İndi bildim atasızlıq nə imiş!

İndi bildim atasızlıq nə imiş!
19 avqust 2017
# 12:04

Aysu Kərimova

Bir də gördüm fotodu Atam...

Sənin çiynin varmı oxucu dost?

Çiynin varmı, Vətən kimi...?

"Allahım həmişə Kərim olub..."

Atam haqqında nəisə yazmaq istəyəndə elə bil dünyanın bütün yiyəsiz kədərləri canımda ev-eşik qurmaq istəyir. Hər yerim ağrıyır... Nədənsə mənə elə gəlir dünyadakı bütün sınıq kədərlər yetim olur. Atadan yetim... Hikkəmdən "Hərdən ölüm əmri yazan özün də kaş ağlasan" deyə qarğımağım gəlir Allahı. Dərdi çəkə bilən bəndənə ver, vallah-billah gücüm çatmır deyə başımı divarlara, daşlara çırpmaq istəyirəm mən də hərdən... Əfsus...o məni heç vaxt duymur...və eşitmir...bəlkə də heç tanımır... Bu aydan nəcə də hürkürəm, qorxuram, vahimələnirəm...Özümü məhz sözügedən "sınıq kədər" kimi hiss etdiyim o betər gündən nə az, nə çox bir il ötür... Keçən ilin bu günü atamın evimizdə, bizimlə keçirdiyi son gecə idi... addım səslərin eşitdiyim son səhər, eyni süfrə arxasında şam etdiyimiz son gün, evdəki əşyalarımıza əlləri ilə toxunduğu son saatlar idi... Səhər adəti üzrə məni oyatmadı...nə yedim, nə içdim maraqlanmadı...heç onu həmişəki şuxluqda da görmədim. Ürəyi(m) ağrıyırdı gecədən...Yox, duyuq düşmüşdüm, hiss edirdim nələrsə baş verir. İnanmamağa çalışırdım sadəcə...Sevindirmək üçün, oyanan kimi təzəcə başladığım işimdən adıma hazırlanmış maaş kartımı göstərdim ona...Seçə bilmədi gözləri. Açığı məyus olmuşdum. Öyrəşdirmişdi axı diqqətinə. Umacaqlarım qucaq qədər idi ondan. Amma özümü o yerə vurmadım. Mincür meymunluq edib, "ilk maaşıma sevdiyin ətirdən alacam"dedim...(qismət olmadı) üstüörtülü izahımdan sonra, anladı əlindəki nə imiş. Bir az utandı məni məyus etdiyi üçün...Çaşqınlıqdan kartı öpdü. Sonra həmişəki minvalla gözlərimdən qoxlayıb, təbrik etdi. Fəxrlə uğurlarımın davamın arzuladı. Heysiz Gülümsədi. Elə sonuncu dəfə də onda gördüm gülümsədiyin... Taleyi insafa gətirə bilmədik... Mən də sözümə naxələf çıxdım...həyat ilk maaşıma atam üçün ətir almaq şansın tanımadı mənə... Əvəzində güllər almaq qismət oldu... Çoxlu, gözəl, rəngli güllər aldım...məzar bəzədim... O baş, bu baş qara torpağı öpə-öpə məzar bəzədim... Sonra o torpağa güllər əkdim...Atam həmişə güllərdən "qorxurdu". Evimizə düşmədiyin deyirdi. "İtki olur sevmə Aysum" deyərdi... Bilirdi həvəsli idim topaqla, su ilə oynamağa... Uşaqlıqdan dibçək güllərinə xəstə olsam da atamın miflərinə inanmaq daha gözəl idi. Ona görə sözündən çıxmırdım...ta ki elə həmin gündən 40 gün keçənədək...Hirsimdən evimizin hər yanın dibçək gülü ilə bəzəməyə başladım. Anam dedi: "eləmə düşmür bizə... Onsuz yaman gündəyik" acığla: "bundan sonra nə olursa, olsun, kim gedirsə, getsin. Hamının, hər şeyin canı cəhənnəmə" deyib səsimi qaldırmışdım... Sonra da dəli kimi dizimi qucaqlayıb, hönkürmüşdüm...

