Şairin suya əsəbiləşməsi- Xanəmirin yazısı

Şairin suya əsəbiləşməsi- <span style="color:red;">Xanəmirin yazısı
13 fevral 2016
# 21:00

Bu gün tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümmətin doğum gündür. Kulis.az bu münsibətlə şairi təbrik edir və Xanəmirin onun 50 yaşına həsr etdiyi yazını oxucuların diqqətinə çatdırır.

Nə vaxtsa Rafiqin 38-ci doğum günü münasibətiylə bir yazı yazmışdım. O yazımda başıaçıq, dəlisov bir qorxum vardı. Elə dediyim o qorxunun yazının bütün yan-yörəsindən boylandığını da açıq-aşkar sezmək mümkün idi.

Rafiqi yaxından tanıdığım üçün o qorxunun doğmalığına da sahib çıxırdım sanki. O qorxu həm də mənim qorxum idi. İndi daha o qorxu yoxdu, yaxud da var, o qədər alışqanlıqdan qorxunu özümüzdən fərqləndirmək istəmirəm. İllər isbat edir ki, indi qorxu bizim üçün artıq müstəqil bir mahiyyət kəsb etmir, qorxu varlığımızın tərkib hissəsi kimi uzaq başı at oynada bilər. Mən bilən Rafiqlə bağlı o qorxum bu gün güvən duyğusuna, ümid duyğusuna təslim olub. O qorxuların yerində neçə-neçə misralar, şeirlər, məqalələr, kitablar şahə qalxıb. O qorxunun müstəqilliyni itirməsi həm də mənim qorxumun müstəqilliyini itirməsindən xəbər verirdi. Çünki özümü tanıdığım qədər onu da tanıyır, eyni bürc altında doğulanların taleyindəki oxşarlıqların verdiyi ecazkarlıq isə ayrı bir yaşantının özəllliyindən danışır.

İllər qabaq şairlərlə bağlı yazdığı şeirdə “Özü öz boynunu vurar, Cəlladı-şahı bilinməz” - misralarında həm də Rafiq şairlikdən ötə, özünün də bir insan kimi xarakterini açıb bizimlə tanış olmaq istəyirdi. Bəli, düz anladınız, bizimlə tanış olmaq istəyirdi. Çünki şair hər zaman kiminsə, nəyinsə onunla tanışlığından qabaq, o, özü tanışlığın ilk addımını atır. (Məncə həm də şair özünü biləndə, özünü tanıyanda bu çəkinməzliyini də əsirgəmir). Ətrafla, cəmiyyətlə, dünyayla tanışlığın ilk addımını şair özü atır. Bu isə şairin varlığına hakim kəsilmiş cəsarətin ona verdiyi ilahi özgürlükdən, azadlıqdan başqa bir şey olmadığına dəlalət etməsinə işarə olmalıdır. Şair onun can evinə azadlıq, özgürlük anlayışlarının hakim kəsilmədiyi müddətcə, heç bir cəsarətdən, ilk yanaşmadan, müdaxilə duyğusundan söhbət gedə bilməz. Rafiq bir insan kimi sahib olduğu xarakterinin bütövlüyünü şairliyinə verə bilmiş kişidir.

O, heç zaman bu insan-şair dilemması qarşısında vaxt itirənlərdən olmadı. O, şairliyi ilə insanlığının arasındakı məsafəyə dağ çəkdi. İmkan vermədi ki, şairliyi ilə insanlığı arasındakı məsafə ondan qisas alsın, onunla əylənsin. Çünki bir yaradıcı insanın qarşısında, qismətində bu iki məfhumun arasına soxulmuş məsafə dediyimiz, elə bir at oynadır, elə bir oyunlardan çıxır, elə bir yazı düzüb-qoşur, bu düzənbazlığın qarşısında əllərini qaldırıb təslim olmaqdan başqa çarən qalmır. Hər bir şairin kimliyi də elə bu məsafənin qəddarlığında yazılıdır. Rafiq Hümmət bu məsafəni aradan qaldırıb, ortadan götürən şairlərdəndəir. Onun barəsində şair, insan məfhumlarını sadalamaq, onu tanımamaqdır. Çox rahatlıqla yaza bilərəm ki, Rafiq şairdir. Məncə, hər yazı əhli barədə belə bir cümlə işlətmək, məsuliyyətli insan üçün ağır və dərrakəsizlikdir. Dostumun hesabına belə bir məsuliyyətimi də dərk etməli olmuşam.

