Türkiyənin şöhrətli şairi Sunay Akın 1962-ci ildə Trabzon şəhərində anadan olub. O, orta məktəbi İstanbul Heydərpaşa Liseyində başa vurub. Sonra İstanbul Universitetinin Fiziki coğrafiya fakültəsinin məzunu olub. İlk şeir kitabı 1989-cu ildə "Makilər” adı ilə yayımlanıb. Sonra "Antik dərdlər”, "Qəza bəzəyi”, "62 Dovşanı” və sair şeir kitabları işıq üzü görüb. 1987-ci ildə "Nöqtəli vergül” adlı şeir silsiləsi ilə "Xəlil Qocagöz”, 1990-cı ildə isə "Orhon Murat Arıburnu” şeir mükafatlarını qazanıb. Ötən ay Sunay bəyin "Yastığındakı çuxur” adlı seçmə şeirlərindən ibarət kitabını isə dilimizə uyğunlaşdıraraq ölkəmizdə nəşr etdirdim. 6 oktyabrda – İstanbulun Qurtuluş günündə, "Gülhanə parkı”nda Sunay bəyin açıq havada mühazirəsi vardı. Mühazirədən sonra şairlə poeziya barədə geniş söhbət etdik...
"Akvariumda saxladığım balinadır”
- Sunay bəy, şeirlərinizin əksərinin qısa, minimalist olması bir insan kimi xarakterinizdən qaynaqlanan konkretliklə bağlıdır, yoxsa çağdaş dünyanın, ədəbiyyatın tələb etdiyi lakonikliklə?
- Mən şairliklə yanaşı, nəsr əsərləri də yazıram. Eyni zamanda, səhnəyə çıxıb kitablarımdakı hekayətləri dramatikləşdirirəm. Zaman-zaman televiziya, radio proqramları hazırlamışam, dərs demişəm. Şeirlərimdə isə daha çox susuram, mənim üçün şeir içindəki yox, özündən kənarda qalan sözlərdən ibarət mətndir. Yəni şeir mənim üçün akvariumda saxladığım balinadır. Şeiri qəlbimə, ağlıma gələn kimi yazmıram, uzun müddət gözləyirəm, o şeir artıqlardan arınır, təmizlənir və özündə ancaq oxucu ilə görüşəcək sözləri saxlayır.
- Şeirləriniz, sanki daha çox "anı dondurmağa” hesablanıb. Şeirdə vizuallığa bu qədər önəm verməyinizin səbəbi nədir?
- İlk şeirimi altı yaşımda yazmışam, böyük qardaşım dərslərini öyrənəndə mən də yazıb-oxumağı mənimsəyirdim. Bir gün anamın paltarlarının arasında boş bir asılqan gördüm və ilk şeirimi o asılqana yazdım. Bu məqamı sənə danışarkən belə, bir anı anladıram. An çox önəmlidir. Cemal Süreya deyirdi ki, an əbədiyyətin su çiləyənidir. Ağ dənizdə əyilib çınqıl daşlarından birini götürmək istəyirsən, əyilirsən, ancaq görürsən ki, daş yaxında deyil. Su o qədər durudur ki, dərinliyini bildirmir. Dərinlik bizi yanıldır. Mən də şeirlərimdə həmin dərinliyi vermək istəyirəm. 300-500 misradakı fikri, 3-5 misraya sığışdırmağa çalışıram.
"Məsuliyyəti siyasətçilərin üzərinə qoyuram”
- Şeirlərinizdə müharibənin dəhşətlərini daha çox məyusluq kimi canlandırırsınız...
- Mustafa Kamal Atatürk deyir ki, əgər ortada ölkənin müdafiəsi məsələsi yoxdursa, müharibə, sadəcə, bir cinayətdir. Buna görə də, müasir dünyaya daha barışıqlı, birgə yaşamaq mədəniyyəti aşılayan siyasi sistemlər lazımdır. Bunun da yolu mədəniyyət siyasətinin gücləndirilməsidir. Bu baxımdan, rəssamlar, şairlər, alimlər bu işlərin görülməsində, ölkənin gələcəyinin qurulmasında çox önəmli insanlardır. Mən bu əqidədəyəm və ölkəmdə sülhün inkişafı üçün yazıb-pozuram.
- Bu halda, bəs bilmədən hegemon qüvvələrin oyununa qurban gedənlər kimlərdir, həqiqi, yoxsa yalançı qəhrəmanlar?
- Xeyr, qurbanlar yalançı olmurlar, çünki onlar amallarına inanırlar. Xalqın balaları hər zaman həqiqi qəhrəmanlardır. Bu gün çox yerdə yanlış xarici siyasət nəticəsində ölkənin cəsur övladları ölür. Heç zaman heç yerdə anaların övlad dərdi görməsini istəmirəm. Müharibəni idarə edənlər daha barışçı bir gələcək haqqında düşünmürlər. Gərək siyasətçilərin özü siyasətin qurbanına çevrilməsinlər. Könül istərdi ki, Qarabağ problemi də sülh yolu ilə həll ediləydi. Onsuz da bütün dünya bilir ki, Qarabağ tarixi Azərbaycan torpağıdır. Kaş o problem Azərbaycanlı qardaşlarımız, erməni balaları ölmədən öz həllini tapaydı. Sadəcə ermənilər sizə müharibədən başqa yol qoymadılar, nəticədə, Ermənistan imperialist oyunlara qurban getdi. Onlar səhv siyasətlə aldadıldılar. Əgər aldanmasaydılar, onların da balaları ölməzdi. Mən çox zaman məsuliyyəti siyasətçilərin üzərinə qoyuram.
"Bir cəmiyyətdə qadın nə qədər önə çıxırsa...”
- Şeirlərinizdə ən çox diqqət çəkən qəhrəman ana obrazıdır. İstərdim bu barədə danışaq...
- Qadın kişidən üstün varlıqdır, tarix boyu da həmişə belə olub. Çünki qadın qoruyandır. Bu gün təbiət məhv olur, iqlim qurşaqları aradan çıxır, qlobal istiləşmə gedirsə, bu, qadın duyarlığına həyatımızda yer verməməyimizlə bağlıdır. Çünki qadın bağışlayandır, qoruyandır. Küçəyə çıxarkən ayaqqabımızın ipini bağlayanda anamız nə deyir? Deyir, oğlum, heç kəslə dalaşma, pis rəftar eləmə, harama əl uzatma, oğurlama. Elə dünyanı gözəlləşdirən ədalət bu fikirlərdən ibarət deyilmi? Bir cəmiyyətdə qadın nə qədər önə çıxırsa, ədalət də o qədər güclü olar.
- Şeirlərinizdə zaman o qədər də hiss olunmur, onları oxuyarkən oxucunun gözünün qarşısına hansı dönəm gəlməlidir?
- Əminəm ki, ədəbiyyat tarixində heç bir şair tam olaraq şeirdə nə demək istədiyini bilmir. Çünki şeir oxucunun qəlbinə düşən anda yaranmağa, həmin anda şeir olmağa başlayır. Mənim şeirimin hansı zamana aid olduğuna ancaq oxucular qərar verə bilər.
- Şeirlərinizdə çox yer verdiyiniz uşaqlığınızı sizin üçün unudulmaz edən nədir?
- Mən azadlığı əlindən alınan uşağa "böyük” deyənlərdənəm. Heç zaman azadlığımı təslim etməmişəm. Məktəbə ixtisas qazanmaq üçün yox, bilgi qazanmaq üçün getmişəm. Uşaqlıq yaxşı təhsil aldığımız, qəzasız-bəlasız sovuşduğumuz dövr deyil. Uşaqlıq xəyal dünyasıdır. Bir uşağın xəyallarını gələcəyə nə qədər çox daşısaq, o qədər çox gözəl dünya qurarıq. Bir ölkənin gələcəyi o ölkədəki idarəçilərin vədlərində, sözlərində deyil, uşaqların xəyallarındadır.