Həmin gün dişim dilimi kəsərək getdim işə. Xatırlayıram...davamlı, anama zəng vurub, atanın necə olduğunu soruşurdum. O isə hər şey qaydasındaymış kimi davranırdı. Doğrudan da hər şey normal idi... Bu cür və də bu qədər tez tərk etmək ona yaraşmırdı. Belə tez tərk edilmək də mənim yüküm deyildi heç... Rəğmən, niyəsə içərimdə qəribə narahatlıq vardı. O vaxtlar iş yerim "Dağüstü park” tərəfdə idi. Düzdü bina xeyli köhnəlmiş idi... Lakin şəhərin ən görməli yerlərinə açılan, böyük pəncərələri vardı iş otağımın...Amma həmin gün elə bil şəhərin ən yüksək yerində Xəzərə açılan otağda deyildim hec. Sanki günlərcə pəncərəsiz bir otaga kilidləmişdilər məni. İlahi o narahatlığım necə də havasız, susuz, yurdsuz, yuvasız idi... Durar tutmaza kövrəlirdim. “ Celine Dion”un canlı konsertində ağlaya- ağlaya ifa etdiyi “Dance with my father” mahnısın dəfələrlə dinləyib ona qoşulmağım yadıma düşür. Çox dəxlisizcə evimizin gülüşlü, haylı-küylü günləri...Evimizin işıqlı nurlu vaxtları....daha sonra gözümün altına yayılan makiaj səliqəsizliyimi üzümə vuran iş yoldaşlarım... Onların niyə "bu qədər solmusan" sualından kövrələrək yayınmağım yadıma düşür yenə kövrəlirəm...

Elə həmin gün məndən, ailəmdən, bizdən bir can, bir cahan qopub getdi... Gözümün nuru , evimin bərəkəti, dodağımın gülüşü də onunla bərabər həmin gün uzaqlara, çox uzaqlara yola düşdü... Bir şeir vardı... Deyir: Niyə mənə belə gəldi ki sən son itkim idin – səndən sonra daha heç kim getməyəcək yanımdan... Eynisi oldu... Sonuncu itkim idi atam...

Gözüsulu payız gəlir. Həm bilirsiz payızlarda darıxmaq da çox çətin olur... Amma boş verin ürəyinizin yol çəkdiyi zəngləri, çatdırılmayan məktubları, keçə bilmədiyimiz sarı zolaqları, əlləri kirli, çəkməsi toz, gecəsi gündüzü bomboz bu şəhərin avqust küləklərini, dondurun gündəmi "bir" günlük, bircə günlük götürün atanıza zəng edin. Yanınızdadırsa çiyinlərindən, alnının qırışından öpün, qucaqlayın, səni sevirəm, çox sevirəm deyin... Əllərin oxşayın. Ən çox əllərin. Adam darıxır. Adam insanlıqdan çıxacaq qədər darıxır. Adam it kimi darıxır...Mən edəmmirəm. Mən çox uzaqdayam. Mənim həsrət uzaqlığıma heç bir nəqliyyat vasitəsi işləmir. Heç bir küçə dönmür o mənzilə... Atama susamışam...

Atasızlıq-xatirələri evsiz-eşiksiz buraxmaq imiş, Atasızlıq- bu boyda şəhərdə özünü tək yox, təmtək hiss etmək imiş, Atasızlıq- doğmaların sığalın, yazığca qəbul etməkmiş, Atasızlıq- ailən haqda danışanda kəkələməkmiş, Atasızlıq- daima şərəfsizliklərlə göz gözə gəlməkmiş, Atasızlıq- onun şeir sevən qızına məzar daşı üçün misra seçdirməkmiş, Atasızlıq- anamın qocaldığına şahidlikmiş, Atasızlıq- ən dəhşətlisi soyuqqanlı, quru, hissiz bildiyim riyaziyyatçı qadının həyat yoldaşının şəklin bağrına basıb, 12 ay hər gün gecə-gündüz göz yaşı axıtdmağı imiş və qadın sevgidən yetim qalır, sevdiyi kişidən yetim qalırmış başa düşməkmiş ...

Atasızlıq-uzun sözün qısası imiş...

Qoruyun atanızı...

Nolar qoruyun...

# 6290 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #