Rusiya-Ukrayna müharibəsini əvvəlcədən xəbər verən film

Rusiya-Ukrayna müharibəsini əvvəlcədən xəbər verən film
10 sentyabr 2022
# 12:00

Kulis.az Hacı Səfərovun Sarayevo Film Festivalında nümayiş olunan “Klondayk” filmi haqqında yazısını və filmin rejissoru Marina Er Qorbah ilə müsahibəsini təqdim edir.

“Klondayk” fövqəladə təsvirləri, Rusiyanın Ukrayna işğalına dair öncəgörməsi və bütünlükdə müharibənin fəlakətlərini qat-qat açması ilə fərqlənir. Filmdə Donbassda yaşayan evli cütlük İrka və Tolikin yaşadıqları əsas mövzunu təşkil edir. Başlarına gələnlər isə Ukrayna ərazisində Malaziya təyyarəsinin vurulduğu 17 iyul 2014 tarixi ilə yaxından əlaqəlidir. İrka və Tolik seperatçıların ələ keçirdiyi Donbassın Hrabevo bölgəsində yaşayırlar, üstəlik İrka hamilədir, dünyaya uşaq gətirməyə hazırlaşır, lakin müharibənin gətirdiyi qeyri-müəyyənlik filmin atmosferinin qaranlıqlaşmasına rəvac verir.

“Klondayk”ı Sarayevo Film Festivalında izlədikdən sonra filmin rejissoru Marina Er Qorbah ilə söhbətləşmək, filmin yaranmasından və əhatə etdiyi mövzulardan danışmaq imkanı tapdım.

Filmin tamaşaçılara verdiyi suallar, bizi haqqında düşünməyə məcbur etdiyi mövzular və xüsusilə rejissoru bu mövzuda əsas cəlb edən məqamın nə olduğunu aydınlaşdırmaq vacib idi. Rejissor isə şəxsi təcrübəsindən yola çıxdığını belə ifadə etdi:

“Mənim şəxsi hisslərimi ifadə etdiyim baxış bucağı bu təcrübənin ən böyük üstünlüyü idi. Mənim müharibəyə dair qlobal bir cavabım yox idi, amma şəxsi təcrübəmdən, şəxsi hisslərimdən danışa bilərdim. Dünyanı dəyişəcək, ya da onları xəbərdar edəcək hekayə yazmırdım. Hər şeydən əvvəl, bu mənim çarəsizlik və köməksizlik hissimdən qaynaqlanan film idi, mənim heç nəyi dəyişə bilməməyim hissindən. Donbasda yaşayan tanışlarımın, qohum və dostlarımın hekayələrini canımda duyurdum. Fiziki olaraq özümü təhlükəsizlikdə hiss etmirdim. Sonra başa düşdüm ki, bu hissi duymaq istəmirəm, aqressiyanın qurbanıyam hissini yaşamaq istəmirəm. Nəsə etmək istəyirdim və mənim peşəm rejissorluqdur. Anladım ki, mən hekayə danışa bilərəm, yazaraq hisslərimi, öz insanlarımız barədə olan qorxularımı bölüşə bilərəm. Bu film mənə bütün bu dramatik situasiyalarda mental olaraq sağlam qalmağa kömək etdi. Film mənim təhlükəsizlik gödəkcəm idi.”

“Səhvən” İrkagilin evlərinin bir divarının seperatçılar tərəfindən vurulur və ailəni çöl dünyadan, müharibənin dəhşətindən ayıran heç bir divar qalmır. Müharibədə qadınların talelərinin görməzdən gəlinməsi, onların çətinliklərinin əksərən tamaşaçıya çatdırılmaması “Klondayk”da dəyişdirilməyə çalışılır:

“Filmi beynimdə dizayn edəndə düşünürdüm ki, mən həqiqətən nə istəyirəm və anladım ki, müharibə kinosu çəkmək istəmirəm. Mənə tamamilə aydındır ki, müharibənin əyləncəyə çevrilməsi qəbuledilməzdir. Bu tip filmlərdə çoxlu effetklər var, hər beş dəqiqədən bir insanların bir-birini öldürürlər. İnsan həyatı isə çox dəyərlədir. Anti-müharibə filminin müharibəni estetik attraksiyon kimi tanıtması və təbliğ etməsini qəbul etmək yolverilməzdir. Həqiqətən də, anti-müharibə filmi çəkmək və bu tərz bir estetikanı təbliğ etməmək istəyirdim. “Klondayk” filmin yaranmasının təməli məhz budur. Bəlkə də, bu, mən qadınam deyə belədir. Heç vaxt insanların bir-birlərini öldürməsini başa düşə bilmirəm. Fikrimcə, həyat böyük bir hədiyyədir.”

Film İrka və Tolikdən başqa, müharibədən elə ya da belə təsirlənən digər insanların da hekayələrini göstərərək müharibənin dağıdıcı gücünün masştabını artırmağı bacarır. Günəbaxanlar və günəbaxan sahəsində qoyulan, təyyarənin vurulması nəticəsində ölən insanların cəsədləri bir-biri ilə ziddiyət təşkil edir. Həyatın, təbiətin gözəlliyi, hər səhər günəşin doğmasını görməyin ləzzəti müharibə ilə kəsilir və artıq günəbaxan sahəsində cansız cəsədləri qoyulan şəxslərin bir daha günəşin yenidən bərq vurmasını görmək şansı olmayacaq.