Yuxarıdakı misrada o qədər mətləblər və yüklər gizlənib ki, şair var oxucunu ayağına gətirməkdən sonsuz zövq alır. Oxucunu sürüm-sürüm süründürməkdən az qalır özündən keçsin. Şair var ki, sufilər kimi içindəki şeytanı öldürüb, nəfsini yox edib, eqo duyğusunu kəsib bir tərəfə atıb. Oxucusunun ayağına özü gedir, oxucusuna o əlini uzadır. Oxucusuna əziyyət vermir deyil də, oxucu olana ehtiramla yanaşır, yoxsa ayrı cür davranışıyla özünü bağışlaya bilməz. Məncə, bu davranış yenə həm də şairin yaradıcılığında gizlədiyi məninin gələcək nəsillərə uzantısına işarədir. Rafiqin şeirlərinin bir mətn bütövlüyü içərisində eqosu ölmüş, “mənəm-mənəmliyi” itirilmiş bir poetikası, bir bədiiliyi mənə çox simsardır. Məni onun yazılarıyala doğmalaşdırıb, yaxınlaşdıran mətnlərinin alçaqkönüllülük, əl uzada bilmə səriştəsidir. Bu misranın sahibi olan kişilik yeri gələrsə, kimsəyə o əziyyətə qatlanmağa imkan verməz, eləcə özü öz boynunu vuracaq dərəcədə cəsarətə deməzdim, vasfa sahibdir deyərdim. Belə bir əxlaqa yiyələnən adam şair deyil, ozandır, məncə. Elə şüursal, ruhsal mətnlər var ki, o mətnlərin təlqin elədikləri impulslar gerçəkdən bir əxlaq göstəriciliyindən xəbər verir. Zənnimcə, Rafiqin yaradıcılığına xas olan belə bir əfəndi əxlaq, özgüvənli əxlaq onun genetikasındakı etnosa xas cizgilərdən, yazılarının batiniliyində gizlənmiş ruhunun min bir sevdaya büründüyü irfani cilvədən irəli gəlir. Biz Azərbaycan yazarları və şairləri bu cilvə və ehtişamı itirdiyimiz müddətcə, miskin və yoxsul qalma simamızla poetik mədəniyyət tariximizi çox cüssəsiz və başıaşağı göstərəcəyik. Şərq və özəlliklə türk mədəniyyəti üçün vazkeçilməz rol oynamış ədəbiyyatın varlığı baxımından şeirin gətirdiyi avantaj, şeirin bir başa missiyası danılmaz həqiqətlərə dirənir. Bu gün suyu və yaşıllığı çəkilmiş çöl misali qalan poeziyamızın ərazilərindəki şoranlıq ağrı gətirsə də, Rafiq və Rafiq kimi şairlərimizin şeirlərindəki o gizli özünüdərk səriştəsi, özünü qoruma instikti (bu, məncə, həm də şairin özünü qoruma instiki də sayılmalı) mətnlərin dərinliyində, bəzən də görünməzliyində “burdayam, varam, diqqətli ol” deyir. Mən bu çağırışları eşidə-eşidə, həm də elə bu şeirlərlə də Rafiqin daxili dünyasının ritmlərinin sədasına alışmışam.

Lap uzaqdan da bilirəm ki, bu gecə yola çıxmış, yatmış yolu diksindirən o ayaq səsləri şair Rafiq Hümmətin ritmlərindən başqa kimə xas ola bilər ki? Bu ritmlərin ulusal varlığımızı dərki konusunda onun öz ritmi, öz səsi, öz sədası olduğu qənaətindəyəm. Elə bu səsin, sədanın diriliyindən yurd, torpaq, bütövlük ətri könlümün başında yanğı oyandırır. Lütfən, vurulan işarənin ustalığına və gətirdiyi sarsıntıya baxın: “Eh... Yağıya qalan torpaq, Yağıya su verən bulaq”. Torpağın düşmən tapdağında qalmasını ikinci misrada özünü yağıya verən suyun mahiyyətində necə də gözlənilməz poetikləşmə dərinliyi yaradır. Həm də özünü yağıya verən suyun mahiyyəti üzərindən öncəki misraya da , torpağın yağıya qalmasına da məna payı çəkilir. Suyun, bulağın necə torpaq, vətən məfhumu ifadə elədiyini bu şəkildə, özü də gözlənilməz, özü də sözlərin və mənaların hansısa elementdən sui-istifadə edərək şahə qalxmasını görməmişdim. Elədir, bəzən o, yurd doğmalığını, vətənin şirinliyini poetik məsuliyyətə qazandırması naminə sui-istifadə anomaliyasına da gedir. Tam bir “cinayətkar” kimi.

50 yaşı tamamlanan qardaşım Rafiqi bir maarifçi kimi tanımışam həmişə. İndiyə kimi ədəbiyyatımızla bağlı 30-dan çox kitabın Tiflisdə hansı çətinliklər hesabına çıxardığını yaxşı bilirəm. Bu gün Gürcüstanda yazıb yaradan, gerçəkdən ədəbiyyatımızın keşiyində duran bir söz adamının 50 yaşa gəlib çatması mənim üçün ayrı bir mahiyyət kəsb edir. Çünki Rafiq nə elədiyini bilən şairdir, ziyalıdır. Şair sözü qədər ziyalı sözünün də bu gün məsuliyyət tələb etdiyinin fərqindəyəm. Borçalı elində Rafiqin yazıb-yaratması ruhuma bir dinclik gətirir. Elə bilirəm ki, Azərbaycanın mənəvi, poetik, mədəniyyət sərhədini qoruyanlardan biri də Rafiq Hümmətdir.

2015

# 1087 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #