Kulis.az Etimad Başkeçidin "Don Kixot" adlı yeni pyesinin ikinci pərdəsini təqdim edir.
İKİNCİ PƏRDƏ
I ŞƏKİL
Komissar Rodriqonun otağı. Komissar, köməkçisi Xuan, Müqəddəs Ermandadanın üzvləri, Antoniya, Don Kixotun qonşusu Sanson Karrasko, Doktor Pedro, keşiş Pero Peres.
Komissar Rodriqo (masanın arxasında əyləşib, qarşısındakı qovluğu vərəqləyir. Sonra başını qaldırıb, otaqdakıları süzür). Belə! Xəbərlər heç də ürəkaçan deyil. Lamançalı zadəganın macəraları artıq həddini aşır. Kralın da qulağına çatıb ki, Lamançada aləm dəyib bir-birinə, at izi it izinə qarışıb. Ətraf kəndlər bu adamın əlindən dad eləyir. Deyirlər, bir dəlinin əlində qalmışıq… Müqəddəs Ermandada hara baxır deyirlər! Xuan, vəziyyəti məruzə elə görüm!
Xuan (əlində kağız, irəli çıxıb boğazını arıtlayır. Rəsmi tonda oxumağa başlayır). «Lamança vilayəti üzrə Müqəddəs Ermandada rəhbərliyinə növbəti məruzə: Dünən günorta saatlarında əyalət yolunun kənarında növbəti asayiş pozuntusu qeydə alınıb. Şahidlərin və zərərçəkmişin ifadəsinə görə, özünü „Lamançalı Don Kixot“ adlandıran silahlı şəxs və onun nökəri, Sanço Pansa adlı eşşək minən bir kəndli, dinc sakinə, qonşu kəndin dəlləyinə qəfil hücum çəkmişlər. Hadisə belə cərəyan edib: Dəllək yağışdan qorunmaq üçün mis ləyənini başına qoyub, yol gedirmiş. Təqsirləndirilən şəxs Don Kixot, bu adi məişət əşyasını hansısa „Mambrino dəbilqəsi“ adlandıraraq, dəlləyin əlindən alıb. O, heç bir xəbərdarlıq etmədən, nərə çəkərək atını yazıq adamın üstünə çapıb və qılıncın arxası ilə dəlləyin başına ağır zərbə endirib. Zərbənin gücündən dəllək huşunu itirərək yerə yıxılıb. Cinayətkarlar onun əmlakını, içində sabun, ülgüc və daraq olan dəri torbanı və həmin mis ləyəni zorla mənimsəyiblər. Üstəlik, təqsirləndirilən şəxs ayılan zərərçəkmişə hansısa „Dulsinaya“ adlı qadına çatdırılmaq üçün mənasız bir məktub verərək onu hədələyib. Bununla da kifayətlənməyən bu qəribə cütlük, tarlada işləyən dinc kəndli qadınları „div ordusu“ adlandıraraq onlara hücum etməyə cəhd göstəriblər. Qadınlar müqavimət göstərdikdə isə, təqsirləndirilən şəxslər „strateji manevr“ bəhanəsi ilə hadisə yerindən qaçıblar. Hazırda dəllək ağır kəllə-beyin travması və sarsıntı içindədir, ləyən isə hələ də cinayətkardadır. Bundan başqa…»
Komissar Rodriqo. Bax belə! Buyurun, müqəddəs ata, nə deyəcəksiniz?
Pero Peres (əlini sinəsinə qoyaraq, dərindən ah çəkir). Mənim sevimli qonşum, kəndlim, təəssüf ki, lap ağlını itirib. Mən onun kitabxanasını yandıranda elə bildim ki, şərin kökünü kəsmişəm. Sənə demişdim, Sanson, o «Qall Amadis», «Palmerin» sayaq kitabcığazlar sinyor Kixano kimi zavallıları başdan çıxarır. Buyurun, Allahın mağmın bəndəsi Alonso Kixano özünü o kitabların qəhrəmanı sanır, hamını «məlun sehrbaz» və ya «nəhəng» gözündə görür. (Birdən-birə səsini ucaldır). Onun üçün hətta Komissar Rodriqo da hansısa qalanın zalım hakimi, müstəbid və qaniçəndir…
Komissar Rodriqo. Hm!.. Məsləhətiniz nədir, müqəddəs ata?
Pero Peres. Məsləhət deyəndə ki… Onu bu hala salan kitablardır. Yoxsa, bizim zavallı Alonso Kixanonun ürəyi təmizdir, amma beyni səfsəfələrlə doludur.
Komissar Rodriqo. Atarıq zindana, orada ağıllanar!
Antoniya. Sinyor Komissar…
Pero Peres. Mənim fikrimcə, bu bəlanın çarəsi onu və onun kimiləri zəhərləyən o mənasız kitabları yığışdırıb, oda verməkdir. Bilmirəm nə tapıblar kitablarda? Məgər müqəddəs kitabda, İncili-Şərifdə hər şey yazılmayıbmı? Sadəliyi və itaəti öyrədən kitabı qoyub, təkəbbürə, xəyallar dünyasına sürükləyən kitablara nə ehtiyac var? Nə ehtiyac var, sizdən soruşuram…
Komissar Rodriqo. Məndən niyə soruşursunuz? Mən ömrümdə alayarımçıq bir kitab oxumuşam, o da cinayət məcəlləsidir.
