Qubadlı sakinləri: "Nə vaxt kəndimizə qayıdış oldu, qaça-qaça gedəcəyik" - Müsahibə

Qubadlı sakinləri:  "Nə vaxt kəndimizə qayıdış oldu, qaça-qaça gedəcəyik" - Müsahibə
1 avqust 2024
# 09:30

Kulis.az Xəyal Bayramlının Qubadlı rayonu Fərcan kənd sakinləri Nizami Qurbanov və Şəhla Qurbanova ilə müsahibəsini təqdim edir.

- Nizami bəy, sizi mən xeyli müddətdir ki, tanıyıram. Oxucularımız da tanısa, əla olar.

N.Q: Mən – Qubadlı rayonu Fərcan kəndindən Qurbanov Nizami Müslüm oğlu. 1954-cü il təvəllüdəm. Fərcan kəndində anadan olmuş, həmin kənddə də böyümüşəm. Kəndimiz işğal olunanda həyatımızın məcburi köçkünlük dövrü başladı. Əvvəlcə Sumqayıtda məskunlaşmışam, sonra da indi qonaq olduğun bu evdə... İndi, şükür, daha məcburi köçkün deyiləm. Əvvəl məcburi köçkünlərin hamısı başıaşağı gəzirdi. O qədər töhmətlər eşitmişik. Danışmağa adamın dili də gəlmir. İndi, şükür, torpaqlarımız işğaldan azad edilib. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Qazilərimizə can sağlığı, onların valideynlərinə səbir versin. Şükür, indi rahat danışa bilirik.

- Siz Fərcan kəndində doğulmusunuz. Təhsilinizi də Fərcan kəndində almısınız?

N.Q: Bəli. Orta təhsilimi Fərcan kənd məktəbində almışam.

- Kəndinizlə hansı xatirələriniz var?

N.Q: Bilirsən, qarğaya deyirlər, get tərlan balası gətir, gedir öz balasını mələfəyə büküb gətirir. Deyirlər ki, tərlan balası demişdik. Qarğa isə cavab verir ki, hər quşun öz balası onun üçün tərlan balasıdır. İndi Fərcan haqqında nə deyim? Vallah, o mənzərə, o gözəllik çox az yerdə olar. Məhəlləmizdə bir qazi var, Allah onun canına dəyməsin. Deyir, Nizam dayı, bütün bölgələrdə oldum, amma, vallah, mənə Qubadlı qədər ləzzət eləyən yer olmadı. Deyirəm, bala, sən hələ aran tərəfini görmüsən, gör dağa çıxsan, meşələri görsən, ordakı bulaqlardan su içsən, onda nə deyərsən... Vallah, tərifləmirəm. Həqiqətən, çox yaşamalı yer idi. Havası çox gözəl idi. Başağrısı olmasın, getdim Masallı meşəsində gəzdim, bir dənə də meyvə ağacı görmədim. Amma bizim meşələrdə nə desən, var: alma, armud, fındıq, qoz, zoğal, əzgil, qaragilə... Nə desən, tapmaq olardı, özüm ölüm. Day nə yox idi orda?

Nuruşov Əliqulu Mirzəxan oğlu- Əfqanıstan müharibəsi veteranı

- Qubadlı həm də qəhrəman oğulları ilə məşhurdur. Məsələn, Əliyar Əliyev.

N.Q: Sonra Həsən Qorxmaz, Şükür Həmidov və başqaları... Hamısının adını yadda saxlamaq olmur, Qubadlıdan o qədər igid oğlan olub ki.

- Qubadlı işğal olunan vaxt – 1993-cü ildə siz kənddə idiniz, düzdür?

Ş.Q: Bəli.

- Siz ermənilərin hücumunu necə xatırlayırsınız?

