

Gülməyə başladı. Bilirdi, onu istəyirəm, naz satırdı.

– Baho! Yenə Nailə İslamzadə?

– Deməli, bir dəfə rəhmətlik babam, nənəm, mən “Retro” verilişini gözləyirdik. Tarzanın filmi olacaqdı. Nailə İslamzadə gecə saat 12-də efirə çıxdı, dedi, “Retro” başlayır, gəlin televizorun qarşısına. Nənəm Nailəni göstərib babamdan soruşdu: “Ay İsmayıl, bunun evi-eşiyi yoxdu? Niyə durub getmir? Bu gecə vaxtı gəlin xeylağının orda nə işi var?”
Cincilimi gülmək tutdu. Bu mənə ləzzət verdi. Davam elədim:
– Babam da dedi, yəqin evləri televiziyanın yanındadır. Ya da əri çöldə gözləyir. Nənəm dedi, bəs bunun bulaşığını kim yuyur? Bişmişini kim bişirir? Babam dedi, bunlar bulaşıq yumur.
Cincilim səssiz uğunub getdi.
– Sonra “Retro” başladı. Ayaz Salayev danışıb qurtarana qədər hamını yuxu tuturdu. Bu dəfə Həmidə Ömərova çıxmışdı. Zalım qızı danışanda adam çevrilib Tarzan olmaq istəyirdi. Nənəm Həmidə xanıma baxıb dedi: “Ay İsmayıl, görən, bu, qızdı, yoxsa gəlin?” Babam da çönüb tərstərs nənəmə baxdı, dedi, kəmsərkəmsər danışma, mən nə bilim qızdı, yoxsa gəlindi?! Nənəm dedi, qaşını alır, yəqin gəlindi. Nənəm elə bilirdi Ayaz Salayev Həmidə Ömərovanın əridir. Çünki Həmidə xanım olmayanda verilişi Ayaz müəllim aparırdı.
Cincilim necə çırpınaçırpına güldüsə mənə toxundu.
– Bir dəfə də nənəm “Baharın 17 anı” serialına baxıb demişdi: “Ay İsmayıl, Şitirlis keçən ilə baxanda bir az sı-nıxıb elə bil”. Yazıq elə bilirdi, serialı hər il təkrar çəkirlər. Cincilim ürəkdən gülürdü. Gecə görüşünün qorxusu, həyəcanı getmişdi:
– Bəsdir, – dedi, – indi səsimə kənd yığılacaq. Onun bu sözü mənə bir az da ilham verdi:
– Çinar gündüzdən demişdi ki, bəs Tarzanı “Retro” verilişinə dəvət ediblər. Gəlib Həmidə Ömərovanın yanında duracaq, filmdəki kimi “A! Aa!! Aaa!!!” eləyəcək. Bütün kəndin uşaqları yatmayıb gözlədik. Həmidə xanım danışıb qurtardı, Tarzan gəlmədi. Fikirləşdik ki, filmdən sonra gələcək. Televizor bağlanana qədər gözlədik, Tarzan yenə gəlmədi. Səhər Çinardan soruşduq, hamımızın boynuna qoydu ki, Tarzan gəlmişdi, siz yaxşı baxmamısınız.
Yenə uğundu. Söhbəti ciddiləşdirə bilmirdik.
– Çinarı deyirsən?
– Hə.
Daha bərkdən güldü.
– Bir dəfə də Çinar dirəşmişdi ki, Peleylə Maradona rayonda bazarın qabağında keşniş-şüyüd alırdılar. Özü görmüşdü guya.
– Dostun yenə elədir?
– Hə. Gopçu olsa da, yaxşı uşaqdır. Könkanı istəyir.
– Bilirəm.
– Hardan bilirsən?
– Könka deyib.
– Hə. Kömək elə, Könka da onu istəsin. Başbeynim gedib Çinarın əlindən.

– Könkanın zəhləsi gedir ondan. Səndən xoşu gəlir.
– Məndən çox qızın xoşu gəlir. Amma mən istəyirəm, kasinkalı qızın məndən xoşu gəlsin. Səncə, onun məndən xoşu gəlir?
Bu sualdan sonra ciddiləşdik. O susdu. Susmağın razılıq əlaməti olduğunu bilirdim:
– Kasinkan çox gözəldir. Onu qoru. İstəyirəm, lap qocalana qədər saxlayasan.
– Mən əşyalarımı saxlaya bilmirəm. Hamısını itirirəm. Ya da kiməsə verirəm.
– Mən saxlayıram. Taxtapuşumuzda yerim var, aparıb yığıram ora, nənəmin cehizlik sandığına. Köhnədir deyə qaldırıb ora qoymuşuq. Bir xahişim var, bu kasinkanı itirmə. Verərsən baxım?
– İtirməyinə söz vermirəm, mütləq itirəcəm, amma baxa bilərsən, buyur.
Yaylığını boynundan açıb mənə uzatdı. Aldım. İpəkdən idi. Qadın ətri vurulmuşdu. Şirin bir qoxusu vardı. Mən də saatımı açdım:
– Dəyişək?
O susdu. Saatı ona uzatdım. Nənəmin aldığı elektron saat idi. Alıb baxdı. Sonra qoluna taxdı.
– Yadına gəlir, sən bu qoluna gözmuncuğu taxırdın.
– Aaa, sənin yadında hər şey qalıb. Güclü yaddaşın var,
– saatıma baxıb əlavə etdi, – Yaraşır, amma oğlan saatıdır.
– Bu saat oldu sənin.
– Oğlan saatını neyləyəcəm?
– Saxla özündə. Nə vaxtsa qaytararsan. Amma istəmirəm qaytarasan. Səndə qalsın.
– Məndə qalsa, itirəcəm.
– İtirənə qədər səndə qalsın.
– Yaxşı.