"Ondan ötrü çox darıxıram”
- Ədəbi ustadlarınızdan daha çox Cemal Süreyaya şeir həsr etmənizin səbəbini necə izah edərdiniz?
- Türkiyə şeirindəki ustadlarımı belə sıralayardım: Nazim Hikmət, Orxan Vəli, Atilla İlhan və Cemal Süreya. Bizim C.Süreya ilə ustad-tələbə münasibətindən başqa, ata-oğul münasibətlərimiz vardı. 1984-cu ildə ilk şeirim bir jurnalda çıxanda Cemal Süreya o şeiri gündəliyinə köçürüb və mənim haqqımda xoş sözlər deyib, onda hələ onu tanımırdım. İlk kitabım olan "Makiler”i də çıxaran o olub. O, çox böyük bir intellektual, bir sıra elmlərə bələd olan bilgin idi. Təəssüf ki, onu tez itirdik. Onunla birgə "Olmaz” adlı jurnal nəşr edəcəkdik. Sonradan o jurnalı təsis edib onun xatirəsinə, sadəcə bircə say nəşr etdirdik. Ondan ötrü çox darıxıram.
- Cemal Süreya ilə bağlı bir xatirənizi bölüşməyinizi istərdim.
- 1986-cı ilin 7-i mart günü idi. Ailə qururdum, həyat yoldaşımla təbrikləri qəbul edirdim. Bir də baxdım ki, növbədə dayananların ən axırındakı Cemal Süreyadır. İlk dəfə onunla onda əl-ələ görüşdük. O dövrdə hamı kitabını imzalatdırmaq üçün növbədə dayanırdı, o da məni təbrik etmək üçün sırada durmuşdu. Həmin an çox qəribə hisslər keçirdim.
- Həmin dövrdə başqa hansı yazarlarla yaradıcı münasibətləriniz vardı?
- Can Yücel, Rıfat İlqaz, Aziz Nesin, Melik Cevdet Anday, Yaşar Kemal, Salah Birsel, Ahmed Arif və başqaları. Elə bilirdim ki, dünya həmişə belə olacaq, daim yanımda olacaqlar. Onlar istedadlarını hər kəsə qəbul etdirmiş, daxilən rahat adamlar idilər, onların arasında qısqanclıq yox idi.
- Amma yaşıdlarınız arasından ədəbi dostlarınız seyrəkdir, deyəsən...
- Çünki mənim yaşıdlarımdan poeziyaya atılanlar arasında dava, paxıllıq edənlər, bir-birinə qarşı çıxanlar çox oldu. Mən indiyə qədər heç kəsin əleyhinə yazı yazmamışam, sadəcə öz şeirlərimi qələmə almışam. Ölkəmi və özümü aydınlatmağa çalışmışam.
"Babı-Ali dağılıb, böyük bir yaddaş itib”
- Bu gün gənc şairlərin özünüifadəsi və yetişməsi üçün Türkiyədəki ədəbi mühiti necə qiymətləndirirsiniz?
– Bu gün çağdaş türk şeirini, gənclərin yaradıcılığını izləyə bilmirik. Bunun səbəbi Babı-Alinin, indiki Cağaloğlunun olmamasıdır. Mən şeir yazmağa başladığım illərdə əksər qəzet-jurnal redaksiyaları, nəşriyyatlar orada idi. Ölkənin əksər elm, ədəbiyyat adamları eyni yoxuşdan çıxardılar, böyük insanlar az qala hər gün bir-birini görərdilər. Jurnallar arxa səhifələrində gənc şairlərinə yer verərdilər. Babı-Ali dağılıb, böyük bir yaddaş itib. Ədəbi jurnallar ədəbiyyatın mətbəxidir. İndi, haradasa gözəl şairlər var, amma biz onları izləyə bilmirik. Bizim vaxtımızda kompüter yox idi, bilgiyə çatmaq çətin idi, indi isə informasiyaya yetişmək su içimidir. Amma ortada çox böyük bilgi kirliliyi var. İndi internetdə o qədər mənasız şeirlər var ki, mən o cür şeirlər yazsam, intihar edərəm.
