Vətənə, millətə xəyanət, uşaq istismarı - Azərbaycanı necə tanıyırlar?

Vətənə, millətə xəyanət, uşaq istismarı - Azərbaycanı necə tanıyırlar?
23 yanvar 2025
# 12:00

Kulis.az Eminqueyin "Uşaqların virtual istismarı" köşəsini təqdim edir.

“Kim ki heç vaxt uşaq olmayıb, heç vaxt böyük də olmayacaq”.

Çarli Çaplin


Afrikada susuz qalan, qarnı aclıqdan köpmüş-kökəlmiş uşaqların taleyinə baxanda düşünürsən ki, tutalım, bu uşaq Günəşli sabahların birinə sağ çıxdı, taleyin bu oyununda qalib gəldi, sonrası nə olacaq? Axı bu uşaq oyuncaqları ilə oynamalı, çupaçupsunu sovurmalı idi?! Uşaqlığını yaşamağa fürsəti olmayan bu ağ vərəqlər fələyin cızmaqarasını necə düzəldəcək?

Düşünüb, düşünüb nəhayətdə özünə, coğrafi taleyinə şükür edirsən. Afrikada, Yəməndə, Suriyada da doğula bilərdim. Amma nə təəssüf ki, bu xoşbəxtliyi əlinin tərsiylə itələyib, uşağının uşaq kimi böyüməsini istəməyən, övladına kostyumlu-qalstuklu tale biçən, həyatının ritmini mənşəyi bilinməyən, əcaib-qəraib sədalara kökləyən atalar, analar var bu məmləkətdə.

Məşhur olmaq xəstəliyi, pula hərislik, yaxşısını pisdən seçə bilməmək, zövqsüzlük – adını nə qoysaq da, nəticənin bir adı var – uşaq istismarı. Necə ki, əxlaqsızlıq deyəndə adamların ağlına yalnız fahişəlik gəlir, eyni minvalla da uşaq istismarı deyəndə yalnız uşaqlara cinsi təcavüz haqqında düşünürlər. Hansı ki istismar sözü əxlaqsızlıq sözü kimi geniş mənaya malikdir.

Bəs, yaxşı, uşaqları başqa necə istismar etmək olar?

Kostyum, rəqs, müğənnilik, tiktokerlik...

Şəhadət barmağımı ekranda sürüşdürürəm. Və bir əndirbadi videoya şahid oluram. Nənə (hardasa, olar 70 yaşı) nəvəsiylə söyüşür. Hə, söyüşürlər. Hormonları hələ Arafda qalmış nəvə “üç hərf”lisini işə salıb babasından başlayıb evin küncündəki dolaba qədər gedir. Elə söyür, elə söyür ki, nənə, az qala, həzdən huşunu itirsin. Axırda nəvə söyüşə nənəsini də qatanda nənə nəvəsini söyür və səhnə qəh-qəhələrlə bitir.

Dalınca 37 min bəyənməsi, 1700 rəyi, 3 min paylaşımı olan qız uşağı çıxır rastıma. Əynində ağ köynək, qara şalvar rəqs edir, süzmür ha, rəqs edir. Kişi kimi! Arxasında bir rəqs müəllimi əl çalır, qaş-göz oynadır, hırıldayır, çevrəsindəki digər uşaqlar da əl çalır. Nə Azərbaycan rəqsi adına sırınan bu rakka-çikonun Azərbaycana, milliliyə dəxli var, nə rəqsdəki elementlərin, nə də o Nicat Azadlı adlı rəqs müəlliminin.

Bir videoda nə qədər cinayət əməli, Vətənə xəyanət, milliyətinə nifrət motivi tapmaq mümkündürsə, hamısı bu videoda var. Milli rəqsi nəşəxor, avaragor hərəkətlərə, mənşəyi bilinməyən notlara şuntlamaq milliliyinə xəyanət, bu sərsəmliyi qız uşaqlarına öyrətmək uşaq istismarı, təbliğ edib bunun vasitəsilə pul qazanmaq isə... Özü də mütəşəkkil formada, yəni, valideynlərlə əlbir olub. Şişirdirəm? Əsla! Yaxşı-yaxşı baxın, analiz edin. Adamın videoları qlobal miqyasda izlənir, Azərbaycan bu cür bayağı-əndirbadi rəqslərlə tanınır.

Məsələn, uşağa hərbi forma geyindirmək, ona “filankəsləri öldürək” tipli şeirlər dedirtmək olarmı? Bununla niyə fəxr edəsən axı? Məsələn, 5 yaşında bir uşağın əlinə mikrofon verib TV-də mahnı oxutdururlar. Bundan necə zövq alırsınız? Uşağın hələ yetişməmiş səsi sizi necə heyran edir? Vallah, billah, tillah olmaz belə, belə olmur...

Yazı sizi də, məni də yormasın deyə gördüklərimi yazmağa davam etmirəm. Amma sizi də mənimlə birgə düşünməyə çağırıram.

Niyə belə edirik?

Övladlarımızı niyə istismar edirik? Niyə onları öz yaşlarında qalmağa, uşaqlıq eləməy, uşaqlığını yaşamağa imkan vermirik? Niyə onların təbii böyümə prosesinə barmaq eləyirik? Niyə istəklərimiz uğrunda uşaqlarımızı xərcləyirik? Niyə onları alətə çevirirk?

Mübarizə yolu varmı? Var! Yalnız və yalnız qadağan etmək! İnzibati qaydada. Necə ki, bayrağı kostyuma, dona çevirib geyinmək qadağan olundu, necə ki, qazilərin geyindikləri hərbi formalara müdaxilələri qadağan olundu, eyni qərarı bu məsələlərlə bağlı da vermək olar. Bu insanların hüquqlarını, azadlığını əlindən almaqdırsa, olsun...

İş işdən keçib e. Bir problemin kökünü axtarmağa başlayanda görürsən ki, hamı günahkardır. Valideyndən tutmuş məktəbdəki müəllimə qədər. Hansını düzəltmək olar? Tutaq ki düzəltdin, bəs, bu vaxta kimi qaralanmış nəsillər necə olacaq? Onları necə düzəldəcəyik? Cahilliyinə, zövqsüzlüyünə necə çarə tapacağıq?

Ən yaxşısı, yenə deyirəm, qadağadır...

Olmaz...

Vəssalam!

# 664 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan Beynəlxalq Kitab Sərgisində

Azərbaycan Beynəlxalq Kitab Sərgisində

18:12 23 yanvar 2025
Ağadadaş Ağayev məhkəmə prosesində niyə iştirak etməyib?

Ağadadaş Ağayev məhkəmə prosesində niyə iştirak etməyib?

17:25 23 yanvar 2025
Memarlıq abidəsinə müdaxilə - Qurumlar hərəkətə keçdi

Memarlıq abidəsinə müdaxilə - Qurumlar hərəkətə keçdi

15:11 23 yanvar 2025
Tanınmış jurnalist vəfat etdi

Tanınmış jurnalist vəfat etdi

15:02 23 yanvar 2025
Azərbaycanda harada qanqaraçılıq varsa... - Aqşin Yenisey

Azərbaycanda harada qanqaraçılıq varsa... - Aqşin Yenisey

13:42 23 yanvar 2025
Məşhur aktyora ağır itki

Məşhur aktyora ağır itki

12:38 23 yanvar 2025
# # #