Qarovulçunun oğlu - Nərmin Kamaldan yeni hekayə

Qarovulçunun oğlu - Nərmin Kamaldan yeni hekayə
27 dekabr 2023
# 10:28

Kulis.az Nərmin Kamalın "Qarovulçunun oğlu" adlı yeni hekayəsini təqdim edir.

1.

Abşeronun şimal çimərliklərində xilaskar işləyən kasıb bir oğlana atasından yaxşı pul qaldı. İl də tamam oldu, amma o, bu ata payının üstündən bir manat da götürməyə qıymırdı.

Elə bir vaxt idi ki, külək Xəzərin üstündə tüğyan edir, ağ köpüklü dalğalar bir-birinin üstünə qalaqlanırdı. Böyük təpələr kimi bu dalğaların yamacları, yalları aydın seçilirdi. Yayda dənizin qadağan olunmuş yerlərində oyun çıxaran nadinc yeniyetmələr indi öz isti guşələrinə çəkilib şəhərə yağan soyuq, toza bənzər yağışdan gizlənmişdilər. Həriflər payızdan ilhamlanaraq sevgi-məhəbbət haqda mahnılara qulaq asır, ingilislərin dilini öyrənir, gələcəkdə bu həyatda nə isə bir şey etməkçün əlləşirdilər. Çimərliklər boşalmışdı, xilas etməyə bir top da qalmamışdı. Amma o, narıncı qayıqda dalğıc eynəyinə su sıçraya-sıçraya dənizi gəzirdi. Birdən köynəyini, şalvarını çıxarmadan qayıqdan suya tullanırdı. Çıxanda üst-başından su şoruldayırdı. “Kimdirsə, darıxır” – villalardan binoklla baxanlar fikirləşirdilər. Bir böyüyü də yox idi desin, “Fərid, darıxma, pulu olan adam darıxmaz”, “atanın yeganə balasısan, sən xərcləməyəndə bəs kim xərcləyəcək.”

Ancaq Nata onu dilə tuta bildi. Qadın qollarını onun boynuna doladı: “Gəl çıxaq gedək buralardan, təzə həyata başlayaq. Heç kəsə deməyək yerimizi,” – pıçıltıyla bir şəhər adı da dedi. “Orda da dəniz var, Fedka, sənə iş tapılar.” Fəridin çox fikirləşdiyini görəndə qadın səsini qaldırdı: “Nu?”

Elə bir-iki gün keçdi, Fərid pul dəstəsinin belindəki rezini açdı, onu cibinə qoydu, pul elə bir şeydir ki, həmişə lazım olur, Natanı və onun uşağını da götürüb yola düşdü. Huşsuzluqdan, yaş pal-paltarını da açıb havaya sərmədi, həyətdə ağacın dibində bükülü qaldı, o gedəndən sonra nəm ayaqqabılarının içində yumru papaqlı bir qum göbələyi boy atdı.

Gedənləri yola salmağa Natanın çəlimsiz anası gəldi. Qarının ayaqlarında şəhər zibilliklərindən tapdığı Belarus traktorlarına bənzər yeniyetmə qız ayaqqabıları, əynində hansısa uşağın futbol oynayanda ağac budağından asıb unutduğu məktəbli gödəkçəsi, əlində təsadüfi görüşlərçün yarım torba quru it-pişik yemi vardı. Həyəcandan bir dəqiqə dayanmır, “Fərid, qulağıvı gətir” deyirdi, Fərid ona tərəf əyilirdi. O, otuz il bundan qabaqkı hadisələrdən, ac və möhtac illərdən, Natanı böyüdənə qədər necə odlar, alovlar tapdamasıdan danışırdı, ancaq dişləri yox idi, çox söz başa düşülmürdü. Nata onu Fəriddən ayırmaqçün qucaqlayır, “Yaxşı, mama”, “Bəsdir, mama” deyirdi. Qarı yenə Fəridi özünə tərəf əyir, Natanı tərifləyir, məktəbdə yaxşı oxuduğunu, çoxlu tərifnamə aldığını, amma sonra kiminsə onun başını aldadıb atdığını, əslində yaxşı qız olduğunu deyirdi. Cavanlar qırmızı zolağın o üzünə keçib axırıncı dəfə geriyə baxanda qarı bir dəri, bir sümük olan barmaqlarını havada bir-birinə sürtüb “İtirməyin” – dedi, həmin barmaqlarıyla da quru meyvə tək büzüşmüş yanaqlarını sildi. Onun nəyi nəzərdə tutduğunu başa düşdülər.

Uçuş yaxşı keçdi. Uşağı yuvarlaq pəncərənin yanında oturdub başını pambıq buludlarla aldatdılar, özləri bütün yolu dedilər, güldülər. Necə gülməsinlər, gülüş gənc ürəklərinin içindən gəlir, dörd dövrələri də gülməyə əsas verirdi. Konsertə yollanan hansısa musiqiçi dəstəsi violonçelləri üçün təyyarədə ayrıca yerlər almışdı, bellərinə kəmər taxıb hərəsini bir adamın yerində dik oturtmuşdular. Qara köynəklərin altından qabaran gövdələri insan bədəninə, yumru çiyinlərə, uzunsov başlara oxşayırdı. Bu yol yoldaşlarına hər dönüb baxanda mehriban cütlük iki durna kimi qaqqıldaşırdı. Fərid xilas etdiyi adamlar haqda cürbəcür əhvalatlar da danışır, qadın “Nu tı prikol” deyib gülürdü.

Torpağa ayağı dəyəndə ata payının üstündən bir neçə əskinas verdi, ona beş günlüyünə təvazökar bir maşının açarını etibar etdilər. Dedilər ki, əfəndim, ruhsat arabada, çıxışda göstərib tiri qaldıra bilər, yolu açıq olsun. “Ağ canavar” – Nata maşına ad qoydu. Fərid sükan arxasına keçdi, kəmərlərini bağladılar və ağ canavar hava limanının ərazisindən çıxıb saatda yüz kilometr sürətlə şəhərə üz tutdu. Əslində yavaş da getmək olardı, hara tələsirdilər ki?!

Səhər təzə açılırdı. Yollarda üzlərindən zəhrimar yağan boz pencəkli kişilər, qadınlar işə tələsirdilər. Təkcə onlar il uzunu tətilə gedən varlı-hallı ailələr tək noyabr ayında macəra axtarır, bu beş günlük həyatdan həzz almaq istəyirdilər. Bəxtlərindən göy üzü açıq, hava günəşli, payızda görünməmiş istiydi. Hərə öz pəncərəsindən baxıb susurdu, deyəsən, ilk səhifələri maraqsız olan kitablar kimi bu sənaye mənzərələrinin tez ötüb keçməsini gözləyirdilər. “Darıxma,” - qadın əllərini başında daraqlayıb təzə həyat haqda qırıq-qırıq danışmağa başladı, - “İndi şəhərlə tanış olarıq, mütləq İzmir bombası yeyərik, görəsən necə şeydi, günorta otelə çatarıq. Buranı tanıyandan sonra qəşəng bir yerdə aylıq ev tutarıq. Həftənin axırı adı nəydi oranın, Sifarihisar qəsəbəsinə, sonra Çeşmə yarımadasına, Alaçatı sahillərinə gəzməyə gedərik. Nə qədər ki, havalar yaxşıdı, gəzmək lazımdı. Qabaqdan qış gəlir.”

Xəritədə göy damara oxşayan yol uzanırdı.

- Mən burger istəyirəm! - arxa oturacaqdan uşağın cır səsi gəldi.

- Olmaz, Məryəm, Maşa, Maşinka, mamanın balası, səhər-səhər burger yemək olmaz. İndi bir yerdə saxlayıb zavtrak edərik. Ora bax, gör küçələrdə nə qədər pişiklər var, gombul-gombul.

- Soruşmadım! - Maşa qaşını çatdı. - Mən burger istəyirəm!

Ağ canavar düz gedir, burulur, küçədən küçəyə adlayır, dayanmağa bir yer axtarır, naviqatorun qadın səsi soyuqqanlılıqla deyirdi:

- Kıbrıs şehitleri caddesi, Cevher Dudayev Sokak, 1453 Sokak, 1458 Sokak...

- Sokak, sokak, sokak! – Maşa üzünü turşutdu.

- Sokak, yəni küçə, Maşa.

- Soruşmadım!

