Sabir Rüstəmxanlı: "30 ildir haqqımda qara piar aparılır" - Müsahibə

Sabir Rüstəmxanlı, Xalq şairi, deputat

Sabir Rüstəmxanlı, Xalq şairi, deputat

12 sentyabr 2022
# 09:00

Kulis.az Xalq şairi Sabir Rüstəmxanlı ilə müsahibəni təqdim edir.

– Sabir bəy, yenə çox məşğul görünürsünüz. İşə hər gün gəlirsiniz?

– Sentyabrın 26-sı Vətəndaş Həmrəyliyi Partiyasının 30 illiyi ilə əlaqədar, demək olar ki, hər gün gəlirəm. Texniki, təşkilati işlər var, amma daha çox Milli Məclisdə oluram. Bir tərəfdən də işə öyrəşmişəm. İş olmayanda darıxıram. Ömrünü ədəbiyyata bağlayan adamlar üçün rəsmi iş anlayışı yoxdur demək olar. Yazıçı, onsuz da, yazmaqla işləyir.

– Həm yazı yazmaq, ədəbiyyatla məşğul olmaq, həm də ictimai-siyasi məsələlər, partiya rəhbərliyi, Millət Vəkili olmaq... Yorulmursunuz?

– İşsizlik daha çox yorur. Kənddə olanda valideynlərin əlinin altında, ümumi olaraq da orda-burda işləmədiyim iş var ki? Tələbə vaxtı gündüz dərs, axşam da qarovulçu, fəhlə. Ömrünü ədəbiyyata bağlayan adamlar üçünsə rəsmi iş anlayışı yoxdur. Özüm tənbəl adam deyiləm.

– Yazılarınızı ancaq kompüterlə yazırsınız?

– Kompüterlə işləməyi sevirəm. Kompüter belədir ki, orda qaralama olmur. Redaktəni də rahat eləmək olur. Bəzən dəftərdə yazanda xəttimi başa düşmürlər, ona görə də məcbur kompüterdə yazası oluram. Bu cür daha rahatdır.

– Hazırkı ədəbi prosesi izləyirsinizmi?

– Açığı, kim mənə kitab gətirib verirsə, daha çox onu oxuyuram. Özüm də alıram burdan. O cümlədən Türkiyəyə filan gedəndə “bavul” dolusu kitab gətirirəm. Təkcə bədii ədəbiyyat yox, siyasi, tarixi kitablar da alıram, oxuyuram. Hər axşam yazıdan yorulanda mütləq oxuyuram. Səhərlər də tezdən durub yazılarımı yazıram.

– Yaş artdıqca şairlərin məhsuldarlığı kəskin dərəcədə azalır. Sizdə vəziyyət necədir? Mütəmadi olaraq şeir yaza bilirsiniz?

– Şeir heç vaxt ardıcıl yazılmır. O, köklənməyə baxır. Elə olur, bir neçə ay şeirə köklənirəm. Şeir elədir ki, dalğa-dalğa gəlir. Məsələn, bir dəfə maşında oturub adam gözləyirdim. Həmin vaxtda 4 qoşma qəfil gəldi, yazdım. Elə də olur yazmaq istəyirsən, amma yaza bilmirsən.

Ümumi olaraq son illər şeirdən uzaqlaşıb nəsrlə məşğul olmağa başlamışam. İndi hiss edirəm ki, şeirdən doymuram. Orda özümü tam başqa ifadə edirəm. Sonuncu yazdığım “Qarabağa dönüş” iki günə yazıldı. Kulisdə də çap olundu. Orada bildim ki, şeirə qayıdıb qayıtmamaq var. Hətta indi də hiss edirəm ki, mən nasir deyiləm. Daha çox publisistəm bu baxımdan. Çünki elə şeylər var ki, onu bədii yazmaq olmur. Məsələn, “Akademikin son əsəri” kimi. Orada araya mütləq publisistika girir. "Ömür kitabı" da şairanə publisistikadır.

– Belə başa düşdüm ki, özünüzü daha çox şair kimi hiss edirsiniz.

– Bəli, özümü tamamilə şair kimi hiss edirəm.

– Deyirlər, ədəbiyyat artıq insanlar üçün maraqlı deyil. Ən azı sizin dövrünüzdəki kimi deyil. Sizcə, bu daha çox nə ilə bağlıdır? Dövlətin qayğısımı azdır, ya başqa səbəblər var?

– 60-70-ci illərdə bir intibah dövrü yaşadıq. O rejimin içində ciddi bir vətəndaşlıq ruhu dirçəldi. Ədəbiyyata çox şey gəldi. Biz bir çox şeyləri sətir altı deməyə çalışdıq. “Ədəbiyyat qəzeti”nin 80 min tirajla çıxdığı vaxt var idi. Sənin orda, ya başqa yerlərdə bir-iki dəfə dərc olunmağın kifayət idi ki, bütün ölkədə tanınasan. Ədəbiyyat bizim üçün çox şey idi onda. Hər şeyi ədəbiyyatla edirdik, ona görə də ədəbiyyat böyük bir etimad qazanmışdı.

– Bəs niyə o etimad itdi?

– 88-ci ildə Meydan Hərəkatı başlayanda ortada siyasətçi yox idi. Camaat şairə, yazıçıya inanırdı. 18 günlük hərəkatı mən idarə eləmişəm Nemət Pənahlı ilə. Xalq Cəbhəsi İsmayıl Şıxlı, Məmməd Araz, Sabir Rüstəmxanlı, Yusif Səmədoğlunun müraciətindən sonra yaranmışdı.

İlk fəallardan Ağamalı Sadiq, Abbas Abdulla orda idi. Hamısı şair-yazıçı, ziyalılar. Ədəbiyyat adamları fəal idilər. Sənin atan Akif Səməd də hərəkatın əsas üzvlərindən biri idi, ciddi təbliğatçı idi. Meydanda da güclü idilər, mətbuatda da. Sonra isə siyasi partiyalar, siyasətbazlar girdi ortaya, başladılar ədəbiyyatı qısqanmağa, şayiələr yazdılar, dedilər. Nə bilim, ay biri ora işləyir, biri bura işləyir-filan. Çox şey elədilər. Məqsədləri ədəbiyyat adamlarını gözdən salmaq idi. Faciəvi dövr yaşadıq. Bu birliyi param-parça elədilər. Bunlar isə erməniyə xidmət siyasəti idi.

Bir ilin içində 50-dən çox partiya yarandı. Hər şeydən danışırdılar, ədəbiyyatdan başqa. Elə indi də belədir. Ədəbiyyat adamlarına indi də paxıllıqla baxırlar. Amma bilmirlər ki, ədəbiyyata əlləri çatmayacaq. Məni çox şey yandırır. Əvvəllər hansı məmurun otağına girsən görərdin kitablar var, amma indi görmək olurmu? Şair-yazıçı istənilən məmurdan yuxarıdadır. Çox şeylər oldu. İslahat adına mədəniyyət ocaqlarının yarısını ixtisar elədilər, kitab evlərini yığışdırdılar. İndi təzə-təzə uşaqlar özləri edir.

Mən Milli Məclisdə bunu deyəndə, dedilər, ehtiyac olsa, gedib alarlar da. Amma belə deyil axı.

Kəndlərdə kitablar yoxdur. Amma lazımdır axı. Mədəniyyət Nazirliyi özü ildə 50 kitab buraxır, elə bilir bəsdir, belə də olmalıdır. Ümumiyyətlə, belə-belə ədəbiyyatla camaat arasında uçurum yarandı, amma kitabı təbliğ etmək, oxutdurmaq lazımdır, zərbə vurmaq yox. Çox şeyin rolu var. Məsələn, texnologiya da girdi araya, indi telefonla hər şeyi bilmək olur. Əyləncə tərəfi çoxdur. Əyləncə olan yerdə isə ciddi söz yaddan çıxır.

– Çox vaxt şairləri iki xüsusiyyətə görə vəzifəyə uyğun bilmirlər. Şairlərin məsuliyyətsiz və azad ruhlu olduqları üçün sistemə, rəsmiyyətə ayaq uydura bilmədiklərini deyirlər. Bəs siz necə olur ki, belə problem yaşamırsınız?

– Rəsmiyyət nədir? Sənə tapşırılan işi normal, ağıllı yerinə yetirməkdir. Nazir olduğum vaxt qapım həmişə camaata açıq olub. Mənə tapşırılan işi vaxtında görə bilirəmsə, camaata köməyim dəyirsə, nə gözəl.

Bir Ağdam qaçqını var idi Müsəllim kişi. Mən vəzifədən gedəndən sonra Heydər Əliyevə teleqram vurmuşdu, sonra onu çap da elətdirmişdi. Sonra gətirdi o qəzeti mənə. Demişdi ki, sizin bir naziriniz vardı ki, qapısı həmişə xalqın üzünə açıq idi, o da vəzifədən istefa verib getdi. İndi biz kimin yanına gedək?

Mən həmişə fəal olmuşam, öz həyatımı da yaşamışam, mənə tapşırılan işi də görmüşəm. Bir çox dövlət başçıları şair olub. Şairlik, əslində, məsuliyyəti artırır. Qısqanclıqdan deyirlər, qeyri-ciddi adamlardır, bunlara vəzifə tapşırmaq olmaz. Boş söhbətlərdir. Mənim haqqımda da 30 ildir ki, qara piar gedir.

Nə olsun? İşlər ortadadır.

– Sabir bəy, bizim millət vəkilləri müsahibələrində, verilişlərdə, hətta elə Milli Məclisin iclaslarında çox gülünc fikirlər səsləndirirlər, cəmiyyət arasında lağ obyektinə çevrilirlər. Şükür, sizdən belə şey görməmişik. Amma digərlərinin belə etməsi nə ilə bağlıdır?

– O, adamın öz səviyyəsindən, təcrübədən asılıdır. Adamın içi düz olsa, nə desə düz olacaq. İnsan danışmaq xətrinə danışanda, bilmədiyi şeylərdən danışanda belə şeylər olur. Öz işindən, öz sahəsindən danışmayanda, yalançı hörmət qazanmaq istəyəndə necə olmalıdır ki?

– “Şöhrət” ordenindən danışaq. Çox adam dedi ki, niyə birinci dəfə imtina edib, ikinci dəfə bu mükafatı qəbul etdi? Səbəbi nədir? Nə dəyişdi ki?

– Mən birinci dəfə demişdim ki, bir milyon qaçqını olan, torpağın 20 faizini itirmiş bir ölkədə döşümdə “Şöhrət” ordeni gəzdirə bilmərəm. İkinci dəfə “Şöhrət” ordeni mənə təqdim olunanda, Qarabağ torpağı azad olunmuşdu. Müharibədən sonra almışdım. Hətta zarafata demişdim ki, birincini də götürücəm (gülür).

Bu qədər sadədir cavabı. Mənim zəhmətimə dəyər verilib. Heydər Əliyevə də ordendən imtina etmə səbəbimi deyəndə, normal qarşıladı, başa düşdü məni. Heydər Əliyevə dedim, xalqımızın bu durumu sizi də narahat edir, belə bir durumda isə şair-yazıçıların orden-medal üçün sıraya düzülməyi düzgün deyil. Təcrübəli adam idi, bilirdi ki, kim hansı sözü necə deyir, bu səbəbdən də məni bildi.

– O vaxt təltif olunma prosesi necə idi? Məsələn, indi əvvəldən bilinir ki, kimə nə veriləcək? Bəs o vaxt necə idi bu məsələlər?

– Təqdimat yazılırdı, amma bilmirdin nə veriləcək. Milli Məclisdə də indi təqdimat yazılır, amma bilmirik nədir, nə deyil. O vaxt bir az da zarafatla demişdim ki, mən “Şöhrət” yox, “İstiqlal” ordeni gözləyirdim. Çünki bütün ömrümü şöhrət yox, millətimin istiqlalı üçün keçirmişəm. Bu tək mənə aid deyil. İstərdim ki, istiqlalımız uğrunda can qoyanların, vuruşanların hamısına verilsin “İstiqlal” ordeni.

– Sizcə, “Xalq şairi”, “Xalq artisti”, “Xalq rəssamı“ kimi fəxri adlar nə dərəcədə əhəmiyyətlidir? Sizin üçün nə məna daşıyır bu ad?

– Mənim üçün bir az fərqlidir. 88-ci ildə hara gedirdimsə, camaat “Xalq şairi gəlir” deyirdi. Yəni o zamanlar da hamı mənə Xalq şairi deyirdi. Meydan hərəkatları vaxtı. Adı alanda çoxu təəccübləndi ki, Sabir Rüstəmxanlı Xalq şairi deyildi ki?

Məni əvvəldən o cür hesab ediblər. İnsanın özü üçün heç nəyi dəyişmir. Müəyyən protokol məsələlərini həll edir. Bilmirəm kim nə dərəcədə səmimi qəbul edir, bir şey deyim. Cavanlıqda kənddə oxumuşam, sonra kasıb ailədən çıxıb Bakıya gəldim. Prinsiplərim var idi. Şöhrət hissi orda yox oldu. İçimdə o hisslər var idi ki, tanınım, məşhur olum, valideynlərim görüb sevinsin, amma ona müəyyən dərəcədə çatandan sonra birdən-birə o hiss yox oldu. Əksinə, çox tərif eşidəndə qaçıram, sıxılıram.

Yaradıcılıq mənasında çata bilmədiyim o qədər şey var ki. Hesab edirəm, bu şöhrət nəyə lazımdır? O vaxt hər yerə yazırdım. Çox da pulum olurdu, yaxşı qonorar alırdım. İndi aldığım maaşla o pul arasında fərqə, mahiyyətə baxıram. Bir nazirin maaşı qədər qonorar alırdım. Amma mənim içimdə bunların heç bir fərqi yoxdur.

– Yeri gəlmişkən, bizim deputatlar tez-tez maaşlarının artırılması üçün müraciət edirlər? Camaat qınayır ki, onsuz da, yaxşı maaş alırsınız. Bunun səbəbi nədir? Sizcə, deputatların bu cür müraciətləri doğrudurmu?

– Səbəbi odur ki, ölkədə ümumi vəziyyət dəyişib, neft qiymətləri dəyişib. Müharibə oldu və sairə. Bölgülər aparıldı, sonra da maaşlar artdı. Bu, tək Milli Məclisdə deyildi, bütün idarələrdə belədir. Özüm bu barədə müraciət ünvanlamamışam, xüsusi canfəşanlıq etməmişəm, amma sizə bir şey deyim. Başqa ölkələrdə deputat maaşlarına baxanda, öz maaşımızı deməkdən utanırıq. Biznesi olmayan, mənim kimi maaşla dolanan deputat üçün o pulla da keçinmək çətindir. Kim hesab edirsə, bütün Millət vəkilləri yağın-balın içində yaşayır, bu, belə deyil.

– Ancaq insanlar buna öz vəziyyətlərinə baxıb etiraz edirlər. İnsanlar deputat maaşından dəfələrlə az maaşla ailələrini dolandırmağa çalışırlar. Ona görə deputatların bu cür müraciətləri, onların maaşlarının artırılması insanların aqressiyasına səbəb olur.

– Haqlısan. Camaatın maaşı çox aşağı olduğuna görə bu cür qınaq var. Özüm də Millət vəkili olaraq tənqid edirəm ki, ölkədə qiymət bazarı düzgün deyil. Hansı Nazirlik qiyməti necə istəyir, elə də artırır. “SOCAR” benzini, qazı, su verən suyu və sairə. Əhalinin aldığı maaş da bu artımlara uyğun deyil. Deyirlər ki, xarici ölkələrə uyğunlaşdırırıq qiymətləri. Axı sənin camaatının maaşı xarici ölkələrin maaşlarına yaxınlaşmayıb.

– Son olaraq bir söz soruşum. Hazırda elə imzalar varmı ki, onlar Xalq şairi, yazıçısı adına layiqdirlər, amma almayıblar?

– O imzaları tam desəm, kiminsə xətrinə dəyə bilər. Amma məsələn, Məmməd İsmayıl var. Bax sənin atan Akif Səməd əsl Xalq şairi idi. Onun bir çox şeiri xalqın dilində əzbər idi, elə indi də elədir. İndi ondan danışmaq istəmirəm, amma qəribə bir dostluğumuz var idi. Vaqif Bayatlının da bu ada layiq olduğunu düşünürəm.

Foto: Orxan Kərimov

# 7739 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #