Uzaqlara vurulan zəng

Uzaqlara vurulan zəng
25 oktyabr 2021
# 17:07

İlk dəfədir bir kitabı müəllifi yox, oğlu imzalayır mənimçün: “Eyvaz Əlləzoğlunun ən istedadsız oğlundan”.

Oxuyub zarafat edirəm, müəlliməyə və bizimkilərə göz vururam: “Əslində əksini demək istəyir. Yəni, Eyvaz Əlləzoğlunun uşaqlarının içində ən istedadlısı mənəm”.

Gülüşürük.

Əlimdə yarımçıq kitablar olduğuna görə, “Qırıq telefon”u bir müddət kitab şkafımda saxlayıram. Sonra yavaş-yavaş məktəbə, kurslara ayaq açır uşaqlar. Məlum, mən də onlarla birgə ayaq döydüyümdən yollarda keçirirəm günümü.

Demək olar, sutkanın 6 saatını evimdə dirigözlü keçirə bilirəm. Qalan saatları yuxuda. Cəmi 5 saat 3... neçə dəqiqəsə. Hər dəfə zəngli saatı quranda bir-iki rəqəmin o yan-bu yana olduğunu görə bilirəm. Nevrozdan əziyyət çəkirəm, uşaqlarımı heç kimə etibar eləmirəm, bilənlər bilir. Hələ evdən uzaqda oxuyurlarsa, nevroz ana üstlərindən əl çəkməyi heç cür bacarmaz.

Avqustdan bəri yol yoldaşım olub “Qırıq telefon”. Gah avtobusda, gah metroda, gah hansısa pilləkənin üstündə oturub oxumuşam.

Düzünü deyim, havalar soyuq olanda betonların üstünə döşəkcə kimi qoyub oturmuşam. Gün gözümə düşəndə çətir kimi açmışam başımın üstündə. Yaxamdan düymə qopub düşüb, “Qırıq telefon”u yaxama sıxıb tutmuşam. Bir sözlə, bərk dostlaşmışıq, o, məni qoruyub, mən də onu.

Bir-iki dəfə də unutmuşam orda-burda, qaça-qaça qayıdıb tapmışam.

Bu müddətdə kitabı xeyli incitmişəm həm də. Vərəqlərini əzmişəm, üz qabığı xeyli deformasiyaya uğrayıb. Ancaq istedadlı bir həmyerlimiz demişkən, o kitablar xoşbəxtdir ki, səhifələrinin üstündə çay ləkəsi var, səhifələri əzik-üzükdür. O kitablar bədbəxtdir ki, qatları açılmayıb, qət təzə qalıb.

“Qırıq telefon” həmin o xoşbəxt kitablardan biridir.

Kitabı oxuduqca üç şeyə heyran oldum:

1. Müəllifin nəfəsinə. Hekayələr uzun-uzun, hövsələylə, təmkinlə danışılır.

2. Müəllifin dilinin zənginliyinə. Gürcüstanda doğulub böyüyəsən, ancaq dilin daha zəngin, koloritli ola! Xeyli bilmədiyim sözün altından xətt çəkmişəm.

3. “Ən istedadsız oğlunu” özünə bu qədər oxşatmağına.

Ayxan Ayvazın yazı üslubu eynən atasınınkına bənzəyir, ancaq hələ nəfəsi onun nəfəsinə çatmır.

Doğrudan biz müasir yazıçılar niyə əvvəlki nəsil qədər səbirli deyilik?

Niyə hekayələrimizi birnəfəsə, dalımızdan atlı gəlirmiş kimi danışıb qurtarmağa çalışırıq?

Bəlkə sürət əsrinin bəlasına keçmişik.

Bəlkə əsəb xəstəsiyik hamımız, qısa kəsməyimiz ondandır.

Ancaq bu hekayələr mənə ləzzət elədi axı.

Deməli, oxumaq da, yazmaq da olar bu cür hekayələrdən.

Yazıçının ən böyük özəlliyi hər obrazına xəsislik eləmədən, gen-bol zaman, diqqət ayırmağıdır. Hətta ən epizodik obrazlar haqqında da dolğun məlumat almış oluruq. Bir də ən adi əhvalatdan təsirli şəkildə danışa bilmək ustalığı adamı heyran qoyur. Bu ustalıq Ayxanda da var. Hardan gəldiyi sirr deyil artıq.

Açıklama yok.

“Qırıq telefon” hekayələr kitabının qəhrəmanları əsasən son illərini yaşayan imperiyanın - SSRİ-nin vətəndaşlarıdır.

“İmisti işıq topası” hekayəsinin qəhrəmanı kənddən gəlib böyük şəhərdə zavodlardan birində işləyib yataqxanada yaşayan gəncdir. O, həyatın mənasını, əsl sevgi, isti yuva, ocaq axtarır.

“Bacanaqların ilk qonaqlıq gecəsi” hekayəsində ilk baxışdan adi həyati məsələlərdən bəhs olunur. Baldızını götürüb qaçıblar, Xanlar təzə bacanaqla tanış olmalıdır. Bacanağın necə adam çıxacağı maraqlıdır onun üçün. Arvadının təklifiylə bacanağıgilə yollanırlar. Baldızının qayınatasıyla yeyib içirlər, qayınata da qəribə bir adamdır, qaraqabaq, adamayovuşmaz. Elə bacanaq da deyəsən atasına çəkib. Yeyib içməkdən geri qayıdırlar. Xanlar nadirən içib sərxoş olan biridir. Geri qayıdanda o, motosikletinə qaz verir, arvadı narahat olur, hətta ağlamsınır. Xanlar motosikleti saxlayıb özünü otların arasına verir.

“- Dur, a Xanlar - arvadı dedi, - dur, sən Allah, soyuq dəyər.

Xanlar elə bil onu eşitmirdi.

- Lələn bizi gözləyir, Xanlar, sən Allah dur. Uşaqlar yəqin indi yatmayıb, inək də sağılasıdı.

Xanlar otluqda ağnadı, sonra arxası üstə çevrilib gözünü göyə zillədi. Göy necə də böyük, ulduzlar əlçatmaz dərəcədə uzaq imiş! O, göy üzündəki aya, bir də ulduzlara baxa-baxa əli ilə otların boynuna sığal çəkdi” .

Şeir kimi gözəldir!

“Gününüz kösöyə dönsün” hekayəsinin qadın, uşaq qəhrəmanları necə də canlı, tanış, doğmadırlar. Zülm edən ərinin əlindən dəli olub şəhərdən kəndə qaçan Fatma, onun xəyalları, qəhrəmanın kəndin keçmişi, uşaqlığıyla bağlı xatirələri kövrək və həssasdır.

“Qırıq telefon” hekayəsi əsasında romantik bir film çəkmək olar. Elə də yaraşıqlı olmayan, köhnə qrup yoldaşının sevgisinə ümidlənən Sevdanın duyğuları, qəhrəmanın Sevdayla bağlı qarışıq hissləri, Sevdanın Süleymanla yaxınlaşmağından dolayı duyduğu narahatlıq və şübhə oxucuya lap aydın şəkildə çatdırılır. Qəhrəmanın içinə düşdüyü boşluğa sən özün də düşürsən.

“Telefonun dəstəyini qulağına tutdu. Haradansa uzaq məsafələrin xışıltısı gəlirdi. Heç siqnallar da yox idi. Çox böyük adamın yasaq telefon nömrəsini bilirdi. Başqa vaxt olsa o adama heç cür zəng etməyə cəsarət etməzdi. Siqaretini tüstülədə-tüstülədə rəqəmləri bir-bir arxayınçılıqla, tələsmədən, həyəcanlanmadan yığdı, bilirdi ki, dəstəyi o başdan heç kim qaldırıb cavab verməyəcək”.

“Yemlik” jurnalı nəşr olunan vaxtlarda Eyvaz Əlləzoğlunun uşaqların oxusu üçün münasib gördüyüm “Siçanın ölümünə” adlı hekayəsini seçib vermişdim. Balaca bir hekayə idi, amma təəssüratını unutmuram. Hekayənin qəhrəmanı dar otağına gələn çağırılmamış qonağı - siçanı vurub öldürür. Ancaq siçanın hələ bədəni soyumamış peşman olur.

Bildim ki, daha o, hər gecə yuvasından çıxıb masamın üstündəki qəzetləri xışıldada-xışıldada bir daha özüylə yemək aparmayacaq, onun səsinə oğlum yuxudan oyanmayacaq”.

Eyvaz Əlləzoğlu hələ çox yaşaya, bu cür gözəl hekayələr yaza bilərdi. Olmadı. Əlimizdə olanlara görə ona təşəkkür edirik. Və unutmuruq. Kimsə deyirdi ki, dünya həssas ürəklər üçün cəhənnəmdir.

Bu cür həssaslıqla dözə bilmədi çox güman, siçanın ölümünə ağı deyə biləcək adam.

Ancaq gözünün arxada qalmadığından əminəm. Onun yolunu istedadlı oğlanları davam etdirməkdədir.

Eyni həssaslıq, eyni səmimiyyətlə!

# 6055 dəfə oxunub

Oxşar xəbərlər

# # #