Ş.Q: Oy bala, Allah heç kimə göstərməsin. Mən 3 körpə uşaqla Belarus istehsalı lapetdə kənddən çıxmışam. Həmin vaxt kənddə işıqlar da sönmüşdü. Hələ 1988-ci ildən atışma var idi, amma o atışmanın altında millət yaşayırdı. Hamı öz təsərrüfatı ilə məşğul idi. 1993-cü ilin 31 avqustunda kəndi tərk etmək məcburiyyətində qaldıq. Gecə saat üçdə... Unutmaq olarmı o atışmaları? Qrad mərmiləri göydən elə vahimə ilə başımıza tökülürdü ki. Həmin mərmilərdən bir neçəsi düşdü əmimgilin tövləsinə, mal-heyvan tələf oldu. Kəndimizdə nə qədər ev dağıldı, yaralananlar oldu. Mənim qardaşlarımın ikisi də veterandır. Biri polisdə idi, o biri orduda... Ordudakı qardaşım könüllü getmişdi.

- Kənddən düşmənə əsir düşən oldu?

N.Q: Yox, amma qonşu kəndlərdən – Göyyal və Zordan əsir düşənlər olmuşdu. Yaddaşım məni yanıltmırsa, Zordan beş nəfər: Mülayim Nəzərov, Məmməd Səfərov, Ələsgər, Məstan, Gülməmmədin atası Xuduş əsir düşdü. Göyyaldan da iki nəfər: Sayat, bir də Camal. 1988-ci ildə bu münaqişə başlayanda, Allaha and olsun, Qrad mərmiləri nə təhər tökülürdüsə... Hətta bir Şahhüseyn var idi, onların evi kəndin düz mərkəzində idi. Qaçıblar ki, kəndin mərkəzindən bir az uzaqlaşalar, amma nə çarə... Yolda mərmi düşüb düz bunun yanına, başından yaralanıb. O qəlpəni hələ də çıxara bilməyiblər. Burda bizə çox töhmət eləyirdilər ki, torpağınızı qoyub qaçdınız. Vallah, mərmilər nə cür tökülürdüsə, elə bil, göydən leysan yağırdı, amma biz ona tab gətirib dözürdük. Avqustun 31-i nəyimiz var idisə, qaldı kənddəki evdə. Qaçıb aradan çıxdıq ki, təki canımız salamat olsun. Can şirin olur axı. Kostyumumu da götürə bilmədim. Yaralananlarımız olsa da, əsirimiz olmadı. Televizorda əsirlərin danışığına qulaq asanda həmişə bunu deyirəm: ölüm o əsirlikdən min dəfə yaxşı şeydir.

Nizami Qurbanovun atası Müslüm kişi.

- Siz Qubadlıdan məcburi köçkün düşəndə əvvəl Sumqayıtda yaşadınız?

N.Q: Hə, bir müddət Sumqayıtda yaşadım.

- Fərcan, Zor və Göyyal. Hər üç kəndin camaatı Sumqayıta gəldi, düzdür?

N.Q: Hə. Sovetin vaxtından Qubadlı camaatının səksən faizi Sumqayıtda məskunlaşıb elə. Biz ailədə dörd qardaş olmuşuq. Dörd qardaşın üçü Sumqayıtda yaşayıb, mən isə kənddə... Kənd təsərrüfatı mallarına olan tələbatlarını mən ödəmişəm, rəhmətliklər də pal-paltara olan tələbatımı ödəyiblər. Ayağıma bir cüt corab da almırdım. Məcburi köçkünlüyə görə bir müddət Sumqayıtda yaşadım mən də. Ordan işlə əlaqədar gəldim Bakıya. Bakıda zavodun yataqxanasında məskunlaşdıq.

- Sumqayıta gələndə qardaşınızgildə yaşadınız?

N.Q: Hə.

- Qohumlarınızın Sumqayıtda yaşamağı məcburi köçkün həyatınızı bir az da olsa, yüngülləşdirib.