- Sən ananın gözəl qızısan, sən ananın ağıllı balasısan.

- Mən burgerlə fanta istəyirəm. Bir də deməyəcəm!

- Yüzbaşı Şerafettin bey Sokak, - deyəsən, təkcə naviqator Maşadan qorxmurdu.

Fərid güzgüdən qızcığaza baxdı. Onun başında qarğıdalı saçağına bənzər bir çəngə tük vardı. Üzündə elə bir ifadə gəzirdi ki, əbəs yerə Nata Maşanın ram olacağına ümid edirdi. Görkəmsiz binaların arasıyla bezənəcən dövrə vurandan sonra ağ canavar bir küncdə dayanmağa yer tapdı. Fərid getdi, cibindəki ata mirasını bir dövizə verib yerli pula dəyişdi. Aldığı daha çox pul etdi, iki cibini doldurdu. Özünə bir türk birası aldı, içə-içə küçələrdə o üzə-bu üzə dolandı ki, bəlkə, burger tapa.

Türkiyə ona çox yad göründü. Dükanlara, maşınlara, ağaclara, adamlara, binalara baxdı. Bir pəncərənin pərdəsi aralı qalmışdı, sanki kimsə xəlvətcə onu güdürdü. Qara geyimli, çiyni silahlı jandarmaları gördü, tramvayların taqqıltısını, məhəllə bazarlarına yük boşaldanların gumbultusunu eşitdi, bəzi şeylərisə gördüyünü, eşitdiyini heç bilmədi, şəhərin sakit küyü, gözünə düşən şüalar, şam alovunun titrəyişinə oxşayan meh, qızardılmış qoyun əti iyi, yanından keçən qadınların arxasınca uzanan paravoz tüstüsünə oxşar tütün dumanı, ayağının altındakı sərt daşlar, yerin təkindəki uzaq zəlzələlər və başqa hesaba gəlməyən qüvvələr dolaşıq şəkildə birləşib onu burulğana saldı. Canını bu uzun yolları piyada gəlmiş kimi yorğunluq bürüdü. Amerikan neməti də bu vaxt, onu unutduğu an qarşısına çıxdı, uşağa iki burgerlə fanta aldı. Elə burada “Çələbi” adlı xırda bir şirniyyat dükanının qarşısında uzun növbə görüb İzmir bombası almağa dayandı. Bayaqdan pəncəsini keçirməkçün səbrsizliklə gözləyən o axmaq günah hissi də qurbanını elə burada - növbədə yaxaladı. O və onun kimi hisslər həmişə iki dolab arasına sivişmiş hörümçək kimi belə ara vaxtlarda tor qurur, iki daşın arasında, evdə bir nəfərdən başqa hamının yatdığı günorta saatlarında, qatarlar qaranlıq tunellərin ortasında susub dayananda, zavodlarda, fabriklərdə, banklarda, poçt kontorlarında makinalar qəfil, gözlənilmədən çökəndən yenə işə düşənə qədər keçən uzun beş dəqiqələrdə:

Fərsizliyə bax! Atamın qara günçün yığdığı, əl izləri olan pulları vermişəm, əvəzinə yad pul almışam. İndi də onu gör necə xərcləyirəm. Yazıq gecələr bütün bu camaat kimi çarpayısında rahat yatmırdı, qoca vaxtında orda-burda kimlərinsə dükanlarına qarovulçuluq edirdi. Səhərə yaxın hamı şirin yuxuda olanda soyuq dükanlarda quru stulları, taburetləri yan-yana düzüb üstündə mürgüləyirdi. Birdən ürəyinə şeytan girər, dükandakı əşyaları yığıb aparar deyə, qapını üzünə kilidləyib gedirdilər. Satqın yuvası kameradan güdüb yatdığını görsələr, onu dərsə gecikən uşaq kimi danlayırdılar. Necə böyük rüsvayçılıq! Özünə yağın, pendirin ən ucuzundan alırdı, “Pul korlamıram” – deyirdi, “Sənçün saxlayıram. Mən dünyadan köçəndə gəlib onu götürərsən.” Bu da mən. Hansısa qadınla, kiminsə atıb getdiyi uşaqla o pulu havaya sovurmağa gəlmişəm.

Əlində iki torbayla maşına tərəf getdiyi vaxt günah hissi onu tək görüb fırtına qopartdı, yeni həyata başlamaq istəyən bu cavan oğlanın qol-qanadını sındırıb yanına saldı. Fərid öz fikirlərindən zəhərləndi, onları gətirən təyyarənin mühərriki hələ soyumamış Xəzər sahillərindəki sakit həyatına geri dönmək, pulu qaytarıb atasının köhnə pencəyinin döş cibinə qoymaq, onu əziz bir xatirə tək qoruyub saxlamaq istədi. Yaddaşı da bu vaxt dinc durmur, ona köhnə çarpayısında oturub pul sayan atasını göstərirdi. Hər səhər işdən qayıdanda pəncərəsindəki dəmir barmaqlığa güvənməyib pulu yoxlayırdı. Keçmişdə nə vaxtsa olub keçmiş qara günlərin yenə gələcəyini səngərdə gözləyən əsgər sayıqlığıyla gözləyirdi, pulu evində Kalaşnikov avtomatı kimi saxlayırdı. Özü dünyada olmayanda oğlu götürəcəkdi bu silahı, əliyalın qalmayacaqdı.

Fərid qəmli gözlərini ətrafda dolandırdı. Nə hiss etməsinə, hansı qəribə hissə qapılmasına baxmadan vaxt gedirdi, özgə dildə danışan adamlar keçir, hansısa oteldən çıxanların çamadan təkərcikləri dığırlanır, küçə satıcısı qəpik-quruşa qotazlı türk paşası papağı satmağa çalışır, bu küçədə yeriyən hər bir kəs dünən fikirləşdiyini bu gün etməkçün tələsirdi. Onun tənhalığını hiss edibmiş kimi haradasa yaxından azan səsi ucaldı, şəhərin hər daşında əks-səda verdi. Başının üstündə, iki binanın arasındakı dar dəhlizdə Türk cümhuriyyətinin yüzüncü ili şərəfinə al qırmızı bayraqlar, şən plakatlar asılmışdı. O plakatlar deyirdi: “İkinci yüzyıla hazırız!”

2.

“Nə gec gəldin? Nəsə olub?”

Fərid “Heç nə” desə də, açıq görünürdü ki, yalan deyir. O, həminki adam deyildi. “Oy!” – qadın heyrətlə Fəridə baxdı. Onun gicgahındakı göy damar titrəyirdi. “Bəlkə, həkim çağıraq?”

Artıq gecdir. Gülünc hisslər onu cənginə alıb. İndi Fərid özünü elə aparır, guya bura öz istəyilə gəlməyib, onu aldadıb gətiriblər və aldadıldığını yalnız indi başa düşüb.

Peşmanlığını Nataya göstərməməkçün qalın qar üstündə gedirmiş kimi güc sərf edərək addımlar atıb sükan arxasına keçdi və ağ canavar yola düzəldi. İndi Maşa arxa oturacaqda fısıldaya-fısıldaya burger yeyirdi. Daha mane olan yox idi, Fərid başını yorana qədər fikirləşə bilərdi.

Birinci dəfə deyil, bu anlaşılmaz hiss onu haradasa yarım il qabaq tək, cibində pul, parıltılı bir mağazada gəzəndə təzə qayışların yanında yaxalamışdı, onlara tamah salanda yadına atasının dolabında mıxdan sallanan köhnə qayış... “Ujas” – əgər satıcı qız həmin vaxt onun nə fikirləşdiyini bilsəydi, Nata kimi deyərdi, - “Bunun uca boyuna bax, jalkiy-jalkiy fikirlərinə bax.”

Nata indi də nə isə deyirdi, amma Fərid öz daxili burulğanının dərinlərinə üzür, Nata isə uzaqda, sahildə qalırdı. “Pul korlamıram. Sənçün saxlayıram. Mən dünyadan köçəndə gəlib onu götürərsən,” – sözləri dəfən-dəfən fikrinin səhnəsindən keçirib atasının ilıq təbəssümündə, yorğun baxışlarında məzəmmət axtarırdı.

Kaş bu ölkəyə heç yerli-dibli gəlməzdi. Bir az cəsarəti olsaydı, bu hissin dəhşətindən qurtulmaqçün geriyə sürərdi. Ağ canavarsa irəli şütüyür, binalar qasırğa dalğalarına dönüb bir-birini əvəz edirdi. İndi onun özünün çox yox, balaca bir dalğıc köməyinə ehtiyacı vardı.

