Kulis.az Qulamrza Borusanın şeirlərini təqdim edir.
Qulamrza Borusan 1973-cü ildə Məşhəd şəhərində dünyaya gəlib. İlk kitabı olan “Ehtimal quşun başını gicəlləndirir” adlı şeirlər toplusu 1999-cu ildə işıq üzü görüb. Sonra daha iki şeir kitabı – “Sürgündə bir qutu siqaret” (2005) və “Aşmış ağac üçün ağı” (2009) məcmuələri çap olunub.
“Sürgündə bir qutu siqaret” kitabı ilə 2006-cı ildə “Jurnalistlər”, “Aşmış ağac üçün ağı” kitabı ilə isə 2010-cu ildə “Nima” şeir mükafatına layiq görülüb. Qulamrza Borusan 2011-ci ildə həyat yoldaşı – şairə Elham Eslami və altı yaşlı qızı Leyla ilə birlikdə avtomobil qəzasında həlak olub. Dünyadan vaxtsız köçmüş şairin son şeirləri ölümündən iki il sonra çap olunmuş “Sularda bir qapı açıldı” adlı kitabda toplanıb.
***
Hara gəlim
qapı ilgəyinə ilişmiş bu ürəyimlə,
bu ağır başımla, bu yağan qarla?
Yağış yanağımdakı xala tamaşaya gəlir.
Ağıram.
Sanki hamilə qadınlar
ürəyimdə zəfəran arıtlayırlar.
***
Tənhalıq avtobusda qırx dörd nəfərdir.
Tənhalıq qatarda
min nəfər.
Səni düşünürəm.
Bağlı gözlərdə daha çox Günəş var.
Səni düşünürəm
və hər gün
siqaret çəkirəm bütün dişlərimin sayı qədər.
Bir-birimizi isladan
bir yağış kimiyik biz.
***
Tənasüxə inanmıram.
Amma əgər ölsəm,
və bir daş cildində gəlsəm dünyaya,
üstümə bir nişan qoy ki,
özümü o biri daşlardan daha gözəl sayım.
***
Tənhalıq
öz yumşaq sumbatasıyla gəlib-çıxır.
Əlini qoyaraq sağ böyrümə
yavaş-yavaş
sürtür.
***
Gözəl qadınlar
övladlarının ölümünü
daha tezmi unudurlar?
***
Termitlər hər şeyi yeyiblər.
Mebeli, samovarın dəstəyini.
Tabloları, bütün tabloları.
Və Vinsent Van Qoqun qulağını.
***
Qadınım üçün firuzə bir boyunbağı
və firuzə bir bilərzik aldım Nişapurdan.
İndi göy üzü bilmir ki, onun sinəsində olsun,
ya biləyində.
Hər halda bu, göy üzünün problemidir.
***
Sadə yaşadım.
Amma ölümüm şübhəli görünəcək.
Tapacaqsınız məni
saçlarımla,
dırnaqlarımla
və qaranlıq bir çuxuru işığa qərq etmiş
ürək sümüyümlə.
Fars dilindən tərcümə edən: Məhəmməd Nuri