N.Q: Qardaşımın oğlu Əfqanıstan müharibəsi veteranı idi. Cavan rəhmətə getdi. Kəndimiz ki işğal olundu, böyük qardaşımgilin Sumqayıtdakı evinə gəlmişdim elə. Səhər tezdən qardaşımın oğlu gəldi ki, sən iki tikən olubsa, birini bizə verən əmi olmusan. Dur, gedək. Mindik taksiyə. Bilmirəm, hayana gedirik. Getdik, qapını açıb dedi ki, əmi, bu iki otaq sənindir. Dövlət tərəfindən verilmiş ev idi. Sonra dedi ki, nə qədər qaçqınlıqdır, bu ev sənindir, qaçqınlıq qurtardı, evi sənədləşdirəcəyəm sənin adına. Mən də Bakıda işləyirdim, yol yorurdu məni. Bakıda zavod var idi, orda gəldim, yer tapdım, qaldım orda. Sonra da nə bilim... Şükür indiyə...

Ş.Q: Orda da şəraitsizliyin üzünə nə deyim... Üç yaşında oğlumuz “tok”a toxunub öldü. Ondan sonra da mən orda yaşaya bilmədim. Öz gücümüzə tikmişik bax bu evi. Ustası, fəhləsi bizik. Yavaş-yavaş gəlmişik bu günə... Çox şükür... Torpaqlar azad olundu, elə bizə o bəsdir. Alnımız açıqdır. Hara gedirdiksə, deyirdilər: “Torpağınızı qoyub gəlmisiniz. Niyə filan rayonun camaatı torpağını verməyib, amma siz vermisiniz?” Bizim otuz baş heyvanımız var idi. On beşi mal... Kim qoyub gələr bu qədər heyvanı? İkimərtəbəli evimiz... Evin şəklini sənə göstərərəm. İçinə girib evin şəklini bizə atan tanışlar var. O boyda evi qoyub kim gələrdi? İnsan öz evini məcburiyyət olmasa, qoyub çıxarmı? Heç vaxt... O atışmanın altında mən getmirdim heç yana, baxmayaraq ki uşaqlarım balaca idilər. Böyüyünün yeddi yaşı vardı.

- Hazırda kəndiniz işğaldan azaddır. İşğaldan azad olunandan sonra kəndinizə getmisinizmi?

N.Q: Yoldaşımın böyük qardaşı çox gedib-gəlib. Bu dəqiqə bir az nasazdır, amma yenə sənəd toplayıb ki, getsin. Kəndçilərimiz çox gedib-gəliblər. Kənddə şəkil çəkdirib göndərirlər mənə.

- Kənddəki hər yer xaraba vəziyyətdə olar.

N.Q: Hər yer... İşğaldan qabaq ikimərtəbəli evimiz vardı kənddə. İki tövləmiz vardı. O tövlələri nə cür dağıdıblarsa, elə bil ki, bir tərəfdən bir divar durur. Ürəyimdə narahatlıq var. Biri var, şəkildə görəsən, biri var, o reallığın içində olasan. Ona görə də mən bir az ehtiyat edirəm ki, gedərəm, Allah uzaq eləsin, ürəyim birtəhər olar. Pis-yaxşı məskunlaşmışıq. Dişimin kirini sümürmüşəm. Boğazımdan kəsib bunu yaratmışam. Özün canlı şahidsən. Beşindən aşağı, beşindən yuxarı dolanışıq var. Ev var. Əsas torpağımızın işğaldan azad olunmağı idi. Torpağımız ki işğaldan azad edilib, vallah, mənə bu qoca vaxtımda bir ay vaxt versinlər, material da versinlər, kənddəki evimi tikib yaşayım. İndi dövlət səviyyəsində iş gedir, iş var, olacaq da. Amma camaat da gərək öz bacardığı köməyi əsirgəməyə. Sovet vaxtı bir günə kənd camaatı qırx hektar torpaqda məhsulu həm biçir, həm daşıyırdı. İndi də dövlət özü bilir, nə edir. Bizim dövlətin işinə qarışmağa haqqımız da yoxdur. Bütün işlər planlı şəkildə aparılır. Cəbrayılda tikilir, Laçında tikilir, şükür Allaha, bizdə də başlayıblar. Zilanlı kəndi bizim rayonun girəcək kəndidir. Zəngilanla bizim rayon arasında birinci kənddir Zilanlı. Ondan sonra Mahruzludur. Şükür Allaha, rayonda da yollar çəkilib. O gün qonşu deyirdi ki, ora getmişdim, yola baxırsan, Allaha and olsun, elə bil, şüşədir. Yollarımız çəkilib. Əsas elə yoldur. Yol rahatlanandan sonra ora material aparmaq, hər şey aparmaq, təbii ki, asanlaşır. Rayonumuzun girəcək kəndlərində də, şükür Allaha, işə başlayıblar, tikirlər. Nə vaxtsa, inşallah, bizim kənddə də tikinti başlayar. Qayıtmaq da ki məmnuniyyətlə... Qanadlarım olsa, uçub gedərəm. Oranın havası, dağı.. Əsl yaşanılası yerdir. İndi, inşallah, salamatlıq olsun, əlaqəmiz kəsilməsin, dayın səni bir bacıoğlu kimi dəvət edir ora. Görərsən ki, danışdıqlarım həqiqətdir, heç mübaliğə yoxdur.