Doktor Pedro (eyniyini düzəldərək). Bu, artıq sadəcə kitab məsələsi deyil, sinyorlar. Tibbi dildə bunun adı «delirium»dur! O, adi dəllək ləyənini qızıl dəbilqə kimi başına qoyub gəzirsə, deməli, karvansara görsə onu padişah sarayı zənn edəcək…
Komissar Rodriqo (qəhərlə). Məni onun tibbi diaqnozu maraqlandırmır, sinyor Doktor! Məni maraqlandıran odur ki, Kralın müfəttişləri gəlib məndən hesabat istəyəndə nə deyəcəyəm? Deyəcəyəm ki, bir dəlinin qarşısında aciz qalmışıq? (Xuana üz tutur). Oxu görüm, başqa nə hoqqalardan çıxıb? Başqa kimlər şikayət edib?
Xuan (yeni bir vərəq çıxarır). Padşah sarayı demişkən, sinyor Komissar, yol kənarındakı bir mehmanxana sahibi şikayət edir ki, Don Kixot oranı qəsr hesab edərək, hay-küylə içəri təpilib, şərab tuluqlarını qılıncla doğrayıb ki, deməzsənmi bunlar hansısa sehrbaz nəhənglərin başıdır. Üstəlik, o, mehmanxana sahibini «qalabəyi» adlandıraraq ona cəngavər rütbəsi verməyi tələb edib...
Komissar Rodriqo (ayağa qalxır, əsəbi halda otaqda var-gəl edir). Kifayətdir! Hər şey aydındır. Şərab tuluqlarını doğrayıb, o qədər neməti məhv eləmək günahdır.
Pero Peres. Böyük günahdır.
Komissar Rodriqo. Aydın məsələdir ki, bu adamın ağlı çatmır.
Doktor Pedro. Zır dəlidir.
Komissar Rodriqo. Mən bir komissar kimi hesab edirəm ki, bu adam ilk növbədə cinayətkardır. Müqəddəs Ermandada onu cinayət məcəlləsinin 27b, 37c, 105a maddələri üzrə müqəssir hesab edir. Maddələr ortadadır: mülkiyyətə qəsd, fiziki xəsarət və asayişin kobud şəkildə pozulması!
Antoniya (dəhşət içində). 105a?! Amma, Komissar, bu maddə ağır cəza nəzərdə tutur! Yazıq əmimi zindan küncündə çürütmək istəyirsiniz? O, sadəcə yüngülvari havalıdır, xəstəhaldır! Buna görə adamı zindana salarlar? Aman Tanrım, dayım bəzən özündə olmurdu, nağıl kitablarından oxuyub, qılıncını qapır, daş-divara hücum çəkirdi. Sonra guya döyüşdə yaralanıb, su içirdi. Deyirdi ki, bu dirilik suyudur. Onda heç kimə demirdim ki, deməsinlər dayım dəli olub…
Komissar Rodriqo (sərt şəkildə). Xəstələrlə həkimlər məşğul olur, mənim işim isə qanunları qorumaqdır. Əgər o, şərab tuluqlarını «div» bilib doğrayırsa, sabah bir kəndlini «əjdaha» sanıb nizəyə çəkməyəcəyinə kim zəmanət verir?
Antoniya. Sinyor Komissar, müqəddəs ata, sinyor doktor, xahiş edirəm, xahiş edirəm, xahiş edirəm… Doğrudur, dayım son vaxtlar bir qədər özünü qəribə aparır…
Komissar Rodriqo. Bir qədər?
Antoniya. Ola bilsin, bir qədərdən bir az çox… Amma indi kim özünü qəribə aparmır ki?.. (Pero Peresə sarı yönəlir). Məsələn, mən katolik keşiş tanıyıram ki, gündüzlər insanların günahlarını bağışlayır, evlərə təpilib təqdis eləyir, cəngavər kitablarını yandırır, gecələr isə, «mənəvi qızım» adlandırdığı qadınların evindən çıxmır. Üç qadından beş uşağı var… Bəs harada qaldı bu keşişin Allah qarşısında and içib, söz verdiyi bakirəlik əhdi?
(Pero Peres yerində qurcuxur. Üzündə donuq ifadə, başını yelləyir).
Antoniya. Keşiş cəhənnəmdən qorxmur, özü bilər. Bəs kralın qəzəbindən də qorxmur? İanə qutularından topladığı pulları eyş-işrətə xərcləyirsə, fani dünyada kefindən qalmırsa, buna nə ad verəsən, hə, müqəddəs ata? Sizdən soruşuram, müqəddəs ata, bu keşiş özünü qəribə aparır, ya yox?
Pero Peres. Qəribə aparır? Hə, əlbəttə, qəribə aparır… Belə isə, doğrudur, keşiş də insandır, könlü-gözü var, amma bakirəlik əhdi veribsə… (mızıldanır).
Antoniya (doktor Pedroya sarı yeriyir). Və ya, tutalım, doktorlar tanıyıram ki, ölüm ayağında olan, canıyla əlləşən xəstələrin son qəpiyinicən cibini soymaqdan utanmır. İnsanların çarəsizliyini qızıl mədəni bilir. Hələ mən sağlam adamları xəstə çıxarıb, xəstə qohumlarının önündə hoqqa verən, şəbeh çıxaran, lazımsız prosedurlar təyin edib, sehrli iksirlər bazarlayan doktorları demirəm. (Qəfildən komissara sarı çevrilir).
Doktor Pedro (kənara). Bunlar ailəlikcə xəstədirlər ki…
Pero Peres. Bunun diliylə şeytanın özü danışır…
Antoniya. Mənim yaxşı tanıdığım bəzi komissarlar da var… Qatillərin, rüşvətxorların, şeytanın əlaltılarının əl-ayağını yığmaq əvəzinə, gümüş sikkələrini alıb, arxa qapıdan sərbəst buraxır. Yol kənarındakı mehmanxanalara tuluqlarda şərab tədarük eləyir… Bu sizə qəribə gəlmirmi, sinyor Komissar?..