O tövşüdükcə pul da sadiq bir köpək kimi sahibinin ürəyinin üstündə tövşüyürdü. Dili olsaydı, bu paraların üzərində şəkli olan kişi dalğıc olub ona deyərdi, qorxma, övladım, mən yanındayam, sualtı axına düşmüşdün, keçdi, keçmiş olsun. Amma pul susurdu, guya ki, bütün bunlarda onun heç iştirakı yox idi.

Nata İzmir bombasına bulaşmış dodağını silirdi.

- Heç xoşum gəlmədi, yumru xəmirin içinə şokolad yağını doldurublar. Napaleon tortu bundan min dəfə yaxşıdı. Al, sən də ye gör necədi.

- İstəmirəm.

- Niyə kefin yoxdu?

- Elə-belə.

- Elə-belə heç nə olmur.

Fərid əlinə nəvazişlə qonan qadın əlini üstündən həşərat atırmış kimi bir anda kənara itələdi. Nata təqsirkar-təqsirkar gülümsündü.

- Mən nə isə etdim?

- Yox.

- Bəs nədir səbəb?

- Xoşum gəlmədi burdan.

- Hardan?

- Türkiyədən.

Qadın buna inandı. Ona elə gəldi ki, şən səslə, çoxlu-çoxlu danışmalı, gözünə dəyən hər şey haqda ürəkaçan söhbətlər etməli, Türkiyəni tərifləyib sevgilisinin gözündə qaldırmalı, özü də bu ölkəylə bir ucalmalıdır. Dərhal işə başladı.

- Bir dənizə bax. Bu binalarda yaşayan ailələr, uşaqlar hər səhər eyvanlarına çıxıb bu dənizi görürlər.

- Bu binalarda ailə yaşamır – Fərid dözməyib birdən danışan adamlar kimi dedi.

- Bəs kim yaşayır? - yanından ötdükləri binaların üçüncü, beşinci, yeddinci, onuncu mərtəbələrində birgə gəzdi gözləri. Hər bir eyvandan böyük elan asılmışdı. Nata höccələyə-höccələyə oxudu: - Bəslənmə və diyet. Tərcüman. Tatu, pirsinq. Yeddinci mərtəbədə Professor doktor cilt hastalıkları uzmanı. Ondan üstdə Cansu bərbər. Bərbərin üstündə Advokat. Hərə nə bacarırsa yazıb salladıb evinin balkonundan.

- Xeyr, öz evləri deyil. Adamlar evlərini ofislərə satıb gediblər.

- Obidna.

- Bəs nə bilmişdin?!

- Yurtdışı egitim. Professor, doktor nevroloji uzmanı on birinci mərtəbədə Manikürün üstündə... – Nata ində də başqa binanı oxuyurdu.

- Binalar əl açıb yalvarır. Yaxşıdı?

- Yox, yaxşı deyil. Amma o elanlar olmasa, gözəl şəhərdi, Fərid.

- Gözəl! Harası gözəldi? O elanları çıxartsan da, düzəlməz. Sizin Əhmədlidəki köhnə binavız bunların yanında sənət əsəridi. Gözəl! Yox bir. Şəhərdə enli küçələr, gözəl binalar, meydanlar olar. Şəhərdə əzəmət olar. Miskindi bura.

- Elə bütün şəhərlər əzəmətli olsun?

- Siz bayaqdan nə boş-boş danışırsız?! Ürəyimi sıxdız. – Maşa donquldandı. - O, burgerlərini yeyib qurtarmış, fantasını içmişdi. – Mən düşmək istəyirəm!

- Az qaldı, Maşa, bir az döz, maşını saxlamağa yer yoxdu.

- Soruşmadım!

- O ağaclara bax, gör şəhərin küçələrində nə qədər mandarin ağacı var.

- Soruşmadım!

- Sən, deyəsən, məni çərlədib öldürməkçün tapşırıq almısan.

- Mən düşmək istəyirəm! Bir də deməyəcəm.

3.

Həmin gün turistə oxşayan bu üç gəlmə şəhərin cürbəcür məhəllələrində göründü. Qarasına yaşayan adamlar kimi tələsmədən gəzirdilər. Fərid qabaqda, arxasınca Nata gedirdi, Maşa isə mızıldana-mızıldana onların arxasınca düşmüşdü. Gəzmək çətin idi, səkiləri üskük boyda xırda kafelərin nimdaş oturacaqları tutmuşdu. Adamlar oturub yemək yedikləri vaxt yanlarından motosikllər vıyıltıyla ötürdü. Birdən bu kafelər küçəsindəki masaların arasından əsgərləri hansısa hadisə yerinə aparan böyük bir avtobus sürətlə keçdi. Bu Fəridlə Natadan başqa kimsəni heyrətləndirmədi. Qəhvəsini içənlər öz işlərindəydilər. Onların şıx ayaqqabıları, usta bərbər əllərində daranmış saçları, təkəbbürlü baxışlarıyla bu köhnə-kürüş kafelər, xırda aşxanalar heç düz gəlmirdi. Bu adamların əsl burjuylar kimi çoxlu pulu var, amma deyəsən, bu pulu elə xərcləmək istəyirdilər ki, guya əsl bohemlər kimi maddiyyat onların vecinə deyil. Fərid belə cəncəl işləri bilmirdi, bilmək hayında da deyildi. O Nataydı ki, hər əhəmiyyətsiz xırdalığa fikir verir, binaların künc-bucağına qara boyayla həkk edilmiş yazıları da oxuyurdu: “Size ekmek bize kırıntı. Yok öyle!”, “Yoksulluk kader olamaz”, “Türk İşçi Partisine katıl. Lenin yaşadı, yaşıyor, hep yaşayacak!”

Bir anda onun ağlına gələn fikirdən gözləri parıldadı:

- Bura kasıbların məhləsidi, Fedka. Gedək burdan.

Həmin gün onlar şəhərin yuxarı məhəllələrində də göründülər. Orda yüz əlli pilləlik pilləkənin qarşısında durub şəkil çəkdirdilər. Fərid şəkildə elə qəmli durdu, sanki bu pilləkənlə hər gün evinə qalxıb enən cəfakeş adamlardan biriydi. Keçən əsrin əvvəlində hansısa xeyriyyəçinin hamilə qadınlara, qocalara rəhm edərək şəhərin yuxarısındakı evlərə çıxmaqçün tikdirdiyi tarixi liftə minib yuxarı qalxdılar. Qalxıb gördülər ki, oradan da yuxarı qalxan pilləkən var, bu uzun pilləkənin başında da binalar var. Liftin yanına düzülmüş masalarda yeməyə oturub üzüaşağı açılan mənzərəyə baxanda elə danışırdılar, əyinlərində hərbi forma olsaydı, eşidən inanardı ki, şəhəri fəth etməyə gələn iki general danışır. Biri deyirdi bu şəhər uğrunda döyüşüb onu fəth etmək istəyir, o biri isə deyirdi ki, yox, əsgərlərini bu şəhər uğrunda vuruşdurub qan salmağa dəyməz.

Ancaq Nata ümidini üzmədən hər divardan sallanan sarmaşığın çiçəklərini Fəridə göstərir, hər keçən iti, pişiyi sığallayır, böyük narıngi ağaclarını qucaqlayır, özü də bu ağaclardan biri olub onu heç kəsin tanımadığı bu təzə yerdə bitmək istəyirdi.

- Sinif yoldaşlarım səni görsəydilər ələ salardılar, – Maşa ağacı qucaqlayan anasına güldü.

- Götürmə – Fərid dedi.

İndi də Nata ağacın altına düşmüş meyvələrdən götürüb ciblərinə qoyurdu.

- Oteldə kəsib baxacağam, görüm mandarindir, ya limon, Fedka, gör bu küçələrdə nə qədər itlər var. Hamısı da yatıb. Bilirsən niyə? Onları axtalayıblar. Ona görə yeyən kimi ancaq onu fikirləşirlər ki, yatsınlar.

- Soruşmadıq.

Həmin gün onlar çox gəzdilər, otelə ancaq axşamüstü çatdılar. Küçələr azan səsiylə, otelin foyesi opera musiqisiylə dolmuşdu. Andrea Bocelli tanrı səsinə bənzər mərhəmətli səsiylə oxuyurdu: “Kimə gərəkdi keçmiş? Gələcəyi kim bilir? Bəlkə, davam etməyəcək, bəlkə, bu andır hər şeyimiz...”