İmanova Rəhimənin qucağında Aynur Qurbanova. Fərcan kəndi.

- İşğaldan əvvəlki uşaqlıq, gənclik xatirələriniz yadınızdadırmı?

N.Q: Xatirə... Belə bir şey deyim ki, kəndin hamısı bir-birinə qohumdur.

- Təbii ki, hər kənddə olduğu kimi...

N.Q: Ay sağ ol. Mən ikimərtəbəli ev tikdim, bir adama ağız açıb demədim ki, gəl mənə bu gün kömək elə. Hamısı topalanıb gəlirdi, evin ustalığını da özüm edirdim. Xeyrimizdə-şərimizdə ev sahibinin məşğuliyyəti ancaq gələn qonağı qarşılayıb yola salmaq olurdu. Qalan heç nədən xəbəri olmurdu. Ağsaqqalların dediyi hamı üçün qanun idi. Ağsaqqal ki dedi, bu iş belə olmalıdır, elə də olurdu. İyirmi dörd ildir şəhərdə yaşayıram, burda hamımız ağsaqqalıq. Mən dəfələrlə misal çəkmişəm ki, məhəllə də kənd kimi yerdir, bir ağsaqqalımız olsun, onun dediyinə hamımız razılaşaq. Ağsaqqal dünyagörmüş adamdır, səni pis yola, pis fikrə çəkməz axı. Amma yox... Oranın elə bir gözəlliyi vardı.

- Sizin kənd Ermənistanla sərhəddə yerləşib?

Ş.Q: Bəli. Aramızda üç kilometr məsafə olub.

- Onda ilk hücumlar da sizin kəndə olub.

Ş.Q: Bəli, bəli... Demirəmmi, 1988-ci ilin aprelindən.

- Sərhəd olduğunuz Ermənistan kəndləri hansılar idi bəs?

Ş.Q: Ağavurd, Ücənis, Novruzlar... Əvvəl bu kəndlərin hamısı bizim olub.

- Fərcan kəndində hansı memarlıq abidələri var idi?

Ş.Q: Qala var idi bizdə, kilsənin yanı deyirdilər.

- Kilsə olub sizin kənddə?

Ş.Q: Alban kilsəsi vardı. Qonşu Almalıq kəndində də kilsə vardı, o kənd də əvvəl bizim olub. Sonralar Ermənistana verilib. Biz gedirdik Almalıqdakı kilsənin yanından böyürtkən, zoğal yığmağa. Ermənilər gəlib o kilsədə şam yandırırdılar. Biz də içəri girib baxırdıq. Bizdə qala var idi. Vaxtilə o qaladan müdafiə üçün istifadə edib bizim camaat.

- Həmin qala indi salamatdır?