Komissar Rodriqo. Ehtiyatlı olun, sinyora Antoniya, siz Müqəddəs Ermandadadan danışırsınız…
Antoniya. Yox, mən «müqəddəs» ifadəsinin arxasında gizlənib, altdan-altdan iş çevirən acgöz komissarlardan danışıram…
Komissar Rodriqo. Lənət şeytana… Yox… İstənilən halda idalqo cəzasını almalıdır! (Ermandada üzvlərinə). Sinyorlar, gedin tapın onu, nökəri ilə birlikdə, zəncirləyib atın zindana. Qoy inkvizisiyanın özü qərar versin: bu adam dəlidir, xəstədir, yoxsa kral qanunlarını saya salmayan cinayətkardır? Vəssalam, uzun çək-çevirə ehtiyac yoxdur!
Sanson Karrasko (ayağa qalxır). Bir dəqiqə, sinyor Komissar. Bilirsiniz, sinyor idalqo mənim də qonşum və dostumdur. Bildiyiniz kimi, Alonso Kixanonun bacısı qızı sinyora Antoniyanın xahişi ilə onu müşayiət edirəm.
Komissar Rodriqo. Xahiş edirəm, müxtəsər danışın, işimiz başımızdan aşır…
Sanson Karrasko. Sinyorlar, başa düşürəm, idalqo qaydalardan kənara çıxır. Amma mənə elə gəlir, onu zəncirləmək vəziyyəti daha da pisləşdirə bilər. Sinyor Komissar, əgər siz onu zəncirləyib zindana atsanız, o, özünü «zülmkarın əsirliyinə düşmüş məsum qəhrəman» elan edəcək. Bu isə onun xəyallarını daha da alovlandıracaq, xalqın gözündə isə onu əfsanəyə çevirəcək.
Komissar Rodriqo. Yaxşı, nə təklif edirsiniz?
Sanson Karrasko. Özünü cəngavər sandığı üçün onu yalnız «cəngavər qanunları» ilə məğlub etmək olar. Mənim bir planım var... Mən də onun kimi cəngavər zirehi geyinəcəyəm. Özümü «Gümüş Ay Cəngavəri» adlandırıb onun yolunu kəsəcəyəm. Onu təkbətək, açıq döyüşə çağıracağam. Cəngavər qanunlarına görə, məğlub olan tərəf qalibin istənilən şərtini yerinə yetirməlidir. Mən onu məğlub edəcəyəm və şərtim bu olacaq: «Silahı yerə qoy, evinə dön və iki il ərzində ümumiyyətlə bayıra çıxma!» Necədir?
Pero Peres (ümidlənir). Bu, dahiyanə fikirdir! O, cəngavər andına xəyanət etməz. Beləcə həm qanun yerini tapar, həm də qonşumuz sağ-salamat evinə dönər.
Doktor Pedro (istehza ilə). Əlbəttə, əgər o, sizi nizəsilə vurub atdan salmasa...
Komissar Rodriqo (masaya yumruq vurur). Yaxşı! Sizə bir həftə vaxt verirəm, Sinyor Karrasko. Gedin, o «Gümüş Ay» oyununuzu oynayın. Amma yadda saxlayın, əgər bir həftə sonra, gün batana qədər o, evində diz çöküb tövbə etməsə, ağlını başına almasa, Müqəddəs Ermandadanın əsgərləri işə qarışacaq. O zaman nə sinyora Antoniyanın ittihamları, nə də sizin dostluğunuz onu zindandan qurtara bilməyəcək!
Pərdə
II ŞƏKİL
Günəşin yandırıcı şüaları altında geniş, kimsəsiz bir düzənlik. Uzaqda qədim bir su quyusu və tək-tük qurumuş kollar görünür. Don Kixot və Sanço Pansa yavaş-yavaş irəliləyirlər. Don Kixotun başındakı mis ləyən günəşdə bərq vurur.
Don Kixot (dərindən ah çəkir). Dostum Sanço, ürəyim sıxılır. Görürsənmi bu sükutu? Bu tozlu yollar, bu boş düzənliklər sanki mənim cəngavər ruhumu sınağa çəkir. Nə vaxtdır ki, həqiqi, şanlı bir qəhrəmanlıq göstərə bilmirik. Dünya sanki yatıb, sehrbazlar gizlənib, nəhənglər isə qorxudan yerin altına təpilib.
Sanço Pansa (eşşəyinin belində mürgü vurur). Vallah, sinyor, dünya yatıbsa, qoyun yatsın. Bu istidə heç nəhənglər də dəli deyil ki, çölə çıxsınlar. İndi mənim üçün ən böyük qəhrəmanlıq bir ağac kölgəsi tapıb yarım saat mürgüləmək olardı.
Don Kixot. Səni də yeyib-yatmaqdan başqa heç nə düşündürmür. Bir az döz, mənim vəfalı dostum, fəth etdiyim adaya yerləşəndən sonra işin elə yeyib-yatmaq olacaq.
Sanço Pansa. Bu bəxt ki, məndə var…
(Uzaqdan fəryad səsləri eşidilir).
Don Kixot (əlini qaldırır). Dayan! Eşidirsən? Bu, taleyin səsidir, Sanço, məni cəng meydanına səsləyir. Arxamca gəl!
(Atını mahmızlayıb, səs gələn tərəfə cumur. Sanço onun arxasınca düşür. Qarşıdakı kolluğu aralayıb, baxanda görürlər ki, bir kəndli bir oğlanı ağaca sarıyıb, kəmərlə döyür).