Rejissor isə hadisə ilə bağlı bunları deyir: “Məsum 300 insan bir günün içində öldü, nədən ötrü? Həm də Avropanın ta ortasında. Bu faktdır ki, onlar ölüblər. Bir il ötdü, iki il ötdü, heç bir cavab, Rusiyaya qarşı heç bir reaksiya verilmədi. Onlara qarşı heç bir sanksiya, heç bir cəza olmadı. Hələ də məhkəmə davam edir, ümid edirəm ki, dekabrın əvvəlində məhkəmə başa çatacaq.”

Təyyarə qəzasında itkin düşmüş övladını axtarmağa gələn holland ailənin taleyi ilə İrkanın taleyi filmdə eyniləşir. Holland ana övladının yaşadığını, buna inandığını desə də, bunun mümkünsüz olduğunu anlayırıq. İrka da holland ana ilə eyni çarəsizliyi paylaşır, bu situasiyada övlad dünyaya gətirməyin müşküllüyünü hiss edir. Avropalı və ukraynalı ailələr arasında paralelliyə isə Marina Er Gorbah əlavələr edir:

“Ümumi götürəndə, biz Avropalıları “yerlilər” kimi qəbul edirik, onlar mərkəzdədilər və yad kimi görünən post-sovet ölkələri isə periferiyadır. Bu faciə baş verəndə isə Ukraynalılar qəfildən “yerlilər” oldu, çünki səmadan onların evlərinə düşənlər yadlar idi. Holland ailənin bu əzabları isə onlara - ukraynalılara- yadların ağrılarını təsvir edir. Çünki təyyarədə heç bir Ukraynalı yox idi. Amma eyni zamanda, bu perspektivin tamamilə tərsinə çevrilməsidir. Bu film “yerli” olan Ukraynalıları avropalılara təqdim edir və onlara deyir ki, biz tamamilə eyniyik. Xüsusən də, bizim silahlı düşmənlərimiz olanda.”

Film hekayəni genişlədərkən və dünyanın indiki mənzərəsini yaradarkən təmkinli davranır. Kamera əksərən müşahidəçi vəziyyətindədir. Tamaşaçıya ilk əvvəl reaksiyanı, daha sonra isə baş verən hadisəni göstərir. Beləliklə, biz insanların reaksiyaları barədə əvvəlcədən öyrənib onların ruh hallarını qavramaq üçün zamana sahib oluruq. Rejissor isə bu qavrama prosesini kəsintisiz göstərmək üçün kəsmələrdən imtina edir. Əksərən kəsməsiz olan səhnələr vasitəsilə mövcud atmosferi qavramaq asanlaşır. Marina isə öz seçimini belə izah edir:

“Xatırlayıram ki, insanların nə yaşadıqları barədə eşidəndə və ya xəbərlərə baxanda, ya da informasiya axtaranda həyəcandan nəfəsimi saxlayırdım. Əgər nəfəs alırsansa, dayana bilməzsən. Əgər nəfəs almağı saxlasan, öləcəksən. Həmçinin müxtəlif templər də var. Bəzən ürəyin sürətli döyünür, bəzən isə yavaşıyır. Bütün bunlar mənim özümdə müşahidə etdiyim şeylər və eynisini siz kinoda da müşahidə edə bilərsiniz. Bütün bu kəsməsiz səhnələr müəllifin nəfəsi və nəfəs tempidir”.

Filmdə hadisələr 2014-cü ildə keçsə də, dövrümüzlə səsləşir. Silahlı adamların silahsız adamları özlərinə tabe etməsi eynilə ABŞ-da gəlmələrin yerliləri qovmasına, onların torpaq və sərvətlərini ələ keçirməsinə bənzəyir. Filmin adı olan “Klondayk” da məhz ABŞ-dakı “Qızıl hərisliyi” dövründə zəbt edilən yerin adıdır və rejissor bu seçimini həm Donbassın hər zaman böyük metallurgiya mərkəzi olması ilə, həm də silahlı seperatçıların silahsız əhalini qorxu altında saxlaması ilə əlaqələndirir:

“İnsanların əlində silah varsa, bir-birlərini öldürürlər. Əgər əllərində silah olmasa, onlar kommunikasiya quracaqlar və problemi sülh yolu ilə həll edəcəklər.”

Filmin sonluğu isə insanın həqiqətən nəfəsini saxlayaraq baxmasına səbəb olacaq tərzdədir. Həmin səhnədə baş verənlər laqeydlikdən, dehumanizasiyadan daha çoxudur. Evin içində heç nəyə fikir vermədən gəzişən muzdlu döyüşçüləri görürük. Onlar evlərinə ciblərində pul, əllərində əşyalarla qayıtdıqları zaman qəhrəman kimi qarşılanacaqlar. Anaları, həyat yoldaşları, bacıları onlara qəhrəman kimi münasibət göstərəcək. “Klondayk” isə bu qəhrəman təhkiyəsinə alternativ təklif edir. Bu qəhrəmanlıq narrativində böyük zəfərlər, uğurlar yoxdur. Əksinə sadəcə əzab, göz yaşı, narahatlıq var. “Klondayk” bizə bu pəncərəni bəxş edir, hətta həmin pəncərə üçün ehtiyacımız olan divar yıxılsa da.

# 2329 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #