Valeh Kərimov: “”Moşu” obrazını oynamaqla səhv etdim” – Müsahibə

Valeh Kərimov:  “”Moşu” obrazını oynamaqla səhv etdim” – Müsahibə
19 dekabr 2022
# 09:00

Kulis.az aktyor, Xalq artisti Valeh Kərimovla müsahibəni təqdim edir.

– Valeh müəllim, elə 1960-cı illərlə başlayaq...

– 1969-cu ildə Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsini bitirmişəm. Ümumilikdə 6 ay aktyorluq fakültəsində oxumuşam. Bundan öncə mədəni maarif fakültəsində oxuyurdum. Orada dərslər üzdən keçilirdi. Müəllimlər də tez-tez dəyişirdi.

– Müəllimləriniz kimlər idi?

– İlk aktyor sənəti müəllimimiz “Qara daşlar” filmində baş rolu oynayan aktyor Ramiz Əliyev olub. Bir neçə aydan sonra onu “Qızmar günəş altında” filmində Eldarı oynayan Əfrasiyab Məmmədov əvəz etdi.

– Sumqayıta təyinatla getmişdiniz? Niyə o vaxt Bakıda yox Sumqayıtda fəaliyyətə başlamısınız?

– 1968-ci ilin yayında Sumqayıtda dövlət teatrı açılırdı. Səməndər Rzayev, Ceyhun Mirzəyev, Kamil Məhərrəmov, Vaqif Əliyevin ümumi kursunu ora göndərdilər. Baş rejissor Nəsir Sadıqzadə idi. O, məni kurs tamaşalarında görəndə demişdi ki, Sumqayıtda yeni teatr açılır, kursu bitirəndən sonra ora gələrsən. Yanvarda kursu bitirəndən sonra Sumqayıta yollandım. Nəsir müəllim məni direktorun yanına apardı. Direktor yer olmadığı üçün məni götürmək istəmədi. Xeyli mübahisədən sonra birtəhər razı oldu. Beləcə, orada 75 manat maaşla işə başladım.

– İlk rolunuz nə olub?

– Sumqayıtda teatrın açılışında "Müsyo Jordan və Dərviş Məstəli Şah" dramı səhnəyə qoyuldu. Mən gedəndə artıq tamaşa hazır idi. Kütləvi səhnədə şahın qonağı rolunda oynamağımı istədilər. Sonra teatr Quba-Qusar-Xaçmaza qastrola getdi. Orada tamaşalar çox olduğundan axşamlar aktyorlar çatmırdı. “Sevil” tamaşasında Atakişi rolunu mənə tapşırdılar. Daha sonra Müsyo Jordanı oynadım. Payızda geri dönəndə Nəsir müəllim Sumqayıt teatrından getdi. Baş rejissor Ağakişi Kazımovski və Arif Ağayev gəldi. Arif Ağayev Altay Məmmədovun "Yadındamı" əsərində baş rolunu mənə verdi. 70-cı ildə "Müsibəti-Fəxrəddin"də Fəxrəddin oldum. Ondan sonra da bir çox dramatik rollar oynadım.

– Teatrdakı ən uğurlu dövrünüz nə vaxt olub?


– Ağakişi müəllimlə işə başladığım illərdə olub. Sonra Məraib Fərzəlibəy gəldi ora. Onun dövründə də teatrda fəallıq oldu. Yaxşı tamaşalar oynanıldı. Ondan sonra Oruc Qurbanov gəldi. “Afət” tamaşasını hazırladı Hicran Mehmanqızı ilə orada rol aldıq.


Sumqayıt Dövlət Dram teatrı kölgədə qalsa da, çox işlər görüb. Fəallıqda paytaxt teatrlarından heç də geri qalmayıb.

– Bəli. Ora Bakıdan da çoxlu tamaşaçı gəlirdi.


– Bir məsələ də var ki, oradan Kübra xanım, Afaq xanım Bakıya gəlib "Azdrama"da işə düzəldi. Sizsə, gəlmədiniz. Düz 45 il orada qaldınız.


– O dövr işlərim bir az qarışmışdı.


– Bəs gəlmək istəyirdiniz?


Bəli. İndiki Akademik Milli Dram Teatrının aktyorlarının çoxu Sumqayıtdan gəlmədir. Məsələn, Samir Məmmədov, Kazım Abdullayev, Ramiz Novruzov, Almaz Amanova, Kübra xanım, rəhmətlik Əjdər Həmidov və s. Mən istəsəm də, işlərim düz gətirmədi.


– Kimsə mane oldu yoxsa?


İlk dəfə 1970-ci illərdə gəlmək istəyəndə Tofiq Kazımov mənə rol da verdi. Səhnəyə çıxarıb imtahan etdi. İlyas Əfəndiyevin "Bağ mövsümü" tamaşasını hazırlayırdı. Orada Yaşar Nuri başqa bir filmə çəkildiyi üçün onun rolunu mənə verdi. Sonra mənə dedi, gəl, bizimlə işlə. Sumqayıt Dram Teatrı məni buraxmadı. Sevdiyindən yox, sevmədiyindən. Gəlib Tofiq müəllimə dedim. O da üstümə qışqırdı. Dedi, get, savaş, qoy səni işdən çıxarsınlar. Bu da birdən-birə olmur axı. Gərək daha öncələr kollektivdə hansısa konfliktin olsun. İkinci dəfə Həsən Turabovun vaxtında Bəxtiyar Vahabzadənin “Dar ağacı” tamaşasında oynadım. Onda Sumqayıtda işləyirdim. Həsən Turabov da mənə dedi ki, yaxşı oyna, əmrini verim. O vaxt tamaşa premyeradan öncə ictimai baxışdam keçirdi. Nazirlik zalda oturur, Ədalət Vəliyev tamaşaya baxırdı. Tamaşadan çıxanda hər kəslə görüşdü. Oynayacağımı soruşdu. Dedi, Bakıya gəlmək fikrin var? Hə dedim. Yanında Həsən Turabov var idi. Dönüb ona baxdı. H.Turabov dedi onu götürmə, mən ona ştat verməyəcəm. O olmasa, Sumqayıtda kim işləyəcək? Bu şansım da belə getdi.

– Valeh müəllim, Barat Şəkinskayabilə iki tamaşada tərəf müqabili oldunuz... Bu necə baş verdi?

– Ağakişi müəllim “Müsibəti-Fəxrəddin”İ hazırlayanda dedi ki, bura “Azdrama”dan aktyorlar dəvət edəcək. Artıq bir il idi ki, onunla işləyirdim. Rza Əfqanlını, Baratı da ora dəvət etdi. O vaxt işləmirdilər. Biz onların məşqlərinə baxırdıq. Məktəb idilər. İndiki kimi yadımdadır, Rza Əfqanın bir dəftəri və bir ucu göy, biri qırmızı qələmi var idi. Rolları yazırdı, bəzilərinin altından qırmızı, bəzilərinin altından isə göy xətt çəkirdi. Bu işarələri ancaq özü başa düşürdü. Ciddi görkəmli və səmimi adam idi. Ata-oğul kimi münasibətimiz var idi. Qastrollara gedəndə ona qulluq edirdim. O vaxt Barat yaşlı, ancaq şən bir xanım idi.

– Gözəl idi?

– Hə. O yaşda belə təbiiliyini qoruyub saxlaya bilmişdi. Bizimlə qastrollara gedirdi. Qastrol səfərlərində hər kəs bacardığı bir işi görürdü. Mən həmişə qab yuyurdum.

– Bəs yeməyi kim bişirirdi?

– Tofiq Bayramov və Vaqif Əliyev. Onların yaxşı əl qabiliyyəti var idi. Yemək hazır olanda Barat xanımla Əfqanlını çağırırdıq. Tamaşalardan sonra loto oynayırdıq, bizə qoşulurdular. Belə səmimi insan idilər.

– Birlikdə işləriniz nə vaxta qədər davam etdi?

– 1973-cü ilə qədər. Əvvəlcə Əfqanlı, sonra Barat xanım aramızdan ayrıldı.

– Barat xanımla şəxsən görüşürdünüz?

– Hə. Evinə də gedirdim. Nəsimi bazarı tərəfdə olan 9 mərtəbəli evlərdən birində oğlu, nəvələri ilə yaşayırdı.

