Karl Kraus (1874-1936)
Avstriyalı satirik nasir, şair, aforist, ədəbi tənqidçi, felyetonçu və publisistdir.
1874-cü il aprelin 28-də Almaniyanın Bohemiya əyalətinin Yiçin şəhərində doğulub. Atası yerli Kağız fabrikinin sahibi olub. Ədəbiyyata və teatra olan dərin maraq hissini balaca Karla anası aşılayıb.
Əvvəllər qəlbi aktyor olmaq arzusuyla çırpınan bu oğlan anadangəlmə fiziki qüsura malik imiş deyə, anası onu bu niyyətindən daşındırmağa nail olur. Ona görə də gənc Karl sonralar Vyana Universitetində fəlsəfə və ədəbiyyat üzrə ali təhsil alıb.
1892-ci ildən etibarən o, dövri mətbuatda Avstriya ilə Almaniyanın ədəbi və teatr həyatı ilə bağlı yazılarıyla çıxış etməyə başlayıb. 1899-cu ildə "Məşəl" (Die Fackel) dərgisini təsis edib. Əvvəlcə onun redaktorlarından biri, 1912-ci ildən sonrakı dönəmdə isə yeganə redaktoru kimi fəaliyyət göstərib. Oxucular arasında böyük rəğbət görən jurnal Krausa görünməmiş şöhrət gətirir, hətta müasirləri ona "Almaniyanın Yuvenalı" ləqəbini də yaraşdırırlar.
Özünün ədəbi-siyasi yazılarında Kraus Avropa mədəniyyətinə yad bütün cəhətləri amansız satira atəşinə tutur, liberal mətbuatdakı ikiüzlü yazarlardan başlamış ta Ziqmund Freydin (1856 - 1939) Psixoanaliz təliminə qədər hər şeyi amansız tənqid eləyir.
Millitarizmə qarşı çıxan Kraus, təbii ki, Birinci dünya müharibəsindəki məğlubiyyətin qisasını almaq barədə fasiləsiz çağırışlar edən revanşistləri də açıq-aşkar qınayırdı. Sülh ideyalarına arxa çevirdikləri üçün sosialistlər və din xadimləri isə vaxtaşırı onun kəskin tənqidlərinə tuş gəlirdilər. Krausun 1915-19-cu illərdə yazdığı "Bəşəriyyətin son günləri" dramında yaxınlaşmaqda olan növbəti qlobal faciənin ilk siqnallarını, əlamətlərini duymaq heç də çətin deyildir.
Öz ana dilinin saflığı uğrunda durmadan mübarizə aparan Kraus onu xalqın həm estetik, həm də mədəni nailiyyəti sayırdı. Onun bu mövzuya həsr etdiyi məqalə və esselər vəfatından sonra, yəni 1937-ci ildə "Dil" adlı kitabında bir arada toplanıbdır.
Doqquz kitabda yer alan şeirləri və dörd cildlik "Sözə çevrilənlər" kitabında cəmlənən aforizmləriylə Karl Kraus almandilli ədəbiyyatda özünəməxsus bir yazı üslubu yaratdığını sübuta yetiribdir.
Ən maraqlı cəhətlərdən biri də budur ki, istər siyasi, istərsə də mədəni baxışlarında o, öz zəmanəsinin aparıcı tendensiyalarına əsla boyun əyməyib, öz sərbəst düşüncə tərzinə, şəxsi mövqelərinə həmişə dərin sədaqət sərgiləyibdir. Yaşadığı dövrdə hakim mövqelərə yüksələn realist dram tərzinə qarşı çıxaraq, o, poetik teatrın prinsiplərini irəli sürüb və sırf bu sayədə Bertolt Brext kimi dünyamiqyaslı dramaturqun və rejissorun meydana çıxması üçün münbit şərait yaradıbdır. A.Şönberq həmişə vurğulayırdı ki, gənc qələm sahibləri - digər yazarlardan fərqli olaraq - Karl Krausdan orijinallıq baxımından misilsiz dərslər ala bilərlər.
1889-ci ildə o, yəhudi icmasından çıxdığını elan edir, 1911-ci ildə xaçpərəstliyi, 1923-cü ildə isə katolik məzhəbi qəbul etdiyini rəsmən bildirir. Nüfuzlu yəhudi ziyalılarına (Otto Veyningerə, H.S.Çemberlenə) və ümumilikdə sionizmə qarşı kəskin çıxışları K.Krausun zamanla aşkar bir antisemit kimi dəyərləndirilməsinə imkan yaradır. Öz milli mənsubiyyətindən, yəni yəhudiliyindən xəcalət hissi duyan Kraus hər cür millətçiliyin də qatı əleyhdarına çevrilir, kosmopolit baxışların isə daha qızğın bir şəkildə müdafiəsinə qalxır. "Ümumilikdə götürəndə, insanoğlunun bəlli bir dəyəri varsa, bu, onun hansı milliyyətə mənsubluğundan asılı ola bilməz" fikri onun dünyagörüşünə tam mənada hakim kəsilir.
1933-cü ildə Almaniyanın Radio Verilişləri Komitəsi Krausun alman dilinə çevirdiyi U.Şekspir sonetlərinin efirdə səsləndirilməsiylə bağlı ondan izn istəyəndə, Kraus dərin kinayə ilə bildirir ki, həmin şeirləri ingiliscədən yox, ivrit dilindən almancaya çevirib, ona görə də bu cür mətnlərin efirdə səsləndirilməsi ölkədəki irqçi və millətçi rejimin xalqa sırıdığı hakim ideologiyanın tələbləriylə daban-dabana ziddir.
Hələ 1923-cü ildən etibarən öz məqalələrində Adolf Hitlerin Avropanı hansı bəlalara sürükləyə biləcəyini, pangermanizmin və Avstriyanın ilhaqının irəlidə daha nələrə səbəb olacağını o, dəfələrlə, həm də qorxu-hürküsüz açıqlayıb.
Ömrünün son illərində isə Karl Kraus belə qənaətə gəlibmiş ki, iudaizm və xristianlıq öz səylərini birləşdirməklə, rasizmə (irqi gözümçıxdılara) qarşı vahid bir cəbhə yaratmalıdır.
Kulis.az Karl Krausun aforizmlərini təqdim edir.
Bəzi qadınlar əslində gözəl-zad deyillər, sadəcə elə təəssürat yaratmağı bacarırlar.
İnsanı daha betər günə qoyacağına inanan şeytan hər halda hədsiz nikbindir.
Razıyam, it - həqiqətən sədaqət simvoludur. Ancaq o, biz insanlar üçün necə sədaqət simvolu sayıla bilər ki?! Axı, o - bütün qalan itlərə yox, məhz insana, öz sahibinə münasibətdə sədaqətlidir.
Əsəri bir dildən digərinə çevirmək ona bənzəyir ki, əvvəlcə onun dərisini soyub, sərhəddən keçirir, orada ikən milli libas geyindirməklə, onu bəzəyib-düzəyirsən.
Necə davranacağını bilmədiyin məqamlarda sən dürüst davranmağa üstünlük verməlisən.
Bakirəlik - bakirə qənimlərinin can atdığı bir idealdır.
"Üstün insan" ideyasını gerçəkləşdirəcək şəxsin əvvəlcə adi insan olması da vacib şərtdir.
Uşaqlar "dava-dava" oynayanda əsgərləri yamsılayırlar və bu, başa düşüləndir. Bəs görəsən əsgərlər niyə bəzən davada məhz uşaqları yamsılamağa çalışırlar?!
Daha az oxumaqdan ötrü yetərli vaxtı axı mən haradan tapım?!
Boş başda yeni biliklər üçün daha çox yer tapılır.
Ümumilikdə götürəndə, insanoğlunun bəlli bir dəyəri varsa, bu, onun hansı milliyyətə mənsubluğundan asılı ola bilməz.
Mətn oxumağa girişən şair bir mənada xörəyin dadına baxan aşbazı xatırladır.
Zəif iradəli adam adətən qərar verənə qədər tərəddüdə qapılır, güclü şəxsiyyət isə - qəti qərara gələndən sonra.
İlk maşını kəşf edərkən biz yetərincə zəki idik, amma ondan yararlanmağa başladığımız vaxt nə qədər bəsit məxluq olduğumuz ortaya çıxdı.
Müəllimlərinin "çeynəyib tökdüklərini" şagirdlər "hopp edib, udmağa" məcburdur.
Öz axırının yetişdiyini anlayan istənilən mədəniyyət sırf keşişlərin ümidinə qalır.
Başqasına qarşı əsl donuz kimi davranan adam sonradan: "Əfv edin, axı mən də adi insanam!" - deyir. Elə ki onun özünə qarşı donuz kimi davranırlar, onda aksentini bu cür dəyişir: "Bura baxın ey, amma mən də bir insanam axı!"
Mən yaşadığım şəhərdən yalnız asfalt yol, kanalizasiya sistemi və isti su tələb edirəm. O ki qaldı mədəni səviyyəyə, mən özüm də elə yetərincə mədəniyəm.
Mənim yazı dilimin formalaşması bir sürtüyün sütül bakirəyə çevrilmə prosesini xatırladır.
İşində ustalaşan psixoloq xəstəsini asanlıqla öz ovqatına sala bilir.
Psixoanalitik - nəinki pasiyentin özünün, hətta onun ata-babasının da tövbəsini qəbul etməyə qadir bir keşişdir.
Psixoanalitiklər gördüyümüz yuxuları elə ələk-vələk edirlər ki, sanki cibimizdə eşələnirlər.
Əslində mən qadınların tərəfini tutmuram, sadəcə kişilərə qarşıyam.
Psixoanaliz - məhz yüksək inkişafa malik (emansipasiyalı - A.Y.) yəhudilərin yoluxduğu mərəzdir. Dindar yəhudilər isə elə diabetlə də keçinirlər.
Çağdaş musiqi - öz təbii qüsurlarını sanskrit dilində nöqsansız danışmasıyla ört-basdır eləməyə çalışan qadına bənzəyir.
Qadın o dərəcədə dərin zəkalı olmalıdır ki, onun ağlının hətta dayazlığı da kişiyə gözlənilməz bir sürpriz təsiri bağışlasın.
Təvazökarlıq - sənət adamının haqqıdır, şöhrətə düşkünlük isə onun boynunun borcudur.
Elə insanlar var ki, heç bir sədəqə verə bilmədiklərini dilənçiyə heç cür bağışlamazlar.
Təbabət adamdan həm canını, həm də pulqabısını tələb edər.
(Qeyd: Adətən öz qurbanlarının üstünə silah çəkən quldurlar: "Pulqabını ver, yoxsa canından olacaqsan" deyə onları hədələyirlər. Bu aforizmiylə K.Kraus demək istəyir ki, soyğunçulardan fərqli olaraq, təbiblər (həkimlər) adamın canını da alır, pulunu da - A.Y.)
Psixoanaliz - bizi öz-özündən qorumağa çalışan bir xəstəlik növüdür.
Natiqin əsas sirri bundadır: gərək özünü o qədər axmaq göstərə ki, zaldakı dinləyicilər də özlərinin elə onun qədər ağıllı olduqlarına inansınlar.
Bəziləri öz yamsılayıcılarının köməyilə sübuta yetiriblər ki, heç özləri də orijinal birisi deyillər.
Təhsil elə nemətdir ki, ona yiyələnən əksəriyyət tezliklə bütün öyrəndiyini unudur, çox az adam isə ömrü boyu təhsillə baş-başa yaşayır.
Təhsilli adamlar aldıqları təhsildən kənar mövzularda fikir söyləyincə, təhsilin gerçək dəyəri daha aşkar nəzərə çarpır.
Şəxsi işlərimə qarışmağı mən hətta özümə də... yasaqlamışam.
Fetişist - qadının yalnız tuflisinə bənd olduğu üçün ümumilikdə qadınla necə davranacağını bilməyən və buna görə yasa batan kəsdir.
Bəzən saxta arqumentlər də gerçək nifrətə rəvac verə bilir.
Ustad rəssam - hətta ayaqsız idmançını da qaçarkən təsvir eləyə biləndir.
Ən geniş yayılmış xəstəliklərdən biri də - başqalarına asanlıqla diaqnoz qoymaqdır.
Bir çox hallarda tarixçi bizə keçmiş əyyamlardan yazan jurnalisti xatırladır.
İndiki zəmanədə yalan - ağappaq səthdəki qaralamadır.
Deyəcək söz tapmayanda jurnalistlər elə hey nələrsə yazırlar. Deyəcək sözləri olanda isə durmadan nələrsə... uydururlar.
Əsnədiyi zaman heyvanın sir-sifəti insanınkına necə də bənzəyirmiş!
Jurnalist olmaqdan ötrü sən bir şey barədə mövcud olmayan fikrini də ifadə eləməyi bacarmalısan.
Aforizmlər heç vaxt həqiqətin birə-bir eynisi deyillər: onlar ya yarımhəqiqətdirlər, ya da biryarımhəqiqət.
İstənilən evlilik - mezalyansdır (bərabər maddi imkanlara və ictimai mənşəyə sahib olmayan şəxslərin nikahıdır - A.Y.)
Dünya necə idarə olunur və müharibələr necə alovlanır? Diplomatlar jurnalistlərə yalan-palan məlumatlar ötürürlər və sonra öz yalanlarının qəzetlərdə çıxan versiyalarını əsl həqiqət kimi qəbul edirlər.
Mənim vur-tut ikicə sətirdə ifadə etdiyim fikri tam iyirmi səhifədə açıqlaya bilən yazarlar da var.
Qadın hüquqları - sırf kişilərin vəzifələrindən ibarətdir.
Bəziləri məhz mühakimə olunmaqdan öz yaxalarını qurtarmaqdan ötrü başqalarına hökmdarlıq, rəhbərlik edirlər.
Əsl söz sənəti - köhnə sözlərə yenidən can verməkdir.
Dil - fikrin doğması, qohumu sayıla bilər, amma onun qulu da deyil.
Nikaha girən hər kəsdən ikiüzlülük və əzabkeşlik tələb olunur.
Çirkinləşməyi bacarmayan qadını... gözəl birisi saymaq olmaz.
Hansısa sualın cavabını qəliz tapmacaya çevirə bilməyən adamdan yazar çıxmaz.
Qısqanclıq - oğrunu hadisə yerinə cəzb edən it hürüşüdür.
Eyni günahı təkrar işləməyi diləməyənlərə elə cəza kəsilməlidir ki, onlara həmişəlik ibrət dərsi olsun.
Bu dünya elə bir türmədir ki, oradakı təkadamlıq kamera digərlərindən daha arzuolunandır.
Tərcümə: Azad Yaşar