– Nənəm deyir, keçmişdə qızlar yaylığını xoşuna gələn oğlanın qarşısında yerə atırmışlar.
– Niyə?
– Nə bilim. Qızlar utanır axı birbaşa söz deməyə. Bunu istəklərini bildirmək üçün edirmişlər.
Söhbətin şirin yerində Cincilimə xırda daş atdılar. Çox qorxdu. Qollarını sinəsinə qısdı. Hər ikimiz susduq. Bir neçə saniyə gözlədikdən sonra pıçıltı ilə dedim:
– Adam olsa, mən kanala girəcəm, sən tək olduğunu, hava almağa çıxdığını deyərsən. Gözlə, ətrafa baxım.
Ətrafı ehtiyatla yoxladım.
– Cincilim, qorxma bu vaxtlar çəyirtkə tullanıb adama dəyir, adam elə bilir, daşdır. – desəm də içimdə şübhə qalmışdı. Çünki çəyirtkə və ya böcək adama dəyəndə istiqamətini dəyişib uçur. Bu, xırda daşa daha çox oxşayırdı.
Cincilimi çəyirtkə söhbətinə inandırdım, amma o hələ də qorxurdu.
– Gecdir, gedək.
– Hə, gedək. Hər ehtimala qarşı cığırı tək get, səni gözümlə ötürüm, sonra gedim. Qorxma. Səni kənddə tanıyan yoxdur. Sabah günorta nənəngilə getsən, xatirə dəftərimi verərəm, yazarsan.
– Sabah gedəcəm.
– Mən Dıbışgildə olacam. Gələrsən çəpərin qırağına.
– Yaxşı.
– Qorxma, astaca get, sabah danışarıq. Bir az da bağlılıq yaratmaq üçün dedim:
– Cincilim, səni görəndə birtəhər oluram, eləcə dayanıb sənə baxmaq istəyirəm.
– Yaxşı, gedim, gecdir.
O getdi, yaylığı məndə qaldı. Ətirli yaylığı qoxulaya-qoxulaya evə gəldim.
Səhəri çox gümrah oyandım. Kefim əla idi. Tanrı ən böyük arzuma çatmağıma yol açmışdı. Ən böyük arzusuna çatmış adamlar necə sevinirdisə, elə sevinirdim.

Evdəkilər köməkləşib süfrə hazırlayırdılar. Bacım atamla mənə çay qoyub mətbəxə keçdi. Atam dişləmə, mən salma çay içirdim. Süfrədə qaymaq, şor, çiyə, qaynamış yumurta, qənd, iki cür mürəbbə və qızdırılmış çörək vardı. Qənd və quru çaydan başqa hər şey həyətimizin məhsulu idi. Babamdan qalma sağmal inəklərimiz, babamın qardaşının fermasında qırx qoyunumuz vardı. Atamla ikimiz idik süfrədə. Nənəm, anam və bacım mətbəxdə idi.
Atam dedi:
– Saatın hanı?
– Mosudadı. Kiminsə nobatına gedəcək, ona lazımdır. Mosugilin malqarası yox idi. Halbuki kolxozun əmlakı bölünəndə adam sayına görə ən çox malqoyun Mosugilə düşmüşdü. Dıbış hamısını, hətta damazlıq inəyi də satdı. İnəyin puluna çanaq antena aldı. İndi kiminsə işi çıxanda, pul alıb əvəzinə nobata gedirdilər.
– Saatını Mosuya niyə verirsən?
– O da mənim nobatımda itini verir. Atamın səsinin ahəngi dəyişdi:
– İki gecədi hansı cəhənnəmə gedirsən?
Düşündüm ki, gecə yerimdə olmadığımı görüb, valideyn kimi narahat olub. Ona yalan danışmalı idim. Daha doğrusu, onun suallarına həqiqi cavab vermək mümkün deyidi. Atam həmişə elə suallar verirdi ki, mən ona mütləq yalan danışmalı olurdum.
– Tor qurmağa getmişdik. Çinargilnən.
– Bəs tutduğunuz balıq hanı?
– Heç nə çıxmadı. Balaca birin çıxartdıq, onu da Mosunun itinə verdik.
– Hə. Mən də deyirəm, oğlum var. Daliyox vedrə imiş sən demə.
Bir siqaret yandırıb davam elədi:

