Pinəçinin ölümü

Orxan Həsəni, yazar

Orxan Həsəni, yazar

17 oktyabr 2023
# 12:41

Kulis.az Orxan Həsəninin “Pinəçinin ölümü” adlı yeni yazısını təqdim edir.

Dostum əlində babamın təsbehinə bənzər təsbeh gördüm. Başında İmam Əlinin şəkli, ayağında ay və ulduz. Hətta muncuqları da eyniydi. Diqqətlə baxsam, uşaq dişlərimin izini görəcəkdim. 90-larda bu təsbehlər məşhurdu. Məhəllə başına yığışan qırış basmış qoca əllərdən sırsıra kimi asılardı. Düz on səkkiz muncuq. İranla sərhədlər açılandan sonra yeni məişət əşyaları ilə tanış olmuşduq. Elektriksiz keçən gecələrdə kirəqaz köməyə çatırdı. Həm tək göz evi isidir, həm ocağında yemək bişirmək olur, həm də nazik işığı qaranlıq otağa iştahla dolub uşaq marağımızı cəlb eləyirdi. Divarda titrəyən kölgələr.

Bardaş qurub kirəqazın yanından oturur, qazın mavi alovundan ovsuna düşürdüm. Bir əşya başqa bir əşyanı təmsil edirdi. Formasına görə qalaya bənzəyirdi. Bağlı ağzının kiçik deşiklərindən süzülən işıq əjdahanın alovuydu. Qəhrəman qalanı ələ keçirməli, əjdahanı öldürüb şahzadəni xilas eləməliydi. Alovun istisi soyuq qış gecələrində üzümə toxunduqca bir ucdan yuxum gəlir, bir ucdan yatmamaq üçün özümü bərk sıxırdım. Atsız qəhrəman olmazdı. Babam gəlməliydi və mən onun təsbehini götürməli, qəhrəmanın atına çevirməliydim. Deyəsən, o təsbeh də İrandan gəlmişdi. Budur dostumun əlində. İllər sonra itirdiyi əşyanı tapan adam kimi ona heyrətlə baxdım. Qəribəsi buydu, təkcə itirməmişdim, həm də itirdiyimi unutmuşdum.

Yaddaşım iki qat şok dalğasıyla oyandı.

Babam indi həyatda yoxdur. “Dirol” dənəsinə bənzər balaca dişləri, yayda “Fanta” qutularına su doldurub soyuducuya qoymağımız, siqaret çubuqlarından ev tikməyim, bığıyla, əlləriylə oynamağım, Dərnəgüldə bir pinəçi, sup içəndə dodaqlarını qaşığa uzatmağı, boynunun arxasında hər yay oynanan yaralar, nəhayət mənim işıqlı uşaqlığım onunla birgə köhnə divar kağızı kimi solub yoxa çıxdı.

Ölüm ona görə təsirlidir ki, dünyada yaşamağa hamıya yer var, lakin babam öldü.

Düz iki il öncə xəbəri eşidəndə həyətimizə baxdım. Birdən hər şey mənə gepgeniş göründü. Quşlar oxudu. Buludlar çəkildi. Günəş üzünü göstərdi. Buludların çəkilən yerində az öncə uçan təyyarənin ağ xətti dağılmağa başladı. Sərin-sərin oyanan nəm torpağa toxundum. Əriklər yenicə çiçək açmışdı. Tumurcuqlardan gələn ətir həyatındı. Ovcumu ərik ağacına söylədim. Qırışları ovcumu qıdıqladı.

O da əl ağacına belə söykənərdi. Quru zoğal ağacının toppuzu yeri eşərdi. Əl ağacına söykənər və qalın “Bakı” siqaretini nazik, bənövşəyi dodaqlarının arasında məharətlə gəzdirərdi. Tüstünü üfürməzdi, tüpürərdi. Arada öskürər, “Barjom” suyundan içər, tərləyəndə əlini dəsmala silər, məni siqaret almağa yollayardı. Pulun qalığını almaz, yayın cırhacırında dəmir vedrələrdə ağaclara su verədi. Torpaq sərin suyu acgözülklə içərdi.

Yeməyi iştahla yeyər, təndir çörəyini “Dirol” dənəsinə bənzər balaca dişlərinin arasında arxayın-arxayın çeynərdi. Sup içəndə dodaqlarını qaşığa uzadardı. Dodaqlarını uzadanda nazik qaşları qalxardı. Kürəyi üstə yatar, gecələr xoruldardı. Xorultusuna tuş gəlməmək üçün yorğanın qucağına erkən girərdim. Çiyninə yod sürtər, yodun xəttiylə müxtəlif şəkillər çəkər, bu dolu bədənin bir vaxt torpaq olacağını düşünməzdim. Yayda qarğıdalı dənələr, “Fanta” qablarına su doldurub soyuducuya qoyar, qışda tut arağı vurardıq. Dilinə araq dəyəndə yanaqları almalanardı. Yazda tənəklərin arasından meh əsərdi. Payızda heyva soyardı.

