Səyyad Əlizadənin oğlu: "Nə atamın yasına gəldilər, nə də bizimlə görüşdülər..." - Müsahibə

Səyyad Əlizadənin oğlu:  "Nə atamın yasına gəldilər, nə də bizimlə görüşdülər..." - Müsahibə
6 avqust 2024
# 09:00

Bu gün tanınmış müğənni Səyyad Əlizadənin doğum günüdür.

Kulis.az Ülvi Bahadırın "Atamın xatirəsi" layihəsindən müğənninin oğlu Atabəy Əlizadə ilə müsahibəsini təqdim edir.

- Səyyad bəy artıq neçə ildir ki, yoxdur. Onun adı gələndə ilk yadınıza düşən nə olur?

- Onun həm oğlu idim, həm də dostu. Hər şeyi danışırdıq. Yay aylarında tez-tez yürüşə çıxırdıq. Xeyli söhbətlər edirdik. Ona uşaqlığından, cavanlığından suallar verirdim. Mən atamı 16 yaşında itirdiyim kimi, o da atasını 16 yaşında itirib. Babam İkinci Dünya müharibəsi iştirakçısı olub. Ona babam barədə suallar verirdim, o da cavablandırırdı.

Yaşım az idi. İbtidai sinifdə oxuyanda məni “Bəyaz gecələr” yaradıcılıq mərkəzinə aparırdı. Orada onun konsert məşqlərinə baxırdım. Uşaqlıqdan musiqinin içində olmuşam. Özüm də musiqi ilə məşğul oluram. Onun yolunu davam etdirmək fikrim var.

- Sənət adamları konsertlərdə, orda-burda olur. İstər-istəməz ailəyə, övladlara vaxt qalmır. Səyyad bəydə də belə idi?

- Düz deyirsiniz, bəzi ailələrdə dediyiniz kimidir. Ancaq atam öz qayğısını bizdən əskik eləməyib. Bizi hər şeylə təmin eləyib.

- Sizin vaxtsız vəfat edən bir qardaşınız da olub. Onu tez-tez xatırlayırdı?

- Təbii ki, onu unutmaq qeyri-mümkündü. Övlad itkisi ən ağır itkidi. Biz əkiz qardaş idik. İki yaşında vəfat elədi. Onun ölümü atama çox təsir eləmişdi. Atam 1999-cu ildə “Gözlərim yaşlı” adlı mahnısına klip çəkdirmişdi. Məzmunu belə idi ki, qəhrəman ailəsini, azyaşlı uşağını itirir. Altı il sonra bu hadisə öz başına gəldi... Ona da “Səni mən çox axtarmışam” adlı mahnı həsr eləyib.

- Sakit, durğun olmasının da səbəbi bu idimi?

- O çalışırdı ki, qalmaqaldan uzaq olsun. Onu çox qalmaqala çəkməyə çalışırdılar. Deyirdi ki, o danışır danışır da, sənə nə olub? Elə şeyləri sevmirdi.

- Bir dəfə demişdi ki, mən efirlərdə, konsertlərdə nə qədər həliməmsə, evdə də bir o qədər qatıyam. O qatılıq nələrdə özünü göstərirdi?

- Evdə xüsusi qaydaları var idi. Məsələn, mən dostlarımla çölə çıxırdımsa, mütləq axşam 8-də evdə olmalı idim. Gecikəndə mütləq xəbər edirdim. Narahat adam idi. Çalışırdıq ki, onun qaydalarından çıxmayaq. O nə deyirdisə, qanun idi. Bacımla mənim 15 yaş fərqimiz var. O, ailə quranda mənim 5 yaşım var idi.

Rayondan oxumağa gələnlər bizim evdə qalırdı. Onları öz övladından ayırmırdı. Mənə qoyulan qanunlar onlara da aid idi. O vaxt atamla verilişlərə gedirdim. Canlı efirlərdə kamera arxasında olurdum. Görürdüm ki, kamera çevrilən kimi sənətçilərin sifəti dəyişir. Dəhşətə gəlmişdim. Elə bilirdim, hamı atam kimidir. O, qətiyyən dəyişmirdi.

- Onu nələr özündən çıxara bilərdi?

- Sədaqətsizlik. Ədalətsizlik. Dostlarından çox sədaqətsizliklər gördü. Bunlar ürəyini sıxırdı. Haqsızlıq ona çox pis təsir eləyirdi.

- Bibiniz də müğənni olub.

- Bəli. Səidə bibim.

- Bəs nəyə görə davam etmədi?

- Ailəsinə görə. İcazə vermədilər. Atamla üç yaş fərqləri var. O, atamdan əvvəl oxumağa başlayıb. Ailə həyatı qurandan sonra isə dayandı.

- Özü də qarabağlı idi. Füzulidən idi. Oralar haqqında danışırdı?

- Mən tez-tez soruşurdum. O da bir-bir cavablandırırdı. Əvvəl güləşlə məşğul olub. At çapmağı çox sevirdi. İki-üç verilişdə də at çapıb. Futbol oynayırdı. İdmanda böyük nailiyyətləri var idi. Ukraynada əsgərlik çəkib.

90-cı illərdə atamın evini yandırmışdılar. Xaricdə konsertdə idi. Bakıya gələndə görüb ki, rayondakı qohumların hamısı bizdədir. Natiq əmim orada olub.Xəbər göndəriblər ki, ermənilər gəlir. Heç nə götürməyə fürsətləri olmayıb. Başlarını götürüb qaçıblar. Bütün uşaqlıqları, şəkillər, atamın hərbi geyimi, medalları hamısı orada qalıb. Hər şeyi də yandırmışdılar. Atam sonradan o evi bərpa elətdirdi.

- Özü getmişdi sonradan?

- Bəli, getmişdi.

- Deyirlər, ölümünü hiss eləyirmiş.

- Dostları hiss eləyə bilər, amma deməzdim. Ağlımıza belə gəlməzdi ki, belə tez köçəcək həyatdan. İdmanla məşğul idi. Hər səhər 10 kilometr yürüş eləyirdi. Nə içirdi, nə çəkirdi. Xəstəliyi də yox idi. 2016-cı ildə ürəyindən əməliyyat olundu. Stend qoyuldu. Ondan sonra özünə daha çox diqqət yetirirdi.

- 2016-cı ildən sonra verilişlərə də az-az çıxırdı. Ürəyi ilə bağlı idi?

- Yox, ürəyi ilə bağlı deyildi. Sənəti ilə məşğul idi. Onsuz da onu hamı tanıyırdı. Həmin vaxtı iki albom üzərində işləyirdi.

- Hansınızın xasiyyəti onun xasiyyətinə daha çox oxşayır?

- Mənim. Hökmlü və dəqiq olmaq ondan keçib. Kənardan görənlər də belə deyir. Mən atamdan həm ata, həm də ana qayğısı görmüşəm. Ailəsini istirahətə göndərirdi, ancaq özü istirahət eləmirdi. Bir dəqiqə də dayanmırdı. Sənətini çox sevirdi.

- Fəxri ad almaması ona toxunurdu?

- Təbii ki. Özünü neçə dəfə çağırıblar, deyiblər ki, ad veriləcək. Sonra səs-səmir çıxmayıb. Dünənin oxuyanlarına ad verirlər, ancaq 40 ilin sənətçisinə vermədilər. “Bəyaz gecələr” 35 ölkədə oxunur. Əvvəllər çox danışırdı, ancaq son dövrlərdə fikir vermirdi. Deyirdi, əsas odur ki, xalq dəyər versin. Hansısa kanala çıxanda onu “Xalq artisti Səyyad Əlizadə” kimi çağırırdılar.

- Valideynləriniz necə tanış olub?

- 1987-ci ildə ailə həyatı qurublar. Anam Naxçıvanda universitetdə oxuyurdu. Atamın anası vasitəsi ilə tanış olublar. O, atama deyib ki, mən istəyirəm ki, sən bu qızla evlənəsən.Get, tanış ol. Atam da qatarla gedib ora. Sözləri çəp gəlib. Sonradan bir yerdə Füzuliyə qayıdanda söhbətləşiblər, bir-birlərini seviblər.

- Səyyad bəy həm burada, həm də xaricdə konsertlər verirdi. Duetlər oxuyurdu. Ananız qısqanmırdı onu?

- Qısqanc deyildi. “Bəyaz gecələr” də onların həyatına həsr olunub.

- Sanki bütün yük Səyyad bəyin çiyinlərində idi.

- Bəli. Nə problem var idisə, o həll eləyirdi. Hər kəsin problemini. Təkcə bizim ailəyə baxmırdı. Başqa ailələr də var idi, onları da himayəyə götürmüeşdü. Onlara da baxırdı. Heç kimə demirdi. Elədiyi yaxşılığı deməyi xoşlamırdı.