Kəndli. Al payını, yaramaz. Nə qədər demək olar ki, sürüdən gözünü çəkmə, gözdə-qulaqda ol, hə? Al! Al, yaramaz!
Oğlan. Of, of… Ağam, amanın günüdür, ah, bərk vurmayın! Başa düşdüm, bildim!
Kəndli. Gündə bir qoyun itirir, hələ bir utanmaz-utanmaz məndən aylıq-donluq da istəyir. Al, gəldi!
Oğlan. Ağam, and olsun bizi yaradana, əlimdən gələni eləyirəm, bir qarın ac, bir qarnı tox, gecəm-gündüzüm yox, çöllərdə qoyun güdürəm, daha nə istəyirsiniz məndən?
Kəndli. Canına azar istəyirəm! Al!..
(Don Kixot şığıyıb, nizəsini kəndlinin sinəsinə dayayır, nərə çəkir).
Don Kixot. Dayan, ey mənfur, alçaq cəngavər! Utanmırsan özündən zəifə, kömək diləyən bir bəndəyə əl qaldırırsan? Dərhal o kəməri yerə at, nizəni götür: səni təkbətək döyüşə çağırıram! Sanço, bu yaramazın nizəsini əlinə ver!
(Sanço Pansa yerə düşmüş çoban dəyənəyini götürüb, zorla çobanın əlinə verir).
Kəndli (qorxudan rəngi ağarır, dəyənəyi götürür, kəməri əlindən salır). Sinyor cəngavər, axı bu uşaq mənim nökərimdir... Hər gün bir qoyunumu itirir. Mən də onu tərbiyə edirəm ki, ayıq-sayıq olsun, gözü ovda-quşda olmasın, qoyun güdmək bunları tələb edir...
Don Kixot (oğlana). De görüm, mənim gənc dostum, bu cəngavər doğrumu danışır, doğrudanmı sən gündə bir qoyun itirirsən?
Oğlan. Sinyor cəngavər, qoyun itirdiyim olur: çöllükdür, qurdu-quşu var, oğrusu-qulduru var… Amma gündə bir qoyun itirsəydim, ağamın sürüsü qalardı?
Sanço Pansa (altdan-altdan kəndliyə baxır). Sinyor, bu adamın gözləri fırıldaqçı tərəzisi kimi oynayır, heç xoşuma gəlmir… Elə bil kəndli deyil, hiyləgər tülkü gözüdür.
Oğlan. Sinyor cəngavər, on aydır işlədir, pulumu vermir, hər dəfə bir bəhanə ilə pulumu kəsir! Hər dəfə haqqımı istəyəndə, basıb döyür məni… (Ağlamsınır).
Don Kixot (kəndliyə sarı dönür). Sən nə cürətlə mənim qarşımda yalan danışırsan? Sən sadəcə onun haqqını vermək istəmirsən, bəhanə axtarırsan! (Oğlana tərəf dönür). De görüm, ey məzlum gənc, bu zalım sənə neçə real borcludur?
Kəndli. Sinyor…
Don Kixot. Kəs səsini! (Oğlana). Buyur, qulağım səndədir.
Oğlan. Sinyor, on aydır bu adama çobanlıq eləyirəm. Ayda on realdan danışmışdıq. Cəmi yüz real eləyir.
Kəndli. Yüz real? İnsafınız olsun, məndə o qədər pul haradandır? Bu qədər pulum olsaydı, mavrlar kimi, bir arvad da almazdımmı? Heç bu sürü o qədər pul eləmir.
Don Kixot. Eləmi? Bu yer üzündə gördüyüm ən xəsis cəngavər sənsən! Üstəlik də qanmazsan, qanmazın yekəsisən, istismarçısan. Qaldır nizəni, özünü qoru!
(Kəndli dəyənəyini əlindən salıb, diz çökür; əlləri ilə başını tutur).
Kəndli. Mən təslim oluram, təslim oluram! Sizi and verirəm müqəddəslərə, İsa xatirinə, öldürməyin məni.
Don Kixot. Elə isə, çıxar ver çobanın pulunu!
Kəndli. Bir dəqiqə! (Kisəsini çıxarır). Bu mənim pul kisəm, borcumu ödəməyə hazıram. Amma, sinyor cəngavər, əvvəlcə hesab-kitab etməli deyilikmi?
Sanço Pansa. Bəs deyirdin pulum yoxdur?
Don Kixot (kəndliyə). Nə hesab-kitab?
Kəndli. Baxın, bu on ay ərzində mən çoban oğlana üç cüt başmaq almışam, çünki başmaqsız çöllərdə qoyun güdmək olmur, özünüz başa düşürsünüz… Dəri başmaqlar. Başmağın cütü üç realdan, bu eləyir doqquz real.
Don Kixot. Başqa?
Kəndli. Başqa da, üç dəfə xəstələnib, hər dəfə də ondan qan almışam. Bu da eləyir…
Don Kixot (əlini qaldırır). Dayan!
Sanço Pansa (Don Kixota tərəf əyilib pıçıldayır). Sinyor, deyəsən, bu hesabla axırda bu yazıq çoban buna borclu çıxacaq. Gəlin o kisəni ondan alaq, məsələ bitsin.
Don Kixot (kəndliyə). Mənə bax, cəngavər, bu zavallının dərisini soymusan, bu olsun aldığın başmaqların əvəzi. Bax, qanına qəltan eləmisən, bu da aldığın qanın əvəzi. Oldunuz əvəz-əvəz. İndi bunun pulunu ver, yoxsa, and olsun yenilməz qoluma, cəngavər şərəfinə və qəlbimin tək sahibi Tobosolu Dulsinayanın gözəlliyinə ki, əgər bu uşağın bir realını, bircə maravedisini belə kəssən, səni elə buradaca parça-parça edib quzğunlara yem edəcəyəm! Dərhal say pulları!
Sanço Pansa. Əlin niyə əsir? Ver o kisəni mənə, mən özüm sayaram…
Kəndli (məcbur qalıb pulları saymağa başlayır). Yaxşı, yaxşı... Sinyor cəngavər, başınıza dönüm, o nizəni bir az kənara çəkin. Baxın, sayıram... Bir, iki, üç... Vallah, ürəyim qan ağlayır, amma sizin o müqəddəs andınız qarşısında boynum qıldan incədir… birdən-birə bu qədər pulu vermək... (Ah çəkir). Al, bu sənin pulların, yaramaz! Sinyor cəngavərin xətrinə səni bağışlayıram.
Sanço Pansa. Sinyor Don Kixot, icazə verin bu yenilmiş cəngavərin əbasını qənimət kimi özümə götürüm, kisəsindən də bir neçə real məhkəmə xərcləri olaraq müsadirə edim. Yoxsa neçə gündür bu tozlu yollarda ac-yalavac dolaşırıq. Bir qarnı ac, biri tox. Bir doyunca yemək yeyərdik deyirəm.
Don Kixot (özünü sındırmadan, Sançoya tərəf bir az əyilərək). Səbirli ol, Sanço! Bir az da döz, az qalıb, mənim vəfalı silahdaşım. Uca Tanrı, cəngavərin Allahı bütün bu məhrumiyyətlərin əvəzini artıqlaması ilə verəcək. Söz verdiyim kimi, mən tezliklə fəth edəcəyim ilk adanı sənə bağışlayacağam və sən oranın qubernatoru olacaqsan! Bax, onda ürəyin istəyən qədər yeyib-içərsən, süfrəndə şah təamları olar. (Oğlana sarı dönür). Gənc dostum, yolun açıq olsun, çıx get! Amma bundan sonra kiməsə nökərçilik eləyəndə yaxşı-yaxşı fikirləş, gör kimdir, kimlərdəndir, nə itin yiyəsidir.
Oğlan. Sinyor cəngavər, bu adam bu yerlərin ən varlı adamıdır, burada Kintanarada yaşayır. Qorxuram siz gedəndən sonra yerin-göyün heyfini məndən çıxa.
Don Kixot. Gənc dostum, kitablarda yazır ki, insan öz qorxularının quludur. Allah səni Kintanaralı cəngavərin qarşısında tir-tir titrəmək üçün yaratmayıb. (Kəndliyə sarı dönür). Qulaq as, məlun, sənin qorxunun adı isə mənəm – Don Kixot. Eşidib bilsəm ki, mən uzaq diyarlara çıxıb gedəndən sonra burada kiminsə xətrinə dəymisən, bütün işlərimi yarımçıq qoyub, məxsusi olaraq sənin üçün qayıdıb, səni həmin bu ağacdan asacağam. Başa düşdün?
Kəndli (məyus səslə). Başa düşdüm, başa düşdüm…
Oğlan. Allah sizdən razı olsun, sinyorlar, sinyor cəngavər, icazə verin çəkmənizi öpüm!
Don Kixot. Yox, çəkməmi öpməyinə ehtiyac yoxdur, amma bizə gecələmək üçün bir qəsr və ya saray yeri göstərə bilərsənmi? Çünki Tanrı şahiddir ki, yuxusuzluq və aclıq silahdaşım şanlı Sanço Pansanı əldən salıb və uzaq səfərə çıxmazdan əvvəl biz bir qədər dincəlsəydik heç də pis olmazdı.
Oğlan. Sinyor, elə bu yolla getsəniz düz bir tavernanın üstünə çıxacaqsınız. Elə orada gecələyərsiniz.
(Don Kixot əlinin hərəkəti ilə onların getməsinə işarə eləyir. Varlı kəndli ilə çoban oğlan bir-birinə tər-tərs baxa-baxa, hərəsi bir tərəfə gedir. Sanço Pansa ilə Don Kixot sakitcə yola davam edirlər. Işıqlar sönür. Səhnə yavaş-yavaş işıqlanır; toranlıq: Don Kixotla Sanço Pansa tavernada samanın üstündə yatıblar. Pəncərədən gün işığı sızır. Uzaqdan qab-qacaq səsləri, astadan danışıqlar, at fınxırtısı eşidilir).
Don Kixot (yuxudan ayılıb gərnəşir). Sanço!.. Sanço, yatırsan? Eh, dünya-aləm vecinə deyil. Üçdə alacağı yox, beşdə verəcəyi. Nə yar həsrəti çəkir, nə dünyanın gərdişi ilə maraqlanır. Mindiyi eşşək bundan ağıllıdır. Bir qarın yemək, doyunca yatmaqdan başqa dərdi yoxdur.
Sanço Pansa (yerdəki köhnə palazın üstündə hıqqana-hıqqana çevrilir, mızıldanır). Eşidirəm hamısını…
Don Kixot. Ah, sadiq silahdaşım Sanço, oyan! Bax, günəş şüaları bu möhtəşəm qəsrin bürclərini necə al-qırmızı rəngə boyayır. Etiraf etməliyəm ki, bu qəsrin sahibi, o nəcabətli kastellan bizə böyük lütf göstərdi, mehriban qarşıladı bizi. Onun alicənablığı məni valeh elədi. Amma, deyəsən, bu gecə mənə hazırladıqları yataq bir az narahat idi. Bəlkə də, hansısa qədim bir cadunun təsirindəndir, ya da bədxah bir sehrbaz gecə boyu sümüklərimi sızlatmaq üçün döşəyimə daş-kəsək doldurub.