Qara, qatlama bıçağı vardı. Parçaya büküb qoyun cibində gəzdirərdi. Bıçağın erməni dostundan xatirə qaldığını bircə mənə açmışdı. Nazik ağac budaqlarını soyar, başına rezin keçirib milçəköldürən düzəldərdi. İtimiz xəstələnəndə quyruğunu çərtərdi. Quru çörəkləri doğrayıb suda isladar, kökəltmə quzulara verərdi. Mənə ox düzəldərdi. Rezin çəkələklərim geyinilməkdən cırılanda bıçaqla deşib tikər, ömrünü uzadardı.

Sənəti pinəçiydi. Geniş ailənin ayaqqabılarını yamaqla bəzərdi. Divardan asılı xurcununda iynə, sap, yapışqan, biz olardı. Böyük qardaşı Bakıda Kimya müəllimliyi oxuyanda ona yoldaş getmiş, Dərnəgüldə işləmişdi. Bakı haqqında çox danışmazdı. Deyəsən, darıxıb qayıtmışdı.

O, həmişə darıxırdı. Ölümünə yaxın səhər erkən oyanıb televizoru açır, kolvboy filmlərinə baxırdı. Sadə “Nokia” telefonu ən yaxın dostuydu. Gün boyu qohumları yığıb yad edirdi. Tələbəykən pulqabımı itirmişdim. Bu vaxt babam zəng vurmuşdu. Necəsə təəssüfümü sezmişdi. Çox nəm-nüm eləmədən açıb demişdim. Sağollaşandan sonra Xoşqədəm Hidayətqızını yığıbmış. Xoşqədəm xanım gecənın yarı vaxtı onu yuxudan eləyən həyəcanlı adama bərk əsəbiləşibmiş. Pulqabım tapılandan sonra əhvalatı mənə gülə-gülə danışmışdı. Xoşqədəm Hidayətqızının şəxsi nömrəsini haradan tapdığını daha heç vaxt soruşa bilməyəcəyəm.

Hər yay boynunun arxasında yaralar oyanardı. Spirtə pambıq batırıb yaraları təmizlərdim. İllər sonra əmimim boynunun arxasında eyni yaralardan görəndə çaşbaş qalmışdım. Bu yaralar əvvəl yoxdu. Yeni oyanmışdı. Babamı xatırlayıb təsirə düşdüm. Yəqin irsiydi. Əyalətdə oğullar atalarının həyatının davamını yaşayır.

Onun ölüm xəbərini eşidəndə içimdə məyusluqdan özgə heç nə yoxdu. Son günlərini əzabla keçirmişdi. Dializ. Şəkər. Çiynində aparat vardı, qanını təmizləyirdi. Hərçənd bayıra çıxammırdı. Bircə Qarabağdan, Qarabağın dağlarından danışanda üzü gülürdü.

Uşaqlığı, gəncliyi dağlarda səda kimi ötüb keçmiş, bir yerdə qərar tutmayan bu axsaq kişinin xəstəxanada ölməsini sinirə bilmirdim.

İki ayağı da düz-əməlli işləmirdi. Birini düz atsa da, o birini arxasınca sürüyürdü.

4 fevral 1960-cı ildə ayaz varmış. Onu çiyninə şelləyən anası Zərnişan xanım (bu ad indi bacımındır) qar basmış dərə ilə evə yollananda birdən ayaqlarından ağrı tutub. Revmatizmin uşaq dəcəlliyi. Qarı eşib bir daş tapıb, əyləşib ki, ayaqları güc alsın. Bu vaxt şirin gülüşləri qar təki bəyaz körpə şəlin boşluğunu darta-darta çıxıb, çiynindəki rahat tərpənişi duyan Zərnişan düyünü açıb körpəni qucağında almaq istəyib və ehtiyatsızlıqdan körpə qara düşüb, dərə aşağı yumalanıb. Ayağını maroz vurub.

Babam həyatı boyu 4 fevral 1960-ci ilin sərt şaxtasını ayağında daşımışdı.

Ölüm ona görə təsirlidir ki, dünyada yaşamağa hamıya yer var, lakin babam öldü. Yaranın yeri istiydi. İlk vaxtlar nə qədər cəhd eləsəm də, ağlaya bilmədim. Bu sənin ilk itkindirsə, faciə qarşısında çaş-baş qalacaqsan.

Meyid ambulans maşınında həyətə girəndə adam əlindən tərpənmək olmurdu. Siqaret sümürən kənd sakinlərinin ucu şiş ayaqqabıları yeri eşirdi. Uzaq qohumumuz Elcanın başı dəvəquşu başına oxşayırdı. Arxası və kənarları qırxılsa da, üstü yerindəydi. Onun dəvəquşu başına oxşayan başı həyətimizin yas havasına qətiyyən uyğunlaşmırdı. Dediyinə görə xəbəri eşidəndə bərbərdəymiş, səbri çatmayıb, durub gəlib.

Hər şey necə sürətlə baş verirdi.

Qadınlar evə girib ağlaşdılar. Qadınların ayaqqabıları, çəkələkləri qapının ağzına laqeydcə səpələndi. Birdən bu səhnə mənə kinomatoqrafik göründü. Gözdən yayındım və telefonumu çıxardıb şəklini çəkdim. Həmin gündən bircə bu şəkil yadigar qaldı; Faciə qarşısında cütünü itirən ayaqqabılar.

Meyidi yumaq üçün həyətdə çadır qurdular. Çadırın iplərini ərik ağaclarına bağladılar. Ərik ağaclarının yeni açan çiçəkləri qopub düşdü. Molla və bir neçə adam içəri girdi. Mən də arxalarınca. Uzun, dəmir stolun üstündə uzanmışdı. Ölü pişiklər ilə diri pişiklər, ölü itlər ilə diri itlər bir-birinə bənzəyir, ölü insanlar ilə diri insanlar isə bir-birinə bənzəmir. Yuyat yerindəki bu dolu kişi, doğrudanmı, babam idi?

Hərəkətsiz uzanmışdı.

Əllərinin kök qarnının üstündə birləşdirər, eynən belə yatardı. Uşaqlığımın isti günortalarında babam yuxuya gedər, mən bığıyla, əlləriylə oynar, siqaret qutusunu döş cibindən götürüb içindəkiləri tökər, siqaret çubuqlarını üst-üstə yığıb ev tikərdim. Oyanıb əsəbiləşərdi, amma mənə heç vaxt əl qaldırmamışdı. Mənə heç vaxt əl qaldırmadığını düşününcə hönkürtüylə ağlamağa başladım.

Yuyat yerindəki bu dolu kişi, doğrudanmı, babam idi? Beləcə uzanıb televizora baxar, qeyd dəftərinə yazdığı nömrələri telefonuna köçürməyimi istərdi. Mən bezgin-bezgin əvvəl nömrəni yazar, sonra adını kiril hərflərlə qeyd edərdim. “Kəko Arif”, “Elçin Ət”, “Aydın Afçarka”, “Almazın əri”, “Sərdar yer qazan” nömrələr uzanardı. O, mənə kiril hərflərini öyrətmişdi, mən ona latın hərflərini öyrədə bilmirdim.

Yuyat yerindəki bu dolu kişi, doğrudanmı, babam idi? Barmaqları təsbehsiz darıxardı. Üstündə İmam Əlinin şəkli olan təsbehi iki barmağıyla ölçüb-ölçüb qurtarmazdı. Bu təsbeh illərin yoldaşıydı. Gözümü açandan əlindəydi. Uşaq olanda ağzıma salar, dənələrini dişimlə əzərdim. Əsəbiləşərdi. Ölümünə yaxın yoxa çıxdı. Görəsən, kimə bağışladı?

Yuyat yerindəki bu dolu kişi, doğrudanmı, babam idi? Üzünü tanıyırdım. Bu üzlə böyümüşdüm.

Sakitləşməyim çox çəkmədi. Gözümün yaşını köynəyimin yaxasına sildim.

Atam mollanın göstərişlərinə müntəzir babamın qolunu qaldırıb su əndərir, sonra əşya kimi (məsələn şüşə stəkan) sınmasın deyə ehtiyatla yanına qoyurdu. Görəsən, çiynindəki aparat işləyirdimi? Molla dedi, aparatı çıxartmayın. Aparat çıxsa, qanı dayanmayacaq. Elə bu cür dəfn olunmalıdır.

Mafəni qaldırdıq. Ağır idi.

Atam və əmim məzarın içinə girdilər. Kəfənlənmiş mərhumu nəm torpağa bağışladılar. Üstünü torpaqladıq.

Vəssəlam.

# 2646 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
#
#
# # #