– Gecə evdən perik düşən köpəyoğlu heç olmasa nəsə edər, görüşdüyünün sinəsini yovşanlığa verib arxasından işini görər. Sənin kimi Nailə İslamzadədən danışmaz.
Məni cərəyan vurdu. Daşı kimin atdığı məlum oldu. Deməli, atam ilk gecə evdən getdiyimi görüb, məni uzaqdan izləyib. Elə bilib, Şaiqin qızı Könkayla görüşürəm. Sonrakı gecə bizdən əvvəl görüşdüyümüz yerdə gizlənib və bütün danışığımıza qulaq asıb. Mən susdum. Yalnız ona tərstərs baxmaqla kifayətləndim. O özünü alçaltmağa davam etdi:
– Amma eybi yox, hələ təzə başlamısan, girəvələ, dalına keç.
Atam çox pis adam idi. Həmişə insanlarda səhv axtarırdı. Yaxşı heç nə düşünmürdü. Mühasirədə canını qurban vermiş şəhid haqqında: “Arxadan vurulub, yəqin, qaçırmış”, – demişdi. Uzun müddət Bakıda qalan qız barədə qənaəti bu idi: “Yəqin, hamilədir, bic doğmağa gedib”. Mən onun atam olmasından utanırdım, amma heç vaxt bu səhərki qədər gözümdən düşməmişdi. İndi mənim üçün Mosunun iti atamdan hörmətli idi. Övladı yaşında qız haqqında düşündükləri onun yaşına yaraşmırdı. Həm də özü qız atası idi. Ən pisi, bu cür söhbəti tərbiyə verməli olduğu oğlu ilə edirdi.
Acıqlı halda dedim:
– O elə qız deyil.
– Xuramanları mənə tanıtma, onların qapılarındakı itpişik də verəngüldür.
Stəkanı nəlbəkiyə çırpıb ucadan təkrar etdim:
– O elə qız deyil!
Atam ona baxıb irişməyimi gözləyirdi. Əksinə oldu. Elə bilirdi, mən qıza toxunmaqla onun qisasını alacam, o da mənimlə fəxr edəcək. Cincilimin atası atamın kəbinli arvadını qaçırdığına görə, bibimlə atam onlar haqqında haradageldi şərşəbədə danışırdılar. Babam ömür boyu kürəkəninə yardım etmişdi. Onu işə düzəltmişdi. Səbəbsiz yerə bibimin ərinin babamdan və atamdan xoşu gəlmirdi. Babamın bibimgilə bağışladığı inək ölü doğanda: “Yəqin ürəksiz verib”, – demişdi. Guya qayınatazad saymırdı. Qayınata saymamağı ilə fəxr edirdi. Bu səbəbdən atamın düşmənlərinə yaltaqlanırdı. Babam ölənə qədər qızına korluq verməzdi. İndi vəziyyət dəyişmişdi. Babam yox idi.
Stəkanı nəlbəkiyə çırpmağım işin gedişini dəyişdi: – Qıjıma, ə, üstümə! Qoduğun biri, qoduq!
Ayağa durub artırmaya çıxanda dedim:
– Bu, atabala söhbəti deyil, vallah, deyil! – dedim. Atam daha da əsəbiləşdi:
– Bunun stəkan çırpmağına bax. Düdük! Səsə mətbəxdəkilər gəldi, anam soruşdu:
– Nə oldu yenə?
– Qız istiyir kişinin oğlu. Nənəm:
– Oğlan qız istəyər də, burda nə var?! Kimi istəyir?
– Özü bilir. Qoduq. Anam:
– İstəyir, istəsin də, sən niyə coşursan?! Nənəm yenə qımışdı:
– Kimin qızını istəyir?
– Özündən soruş.
Bu hadisəyə gülən təkcə bacım oldu. Qız istəməyim ona qəribə gəlirdi.
Daha gecə görüşünə gedə bilməzdim. Cincilimə nə deyəcəyimi bilmirdim. Atamın əclaflığını danışa bilməzdim. Başqa bir şey fikirləşməli idim.
Artırmadakı baxışmadan sonra özümdə ciddi dəyişikliklər etməyə başladım. Burun eşmə vərdişimi tərgitdim. Cincilimi istəyən oğlan burnunu eşə bilməzdi. Masturbasiyanı tərgitdim. O gözəllikdə qızın qəlbinə girmək üçün gərək ondan başqasına baxmayasan. Kimisə düşünüb elə etmək mənə yaraşmazdı. Bir neçə oğlan masturbasiya vaxtı yaxalanıb rüsvay olmuşdu. Mənim də başıma gələ bilərdi. Bu ehtimal milyardda bir olsa da, qorxmağa başlamışdım. Milyardda bir ehtimalım reallaşmışdı. Bu, Cincilimlə ilk görüşümüz idi. Daha bütün ehtimallara həssas yanaşmalı, mərifətli, savadlı biri kimi tanınmalı, özümü həyatda sübut etməli idim. Cincilim düşündüyüm tək qız olmalı idi. Ancaq onu düşünməli idim. Onu masturbasiya xəyallarımda canlandıra bilmirdim. Əslində cəhd etmişdim, alınmamışdı. İndi daha səliqəli geyinir, daha mədəni olmağa çalışırdım. Az danışır, çox öyrənirdim. Söyüş və qarğışları leksikonumdan atıb, daha mədəni ifadələrə üstünlük verirdim. İçki içən, qumar oynayan uşaqlardan uzaq dururdum. Çinarla Şıpı siqaretə başlasalar da, mən çəkmirdim.

Atamla ağızlaşandan sonra bir az narahatlıq yaşasam da, az sonra əhvalım düzəldi. Düşünürdüm ki, nə yaxşı bizi atam görüb. Başqası görsə, adımıza söz çıxardı. Atam heç kimə deməzdi. Desə-desə anama deyərdi. Anama da deməyini istəyərdim. Qəlbimdəkini bilməli idi. Reaksiyası mənfi olsa belə, anam bu barədə heç kimə heç nə deməzdi. Taxtapuşa çıxıb Cincilimin əmanətini – mənim üçün mənəvi dəyəri olan yaylığı çoxluca qoxuladım, sonra qaytarıb sandığa qoydum. O yaylığı İsveçrənin bütün banklarındakı pula dəyişməzdim.

