Kişilər niyə öpüşür?

Kişilər niyə öpüşür?
20 avqust 2024
# 15:00

Kulis.az Həmid Piriyevin "Öp, öp, öp, doyamadım...." adlı yeni köşəsini təqdim edir.

İsti yay günlərində ictimai nəqliyyatdan istifadə etməkdən (qışda sıxlığa necəsə dözmək olur, istidə lap zülümdü, üstəlik, tər iyi...), xaşdan (necə yeyirlər onu?), yaşıl almanın üstünə duz səpməkdən (çaxırla yaxşı gedir, amma çaxır xoşlamıram), dənizdə çimməkdən (təmiz olsa dərd yarı, bütün kanalizasiyaların ora axdığını bilə-bilə nöş çiməsən ki, dənizdə?!) və s.-dən nə qədər zəhləm gedirsə, bunların hamısının cəmindən də çox oğlanlarla öpüşüb-görüşməkdən zəhləm gedir.

Mən balaca olanda belə şeylər yox idi. Uzaq doxsanıncı illərdən danışıram. Üstündən otuz il keçsə də, o qədər şey dəyişib ki, doxsanlar artıq uzaq xəyal kimidir.

Elə əl verib görüşmək kimi. Nə yaxşıydı e, görürdün kimisə, əlini uzadırdın, onun da uzatdığı sağ əlini tutub sıxırdın, olurdu qəşəng.

Başa düşmürəm, iki dənə bığlı-saqqalı, yekə-yekə kişi nöş öpüşsün axı? Nədi bunun məntiqi? Ümumiyyətlə, bunu kim dəb saldı? Haçan saldı? O yoxluğun nirvanasını yaşayan adamı tapsam, iki kəlmə sözüm olacaq ona. Çox yox, iki kəlmə. Bəlkə, elə bir kəlməynən də başını bağladıq. Vəziyyətə baxarıq.

Məncə, cəmiyyətdəki bütün pozğunluqlar burdan qaynaqlanır: oğlanlarla öpüşüb görüşürük, qızlarla əl veririk. Əslində, tərsinə olmalıdır da. Yox?

Şəhərdə hamı öpüşür. Kim kimi gördü. Kim kimi harda tutdu...

Sosialist qardaşlıq öpüşü, yaxud sosialist qardaşlıq qucaqlaşması - sosialist ölkələrinin dövlət xadimlərinin görüşünü xatırlayıram. Yekə-yekə, vəzifəli-vəzifəli kişilər bir-birinin dodağından öpürdü. Düzdü, o hərəkat sosialist dövlətlərin xüsusi yaxınlığına işarə idi, amma yenə də...

Xüsusi günlərdə liderlər siyasi yaxınlığını öpüşlə nümayiş etdirirdilər. Sosialist qardaş öpüşü üç öpüşdən ibarət idi. Sosialist liderlərin dodaq-dodağa öpüşməsi Qədim Roma və İranda əl öpmə iyerarxiyasından fərqli olaraq bərabərliyi ifadə edirdi.

Hərbi pilot Valeri Çkalov 1936-cı ildə İosif Stalinin dodaqlarından öpmək istəyəndə, Stalin rəng verib-rəng almışdı, əl-ayağı dolaşmışdı, ancaq zamanla bu ənənəyə öyrəşmişdi, daha doğrusu, onu öpə-öpə öyrəşdirmişdilər və iş o yerə çatdı ki, 1937-ci ildə Vasil Molokovu özü öpmüşdü, özü də, elə-belə öpüş deyildi... Leonid Brejnevin də öpüşlərini, öpüşdüklərini hamı bilir.

Ola bilər, indiki öpüşlərin də bir ucu sosialist qardaşlıq öpüşü ənənəsinə söykənir, dəqiq bilmirəm, ancaq onu bilirəm ki, bizimkilərin öpüşünün heç bir ideoloji əsası, siyasi mahiyyəti yoxdu.

Hər yerdə öpüşürük. Yolda, ağac kölgəsində, eskalatorda, marketdə kassa növbəsində, kafedə, naharda, şamda, biznes-lançda, şezlonqda, metro çıxışında, avtobus dayanacağında, svetaforda, dönər yeyəndə, kola içəndə, siqaret çəkəndə, on beşinci mərtəbədə, zirzəmidəki pivəxanalarda... Ağıla gələ biləcək hər yerdə.

Marça-murç, şappa-şup, şaqqa-şuk, larta-lart (səslər dodaqların həcmindən və islaqlıq dərəcəsindən asılı olaraq dəyişir). Hamı bütün günü öpüşür.

Salam qaqaş (març).

Əleyküm salam (murç).

Necəsən? (marça-murç).

Hamını, azı, bir dəfə, üzünə xoş baxanı iki dəfə (hər iki yanağından), gücün çatanı üç dəfə də öpə bilərsən (birinci öpdüyün yanağını ikinci dəfə öpməklə).

Hələ öpəndə belini qucaqlayanı da olur.

Əlini dolayır belimə, belə yüngülcə e, heç ruhum da incimir. Dodaqlarını xəfifcə toxundurur yanağıma. Dinməsəm, elə biləcək, xoşuma gəlir. Birinci març, ikinci març, üçüncü març... Ta yaladın məni, bəsdi.

Özü də, yayda bir başqa zülmdü bu. Üzümdən tər axır e, özümdən iyrənirəm, az qala. Bu da gəlib öpür. Ağzının seliyi qarışır üzümün tərinə.

Ay başına dönüm, sən axı məni nöş öpəsən? Və ya mən hansısa oğlanı, kişini nöş öpməliyəm?

Kiməsə əl uzatmağa peşmansan... dodaqları əlindən qabaq uzanır canıyanmışın. Öpməyəndə də inciyir. Yəni deməsə də, hiss eləyirsən ki, incidi.

Məncə, ən qısa vaxtda bu öpüşmək məsələsinə əncam çəkmək lazımdı.

Sözümü qəribçiliyə salmayın.

# 1753 dəfə oxunub

Oxşar xəbərlər

“Miss Türkiyə 2024”ün qalibi açıqlandı

“Miss Türkiyə 2024”ün qalibi açıqlandı

11:54 12 sentyabr 2024
Məşhur aktyor həbs edildi

Məşhur aktyor həbs edildi

10:45 12 sentyabr 2024
Azərbaycanda nəşr edilən nadir kitablar nümayiş olunacaq

Azərbaycanda nəşr edilən nadir kitablar nümayiş olunacaq

10:07 12 sentyabr 2024
"Arşın mal alan"dan nadir kadrlar təqdim edildi

"Arşın mal alan"dan nadir kadrlar təqdim edildi

09:14 12 sentyabr 2024
Rüstəm Behrudi:  "Həmişə gəlib görürdüm ki, Mirşahin oturub kreslomda..." - Müsahibə

Rüstəm Behrudi: "Həmişə gəlib görürdüm ki, Mirşahin oturub kreslomda..." - Müsahibə

09:00 12 sentyabr 2024
Ehtiras, şübhə və qorxu - Nobel mükafatı almış qadın yazıçılar

Ehtiras, şübhə və qorxu - Nobel mükafatı almış qadın yazıçılar

17:00 11 sentyabr 2024
#
#
# # #