N.Q: “Qalaboynu” deyilən yer var, həmin ərazidə gözətçi qalanın qalıqları bu günə qədər qalmaqdadır. Qala təpəsi kəndin hündür təpələrindən biridir. “Bəybulaq” deyilən yer var idi kənddə. Suyu çox saf olduğuna görə bəyə məxsus bulaq kimi adlandırılıb. Bəybulaqdan yeraltı yolla saxsı borular vasitəsilə həmin qalaya su çəkilib. Cılfırda qədim yaşayış məskəni var idi. Həmin Bəybulağa yaxın yerləşirdi. Yolu elə idi ki, ora qalxmaq çətin məsələ idi. “Şıxın yeri” var idi, orda qədim qəbiristanlıq yerləşirdi. Kəndimizdən Haqverdi Hacıoğlu var, gözəl də şeirlər yazır, Allah ona can sağlığı versin. O danışırdı ki, qədim türk əlifbasında “U” ya oxşayan hərf var a, bizim qəbiristanlıqdakı bəzi qəbirlərin də üzərində var imiş. Bir dəfə Haqverdi görüb ki, həmin qəbir daşlarından bir balacasını ermənilərdən bir qrup gəlib harasa aparır. Soruşub ki, bəs bu nəyinizə lazımdır. Onlar da deyiblər ki, sonra bilərsiniz. 1980-cı illərin sonlarına yaxın olub bu hadisə.

Fərcan kəndinin şəhidləri

- Bəs sizin kənddəki kilsə salamatdır?

Ş.Q: Alban kilsəsinin qalıqları bu günə qədər qalmaqdadır. Almalıq kəndindəki kilsəni 1988-ci ildən görə bilmədik, sərhəddə mina olurdu çünki.

- Sizin kəndlərdə məscid olub?

Ş.Q: Yox. Aşağı Xocamusaxlıda, Dondarlıda var idi.

- Kənd məktəbinizi xatırlayırsınızmı?

Ş.Q: Əvvəl səkkizillik, 1971-ci ildən isə onillik olub. 1979-cu ildə mən, 1972-ci ildə isə ərim bitirib. Məcburi köçkün düşdüyümüz vaxtacan da məktəb onillik olub.

- Məktəb binasını çoxdan dağıtmış olarlar.

Ş.Q: Elə biz orda olanda məktəb binasına Qrad mərmisi atmışdılar.

- Qəbiristanlıq da dağılmış olar.

Ş.Q: Atamın başdaşını göstərsəm, nə gündə... Orda Baba Məmmədov olub Sovet vaxtı, qaçaqlıq edib, çox cəngavər adam olub. Bizim kəndin məktəbini öz vəsaiti hesabına o kişi tikdirib. İndinin özündə də Fərcan kənd məktəbi onun adını daşıyır. Xeybər Göyyallı Baba Məmmədov haqqında kitab yazıb. Dünən axşam da sinif yoldaşım gəlib apardı ki, oxusun. Mən dəfələrlə oxumuşam. Mənim qayınatam da o vaxtı milis işləyib, qayınatama Baba Məmmədov at bağışlayıb. Qayınatamın at üstündə hərəkətlərini o qədər bəyənib ki... Qayınatam çox qoçaq kişi olub.

- Kəndin görkəmli şəxsiyyətlərindən kimlərin adlarını çəkə bilərsiniz?

N.Q: İsfəndiyar Muradov Böyük Vətən müharibəsi veteranı olub. Yüksək vəzifələrdə olub, təkcə öz kəndi yox, rayon üçün o adam bütün gücündən istifadə edib. Bizim kənddən Fərid Muradzadə var, yazardır. İsfəndiyar kişinin də qohumudur. Fəridə sual verəndə ki necə oxuyursan, deyirdi: “Bizim nəslin tanınmışı İsfəndiyar babamdır. Mən ona çata bilmərəm, amma çalışacağam onun adını doğruldum”. Mənim də oxuyan adamdan çox xoşum gəlir. İsfəndiyar kişi rayon üçün çox dəyərli şəxs olub. Belə bir el məsəli var: “El üçün ağlayanın gözü kor olar”. Tapdıq kişi olub. Mən onu gördüm. Bir nəfərin çəpişi itmişdi kənddə, çəpişin yiyəsi də bir adamdan şübhələnirdi. Tapdıq kişinin çəliyinin uzunluğu, bəlkə, metr yarım idi. Dairə çəkib dedi ki, filankəs, gir dairəyə, and iç ki, çəpişi mən oğurlamamışam. Həmin adam dairəyə ayağını qoyurdu ki, Tapdıq kişi dedi: “Həzrəti Əli cızığıdır a”. Bunu demişdi ki, həmin adam ayağını geri çəkdi. O dəyərli ağsaqqalların hamısını görməsəm də, bir qismini görmüşəm. Allah onlara qəni-qəni rəhmət eləsin.

- Döyüşlər ki başladı, kəndin cavanlarından kimlər iştirak edirdi kəndin özünümüdafiəsində?

N.Q: Kəndimizdə özünümüdafiə batalyonu yaradılmışdı. Kəndin cavanlarından kimlər yox idi orda? Bayram, Ənvər, Bəbir, Aqil, şəhid Bəhruz, Urqənd, Azad, qardaşım oglu Nadir (şəhərdən könüllülərlə gəlmişdi), onun qardaşı Elbrus, şəhid Nəbi (şəhərdən könüllü gəlmişdi), şəhid Zahid, şəhid Şakir (şəhərdən könüllü gəlmişdi, özü də Qubadlıdan olmayan iki dostu ilə; birinin adı Mirzəxan idi; rəhmətlik Şakirə demişdilər ki, Qubadlı bizim də vətənimizdir. Onlardan, deyəsən, biri şəhid oldu, o biri sağdır), Ziyad, onun əmisi oğlu Elman və başqaları... Döyüşlərdən kənarda bizim kənddən bir gənc də qalmamışdı. Şəhid Hikmət onilliyi təzə qurtarıb gəlmişdi, Şahhüseyn də iştirak edirdi döyüşlərdə.

- Kəndinizin adət-ənənələri ilə bağlı nə deyə bilərsiniz?

Ş.Q: Ata nənəm daim namaz qılırdı, gözümlə görmüşəm. Əmimin təhsili rus dili və ədəbiyyatı üzrə idi. Sovet hökuməti atamgili sürgün edib. Atam nənəmə namaz qılmağa ona görə icazə vermirdi ki, gəlib bizi də sürgün edərlər. Atamgil Qazaxıstan çöllərinə sürgün olunublar. Repressiya qurbanı övladıyam. Babamın ölü-dirisindən xəbər olmadı...

- Nədə ittiham edilirdi qohumlarınız?

Ş.Q: Qaçaqlara yemək verməkdə... Guya 1941-1945-ci illərdə qaçaqlara yemək veriblər. O da ki yalan idi, şərləyib aparırdılar. Gözü götürməyənlər şərləyiblər... Babamgil varlı olublar. Əmim rus dili müəllimi idi. Atam nənəmə qadağa qoydu ki, sovet hökuməti vaxtıdır, namaz qılmaq olmaz, yoxsa əmimi də sürgün edə bilərdilər. Yoldaşımla qohumuq. Nənəmin bibisi qızı, ərimin də atasının bibisi qızı olan bir qarı vardı, uşaqları ölmüş, qardaşı da Böyük Vətən müharibəsinə getmiş, amma qayıtmamışdı. Heç kimi olmadığından köçkünlük düşəndə onu da gətirmişdilər, qocalar evində dünyasını dəyişdi sonra. O qadın həmişə namaz qılırdı. Oğul, qız, qardaş nisgilindən gözləri də tutulmuşdu. Amma o insan namazını həmişə qılırdı.

- Qubadlıda Mir Sədi ağa ocağı olub.

Ş.Q: Mirlər kəndində... Mir Məhəmməd də onun oğludur. Mir Sədi babamın Məleykə, Gözəl, Lətifə adlı qızları var idi. Sumqayıtda onların büstləri var. Mir Sədi babamın Binəqədidə özünün qoyduğu ev var, mən özüm də ora ziyarətə getmişəm.

- Kəndinizdə nə qədər adam yaşayırdı?

Ş.Q: Yetmiş ev idi. Kənd elə də balaca deyildi. Ərazilərimiz Ermənistana verilməsəydi, kəndimiz daha da böyük olardı. Zor, Saldaş, Hərtüz, Mehrili kəndlərinin uşaqları oxumağa bizim kəndin məktəbinə gəlirdilər, sovetliyimiz də birgə idi. Üçüncü sinfə kimi öz kəndlərində oxuyurdular, sonra bizim kəndin məktəbinə gəlirdilər. Göyyal, Saldaş, Zor, Fərcan – bu kəndlərin xeyri-şəri bir idi. Qaynatam deyirdi ki, iyirmi beş baş malım var idi, yüz əlli qoyunum var idi, Sovet hökuməti gəlib müsadirə etdi. Atamgili də sürgün edəndə mal-mülkləri əllərindən alınıb, kolxoza verilib.

- Atanız sürgün illərindən nəsə danışırdı?

Ş.Q: Nənəm həm çox gözəl, həm də çox zirək qadın olub. Qazaxıstanda sürgün olunduğu yerin kolxoz sədri yaxşı insan olub. Pambıq bardanlarını lapetlə həyətə tökdürürmüş ki, bunları tik, sökük yerlərə yamaq vur, uşaqlarına da evdə bax. Onda əmilərimdən birinin dörd, digərinin iki yaşı olub. Nənəm deyirdi, birini dalıma şəlləndim, birini qucağıma aldım. Qazaxıstana kənddən sürgün edilən vaxtı kəndimizdən biri gəlib ki, yoldaş rəis, onlar hələ ki yumurta payı verməyiblər. Sədr də deyib, Qazaxıstana sürgün edilirlər, sən nə haydasan? Qazaxıstana sürgün edilən vaxt bizimkilərin paltarlarının çoxu oğurlanıb. Nənəm deyirdi: “1951-ci ildə ki sürgündən qayıtdıq, paltarı kim oğurlamışdısa, tutub aldım onlardan paltarlarımı. Dedim ki, mənim özümü sürgün etməyiniz bəs eləmir, hələ paltarıma da yiyə durmusunuz...” Atam müəllimlik oxuyub, Qazaxıstana sürgün edildikləri üçün yarımçıq qalıb təhsili. Mən atamı çox istəmişəm (kövrəlir). Atam da dünyasını tez dəyişib. 1939-cu ildə on dörd evdən ibarət Hacıqurbanlı kəndinin camaatını başqa kəndə, 1950-ci illərdə isə ordan Fərcan kəndinə köçürüblər.

- Qonşu kəndiniz Zorla bağlı bir video var, müharibə vaxtı uşaqlar Azərbaycan Respublikasının Dövlət Himnini oxuyurlar.

Ş.Q: O videoya baxmışam.

N.Q: Bəli.

- Qubadlı elə də böyük rayon deyil, amma ziyalısı çoxdur.

N.Q: Əvvəllər Qubadlı və Zəngilan ikisi birlikdə bir rayon olub. Aparıcı rol da Zəngilanda olub. Mir Cəfər Bağırova deyiblər ki, Qubadlının ayrıca rayon olmağına ehtiyac yoxdur. O da deyib ki, Qubadlı Azərbaycanın kadr bazasıdır, onu inkişaf etdirmək lazımdır. Mərkəzi Komitənin birinci katibi Kamran Hüseynov, qızı Hicran xanım, yazıçı Əli Vəliyev, yazıçı Süleyman Rəhimov, Ali Sovetin sədri işləmiş Məmməd İsgəndərov, şair Eldar Baxış, yazıçı Cəlal Bərgüşad, inqilabçı Çingiz İldırım, dövlət xadimi Nəzər Heydərov, onun oğlu Arif Heydərov... Gör nə qədər ziyalısı olub Qubadlının. Ermənilərin vertolyotunu ilk vuran Qubadlı igidləri olub. Rəhmətlik Əliyar Laçına kimi gedib çıxmışdı. Əliyar Əliyevin özü pəhləvan idi, bayram şənliyində gəlmişdi bizim kəndə.

- Qonşuluqdakı ermənilərlə münasibətləriniz necə olub?

N.Q: Gərək haqqına danışasan. Atamın Qafanda bir erməni dostu var idi. Yağ sexinin müdiri idi. O vaxtlar kişmiş indiki kimi hər gün dükanlarda olmurdu. Anam da bərk xəstə idi. Həmin erməni bizə hər ay təmənnasız bir qutu kişmiş gətirirdi.

Nizami Qurbanov və Şəhla Qurbanovanın övladları: Elsevər və Aynur

- Qonşuluqdakı ermənilər toylarınızda iştirak edirdilər?

N.Q: Gəlirdilər. Atamın qonşu kənddə bir erməni dostu da var idi. Qardaşım kənddə idi. Axşam oturub yedik, içdik. Atam da həmişə tez oyanan adam... Ataya biz “əmi “ deyirdik. Əmi, niyə durmursan? Gözüm görmür. Düzü, məni gülmək tutdu ki, dünən bir yerdə oturub yedik-içdik, indi necə gözün görmür... Acığı tutdu atamın. Əməliyyat olub gəlmişdi evə, erməni dostu da gəldi bizə. And olsun Allaha, bir stəkan çay içməmişdi heç, iki əlini başına necə çırpdısa... Elə bil daş çırpdılar başına. Dedi, Müslüm kirvə, kaş öləydim, eşitməyəydim ki, sənin gözlərin tutulub.

Ş.Q: “Daşnaksütyun” partiyasının həmişə amalı bir olub da. Allah araya dava salanlara lənət eləsin. Mənim atam danışırdı ki, XX əsrin əvvəllərində bizim kənddə iki saata əlli beş nəfəri öldürüblər daşnaklar, onlardan biri də atamın əmisi olub. Bir də kənddə iyirmi dörd nəfərlik ailədən cəmi bir qadın sağ qalmışdı.

- İşğaldan azad olunan torpaqlara qayıdış dövrüdür. Bununla bağlı nə deyə bilərsiniz?

N.Q: Torpağımız azad olunub, sevinirik. Nə vaxt bizim kəndə qayıdış oldu, qaça-qaça gedəcəyik.


# 1225 dəfə oxunub

Oxşar xəbərlər

Dərdlərini özü ilə aparan azərbaycanlı aktrisa

Dərdlərini özü ilə aparan azərbaycanlı aktrisa

18:39 28 noyabr 2024
Xalq artisti kommunal borclara görə məhkəməyə verildi

Xalq artisti kommunal borclara görə məhkəməyə verildi

18:06 28 noyabr 2024
Axundov onu sui-qəsddən xilas etmişdi... – Həsən bəy Zərdabinin həyatından qeyri-adi faktlar

Axundov onu sui-qəsddən xilas etmişdi... – Həsən bəy Zərdabinin həyatından qeyri-adi faktlar

17:42 28 noyabr 2024
"Gənclərin roman müsabiqəsi - 2"nin qısa siyahısı açıqlandı

"Gənclərin roman müsabiqəsi - 2"nin qısa siyahısı açıqlandı

17:39 28 noyabr 2024
“Uzaq sahillərdə” bədii filmi Sloveniyada nümayiş edildi

“Uzaq sahillərdə” bədii filmi Sloveniyada nümayiş edildi

16:54 28 noyabr 2024
Ağadadaş Ağayev özünü təqsirli bilmədi - Məhkəmə

Ağadadaş Ağayev özünü təqsirli bilmədi - Məhkəmə

15:45 28 noyabr 2024
#
#
# # #