Səhər evdən acıq edib getmişdim. Nənəm məni yanına çağırdı. Getmədim. Çinargildə tutub, söhbətə başladı.
– Nənən qurban, de görüm, kimi istəyirsən?
– Ay nənə, sən allah, yaxşı, atamdı da, danışır.
– Ədə, de görüm, bəlkə, ad elədim.
– Yoxdur istədiyim.
– Yaxşı, desən, sənə iki “şirvan” verəcəm.
– Beş “şirvan” ver, deyim.

Milli valyutamız manat olsa da, o vaxt Mərkəzi Bankın sədrindən başqa heç kim bu ifadəni işlətmirdi. Pulun üstündəki şəkillərə uyğun tədavül aparılırdı. Məsələn, 500 manatlıq əsginasın üzərində Nizami Gəncəvinin şəkli olduğu üçün hamı ona “nizami”, 1000 manatlıq əsginasda Məmmədəmin Rəsulzadənin şəkli olduğu üçün “məmməd” deyirdi. Mərkəzi Bankın sədrini insanların manata manat deməsi üçün nə etməli olduğu ciddi-ciddi düşündürürdü. Min manatlığın dizaynını dəyişib üstünə neft buruğunun şəklini vurdu. Xeyri olmadı. Hamı ona yenə “məmməd” deməyə davam etdi. Bu dəfə “məmməd”dən böyük əsginası çıxartdı, üstünə adam şəkli yerinə Şirvanşahlar Sarayının şəklini vurdu. Adamlar dirəşmişdilər. Bir həftə bu pula “şirvanşah” desələr də, sonra sədrin acığına qısaldıb “şirvan” deməyə başladılar. Sədrdə də az yox idi. Bu dəfə beş “şirvan” dəyərində göyümtül əsginas çıxartdırdı, üstündə şəkil vurulsa da, nə olduğu bilinmirdi. Camaat yenə dirəşib bu pula “beşşirvanlıq” adını verdi. Sədr gördü, mümkün deyil, “şirvan”ı iki manatla əvəz edib pulu ümumilikdə dəyişdi. Yeni pullara adam şəkli vurulmadı.

– Babanın goru, istədiyin qızın adını de, beş “şirvan”ını verəcəm.

Babam veteran olduğuna görə nənəm yaxşı pensiya alırdı. Üstəlik ağartı məhsulları satırdı. Nənəmin yaxşı pulu vardı. Xərcliyimi həmişə o verirdi. Atamdan heç vaxt pul istəmirdim. İstəsəm də, verməzdi.
Cincilimi deyə bilməzdim, acığı tutardı. Onlar düşmənimiz idi. Həm də Cincilimi hamıdan gizlətməyə çalışırdım. Yoxsa söhbət onun böyüklərinə çata bilərdi. Bu çox qorxulu idi. Cincilimin mənimlə yaşında bir yaş kiçik bacısı nəvəsi İlahə vardı. Ağlıma o gəldi:
– Hünbətin qızı İlahə.
– A köpəyoğlu, mənimlə qohum olursan? Hər ikimiz güldük.
– Verər qızını?
– Vermiyib nə qələt eliyəcək?! Onun şalvarını boğazına qalstuk eləyərəm. Get əsgərliyə, gəl, alacam o qızı sənə. Amma qızın olsa, mənim adımı qoyarsan.
– Nənə, gərək 1 “şirvan” da verəsən.
– Niyə?
– Qızımın adını Ağca qoyacam axı.
– O boyda qız alıram sənə, gərək sən mənə “şirvan” verəsən, – desə də, pulumu verib gələcək nəticəsinin də adını qoydu.

Nənəmi öpüb qıdıqladım. O da məni öpdü.
– Nənə, Dıbışgilin unu qurtarıb, çox kasıbdılar, bir kisə un verək onlara.
– Özləri istəyib?
– Yox, biz verək. Əkin sulayanda oğlu mənə kömək edib. Deyərəm, nənəm pay göndərib.
– Allah adamın ağlını almasın. Pay torpaqlarını satıb-sovub, indi də acyalavac qalıblar. Bir kisə arabaya qoy, apar.

Nənəm payın üstündə nehrə yağı, pendir, yumurta, konfet də verdi. Üstəlik, mənim pulumu da verdi. Babamın goruna and içmişdi, sözünü tutdu. Evə getmədim, ayınoyunu Çinar gedib gətirdi. Dıbışgil xeyli sevindilər. Nənəm və məndən başqa evimizdə bunu heç kim bilmədi.

Bu əhvalat baş verən gün nənəm eləməz tənbəllik, gəlinlərə verilən çıraq, yaylıq, üstündə Nazpərinin şəkili olan şokalad qutusunu da götürər İlahəgilə.

O vaxt kəndimizdə xeyir işlərə məhz Nazpəri Dostəliyevanın şəkli vurulmuş şokolad qutuları aparırdılar. Başqa müğənnilərin olan qutular da vardı, amma nədənsə hamı Nazpərinin şəkli olanı alırdı. Həmin şokolad qutularını ürək eləyib açan da olmurdu. Hamı fikirləşirdi ki, harasa qonaq gedəndə apararam. Beləcə şokolad qutuları bütün kənd evlərini gəzə-gəzə son istifadə tarixini başa vurub atılırdı.

Nənəm İlahəni öpər, bacısına və anasına gələcəkdə qızı nəvəsinə alacağını bildirər. Bunu İlahəyə də deyər. Aldıqlarını İlahəyə verəndə çırağı hələ yandırmamağı tapşırar. Bu hal uşaqlıqda hər çatana: “Sənin qızını alacam nəvəmə”, – demək kimi qeyri-ciddi qəbul olunmur, amma tam ciddi də sayılmırdı. Ad eləmə kimi bir şeydir. Yəni nənəm elçilik etmir, sadəcə istəyin bildirir. Belə hallar çox olurdu və çox vaxt da alınmırdı. Amma ciddiləşən də olur.

İlahə işlək, təmizkar və göyçək qız idi. Qəlbində kimsə olmayan oğlan bu qızı rahatlıqla qəlbinə yerləşdirib ciddi münasibət qura bilərdi. Yaxşı qız idi. İndi toyda-yasda rastıma çıxırdıqsa, baxışmaq istəyirdi. Mən isə onlar tərəfə hərlənmir, görəndə görməzdən gəlirdim. Təkcə onunla yox, Cincilimdən başqa heç bir qızla baxışmırdım.

İlahəgil bizdən üç məhlə yuxarıda yaşayırdılar. Mən oralara nadir hallarda gedirdim. Nənəmə dediyim yalan çox qələtə oxşayırdı. Onun belə bir addım atacağını bilsəydim, bu səhvi etməzdim. Biz bu qız haqqında bir daha heç nə deməyəcəyik. Bir onu deyim ki, evləri yanan İlahə öz canıyla bərabər taxta qutuda saxladığı çırağı və yaylığı çıxartmışdı və mən tələbə olanda xəbər yollamışdı ki, yaxşı yerdən istəyənlər var, məni gözləsin, yoxsa getsin? Mən “getsin” demişdim.

Vədə yetişdi, Çinarla birlikdə Dıbışgilə bərqərar olduq. Onlara gətirdiyim ərzağa görə sevindilər. Kəndin ən yoxsul ailəsi olsalar da, oğrulardan qorunmaq üçün qulağı kəsik it saxlayırdılar. Şarik adlı bu it Mosudan da, Dıbışdan da ağıllı idi. Kanalda boğulan azyaşlı uşağı xilas etmişdi. Bu iti müşahidə edən alim heyvanlarda şüurun olmağı barədə mütləq mübahisə edərdi. Şarik səhər o başdan durur, tayadan enirdi. Xoruzlar Şarikin tayadan endiyini görüb banlayır, zəhmətkeş adamlar yuxudan oyanır və kənd canlanmağa başlayır. Gecə yatmazdan əvvəl ətrafı yoxlayır, hamını yuxuya verəndən sonra qalxıb tayada yatırdı. Kənddə həyat Şarikin tayadan düşməsi ilə başlayır, tayaya qalxması ilə bitirdi. Dıbışgilin otu olmadığına görə it Cincilimin atanənəsigilin tayasında yatırdı. Boynuna xalta taxılsa da, özünü normal apardığına görə heç vaxt onu zəncirə vurmurdular. O, Cırarx deyilən yerdə canavarı basıb qoyun sürüsünü xilas etmişdi.

Mən Cincilimə yaxın olmaq, ən azı onu görmək üçün hələ artırmadakı baxışmadan bir il əvvəl Çinarın dayısıgilə ayaq açmışdım. Onlar Dıbışgilin çəpər qonşusu idilər. Bunun üçün Şarik yaxşı bəhanə idi. Ona ət, sümük gətirib dostlaşmışdım. Aramızda mənəvi bir bağlılıq yaranmışdı. İt məni hamıdan çox istəyirdi. Şarikin ağıllı it olduğunu çox adam bilirdi. Kənddə onun əməlli-başlı hörməti vardı. Mən nobata gedəndə bir qutu siqaret müqabilində Şariki alıb aparırdım. Demək olar ki, Şarik təkbaşına naxıra nəzarət edirdi. Örüş yerinin arxa və sağ tərəfi “Vodozvor” dediyimiz qamışlıq, sol tərəfi qarğıdalılıq idi və Şarik bilirdi ki, inəkləri qarğıdalılıqdan – əkin yerindən qorumaq lazımdır. Mən naxırı Şarikə etibar edib örüşdən kəndə də gəlib-qayıdırdım. Şarik olan yerdə canavar və ya oğru da naxıra yaxın gəlməz, heç bir inək əkinə girə bilməzdi.

Mosudan iti almaq üçün 10 “şirvan” təklif etmişdim, razılaşmamışdı. Nənəm it-pişikdən iyrəndiyinə görə qapıda bu cür heyvan saxlamağa qoymurdu. İti bir neçə dəfə həyətimizə gətirmişdim, nənəm Şariki almağıma etiraz etməmişdi. Əvvəl it və at almaq istəyirdim. Düşünürdüm ki, başım heyvana qarışacaq, dərsimdə axsayacam. Ona görə bu arzumdan vaz keçdim.

Cincilimə gedən yol universitetlərin birindən keçirdi. Bunu dərk etdiyim üçün bir ildən çox idi hazırlaşırdım. Qızların və valideynlərin üstünlük verdiyi oğlan, diplomlu oğlan idi.

Qonşumuz Əhmədin atı və Çinarın dayısı oğlu Mosunun iti ilə arada başımı qatırdım. Lazım olanda yiyələrinə bir qutu siqaret alıb heyvanlardan istifadə edirdim.

Nə də olmasa, Dıbışgilin geniş həyəti vardı. Çinarın ana-babası öləndən bu yana onların həyətində uşaqdan başqa heç nə əkilməmişdi. O qədər adam boş oturmaqdan yorulmurdu. Heç biri yer qazıb bir şitil basdırmırdı. Əslində, kimə desəydilər, pulsuz şitil də verərdi. Demirdilər.

Həyət uzunsov və geniş idi. Cincilimin babasıgillə evin arasında xeyli məsafə vardı. Orda cinayət törətsən, evdə xəbər tutmazdılar.

Cincilimə vəd vermişdim, axşam Dıbışgilin həyətinin ayağına getməyə bəhanə lazım idi. Həm bəhanə tapmış, həm də görüşün maraqlı keçməsi üçün Əhmədin atını almışdım. Guya həyətin ayağındakı xam yerdə otaracaqdım. Baxımsızlıqdan həyətdə hər cür bitki bitmişdi. Kəndin ən vitaminli otları Dıbışgilin həyətində idi. Çünki ora insan ayağı az-az dəyirdi.

Əhmədə iki qutu siqaret və 1 “şirvan” verib atı axşama kimi almışdım. Nənəmin göndərdiyi pay-püşü Çinarla birlikdə arabadan düşürəndə Dıbışın arvadına dedim:

– Şəfiqə xala, atı xama aparacam. Həyətinizə gedirəm.
– Nolar, bala, apar, bura sənin öz həyətindir. Ağca xalaya paya görə sağ ol deyərsən.

Bu vaxt Çinar dilləndi:

– Bibi, mənə on-on beş dənə qənd ver, ata verəcəm.

Şəfiqə evdə qənd olmadığını bilirdi. Amma yenə də mətbəxə keçib geri qayıtdı:

– Çinar, bibi qurban, qəndimiz qurtarıb. Gərək dayına deyim, alsın.

Mən Çinara pul verib üç kilo qənd almağa yolladım. İki kilosunu Şəfiqəyə verdim, qalanını götürüb həyətin ayağına çəkildim. Çinarın əsas missiyası dayısıgildə məni tək qoymamaq və həyətin ayağına kiminsə gəlməsinə mane olmaq idi. Bir qayda olaraq, qohum və qardaşağa evləri istisna olmaqla, kişisiz evə qonaq getmək tərbiyəsizlik sayılırdı. Çinar dayısı evində olduğuna görə, onların həyətinə keçməyə icazəm vardı.

Şarik, at və mən həyətin ayağına gəldik. Bura üçün “Tviks”, “Mars”, “Snikers” şokoladları və limonad almışdım. Xatirə dəftərimi Cincilimin yazması üçün özümlə götürmüşdüm. Geyimim at otarmağa gələn adamın geyimindən çox, şəhər uşaqlarının geyiminə bənzəyirdi. Nənəm həmişə cibimə təmiz dəsmal qoyardı. Bundan əlavə, Şarikə hərbiçilərdən pulla üstünə “əsgər payı” və “satıla bilməz” sözləri yazılmış qavyadin almışdım. Şarik çox xoşlayırdı onu. Dıbışgil nadir hallarda ət yesə də, mən Şariki ətsiz qoymurdum. Bu həyətdə yaşayanların içində yeganə ət yeyən canlı Şarik idi.

Cincilim nahar vaxtı çəpərin yanına gəldi. Yaxşıca bəzənmişdi. Ətir də vurmuşdu. Bəzənsə də, bəzənməsə də gözəl görünürdü. Hətta üzünə kömür də sürtsə cazibədarlığını itirməzdi.

– Salam! Necəsən? Bayaqdan burdasan?

Ona “can, ürəyim” deməkdən özümü güclə saxladım:

– Salam, Cincilim. Yaxşıyam. Sən nə təhərsən? Hə, saat 11 tamamdan burdayam.
– Mən də yaxşıyam.
– Tək gəlmisən, yoxsa Könka da burdadı?
– Təkəm.

Xatirə dəftərimi ona uzatdım. Dəftərdə əlavə 31, 32, 33 və 34-cü sualları artırmışdım ki, bu, sırf Cincilim üçün nəzərdə tutulmuşdu. Daha doğrusu, onun fikirlərini öyrənməyə... “Gələcəkdə ailə quracağınız şəxsin hansı peşə sahibi olmasını istərdiniz?”, “Sizi kimə bənzədəndə xoşunuza gəlir?”, “Məni necə biri kimi tanıyırsınız?” və “Mənə sözünüz, arzunuz...”

– Al dəftəri. Yazarsan. Sənin xatirə dəftərin var?
– Bakıda. Bilsəydim, gətirərdim.
– Gələn dəfə mütləq gətir. Bazar günü gedəcəksən?
– Hə.
– İcazə verərsən, darıxanda kasinkana baxım?

O susdu, mən davam etdim:

– İcazə versən də, verməsən də darıxacam. Həmişə darıxmışam.

Cincilim söhbəti dəyişdi:

– Bu it nənəmgilin tayasında yatır.
– Mosunun itidir. Boğulan uşağı ölümdən qurtarıb. Cırarxda canavar basıb. Qulağını kəsiblər ki, ayıq yatsın. Adı Şarikdir. Al bu qovyadini, ver ona. Qorxma, səni tutmaz. O bilir ki, səni dişləmək olmaz.
– Hardan bilir?
– Mən demişəm.

Güldü. Mən üzümü Şarikə tutdum:

– Şarik, bu qız dünyanın ən yaxşı qızıdır. Ona hürmək, mırıldamaq, onu qorxutmaq olmaz. Görürsən, güləndə Nailə İslamzadəyə bənzəyir.

Şarik məni heç vecinə də almadı. Cincilim dedi:

– Sən, türklər demiş, takılmısan bu Nailə İslamzadəyə.

Bir az utandı, amma ürəkdən güldü. Qovyadini açanda əlini bulaşdırdı. Cib dəsmalımı cəld ona uzatdım. Ətirləmişdim.

Əvvəl əti itin qarşısına atdı, sonra dəsmalımla əlini sildi, amma qaytarmadı:

– Yuyub qaytaracam.
– Əziyyət çəkmə, mamam yuyar.
– Yox, mən yuyacam. Mamanı toyda gördüm. Niyə ağladınız?
– Babalarıma görə qohumlar bizi yasdan çıxırdı. Mamam kövrəldi bir az.
– Sən də kövrəlmişdin.
– Hə, babalarımın ikisini də çox istəyirdim.
– Allah rəhmət eləsin.
– Amin. Allah sizin də ölənlərə rəhmət eləsin. Ata qənd yedizdirək?
– O necə olur? At qənd yeyə bilir?
– Hə, bax.

Mən ovcuma qənd qoyub ata uzatdım. Cincilim heyrətləndi:

– Aaa, nə maraqlıdır.
– Al sən də ver. Əlini tam aç. Ehtiyatlı ol, at əlini dişləyər. Bax belə.

O, qəndi ovcuna qoyub ata tərəf uzatdı. At özünü qoydu axırıncı yola, qəndi yeməyib məni pərt elədi. Sonra təpik atıb üstümü batırdı. Bir az keçən kimi soncuqlamağa başladı. Elə bil gözünə cin görünmüşdü. Bir sözlə, çilədən çıxarmaq üçün bildiyi hər şeyi etdi. Həmin at idi bit-birə bunu yeyib haldan salanda Əhmədin vecinə deyildi. Nənəm: “Ay Ərəl, nənən qurban, dilsiz-ağılsız heyvandır, yazıqdır, bunu dərmanlatdır”, – deyib pul vermişdi. O, həyatımda ən çox qənd yedizdirdiyim at idi. Yiyəsi Əhməd onunla əzazil davranırdı. Məndə olanda dincəlirdi. Qışda bu ata görə qapımızdan Əhmədə xeyli ot vermişdim. Onu çimizdirmişdim. Heç vaxt tərli-tərli sulamamışdım. Kanala salanda qulağına su getməsin deyə çox ehtiyatlı davranmışdım. Narahat yəhərinin altına yumşaq maçalka bağlatmışdım ki, belini incitməsin. İndi həmin at mənə qarşı belə edirdi. Bunu başqa vaxt etsəydi, xətrimə dəyməzdi. Deyərdim, heyvandır, qanmır. İndi belə etməməli idi. Etdi. Bu atı almaq üçün Əhmədə nənəmin qızıma onun adını qoyacağına görə verdiyi “şirvan”ı vermişdim. O, adi “şirvan” deyildi. Bir insan bütün taleyini Ağca adı ilə yaşayacaqdı.

At necə hoqqa çıxartdısa, Cincilim də, mən də tıncıxmağa başladıq. Söhbətin başını buraxıb bu çərdəymişə fokuslandım. Ürəyimdə dedim, səni gənə basıb yesə, daha dərman vuran deyiləm. Görüşümüzün marağını artırmaq əvəzinə məni də, Şariki də dilxor elədi. Şarik uzaqlaşdı ki, bəlkə, bu dəmşalaq sakitləşə. Sakitləşmədi. Şarik ata mırıldadı, bir-iki ağız hürdü, xeyri olmadı. İş o yerə çatdı ki, Cincilim dedi:

– Bu saat camaat yığışacaq bura, mən gedim.

Mən ən vacib sözü Cincilimə tələsik dedim:

– Cincilim, gecə görüşmək qorxuludur.
– Hə, mən də sənə deyəcəkdim. Çox qorxdum.
– Gecə görüşməyək. Amma bura ən sakit yerdir. Axşam da, sabah da burda olacam.
– Səncə, o daş idi?

Bilmədim nə deyim. Atam heç vaxt məni satmaz deyə düşünürdüm. Dünyanın heç bir atası övladının sirrini açmaz. Amma atamı tanıyırdım. Bu sirrin açılma ehtimalı milyardda bir olsa da, açıla bilərdi. İsmayıl babamdan bir söz yadımda qalmışdı: “Düzlük ən böyük biclikdir”. Odur ki, dedim:

– Daş imiş.

Qız elə hala düşdü ki, dediyimə peşman oldum. İndi vəziyyətdən çıxmalı idim:

– Narahat olma. O adam səni tanımayıb. Biz orda ayıb bir iş də görməmişik. Sadəcə söhbət etmişik.
– Bilirəm, amma baxma da, atam bilər.
– Qorxma. Heç kim bilməz.
– Kim olub bizi görən?
– Sən onu tanımırsan. Sahə suvarmaqdan gəlirmiş.

Mən ona dedim, qız bacım idi. Qorxma.

Bu sözləri onu sakitləşdirmək üçün dedim. O mənimlə sağollaşanda dedim:

– Bazar günü Şıpıgildə olacam. Getməzdən əvvəl səni artırmada o cür görmək istəyirəm. Mən həmin yerdə duracam.

Gəldiyi gün baxışmağımızı nəzərdə tutduğumu anladı.

– Yaxşı.
– Ata bir əncam çəkib qayıdacam. Axşam burda ola- cam. Sabah da. Get. Amma, Cincilim, nə olar, gələrsən...
– İmkan tapsam, gələcəm.

Sağollaşıb gedəndə çağırdım:

– Cincilim!

Çevrilib mənə baxdı. Mən susdum. Təkrar sağollaşıb yoluna davam etdi.

Həmin gün Cincilimi görə bilmədim. Ertəsi gün şənbə günü idi, biri gün gedəcəkdi. O yalnız günortadan sonra çəpərin qırağına gələ bildi. Mən qorxumdan nahara getmədim ki, birdən gələr, məni tapmaz. Söhbətimiz qısa oldu. Xatirə dəftərini elə oradaca oxumaq istədim. Əsas da 19-cu sualı: ürəyinizdəki şəxs kimdir? “Get evdə oxu” – deyib təkid edəndə içimdə ümid yarandı, lakin gözucu baxanda məyus oldum. Cincilim 19-cu sualın qarşısını boş qoymuşdu:

– Yazmamısan heç nə.
– Gün gələr, yazaram.
– Yaxşı.
– Qalanını evdə oxu.
– Oldu.

Söhbət məni qane etdi. Əl-əl gəzən xatirə dəftərində mənim adımı yaza bilməzdi. Onu anlayışla qarşıladım.

İndi 19-cu sualın önünə adımı yazdırmaq üçün çalışmalı idim. Qısa söhbətin sonunda sabah ilk gəldiyi yerə gəlməsini bir daha xatırlatdım. Sağollaşdıq. O, gözdən itən kimi Şariklə birlikdə narlığa girib xatirə dəftərini oxumağa başladım. Cincilim evdə oxumağı xahiş etmişdi, amma burdan evə gedənə qədər bədbəxt hadisə baş verə bilərdi. Mən ölərdim, dəftər itərdi... Onun yazdığı sözləri oxumadan ölsəm, o dünyada yer tapa bilməzdim. Çevrilib bu dünyaya qayıtmaq – xatirə dəftərimi yenidən oxumaq uğrunda mübarizə aparardım.

Acgözlüklə açdım. Şarik başını elə irəli soxdu ki, guya xatirə dəftəri mənim yox, onundur. Başını itələyib dedim:

– Sən belə şeyləri bilməzsən.

Dəftəri axırdan əvvələ doğru oxudum.

Cincilim 31-ci suala – “Hüquqşünas”, 32-ci suala – “Məni Nailə İslamzadəyə bənzədəndə xoşuma gəlir”, 33-cü suala – “Əliaçıq, qoçaq, mədəni, yaraşıqlı və ağıllı oğlan kimi tanıyıram”, 34-cü suala – “Hüquqşünas ol və qəlbinə yalnız Nailə İslamzadəyə bənzəyən qızı qoy, bəlkə, o qızın ürəyindəki də sənsən” cavablarını yazmışdı. Bu sözləri həyatım boyu, yalan olmasın, min dəfə oxumuşdum. Hər axşam taxtapuşda yaylığı qoxulayıb oxşamağa çıxanda, bu sözləri də mütləq oxuyurdum. Xatirə dəftərində sıra nömrəsi 13-ə çatanda yazmışdım: “Nəhs rəqəmdir, burda sualı siz özünüz yazıb, özünüz də cavab verməlisiniz”. Cincilim: “Nəhsdir, nəsə yazmağa qorxuram” – yazmışdı. “İlk baxışdan vurulmağa inanırsınızmı?” – sualına isə: “Bəli, inanıram, lap əncir ağacında duran birinə də vurulmaq olar”, – cavabını vermişdi.

Vəssalam! Qız mənlik idi. Qalırdı bu bağlılığı qorumaq.

Cincilim - Qanun.Az | Kitablar | Ədəbiyyat

# 521 dəfə oxunub

Oxşar xəbərlər

Marka kolleksiyası - Karel Çapekin hekayəsi

Marka kolleksiyası - Karel Çapekin hekayəsi

10:10 9 yanvar 2026
Hamının ölümsüz olduğu yerdə necə ölmək olar? - Alov İnanna

Hamının ölümsüz olduğu yerdə necə ölmək olar? - Alov İnanna

12:01 8 yanvar 2026
Xoşbəxt adam - Cübran Xəlil Cübranın hekayəsi

Xoşbəxt adam - Cübran Xəlil Cübranın hekayəsi

16:00 6 yanvar 2026
Can yanğısı – Abdulla bəy Divanbəyoğlunun hekayəsi

Can yanğısı – Abdulla bəy Divanbəyoğlunun hekayəsi

12:40 6 yanvar 2026
Ölsəm, bağışla - Anar Şamilin hekayəsi

Ölsəm, bağışla - Anar Şamilin hekayəsi

11:30 6 yanvar 2026
Beşiklə aramdakı məsafə - Reyhan Məcidlinin hekayəsi

Beşiklə aramdakı məsafə - Reyhan Məcidlinin hekayəsi

10:20 6 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər