#

Şeytan Allah qədər mərhəmətli və bağışlayan deyil! - Şəfiqə Şəfa

Şeytan Allah qədər mərhəmətli və bağışlayan deyil! - Şəfiqə Şəfa
26 sentyabr 2024
# 15:45

Kulis.az Şəfiqə Şəfanın "Cülyettanın katibələri – düyünlərə üfürülən sevgilər…" yazısını təqdim edir.

Məşhur bir film var – “Cülyettanın katibəsi”. Real hadisələr əsasında çəkilib. Reallıq filmdə baş verənlərlə yanaşı, həm də belə bir qəribə vəzifənin İtaliyada mövcud olmasındadır. “Romeo və Cülyetta” əsərindəki hadisələrin cərəyan etdiyi Verona şəhərində Cülyettanın “yaşamış” olduğu ev var. Simvolik olaraq tikilib, məşhur personajların xəyali evlərinə İtaliyada olduğu kimi, digər ölkələrdə də rast gəlinir. Məsələn, Şerlok Holmsun “yaşadığı” ev də turistlərin ən çox baş çəkdiyi yerlərdəndir. Təbii ki, turistlər bu binaların, əslində, həmin personajlara aid olmadığını gözəl bilir, amma yenə də o evlərə böyük maraqla can atırlar.

Veronadakı “Cülyettanın evi”nin divarlarına isə dünyanın hər yerindən gələn aşiqlər eşq məktublarını və ya nakam məhəbbətləri ilə bağlı giley-güzarlarını yapışdırıb, həvəslə cavab gözləyirlər. Bunu görən və böyük gəlir gətirəcəyini anlayan şəhər rəhbərliyi idarə yaradıb, içində də o məktublara cavab yazan işçilər qoyub ki, həmin qadınlara da Cülyettanın katibələri deyirlər.

Hər gün xüsusi işçilər divarlardan məktubları yığıb katibələrə gətirir, onlar da məktubları diqqətlə oxuyurlar. Amma verilən cavablar artıq katibələrin insafına qalıb. Yəni, aşiqin sonrakı psixi durumu, hətta taleyi belə o cavablardan asılı olur. Cavab məktublarının gerçək olmadığını bilsə də, eşq acısı çəkən insanın öz qəlb ağrılarını azaltmaq və iynə ucu qədər ümid üçün reallıqdan uzaq hər şeyə inandığını, saman çöpündən yapışacaq qədər çarəsizliyini anlamaq olar.

İndi mən bu filmdən, “Eşq məktubları divarı”ndan niyə bəhs etdim? Yeri gəlmişkən, bir də dünyanın çox şəhərində körpülərə bağlanmış məhəbbət qıfılları var. (Azərbaycanda hələ ki, təkcə Sumqayıtdadır. Şəhər bulvarındakı körpüyə yaxınlaşıb, özünüzün və sevdiyinizin adı yazılmış qıfılları naməlum tarixə qədər, bəlkə də əbədiyyən bağlaya bilərsiniz.) İlk baxışda Cülyettanın katibələri və körpü qıfılları məsum görünür: aşiqlərin suallarına cavab axtarılır və ya sevənlər bir ömür talelərini “qıfıllayırlar”. Amma bu məsumluğun altında, əslində, böyük təhlükə yatır. Az öncə qeyd etdim: cinsindən asılı olmayaraq aşiqlər psixi cəhətdən sağlam olmurlar.

Hələ yaralı aşiqdirsə, qarşı tərəf özünə başqa düşmən axtarmasın. Razılaşarsınız ki, yaralı aşiq səyyar mina qədər təhlükəli olur, hər an partlaması ilə özüqarışıq qarşı tərəfi və bu münasibətlə əlaqədar olan hər kəsi məhv edə bilər. İndi təsəvvür edin, bu aşiqin məktubuna “O artıq başqasını sevir, onunla çox xoşbəxtdir, sən də öz həyatını qur” cavabı verilsə?.. Hər aşiq onu yaralayan, eşqini alçaldan, tərk edən adama xoşbəxtlik arzulayacaq qədər genişürəkli ola bilməz axı! Yaxud məhəbbət qıfılları kənardan baxanda maraqlı mənzərədir. Üstəlik, turistləri də özünə çəkir. Şəhərin ölkədaxili və xarici qonaqları mütləq həmin əraziyə baş çəkir, illərlə qalıb pas atmış, bununla da tarixə çevrilmiş bu qıfılları maraqla seyr edirlər, önündə şəkillər çəkdirirlər və təbii ki, qıfılların sayını özlərinki ilə artırırlar. Bəs bu qıfıllara həkk edilən adların sevgisi qarşılıqlıdırmı? Hər iki tərəf ömürlük bağlanmağa razıdırmı? Deyilsə?!

Qarşı tərəfin xəbəri olmadan onun adından müsbət ya mənfi cavab verilməsi, bu cavaba əsasən aşiqin hərəkətə keçərək başqalarına narahatlıq yaratması, həyatına müdaxilə etməsi və ya istənmədən adının kiminləsə qıfıllanması nə dərəcədə düzgündür? Düzgünlük qalsın bir qırağa, bu cadu deyilmi? Adına istənilən romantik və dini ad qoyaq, müasir anlayışla rituallar, manifestləmələr, sublimasiyalar deyək, hara çevirsən də nəticə eyni çıxır. Adlar dəyişir sadəcə - ərəbcədən “cadu” sözü latın, italyan, fransız sözləri ilə dəyişir, mahiyyət isə qalır.

Keçək bu işlə məşğul olanlara. Yəni Cülyettanın dünyanın hər yerinə səpələnmiş katibələrinə! Cadugər deyəkmi? Qəbul etməzlər, sublimator, astroloq, spiritualist və s. kimi bəzəkli adlar ola-ola, niyə Nuh əyyamından qalma sözdən yapışaq ki?! Üstəlik, soruşsanız, bunun çox faydalı, dua kimi müsbətyönlü olduğunu israr edəcəklər. Yaxşı, fərdi ehtiyac adı altında başqasının iradəsinə zidd hər hansı əməl (sevgilini geri döndərmə, istəksiz evlilik, dil-ağız bağlama və s.) neqativ enerji deyilmi? Bu yaxınlarda Tiktok səhifəsində qurumuş dəniz sahilində boydan-boya səpələnmiş qıfılları, caduları, hər cür bükülüləri, yəqin ki, görmüsünüz. Desəm elə balıqqulağılar qədər, bir az mübaliğəli olacaq, amma kifayət qədər çox…

Bunu edənlərin hamısı cahil ola bilməz. Çünki istər azərbaycanlı, istərsə də başqa millətdən olsun, İQ səviyyəsi yüksək olanlar hətta üstünlük təşkil edir. Yəni qəlb yarası ilə mübarizə apara bilməyən, yenilməyi qəbul etməyən, istənilən situasiyada qalib gəlmək istəyən, hər şeyi öz axarına buraxmağa səbri olmayıb şeytanla razılaşmaya girən hər kəs bunu edə bilər. Nəticə? Əlbəttə ki, var: ya Cülyettanın katibəsinin fal açıb verdiyi cavabı psixoloji olaraq beyninə yeridər və buna inanar, ya da qıfıl, şəkil, şam kimi vasitələrlə (əslində, çəkim gücü ilə) istədiyinə nail olarlar.

Sadəcə, bir şey maraqlıdır. Bəlkə də, öz xasiyyətimdən irəli gəlir deyə soruşuram: bu gün istədiyiniz şəxs, iş və s.-ni 5 il sonra da istəyəcəyinizə əminsinizmi? Dərdindən dəli olduğunuz, tərk edişini qəbul etmədiyiniz biri 5-6 ildən sonra sizə nəinki yad, hətta iyrənc gələrsə və sonrakı xoşbəxt həyatınıza maneə yaradarsa? Axı bu lənət sizinlə ömür boyu gedəcək, özünüzdən sonra da övladlarınız bədəl ödəyəcək... Şeytan Allah qədər mərhəmətli və bağışlayan deyil! Bunu düşünməyə dəyər, Veronanın kandarından geri qayıtmaq həmişə mümkündür!

# 287 dəfə oxunub

Oxşar xəbərlər

Ədalət Şükürovun Ayda torpağı var? - Özü cavab verdi

Ədalət Şükürovun Ayda torpağı var? - Özü cavab verdi

13:27 5 oktyabr 2024
Emin Sabitoğlunun mahnılarından ibarət konsert keçiriləcək

Emin Sabitoğlunun mahnılarından ibarət konsert keçiriləcək

12:43 5 oktyabr 2024
Mən türk qadınıyam, amma öz dilimdə oxuya bilməmişəm - Fəriba Vəfi ilə müsahibə

Mən türk qadınıyam, amma öz dilimdə oxuya bilməmişəm - Fəriba Vəfi ilə müsahibə

12:00 5 oktyabr 2024
Nəşriyyatlar Mədəniyyət Nazirliyinə etiraz etdi - Sərgini boykot

Nəşriyyatlar Mədəniyyət Nazirliyinə etiraz etdi - Sərgini boykot

11:07 5 oktyabr 2024
"İrəvan gündəliyi"  kitabının təqdimat mərasimi keçirildi

"İrəvan gündəliyi" kitabının təqdimat mərasimi keçirildi

19:00 4 oktyabr 2024
Türkiyədə Nizami Gəncəviyə həsr edilmiş əsər nəşr olunub

Türkiyədə Nizami Gəncəviyə həsr edilmiş əsər nəşr olunub

18:18 4 oktyabr 2024
#
#
# # #