Sanço Pansa (qalxıb palazın üstündə oturur, belini ovuşdurur). Ah, ağam, nə qəsr, nə kastellan? Deyəsən, siz hələ yuxudan ayılmamısınız? Vallah, o sizin «nəcabətli» dediyiniz adamı hamı tanıyır, belə tamahkar adam gəlməyib yer üzünə. Yatağınızın narahat olmasına gəlincə, təəccüblü deyil – altınızdakı döşək deyil, bir topa çürümüş samandır! O samanı mənim eşşəyim ağzına da vurmaz. Mənim isə bütün bədənim göynəyir, elə bil gecə boyu altımdakı palazla güləşmişəm. Allahın altında qubernator da olmadıq ki, adam balası kimi pərqu yorğan-döşəkdə yataq…
Don Kixot. Bəsdir donquldandın, bu maddiyyat yıxacaq səni! Sanço, sən heç mənim sözümdən qaçdığımı görmüsən? Baratariyanın qubernatoru olanda mənim canıma dua eləyəcəksən. Di, hazırlaş yola çıxırıq, ürəyimə damıb ki, tale bu gün bizə yeni zəfərlər vəd edir. Qalx, yuxu bişirməyin zamanı deyil…
(Bu zaman bayırda bərk səs-küy qopur. İt hürüşməsi. Söyüş, hədə və yalvarış səsləri. Don Kixot qulaq kəsilir).
Don Kixot. Eşidirsən, Sanço?
Sanço Pansa. Nəyi, nə olub ki?
Don Kixot. Necə yəni nəyi? Bayırdakı gurultu-patırtını eşitmirsən?
Sanço Pansa. Bənd olmayın, ağam, bu mənim qarnımın gurultusudur…
(Səslər güclənir. Don Kixot cəld qalxıb pəncərəyə sarı götürülür).
Don Kixot. Sanço! Belə də bilirdim… Əlifanfaronun ordusu qəsrə hücum çəkib. Qəsri yağmalamaq, həşmətli kastellanın qızı gözəl İolantanı əsir aparmaq istəyir. Dostum Sanço, gözlədiyimiz zaman gəldi. Tez yaraq-əsləhəmi gətir, atımı yəhərlə; bu gün Əlifanfaronla savaşıb, dünyanı onun zülmündən xilas edəcəyəm…
Sanço Pansa. Yenə başladı… (Qalxıb qarnını qaşıya-qaşıya pəncərəyə yaxınlaşır, zənnlə baxır). Ağam, sinyor Don Kixot, məni qınamayın, amma mən orada tamam başqa mənzərə görürəm.
Don Kixot. Nə görürsən?
Sanço Pansa. Bax, o gördüyünüz qırmızısifət adam tavernanın sahibidir, o gəncin yaxasından tutub silkələyir, vəssalam. Çox güman o gənc gecələdiyi yerin və yediyi bir parça çörəyin pulunu ödəyə bilmir, karvansara sahibi də onun köhnə bürüncəyini və çantasını əlindən almaq istəyir.
(Taverna sahibi cavan bir oğlanı pəncərənin önünə sürükləyir).
Taverna sahibi. Hara qaçırsan, hiyləgər tülkü? Elə bilirsən, gün çıxmamış aradan çıxa biləcəksən? Ya dünənki şam yeməyinin və yatdığın o samanlıgın pulunu ver, ya da bu çantanı və bürüncəyini mənə verəcəksən! Yoxsa səni şəhər hakiminin yanına sürüyüb aparacağam!
Oğlan. Sinyor, mənə rəhminiz gəlsin, heç nəyim yoxdur, bütün varım-dövlətim bu kitablardır!
Taverna sahibi. Sənin kimi müftə yeyib-yatanları, yalan-palan həvəskarlarını çox görmüşəm. Hələ utanmaz-utanmaz özüylə kitab da gəzdirir. Ver görüm bunları mənə!
Oğlan. Sinyor, sinyor, son realımı gecə ikən oğurlayıblar, amanın günüdür, mirzəyəm mən…
(Don Kixot bir göz qırpımında nizəsini qapır, şlemini başına qoyub, tuman-köynəkdə çölə qaçır. Nizəni sahibin boğazına dayayır).
Don Kixot. Dayan, ey rəzil, qaniçən qəsbkar! Mən, Lamançalı Cəngavər, sənə bu zülmü davam etdirməyə imkan verməyəcəyəm!
Taverna sahibi (oğlanın yaxasını buraxır). Sən haradan çıxdın? Hansı zülmdən danışırsan? Başındakı ləyəndən utan! İmkan ver, bir parça çörəyimizi qazanaq!
Don Kixot. Mənə qulaq as, qəsrin məkrli komendantı. Sahibin Əlifanfarona deyərsən ki, qədim qonaqpərvərlik adət-ənənəsinə xilaf çıxdığı üçün, bu müdrik səyyahı incidib, qarət etmək istədiyinə görə qəsri müsadirə edirəm. Mən buraya başqa bir komendant təyin edəcəyəm. Elə bir komendant ki, müştərilərin pulunu oğurlamasın, onların əşyalarına göz dikməsin.
Taverna sahibi. Sinyor, sizin gözünüzü qan örtüb, çəkilin önümdən, məni günaha batırmayın! Bu adam mənim samanlığımda yatıb, bir kasa kartof şorbası yeyib, pulumu versin! Sən qarışma! (Oğlanın üstünə yeriyir).
