Kulisin əməkdaşı hərəyə bir ləqəb qoşan kənddə

Kulisin əməkdaşı hərəyə bir ləqəb qoşan kənddə
8 oktyabr 2015
# 07:30

Əvvəli burda

Naxçıvan Azərbaycanın ən kinematoqrafik, kinonun istənilən janrına açıq ərazisidir desəm, yəqin ki, mübaliğəyə yol vermərəm.

Buranın çoxölçülü relyefi, rəngli təbiəti kino üçün təbii dekorasiyadır. Fikrimi əsaslandırmaq üçün Şahtaxtı kəndini misal çəkim. Kəndi - arxeoloq Qəhrəman Ağayevin arxeoloji qazıntılar apardığı, səhralığa bənzəyən, küləyin uğultusundan qulağın tutulduğu hissəsində gəzişəndə istər-istəməz ispan rejissoru Albert Serranın “Quş nəğməsi” filmi içimə dolmuşdu. İncil motivlərinin interpretasiya edildiyi filmdə Məryəm, yeni doğulmuş İsa və onun dünyəvi atası Yusif xilas olmaq üçün ucsuz-bucaqsız, külək uğuldayan səhrada uzun yolçuluğa çıxırlar.

Burdan bir az aralıda isə amfiteatra bənzəyən daş karxana yerləşir. Daş karxanasından aralıda isə yaşıl ağacların içində gizlənən evlər, Araz çayı və Şahtaxtı ilə sərhəd olan Poldəşt şəhəri görünür.

Təsadüfi deyil ki, Azərbaycanın kino tarixində əhəmiyyətli yer tutan bir sıra məşhur ekran əsərləri Naxçıvanda lentə alınıb: “Dədə Qorqud”, “Gümüşgöl əfsanəsi”, “Əzablı yollarla”, “Babək”, “İki sahil”, “Nəsimi” və s.

Vaxt azlığından yalnız “Gümüşgöl əfsanəsi” və “Əzablı yollarla” filminin çəkildiyi məkanda ola bildim.

Rəsmi adı Arpaçay su anbarı olan Gümüşgöl strateji yer hesab olunur və Ermənistanla sərhəddə yerləşir. Bura dövlət orqanlarından xüsusi icazə almadan getmək mümkün deyil. Naxçıvanlı həmkarlarımızın köməkliyi ilə əraziyə səyahət etdik.

Əshabi-Kəhf

Çılpaq dağların əhatəsində yerləşən Gümüşgöl adamı dərhal mistik hisslər burulğanına atır. Yəqin bu səbəbdən də rejissor Eldar Quliyev məkanın sirli aurasını hiss edərək 1984-cü ildə lentə aldığı “Gümüşgöl əfsanəsi” filminin ən məşhur səhnəsini burda çəkib. Həmin səhnədə əsas qəhrəmanlarından biri Leyli göldə asanlıqla yeriyir, onun inancına görə mənəvi təmiz insanlar göldə bata bilməz. Bu səhnənin çəkilişi vaxtı gölün altında kiçik körpü tikilib. 2007-ci ildə Arpaçay su anbarının yenidən təmiri zamanı körpü çıxarılıb, filmdən xatirə kimi gölün həndəvərində qoyulub.

Məni yaxşı mənada sarsıdan məkanlardan biri Naxçıvan şəhərinin yaxınlığında yerləşən Əshabi-Kəhf mağarası oldu. İlandağın və Nəhəcir dağı arasında yerləşən mağara həm də ziyarətgahdır.

Əshabi-kəhf ərəbcədən tərcümədə "Mağara adamları" anlamına gəlir. Rəvayətə görə, Dağ Yunis adlı zalım şahın ədalətsizliyindən qaçan dörd gənc buradakı mağaralarda gizlənərək Allahdan onları qeyb etmələrini diləyiblər. Allah onları bir neçə əsr yatırdıqdan sonra dağı parçalayaraq qeyb edib. O vaxtdan bəri “Əshabi-Kəhf” insanların inam yerinə çevrilib.

Tofiq İsmayılovun “Məlikməmmədin nağılı” əsasında quruluş verdiyi “Əzablı yollarla” filmi burda çəkilib. Mağaralar, qayalar, daşlar kompozisiya olaraq bir-birilə o qədər harmonikdir ki, sanki antik heykəltəraşların əliylə yonulub.

Deyilənə görə, “Əzablı yollarla” filminin çəkiliş heyətinə yerli əhali burda film çəkilməsinin günah olduğunu söyləyib. Bəlkə də onların fikrində həqiqət də olub, çünki kaskadyorlardan birinin ayağı sınıb, filmin 10 dəqiqəlik hissəsi isə itib.