- Mən anamla yatacağam, ayrı otaqda! – Maşa dedi.

- Yaxşı – dedi Fərid.

- Bu niyə cins şalvar geyinib, - Nata qırmızı uzun dırnağını ekrana tuşladı. – Opera oxuyanda cins geyərlər?

Müğənni elə bil Natanın sözlərindən utanıb dərhal ekrandan çəkildi, əvəzində iki türk kişi peyda oldu. Onlar eyni vaxtda qışqırıra-qışqıra danışırdılar, heç nə başa düşmək olmurdu. Ancaq “lirə”, “hiperenflasyon”, “yeni eknomi programı”, bu ilk gecənin ruhuna yaraşmayan sözləri ayırd etmək olurdu. İki gəvəzənin söhbətindən usanan qadınla uşaq açarı alan kimi otağa qalxdılar.

Fərid otelin barına endi. Eyni dövlət adamları bardakı ekranda da çənə vururdular.

- Ne içersiniz? –barmen yeni müştərisinə dedi.

- Rakı.

Barmen “Yeni ala rakı” süzdü. Fərid içə-içə yenə fikrə daldı. Onun fikirlərini bir xadimə səliqə-sahmana salsaydı, bu çıxardı ortaya: “Pulu qazanıb yerinə qoyacağam. Elə bil atamdan borc almışam, borcumu qaytarıram. Bu pul nəyəsə daha yaxşı bir şeyə xərclənməyə layiqdi, minqat yaxşı bir şeyə.” Hesabı iki yüz türk lirəsi oldu. Evinə getmək istəməyən kişilər kimi oturub qaldı. Yenə rakı sifariş etdi. Eyni rakını, eyni qədərini. Bu dəfə hesabı beş yüz türk lirəsi etdi. O içənə qədər qiymət dəyişmişdi.

- Böyle, – barmen dedi. -Yine enflasyon yaşadık.

- Bir türk lirası, bir de ben, her gün yeni bir dip görüyoruz, - qonşu masada əngə vermək istəyən bir adam siqaretini odladı.

Cibindəki pul ölürdü. Fərid əvvəl heç nə başa düşmədi, necə ki, əzizi ölüm ayağında olan adamlar başa düşmürlər. Səhərə qədər bu minvalla getsə, pulun nəfəsi nəinki onları burda yaşatmağa, heç təyyarənin belinə mindirib gəldikləri yolla geriyə qaytarmağa da çatmayacaqdı. İkinci içkinin hesabınıı da ödəyib, bu qaranlıq axşamda bir az hava almaqçün şəhərə çıxdı.

Küçələrdə müəllimi bayıra çıxmış sinif kimi hay-küy düşmüşdü. Hamı əlindəki pula nə isə almaqdan ötrü dükanlara təpilir, indicə dükandan bu tünlüyə çıxan bir qadınsa yanındakına deyirdi ki, dünənə qədər bu pula tətil yapardı, bu günsə ancaq əlindəki əşyanı ala bilib.

Fərid axına qoşulub bir küçədən o birinə buruldu, bu adamla qaynayan ərzaq, geyim, qızıl dükanları arasında müştərisi heç olmayan bir oyuncaq dükanına rast gəldi. Satıcı oyuncaqların qiymətlərini dəyişdirirdi, rəfdəki evlərin, ana deyib çağıran kuklaların, nə atsan qaçıb gətirən itlərin, yel qanadlı atların, maşınların, gəmilərin, təyyarələrin, dəniz gözəllərinin və qalan hər şeyin. Fərid böyük bir qəhvəyi ayı aldı. Ayını qoltuğuna vurub küçədəki izdihama çıxdı.

# 4710 dəfə oxunub

Oxşar xəbərlər

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
Məşhur aktyor biznes qurur

Məşhur aktyor biznes qurur

10:00 11 dekabr 2024
"Kuruluş Osman"da daha yeni aktyor

"Kuruluş Osman"da daha yeni aktyor

09:30 11 dekabr 2024
"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

21:00 10 dekabr 2024
#
#
# # #