Don Kixot (nizəni sahibin qarnına dayayır). Sus, mənfur, möhtəkir məxluq!
Taverna sahibi. Mənfur, möhtəkir varlıq?
Don Kixot. Sən mənə, adıbəlli səyyah cəngavərə ağıl öyrədirsən? Doğrudanmı sənin qəlbində elmə-sənətə, səfərdə olanlara hörmətdən əsər-əlamət yoxdur? Sənin bu saymazlığın və təkəbbürün artıq səbrimi daşırır. Bax, bu şərəfli gənc elm dünyasının elçisidir. Sən isə onun yaxasından yapışmaqla günəşin qarşısını kəsməyə çalışan qaranlıq bir kölgə! Bu saat bu müdrik səyyahı azad et və öz rəzil əməllərinə görə ondan üzr istə!
Taverna sahibi. Necə, necə? Üzr istəyim? Tanrı günaha yazmasın, amma mənə elə gəlir ki, siz əlbirsiniz! Gəlin belə eləyək, ona belə ürəyiniz yanırsa, borcunu ödəyin, vəssalam! Bu qədər hay-küyə, şəbeh çıxarmağa nə ehtiyac var?
Sanço Pansa (Don Kixotun ətəyindən çəkir, astadan). Ağam, bizi işə salmayın, xəbəriniz olsun, bircə real pulumuz var, onu da bu hərifə versək, quru yerdə qalacağıq.
Don Kixot (onu eşitmirmiş kimi, ona tərəf dönərək). Eşitdinmi, Sanço? Bu rəzil varlıq hələ də öz çirkli pullarından dəm vurur.
Kastellan. Rəzil varlıq?
Don Kixot. Bu adam anlamır ki, bu gəncin çantasındakı bir vərəq, bir lələk onun bütün tavernasından daha dəyərlidir. (Sahibə sarı çevrilir). Sinyor komendant, məncə məsələni asanca yoluna qoymaq olar: gəlin belə eləyək, bu cavan oğlan burada, hamının qarşısında söz verir ki, sənin şövkətini öz kitablarında vəsf edəcək, adını ucaldacaq, tavernanın şöhrətini dünyaya yayacaq, sən də əvəzində onun borcunu bağışlayırsan. Hə, nə deyirsən, ədalətli qərardır, elə deyilmi?
Taverna sahibi (bir qədər duruxur, sonra yenidən mirzənin üstünə cumur, çantasından yapışıb çəkişdirir). Əşşi, nağıl danışmayın mənə! Ver çantanı görüm…
(Taverna sahibi mirzənin çantasını əlindən almaq istəyir. Bunu görüncə Don Kixot nizənin dəstəyi ilə sahibin əlindən vurur. Dava düşür: yumruqlar, bardaqlar, qab-qacaq havada uçuşur. Sanço çəlləyin arxasında gizlənməyə çalışır. Onu sürüyə-sürüyə ortaya çəkib, Don Kixotla birlikdə döyürlər. Mirzə dabanına tüpürüb, aradan çıxır…
Bu zaman ucadan səs eşidilir: «Hersoq gəlir!». Bir anda dava-dalaş dayanır. Hersoq öz majordomu və başının dəstəsi ilə, dəbdəbəli geyimdə səhnəyə çıxır. Taverna sahibi və əlaltıları ehtiramla ona baş əyir, əmrə müntəzir dayanırlar. Sanço Pansa yerdə uzanıb, Don Kixot oturub, əynin-başını düzəltməyə çalışır).
Hersoq (qarşısındakı mənzərəni süzür. Ciddi və təmkinli bir səslə). Bu nə rəzalətdir? Mənim torpaqlarımda sülh və asayişin yerini nə vaxtdan bu cür daxili çəkişmələr alıb? Kim izah edə bilər, burada nə baş verir?
Kastellan (ağır-ağır nəfəs alan taverna sahibi, təşvişlə baş əyir). Ah, hersoq həzrətləri, xoş gəlmisiniz, səfa gətirmisiniz, qədəmlərinizə qurban! Sizin hüzurunuzda xəcil olduq, bağışlayın.
Hersoq. Burada nə baş verir, soruşuram?
Kastellan. Əlahəzrət, bu… bu… bu başıxarab idalqo və onun köməkçisi mənim işimə qarışdılar. İmkan vermədilər müştəri borcunu ödəsin; səhər-səhər dava saldılar burada, bir borclu mirzəni qaçırdılar, üstəlik mənim tavernamı da alt-üst etdilər!
Hersoq. Necə yəni, bu nə özbaşnalıqdır?
Don Kixot (Sançonu silkələyib özünə gətirir, qalxıb qürurla üst-başını düzəldir, şlemini (ləyəni) başına qoyur, nizəsini götürüb, yüngülcə Hersoqa baş endirir). Zati-aliləri! Külli-ixtiyar sahibi, cəngavər ruhlu bir zatın hüzurunda dayanmaqdan şərəf duyuram. Qılıncım hər zaman sizin xidmətinizdədir. Mən, La Mançalı Don Kixot, sadəcə müdrik mirzənin şərəfini və kitablarını bu tamahkar divin pəncəsindən xilas etməyə çalışırdım. Ədalət məndən bunu tələb edirdi!
Hersoq (maraqla Don Kixotu süzür, onun kim olduğunu anlayır və üzündə bir təbəssüm yaranır. Yanındakı majordoma tərəf əyilir, astadan). Don Kixot de La Mança? O məşhur səyyah cəngavər deyilmi bu? O gömbul da Sanço Pansa olmalıdır. (Don Kixota sarı dönür, ucadan). Hörmətli cəngavər, sizin şücaətləriniz haqqında çox eşitmişəm. Boş yerə deməyiblər ki, igidin adını eşit… şöhrətiniz küləkdən də bərk uçur! Görürəm ki, bu kiçik məkanda belə böyük bir qəhrəmanlıq göstərmisiniz. (Ətrafındakılara səslənir). Sinyor cəngavərin və xilas etdiyi gəncin borclarını ödəyin, bu qaba adama da həddini bildirin, deyin ki, cəngavərlərə qarşı bir qədər diqqətli olsun, hörmətlə davransın onlarla.
Don Kixot (məmnuniyyətlə). Görürsənmi, Sanço? Budur həqiqi izzət sahibi.
Hersoq (gülümsəyir). Cənab Don Kixot, bu çirkli və səs-küylü taverna sizin kimi nəcabətli bir cəngavərə layiq yer deyil. Mənim qəsrim yaxındadır. Sizi və sadiq silahdaşınızı orada görməkdən məmnun olaram. Buyurun, sabah mənim qonağım olun, sizi sarayda gözləyəcəyəm.
Sanço Pansa (heyrətlə pıçıldayır). Möcüzəyə bax! Ağamın ağlı bir dəfə bizi bəlaya salmadı deyəsən, düz qəsrə apardı! Canım bu samanlıqdan qurtardı! Heç olmasa...
Don Kixot (özünü tox tutur, şəstlə). Dəvətinizi böyük bir minnətdarlıqla qəbul edirəm, Hersoq həzrətləri. Bir səyyah cəngavər kimi hər zaman taleyin bütün kəşməkəşlərinə hazıram və…
Hersoq (gülə-gülə). Bu hələ hamısı deyil, hörmətli cəngavər. Eşitdiyimə görə, siz öz vəfalı dostunuz, sadiq silahdaşınız şanlı Sanço Pansaya bütöv bir səltənət vəd etmisiniz.
Don Kixot (şəstlə, başını dik tutaraq). Doğru buyururunuz, Hersoq həzrətləri. Mən ləyaqətli bir cəngavər kimi öz sadiq silahdaşıma söz vermişəm ki, çəkdiyi zəhmətlərin müqabilində, fəth edəcəyim torpaqlardan birini, Baratariya adasını ona bağışlayacağam. Qoy oranı kefi istəyən kimi idarə eləsin. Sözüm imzamdır, çünki cəngavərin dili yalan bilməz.
Hersoq (nəyisə xatırlayıbmış kimi irəli əyilir, bic-bic gülümsəyərək davam edir). Təsadüfə bax! Mənim mülklərim arasında uzaq və bərəkətli bir ada var, adı da Baratariya. Əgər qəbul edərsinizsə, mən o adanın idarəsini sizin bu sadiq silahdaşınıza həvalə etməyə hazıram. Sanço, sənin ağan sənə ada vəd edib, mən da o vədi yerinə yetirmək üçün həmin adanı sənə verirəm. Sabahdan etibarən sən artıq rəiyyət deyil, hakim olacaqsan!
Sanço Pansa (eşitdiklərinə inana bilmir, gözləri kəlləsinə çıxır). Baratariya?! Aman Tanrım, sən fələyin işləklərinə bax! Ağam, mən həmişə bilirdim ki, siz mənə dediyiniz o ada hansısa dənizin dibində yox, elə bu yaxınlıqdadır! Hersoq həzrətləri, mən artıq özümü o adanın başında, əlimdə ədalət tərəzisi, qarşımda da ləzzətli yeməklər olan bir süfrə arxasında görürəm!
Don Kixot. Görürsənmi, Sanço? Sənə demişdim axı: sədaqət gec-tez öz bəhrəsini verir. Taleyin çarxı fırlandı və sənə layiq olduğun şöhrəti gətirdi.
Hersoq. Elə isə vaxt itirməyək. Sabah sarayda həm sizi layiqincə qonaq edərik, həm də bu yeni qubernatorun vəzifə planlarını müzakirə edərik. Buyurun, sinyorlar!
(Don Kixot əlini ürəyinin üstünə qoyub təzim edir, Sanço sevincindən papağını göyə atmaqdan özünü güclə saxlayır. Don Kixot şəstlə Rosinantın belində, Sanço isə sevincindən rəqs edə-edə səhnədən çıxırlar. Taverna sahibi hələ də, əlində sınıq bardaq, donub qalmışdır. Majordom onu və adamlarını əlinin hərəkəti ilə oradan uzaqlaşdırır. Səhnədə yalnız Hersoq və adamları qalır).
Hersoq (başının dəstəsinə, hiyləgər bir təbəssümlə). Deməli belə, diqqət! Əmrim belədir: sabah onları elə qarşılayın ki, elə bil qəsrimizə imperatorun özü təşrif buyurub! Qoy şeypurlar Məhşər günündəkindən də gur çalsın, xalçalar isə yolların tozunu gizlətsin. Papaqlarınızı çıxarın, təzim edin, üzünüzdəki ciddi ifadəni saxlayın. Biz bu cəngavərə və silahdaşına yaşadığı nağılı bəxş edəcəyik. Qoy burada atdığı hər addım bir qəhrəmanlıq, hər naharı isə krallara layiq ziyafət kimi görünsün. Ha-ha, çoxdandır belə əyləncəsiz olmamışdı. Sarayda işimiz-gücümüz darıxmaqdır, bir az əylənmək pis olmazdı: bu iki dəli isə bizə göydəndüşmə hədiyyədir. Biri xəyallar aləmində uçur, o birisi isə qarnını doyurmaqdan başqa bir şey düşünmür. Tamaşamız başlasın!
(Gülüşmə).
Pərdə