"Gəzərkən oxuyan adamam”
- Səyahət etməyi sevirsiniz. Sunay Akın gördüklərini görməsəydi, necə biri olardı?
- Daim yollarda olmasaydım, heç kim olardım. Çünki mən bir səyahətçiyəm, macərapərəstəm. Belə adam da gərək daim yollarda ola. Yazdığım bir çox kitabların süjetini yolda fikirləşmişəm. Təyyarənin, qatarın pəncərəsindən baxanda, bir sözlə, hərəkətin içərisində daha sürətlə düşünürəm. Masa arxasında isə fikirləşmirəm, ancaq yazıram. Mən gəzərkən oxuyan adamam.
- Siz böyük auditoriyalar qarşısında çıxışlar edirsiniz. İnsanların fikirlərinizi anladığını nədən hiss edirsiniz?
- Çıxış edərkən qarşında yüzlərlə, minlərlə insan olur. Ancaq mən o qədər insana bir insan kimi baxıram. Sanki tennis oyunçusu topu necə qarşısındakı bir nəfərə atırsa, mən də elə, adamların sayından asılı olmayaraq, sanki həmişə bir nəfər üçün danışıram və oynayıram. Nəticədə qarşı tərəfdən də atılan topu – reaksiyanı görürəm. Nəfəs almalarından, gülüşlərindən, alqışlarından danışdıqlarımın onlara çatıb-çatmadığını hiss edirəm.
"İnsanlar məni ona görə sevirlər ki...”
- Şairin nəsr əsəri yazması çox zaman birmənalı qarşılanmır...
- Mən nəsr əsərlərimdə də şairəm. İnanıram, elə nəsr əsərləri yazmışam ki, onları ancaq bir şair yaza bilərdi. Ancaq bir şairin nəsr əsəri insanları bu qədər təəccübləndirə bilərdi. Çünki şairlik illüzionistlikdir. Şeir yazmaq kəndirbazlıq kimidir, öz yaddaşın üzərində burdan ora, ordan bura atılırsan və hamı da sənin etdiyinə möcüzə kimi baxır.
- Məşhurluğunuza münasibətiniz də oxuculara maraqlı olar...
- Heç zaman populyar olmaq istəməmişəm. İnsanlar məni ona görə sevirlər ki, həyatlarına işıq qatıram. Onlar məni yox, qaranlığı aydınlandıran işığı sevirlər. Dünyada elə bir işıq var ki, min illərdir əldən-ələ gəzir. Önəmli olan, o işığı daşıyan əl yox, həmin işığın özüdür.
- Sunay bəy, bəs şair olmasaydınız, nəçi olardınız?
- Qapıçı olardım. Mən, əslində, çox gözəl bir qapıçı idim. Futbol oynadığım illərdə rəqib komandanın qapısına məhz qapıçının xətasından qol vurulanda kefim pozulurdu, mənim də qoruduğum qapıya qol vurulanda rəqib komandanın qapıçısı məyus olardı. Təəssüf ki, qapıçılar arasındakı bu həssas münasibəti heç zaman qələm adamlarının, yazarların arasında görmədim.
- Sevdiyimiz peşələr xarakterimizin də göstəricisidir. Qapıçılıqla bağlı hansı xüsusiyyət sizin şəxsi xarakterinizdə də müşahidə olunur?
- Qapıçı 90 dəqiqəlik oyun ərzində heç zaman komanda yoldaşlarına arxa çevirmir. Mən də heç zaman dostlarıma arxa çevirmədim.
Söhbətləşdi: Fərid Hüseyn/kaspi.az