– “Müsibəti Fəxrəddin”də Fəxrəddin, “Sevil”də Balaş, “Şah Qacar”da Qacar kimi bir sıra dramatik rollarınız olub. Moşu rolu isə elə bil bu rollara zərbə vurdu. Düzdür, sizi sevdirdi, amma sonra da sizi sırf bu ampluada görməyə başladılar…

– Moşunu 1986-cı ildə oynadım. Ondan sonra 6 dəfə teatrda da bu rolu oynadım. O vaxt Sumqayıt qəzeti bu tamaşalarda yerlərin dolduğunu yazırdı. Ondan sonra 1985 komediya tamaşasında Kristafı oynadım. Tamaşanı Rusiyadan gəlmə rejissor hazırlamışdı.

– Tərəf muqabilləriniz kimlər olub? Hansılar ilə tandeminiz daha uğurlu idi?

– 1975-ci ildə Afaq gələnə qədər Kübra idi. Kübra gənc aktrisa idi. Gəncədən gəlmişdi. Onunla komediya janrında bir tamaşa oynadıq. Cəmi 4 nəfər aktyorun iştirakı ilə qurulan bu tamaşanı 500 dəfə oynadıq. Gürcüstanda, Ermənistanda və başqa ölkələrdə. Kübra gedəndən sonra orada Afaqla oynadım. Əla komediya idi.

– “Komsomol” poemasındakı Gəray bəyi də siz oyanamısınız...

– Bəli. Orada Humayı Afaq oynayırdı.

– 70-dən çox rolunuz var. Niyə görə onlar arasında ən çox Yedigeyi sevirsiniz?

– Çünki ruhuma yaxın dramatik obraz idi. O vaxt Çingiz Aytmatovun "Gün var əsrə bərabər" əsərini Rusiyada tamaşaya qoymuşdular. Mən televiziyadan baxmışdım. Rus tənqidçilər yazmışdılar ki, Yedigey müasir Hamletdir. Faciəvi obrazdır. Taleyi dəhşətdir. O əsəri mənim xahişim ilə teatrda tamaşaya qoydular. Bu tamaşa teatrın siması olacaqdı ki, elə həmin vaxt erməni qırğını düşdü. O vaxt Sumqayıtda Cahangir Müslümzadə birinci katib idi. Gəldi, tamaşaya baxdı və heyrətləndi. Bizi səhnədə təbrik etdi. Dedi, bu tamaşanı SSRİ-də gəzdirəcəyəm. Üstündən bir az keçdikdən sonra onu “Azdrama”da Mərkəzi Komitənin heyəti üçün tamaşaya qoydular. Bu tamaşada hər kəs gözəl oynayırdı.

– Hamlet səviyyəsində oynamağı arzuladığınız bir obraz olub?

– Elə Hamleti oynamışam. Onu Firudun Ələkbərov və Firudun Məhərrəmov hazırladı. 1991-ci ildə Monor tamaşalar festivalında oynadım. Təxminən, 40 yaşım olardı. 8 il sonra yenə festival oldu. Rejissor gəlib dedi ki, Valeh, Hamleti oynamalısan. Dedim, sən dəlisən? Mən o rolu səkkiz il bundan qabaq gənc yaşımda oynamışam. Dedi, Həsən Turabovun tapşırığıdır. Təbii ki, bu mənim üçün şərəf idi. Beləcə, razılaşıb ikinci dəfə Hamleti oynadım. Çox adam qəbul etsə də, bəziləri qəbul etmədi. Onlar xarici görünüşümə görə qəbul etmirdilər. Azər Paşa dedi ki, səs tembrinə heyran qaldım. Səs tembrim yaxşı olsa da, teatrda ondan istifadə edə bilməmişəm. Gic-gic rollar oynamaqla ziyan etmişəm.

– Moşu da belə rollardandır?

– O da onlardan biridir.

Vaqif müəllim, özü bu filmin çəkilişlərinə gəlirdi?

– Bəli. Filmdəki su satan odur. Əsərdəki mətnin yarısının mətni filmdə yoxdur. Onlar qısaltmışdılar.

– Nə qədər teatr canlı sənət növü desək də, kino onu üstələyir. Aktyorluq sənəti bir az etibarsız sənətdir.

– İnsanlar ömürlərini versələr də, çox şey qazana bilmirlər. Mən də ömrümü verdim...

– Siz də bir az incinmisiniz. O inciklik keçib?

– Əlbəttə, keçib. 70 yaşında aktyorun evdə oturması qanunundan inciyirəm.

– İstifadə olunmamaq sizi ağrıdır?

– Əlbəttə, ağrıdır. Əgər ayaqlarım işləməsəydi, gözüm görməsəydi, onda bu qərarla razılaşardım. Amma elə deyiləm axı.

– Evdə oturduğunuz vaxtda yaranmış boşluğu necə kompensasiya etdiniz?

– Çıxandan sonra məni rejissor kimi Mingəçevir teatrı dəvət etdi. Daha sonra Ağdam teatrında tamaşa qoydum.

– Niyə aktyor kimi yox, rejissor kimi getdiniz?

– Aktyor kimi də oynayırdım. “Gəl qohum olaq” tamaşasını 1995-ci ildə Sumqayıt teatrında hazırladım. 70 yaşımda teatrdan çıxmazdan 3 gün öncə o tamaşanı oynadım. Bu tamaşada Ağdamda da, Gəncədə də oynadım. Rayonlarda teatrlar illərdir tamaşaçı görmür.

– Hazırda teatrlarda tamaşaçılar nə vəziyyətdədir?

– Vallah, adamların marağı var. Gül-çiçəklə gəlirlər. Sadəcə işə salmaq lazımdır. Aktyorların rayonlara getməsinə də şərait yaratmaq lazımdır.

– Pul qazanan aktyor olmusunuz?

– Sənətimlə çörək qazana bilmişəm.

– Sizə ev də verilib.

– Bəli. Prezident təqaüdü də alıram.

– Yəni aktyora qiymət verilir?

– Qiymətimi almışam.

– Maraqlıdır aktyorlar onları məşhur edən obrazlara qarşı niyə əsəbi olurlar?

– Məsələn “Tarzan” filminə çəkilən aktyor idmançı olub. O aktyor kimi filmə çəkilərək məşhur olub. Daha sonra onu başqa filmlərə çəkməyiblər. Rejissorlar onun imicinə xələl gətirmək istəmədilər. İndi isə elə aktyorlar var ki 100 rola çəkilsələr də biri yadda qalmır.

– İndi necə yaşayırsınız?

– Yoldaşım rəhmətə gedib. Təqaüd alıram. Maddi tərəfdən təmin olunuram. Oğlanlarımla birlikdə qalıram.

– Bəs yaradıcılıq baxımından?

– Məsələn, stul düzəldirəm. Adət etmişəm artıq. Bir kinoya baxdım. Orada Stalin ayaqqabısını çıxarıb dabanına mıxlayırdı. Çünki onun atası pinəçi olub. O da uşaqlıqdan bunu görüb. Kremldə kabinetdə oturub bu işlə məşğul olub.Yaşlılıq bütü hallarda insanı kədərlidir. Bir az kədərli mənzərədir.

– Kitab oxuyursunuz? Kimləri oxumusunuz?

– İndi oxumuram. Vaxtında yerli ədəbiyyatdan demək olar bütün yazıçıların əsərlərini oxumuşam. Xarici ədəbiyyatdan da çoxlu əsərlər oxumuşam. Məsələn, Şilleri, Dostoyevskini. Oxuduqca da araşdırmışam. Oynadığım rol hansı əsərdən idisə onu mütləq tapıb oxuyurdum. Elə o vaxt bilmişdim ki, Şekspirin üç əsərində Riçard obrazı var. Onu birinci əsərdə kiçik göstərib ikincidə bir az böyüdüb üçüncüdə isə tamamilə böyük göstərib.

– Nə arzunuz var?

– Uşaqlarım yaxşı olsun. Öz canım sağ olsun.

# 25151 dəfə oxunub

Oxşar xəbərlər

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
İlon Mask tarixə düşdü

İlon Mask tarixə düşdü

12:00 12 dekabr 2024
Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

11:15 12 dekabr 2024
# # #