- Ən yaxın dostları kimlər idi?

- Nadir Bayramlı, Cabbar Musayev, Könül Kərimova. Manaf Ağayev və başqaları.

- Vəfatından sonra ailənizə münasibəti dəyişənlər oldu?

- Təbii ki. Sağlığında atamın başında pərvanə olanlar nə yasına gəldi, nə də bizimlə görüşdü. Özü görmür ona görə. Sənət dostları var idi ki, onları atam populyar eləmişdi. Onlar da gəlmədi. Duet ortağı idi. Onunla tanınmışdı. Bəzi şeyləri bəhanə eləyib gəlmədi.

- Mənzurə Musayevadan söhbət gedir?

- Bəli. Guya bizdən incimişdi.

- Nədən incimişdi?

- Deyirdi ki, atamın cənazəsi həyətə gəlməli idi. Karantin vaxtı idi. İcazə yox idi. Onu, əslində, oradan birbaşa dəfn eləməyə aparırdılar. Ancaq biz razı ola bilməzdik. Ona görə də onu ata yurdunda dəfn elədik. Şəhərdə olmasa da, ata yurdunda alqışlarla dəfn edildi. Maşın karvanı var idi. Çox adamın vəfasızlığını gördüm. Özü yoxdu, özü görmür, vəssalam da.

- Həmin vaxtı hamınız yoluxmuşdunuz. Sizdə bir şübhə yaranmadı ki, nə oldu birdən-birə belə sağlam adama?

- Biz 13 gün evdə müalicə aldıq. Sentyabrın biri artıq büruzə verdi. Əvvəlcə atam yoluxdu, sonra bizə də keçdi. Sadəcə, səhv müalicə getdi. 13-ü gördük ki, vəziyyət çox pisdir, atamı da, anamı da xəstəxanaya yerləşdirdik. 16-sı etno cihazına qoşuldu. 13 gün də orada qaldı, ancaq xilas eləmək mümkün olmadı.

- Özünüz gedirdiniz yanına?

- Görməyə icazə yox idi. İçəri girirdin, qapılar bağlanırdı. Ancaq telefonla xəbərləşə bilirdik. Gündə iki dəfə zəng eləmək imkanımız var idi.

- Özü ilə danışırdınız?

- Yox. Ayın 13-ü xəstəxanaya yerləşdirilən kimi süni komaya salındı. Həyatla əlaqəsi kəsildi.

- Ananız da elə idi?

- Yox. O, atamdan yaxşı idi. Onun özü ilə də danışa bilirdik.

- Xəbəri necə aldınız?

- Məndən gizlədirdilər. Ayın 29-u məktəb başladı. 11-ci sinifdə oxuyurdum. Ayın 27-si atamda problem yarandı, qanaxma başladı. Mənim heç nədən xəbərim yox idi. Nə vaxt zəng eləyirdim, deyirdilər ki, vəziyyəti yaxşılığa doğru gedir. Mənim də ağlıma heç nə gəlmirdi. Deyirdim, hər şey yaxşı olacaq. Onun şəklini həmin vaxt çox adam paylaşırdı. Mən də onları instaqramda izləyirdim. Bir də gördüm ki, bir sənət adamı şəklini paylaşıb, altdan da yazıb ki, Allah rəhmət eləsin. Çox heyif. Heç bir dəqiqə keçmədi, evdən zəng elədilər ki, atanın vəziyyəti yaxşı deyil, tez gəl. Mən də nə qədər soruşdum, yenə də heç nə demədilər. Artıq bildim ki, nə olub. Həmin vaxt necə həyəcan keçirdimsə, ayağım da tutuldu. Heç bilmədim, evdən necə çıxdım. Taksi ilə özümü ora çatdırdım. Yuxarıdakı səs-küyü eşidəndə ən böyük travmamı yaşadım. Yuxu kimi idi. Ürəyim elə şiddətlə döyünürdü ki, dedim, yəqin, partlayacaq. Qəbul eləyə bilmirdim. İnanmırdım. Onu elə görməmək üçün heç vidalaşmadım da. İstəmədim ki, ömrümün axırına qədər elə xatırlayım.

- Sizdən gizlədilməyini necə qarşıladınız?

- Dedilər ki, sən pis olmayasan deyə, vəziyyətini demədik. Amma belə lap pis oldu mənim üçün. Düzdü, atamla yaş fərqimiz çoxdu, amma tez rəhmətə getdi. Özümü həmişə atalı-analı görürdüm. Amma qismətdə bu da var imiş.

- Düşünürsünüz ki, Səyyad bəy həkim səhlənkarlığının qurbanı oldu?

- Hər şey həkimlərin günahı idi. Efirdə bu barədə danışanda səsimi kəsmişdilər. Sağlam adam idi. 30 gün bu adama heç nə olmamışdı. Nə oldu birdən-birə? Neylədilərsə ciyəri deşildi. Üç gün ərzində dayanmadan qanaxma oldu. Elə çox qan itirdiyinə görə də rəhmətə getdi.

- Öz vəsiyyətinə görə Füzulidə dəfn olundu, yoxsa siz belə uyğun bildiniz?

- Vəsiyyəti belə idi. Deyirdi ki, məni öz vətənimdə dəfn eləyin. Özü bu söhbətlərdən qaçırdı. Ancaq anam bir gün özünə görə soruşdu ki, mən rəhmətə getsəm, harada dəfn olunmağımı istəyərsən? O da dedi ki, mən Bakıda istəmirəm. Çünki bizim vətənimiz Füzulidir. Bakıda dəfn olunsaq, ora ilə əlaqəmiz kəsilir. O məntiqlə də atam öz anasının yanında dəfn olundu. Hər ayın 6-sı onu ziyarət edirik.

- Vəfatından sonrakı dövr necə keçdi?

- Çox çətin. Atamdan dörd ay sonra babam rəhmətə getdi. Heç iki həftə keçmədi, bacım 10 yaşında qızını itirdi. Əsas da anam üçün çətin oldu. Atamın bütün işləri onun üzərində idi. O da heç vaxt bu işlərlə məşğul olmamışdı. Hər işi atam görürdü deyə, rahat idik. Mənim yaşım az idi. Əsas vəzifəm oxuyub universitetə daxil olmaq idi. 10-cu sinifdə 500-ə yaxın bal yığırdım. 11-ci sinifdə ki belə oldu, deyə bilmirdim ki, mən oxumuram. Elə söhbət yox idi. Ancaq hazırlığa getsəm də, ağlım ancaq atamda idi. Oxuya bilmirdim. Deyirdim, yəqin, qəbul oluna bilməyəcəm, əsgərliyə aparacaqlar. İmtahan verdim, həm bura, həm Türkiyədəki bir universitetə qəbul olundum. Ailəmə görə imtina elədim Türkiyədən. Çünki ora getsə idim, ildə cəmi iki dəfə gələ biləcəkdim bura. Çox işlər mənim öhdəliyimdə idi. Burda qəbul olunduğum yeri isə heç kim bilmir.

- Koronavirus dövründə verdiyi müsahibələrin birində rəvayətlər yazdığını demişdi. Onlar qalır indi?

- Bəli. 2021-ci ildə rəvayətlər yazıb, üstəlik, lentə də almışdı. Çapını düşünmürük, özü səsləndirib, çəkdirib.

- Hansı musiqi alətlərində ifa eləyə bilirdi?

- Pianonu səlis bilirdi. Gitara ilə əvvəl məşğul olub. 6 yaşında səhnəyə çıxıb. “Faytonçu” mahnısını oxuyub. Elektron gitara arzulayırmış. Gitara o vaxt çox bahalı imiş. İmkanlı ailə olmayıblar. Babam vəfat eləyəndən sonra nənəmin üstünə çox yük düşüb. Nənəm də deyib ki, gərək atımızı sataq ki, onu alaq. O da atını çox istəyirmiş... Bir dəfə kəndə qayıdanda görüb ki, atı yoxdu. Nənəm cavab verib ki, atı satmışam, get içəri bax. Nə görsə yaxşıdır? Təptəzə elektron gitara.

- Axırıncı dialoqunuz necə olub?

- Biz ailəlikcə xətələnmişdik. Ancaq yenə də məni özündən uzaq tuturdu. Məni özündən qoruyurdu. Ona görə o dövrdə çox söhbətlərimiz olmayıb.

- Atanız hazırda burada olsaydı, ona nə demək istəyərdiniz?

- Deyərdim ki, mən həmişə səninlə fəxr eləmişəm...

# 19349 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #