“Cənnət anaların ayaqları altındadır” yalanı

“Cənnət anaların ayaqları altındadır” yalanı
11 mart 2015
# 11:36

Fotoaparatı çıxartdım. Bu şənlikdən kadrlar çəkməli idim. Bunu özüm üçün edirdim əslində. Uşaqlıqdan fotoqraf olmaq istəyirdim, indi isə bu iş məni sadəcə hobbi kimi maraqlandırırdı.

“Bəs sən anana nə arzu edirsən qızım?” deyən aparıcı az qaldı mikrofonu qızcığazın boğazına dürtsün.

Uşaq gözlərini iri açaraq susdu. Bir damcı parlaq göz yaşı tələsik aşağıya süzüldü.

Bu zaman tüklü, kobud bir qol uşağı dartıb özü ilə apardı. Qızcığaz gedə-gedə aparıcıya baxırdı. Amma ağlamırdı. İnsanlar isə uşağın göz yaşını tapdalamaqdan zövq alırdılar elə bil.

Bəli bütün bunlar işıq sürəti ilə baş verdi. Mən uşağın arxasınca baxa-baxa qalmışdım. O kobud əl onu incitsə də balaca heç səsini çıxartmırdı. Görünür, o şəxsi tanıyırdı.

Mən qadınlar bayramı münasibəti ilə keçirilən şənlikdən uzaqlaşdım.

Qızcığazın üzü bir an olsun ağlımdan çıxmırdı. 7-8 yaşı ancaq olardı. Arıq, sarışın bir uşaq idi. Saçları çox səliqəsiz hörülmüşdü. Sanki anası hörməmişdi saçlarını.

Mən uşağın aparıcıya niyə cavab vermədiyini anlamamışdım. Halbuki oradakı bütün uşaqlar sevinclə, hətta uşaqlara xas şirin ədabazlıqla özlərini gözə soxmağa, diqqət çəkməyə çalışırdılar.

Düşünürdüm ki, yəqin o qorxub, ya da utanıb. Üzümdə yaranan gülümsəmə öz-özümlə razı qaldığımdan xəbər versə də, daxilimdə nə isə təlatüm var idi.

Şənlikdə çəkdiyim rəsmlərə baxırdım. Bir anda həmin uşağı gördüm.

Və onu ətrafdan xəbər almağa başladım. Bu uşağın üzündəki kədərin diqqətimi niyə çəkdiyini bilmirdim əslində. Sanki bu uşağın üzündəki kədər başqa cür idi. Ya da mən elə görürdüm.

Bəlkə də kim isə oyuncağını əlindən alıb, ya da atası istədiyi oyuncağı almayıb.

Bəlkə də, balacanın üzündəki kədərin sirri bu balaca təfərrüat idi.

Bir gün dostumla çay içirdik. O, jurnalist olduğu üçün cəmiyyətlə daha yaxından maraqlanırdı. O uşaq haqqında ona danışdım. Balaca dostumun da diqqətini çəkdi. Rəsmi ona göstərdim. Qızcığazın onun yoldaşının sinfində oxuduğunu bildirdi. Başqa da bir şey demədi. Mən də soruşmadım.

Sonradan dostum bu uşaq haqındakı əhvalatı mənə danışdı. Sən demə uşağın atası, anasının qatili imiş. Mən uşağın aparıcıya niyə cavab vermədiyini indi-indi anlayırdım. Onun dərdi oyuncaq deyilmiş, ana imiş...

Bu hadisə necə baş verib, niyə baş verib danışmaq istəmirəm. Çünki mövzu nə olur, olsun ana qatillərini bağışlamıram. Onun atası hal-hazırda həbsdə imiş. Gözəl əl işləri var, istedadlı adam imiş. O, qızının müəllimlərinə gözəl sənət inciləri düzəldirmiş. Özünü bu yollamı bağışladırdı görəsən?...

O körpə anasının atası tərəfindən öldürüldüyünü bilmir, dərk etmir, sorqğulamır, indilik. Görəsən bu nə zamanadək belə davam edəcək?...

Körpə bu boyda qalmayacaq axı, böyüyəcək, sorğulayacaq...

Aldığı cavablar isə onda həyata qarşı nifrət hissi yaradacaq. O, sevməkdən qorxacaq, o atalardan qorxacaq, ən əsası isə o “Cənnətin anaların ayaqları altında olması” fikrini ən alçaq yalan hesab edəcək, ana olmaqdan qorxacaq...

Anasını ondan uzaqlaşdıranlara inad sadəcə anasına sığınacaq.

Bu uşağın cəmiyyətdə özünü tək hiss edəcəyini düşünürdüm. Nədənsə bu qızcığaz mənim alnımın qırışlarını çoxaltmışdı.

Dostumun nağıl etdiyinə görə həmin qıza məktəbdə hamı yaxınlıq göstərir. Sevib-sayırlar. Amma görəsən bu sevgilər, bu nəvazişlər ana nəvazişinin hər hansı qətrəsinə tay ola bilərmi?

Qızcığazın parta arxasındakı rəsmlərinə də baxdım. Birinci partada otururmuş. Onun gözlərindən gecə boylanırdı. Tünd gecə... Çünki uşağın gözlərindəki ulduzlar çoxdan axmışdı.

Mən eşitdiyim bu hadisədən çox narahat olmuşdum. Doğrudur dünyamızda bu cür hallar az baş vermir. Körplərdən oğurlanan hər ana nəvazişi ilə qadınlıq güclənir, adamlıq isə dünyasını dəyişir. Qadınını alçaldan hər adam kişiliyi, adamlığı edam edir xəbəri olmadan.

Ata nə deməkdir? Qadın niyə kişiyə əmanət edildi? Birini cəzalandıran insan ilk öncə ayna qarşısına keçib öz gözlərinin içinə baxmalı deyilmi? Nə isə... Bildiyim tək bir şey var...

Nəvazişsiz körpələrin üzündə zorla sezilən gülümsəmələr illərin sınağından heç vaxt çıxa bilmir. Bu gülümsəmələr saralır, solur və yaşlanır.

Körpədən anasını oğurlayan adamı nə adlandırmaq olar? Ona bunu etdirən qüvvə yaradanmı, şeytanmı? Bu adam hansı varlığın əsgəridir?

O gün çox dalğın idim; bu balaca şəhərdə qadınını öldürməyə cəhd edən adam, anası əlindən zorla alınan körpə...

Bu gün də dalğınlığım keçməyib, keçməyə qoymurlar çünki. Cəmiyyət ananı yalnızca dilindəmi sevir? Bilmirəm.

Mənim üçün bu çox ağır mövzudu.

İllər sonra rəsmlərə baxarkən “onu” tapdım. Bir anda harda olduğunu, nə etdiyini düşündüm. İndi yəqin 17-18 yaşı olar. Anasızlığını qəlbinin dərinliklərinə qədər hiss etdiyi yaşdadı. Ana dəstəyinə ehtiyacı olduğu bir vaxtdadı. Görəsən atası nə edir? Çıxıbmı türmədən? Cəmiyyətin ən zərif naxışı olan qadını vəhşicəsinə məhv edən o adam, yenə oyurmu gözəl naxışlar?

Görəsən onun da nə vaxtsa tapdalanıbmı göz yaşı?!

# 1470 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #