Zəlimxan Yaqubun yetimləri

Zəlimxan Yaqubun yetimləri
9 yanvar 2016
# 17:24

Dünyada böyük ideallar da var, kiçik insan həqiqətləri də. Ancaq həqiqətin dəyəri onun ölçüsündə deyil, sadəcə həqiqət olmasındadır. İnsan böyük ideallara can atır həmişə. Can atmalıdır da! Di gəl, kiçik həqiqətlər də yüksək həssasiyyət tələb edir. Bəzən isə insanlığı bu kiçik, ilk baxışdan elə də əhəmiyyət daşımayan həqiqətlər daha tez və daha dərindən xarakterizə edir.

Bu fikirlər Zəlimxan Yaqubun müsahibəsini oxuyandan sonra ağlıma gəldi. Ağır xəstəliklə əlbəyaxa olan şair xeyli maraqlı mətləblərə toxunub.

Kimdir Zəlimxan Yaqub?

Ona münasibət birmənalı deyil. Onu hədsiz sevənlər də var, zərrəcə xoşu gəlməyənlər də! Amma reallıq reallıqdır! Nə birincilər kimi emosionaldır, nə də ikincilər kimi nihilist.

Şair deyir, yetimlər atası olmuşam – haqlıdır!

Deyir, insanların duası mənə kömək edir – buna şahidəm!

Və elə bu məqamda Zəlimxan Yaqubun dediklərini təsdiq edən bir neçə situasiyanı xatırlatmaq istəyirəm.

“Panorama” qəzetində təzə işə düzəlmişdim. Həmin ərəfədə necə oldusa AYB-nin və Yazıçıların Həmkarlar İttifaqının təsis etdiyi X.R.Ulutürk mükafatını mənə verdilər. Şeirlərimi bu müsabiqəyə Ayaz Vəfalının təklifi ilə təqdim etmişdim. O vaxt (90-ların sonu) “Ədəbiyyat qəzeti”ndə hər ayın ilk həftəsi “Gənclər günü” keçirilirdi. Tədbiri Ayaz Vəfalı aparırdı. Oradan tanış idik.

Mükafatın təqdimat mərasiminə “Panorama” qəzetində şöbə müdirim olan Süleyman Qaradağlı ilə getmişdim. Mətbuatda təzə idim. Məqaləni hekayə kimi, xəbəri inşa kimi yazırdım... Süleyman müəllim mənə çox kömək edirdi və belə bir xoş gündə də yanımda olmaq istəyirdi.

Natəvan klubunun səhnəsində tanınmış yazıçılar oturmuşdu. Zəlimxan Yaqub da onların arasında idi. Mükafatın qalibləri elan olunandan, diplom və pul mükafatları təqdim ediləndən sonra keçib arxada oturdum. Bir azdan Zəlimxan Yaqub səhnədən düşüb yanıma gəldi, boş yerlərin birində oturdu və mənimlə söhbətə başladı. Tədbirdən sonra isə öz maşını ilə məni və Süleyman müəllimi nəşriyyatacan gətirdi. Hiss elədim ki, o, bunu şöbə müdirimin yanında mənim nüfuzumu qaldırmaq üçün edir.

***

“Panorama” bağlanandan sonra ədəbiyyat və mədəniyyət yazıları üçün “Yeni Azərbaycan” qəzetinə dəvət olundum. Bildiyiniz kimi bu qəzet hakim partiyanın orqanı idi. Baş redaktor Alqış Həsənoğlu da həmin dövrlərin ən nüfuzlu jurnalistlərindən sayılırdı. Redaksiyada mühit bir az yad idi mənim üçün. Doğrudur, imzamı tanıyır və hörmət edirdilər, ancaq yenə də. Ən azı təzə kollektivə, yeni rəhbərliyə alışmaq bir az zaman istəyirdi. Həmin vaxtlar millət vəkili, xalq şairi Zəlimxan Yaqubun odlu-alovlu vaxtları idi. Mərhum prezident Heydər Əliyevlə səfərlərə gedir, efirdən düşmürdü.

Bir gün səhər tezdən podşivkaya baxmaq üçün Alqış Həsənoğlunun qəbul otağına getdim (podşivka orda idi). Qəflətən Zəlimxan Yaqub girdi içəri. Başında buxara papaq... Əynində uzun palto... Mənimlə çox səmimi görüşdü və qəbul otağındaca əyləşib söhbətə başladı. Ağa Laçınlıdan, Hüseyn Kürdoğludan, Malik Fərruxdan və başqa laçınlı şairlərdən, o camaatın qonaqpərvərliyindən, Borçalı ilə ortaq yanlarından xeyli danışdı. Alqış Həsənoğlu Zəlimxanın səsinə kabinetindən çıxdı. Dedi, şair, bayaqdan səni gözləyirəm. Zəlimxan Yaqubun cavabı gözləniləməz oldu: “Şərifi gördüm, məclisi bura saldım, sən də bir stul çək, əyləş!”

***

Qağayla (ona dostlar arasında belə deyirik) daha bir qeyri-adi qarşılaşmam Laçın rayon İH-nin keçmiş başçısı Ramiz Cəbrayılovun Taxtakörpü qəsəbəsindəki (Ağcabədi) kabinetində oldu. Kəndimizdə bir aşıq var: Cabbar müəllim... Onun 60 illiyi idi. Tədbir Taxatakörpüdə, Laçının mədəniyyət evində keçirilirdi. Mən də getdim. Səhər tezdən Cabbar müəllim zəng vurdu ki, Bakıdan gələn qonqları başçı qəbul edəcək, sən də dəvətlisən. Getdim. İçəri girəndə Zəlimxan Yaqubla Ağcabədinin millət vəkili Tahir Rzayevi (o da şairdir) başçının otağında gördüm. Zəlimxan Yaqub qalxıb mənimlə elə görüşdü ki, elə bil Yusif peyğəmbər təşrif gətirib. Çaşıb qaldım. Bu iltifatı görən başçı da mənimlə görüşmək üçün ayağa qalxmalı oldu.

Sonradan bildim ki, Zəlimxan Yaqub axşamdan başçının qonağı imiş. Laçınlı qələm adamlarından, o cümlədən məndən xeyli danışıb. Başçının münasibətindən hiss etdim ki, məni layiq olmadığım yüksəkliklərə qaldırıb.

Yubiley tədbirində Laçın camaatı Zəlimxan Yaqubu çox böyük coşquyla qarşıladı. O da özünə xas, insanların damarını tutan, hətta çoxunun gözünü yaşardan maraqlı bir çıxış elədi. Çıxışında məndən də danışdı və axırda dedi: “Şərifi sizə tapşırıram, onun qiymətini bilin”.

Mən öz şəxsimdə Zəlimxan Yaqubun gənc və imkansız bir qələm adamına göstərdiyi sayğıdan az da olsa yazdım. İnanın, Zəlimxanın qolundan tutduğu yetimlərin hamısı səmimi olub nəsə yazsa, böyük bir kitab bağlamaq olar. Amma əsas olan həmin kitabın yazılması deyil. Əsas olan Tanrıdır ki, o da hər şeyi görür!

21.01.2015

# 6779 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
#
#
# # #