Bura çıxmağın çətinliyini nəzərə alsaq, 1982-ci ildə çəkiliş heyətinin texniki baxımdan hansı çətinliklərlə üzləşdiyini təsəvvür edirəm. Yalnız son illərdə burda mümkün olan bütün şərait yaradılıb, adamların mağaralara rahat çıxması üçün pilləkənlər tikilib. Amma bu pilləkənlər “Əshabi kəhf”in qədimliyinə xələl gətirmir, əksinə, onlar qıcıqlandırıcı modernizasiyadan uzaq, qədimliyi əks etdirən, estetik incəliklə qurulub.

Naxçıvan təbiətinin asketizmi, lirizmi, eyni zamanda əzəməti və obrazlılığı məni mütəssir edir ki, tarixçi Elbrus İsayevin “Tarixi İpək yolu” beynəlxalq konfransda “Naxçıvan təbiəti kinematorafiyada” mövzusunda məruzənin rejissor Tahir Əliyevlə birlikdə həmmüəlifi olmasına həvəslə razılaşdım.

Şahtaxtinskilərin ev muzeyi

Yazımın əvvəlində adını çəkdiyim Şahtaxtı kəndinə qayıtmaq istəyirəm. Kəndin tarixi, mədəniyyəti haqda onlarla məqalələr çap olunub, sənədli filmlər çəklib. Məlumatı olmayanlara ümumi zəruri bilgi vermək istəyirəm.

Kəngərli rayonunda yerləşən Şahtaxtı Azərbaycanın ən çox alim, akademik yetişdirən kəndidir. Və bu kənd ən çox Şahtaxtinskilər soyadı ilə assosiasiya olunur. Şahtaxtinskilər eyni zamanda İrəvanda, Tiflisdə yaşayıblar, adını çəkdiyim yerlərdə onların iri torpaq sahələri, mülkləri olub.

Xaricdə təhsil almış ilk azərbaycanlı qadın Leyla Şahtaxtinskayadır. 1904-cü ildə İsveçrədə Tibb Universitetinə daxil olub, amma təhsilini başa vurmasına az qalmış orada vəfat edib.

Bacısı Adilə Şahtaxtinskaya isə Azərbaycanın ilk həkim ginekoloqudur. Bacılar publisist, Tiflisdə, Türkiyədə jurnalist fəaliyyəti ilə məşğul olan İsa Sultan Şahtaxtinskinin qızlarıdır.

Şahtaxtinskilər nəhəng nəsil olduğu üçün onlar haqda məlumatı bir məqalədə yerləşdirmək mümkün deyil.

Bu soyadın daşıyıcılarından ən məşhuru Məhəmmədağa Şahtaxtinskidir.

Şahtaxtıda hazırda onun ev muzeyi fəaliyyət göstərir.

M.Şahtaxtinski 1846-cı ildə Leypsiq Universitetində fəlsəfə, tarix və hüquq elmlərini öyrənib, daha sonra Parisdə təhsilini davam etdirib, rus, alman, fransız, ingilis, ərəb, türk və fars dillərini mükəmməl bilib, Fransa ali məktəblərində şərq dillərindən dərs deyib, Azərbaycan əlifbasında islahatlar edib, fransız dilinin fonetikası sahəsində tədqiqatlar aparıb, onun xidmətlərini Fransa Maarif Nazirliyi fəxri diplom ilə təltif edib. Var-dövlətinin bir hissəsini sataraq “Qeyrət” mətbəəsini açıb, fikir azadlığı tariximizdə xüsusi yeri olan “Şərqi Rus» qəzetinin təsisçisi olub, Mirzə Cəlilin jurnalist kimi kəşf edib və s.

Şahtaxtı koloritli kənddir. Adamları da koloritlidir, çox güclü yumor hissləri var. Məsələn, kənddə hər adamın mütləq ləqəbi var. Bununla bağlı kənddə geniş yayılmış lətifə də var. Yazımı da bu lətifə ilə bitirirəm.

Günlərin birində Ramiz adlı bir adam kəndə işləməyə gəlir. Kənd əhli Ramizə deyir ki, ağır otur batman gəl ki, sənə ləqəb qoşmasınlar. Ramiz də cavabında “Arxayın olun” deyir.

Ertəsi gün Ramiz çayxanaya gedir. Çayçı yoldaşını səsləyir:

- Ə, Arxayın Ramizə bir çay....

# 4047 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
#
#
# # #