Niyə dilənirsiz, ay kişi?

Vüqar Babazadə, yazar

Vüqar Babazadə, yazar

26 yanvar 2022
# 11:50

Kulis.az Vüqar Babazadənin "Bəlkə?" adlı yazısını təqdim edir.


Bu nə tənha darıxmaqdı?
Axı belə kim darıxır?!
Cibimdə əlim darıxır,
Ağzımda dilim darıxır.

Darıxır qabım-qaşığım,
Darıxır yorğan-döşəyim.
Evdə qalsam ev-eşiyim,
Yol getsəm yolum darıxır
.


Epiqrafı nə üçün bu şeirlə verdiyimi özüm də bilmirəm. Bəlkə də, darıxıram. Deyilənə görə, əvvəllər əkin sahələrinin, tarlaların toxum səpilməyən, yerimək üçün istifadə olunduğu yerə “bəlkə” (bəlgə) deyirmişlər. “Bəlkə”yə nə əkirmişlər heç nə çıxmırmış, çünki toxumun üstündən yeriyəndə ziyan olurmuş. Ona görə də, deyirlər ki, ““bəlkə”ni əkiblər çıxmayıb”. Yəni işin “bəlkə”yə qaldısa, yıxıl öl, ondan yaxşıdır.

Bu yazıda ürəyim istəyən qədər boşboğazlıq etmək istəyirəm. Ən xırda bir şeyin ucundan tutub ucuzluğa gedə bilərəm. Boş-boş danışıb, sizin vaxtınızı ala bilərəm. Çünki işim “bəlkə”yə qalıb. Hava boz və qanım qaradır. Burdan da göründüyü kimi, tünd rənglərdən xoşum gəlmir.

Son zamanlar dünyada yeni bir proses başlayıb. Hər kəs öz həyatının maraqlı olduğunu düşünür və onu yazıb, kitab halında çıxarır. Bu dəb halını alıb. Öz həyatlarını yazıb kitab kimi nəşr etdirən insanlar mənə çatmır. Onsuz da, mənə çatmayan çox şey var. Onları burda bir-bir xırdalamaq istəyərdim, heyif ki, ərinirəm. Amma bir-iki şey var ki, onları mütləq qeyd etməliyəm. Bunlar pabda bütün mahnıları əzbər bilən, fahişəliyə ən qədim sənət kimi baxan, çayı nəlbəkidən içən, corabla yatan insanlardır. Bir də təbii ki, öz həyatını başdan-ayağa, necə var elə yazan insanlar.

Bu burda qalsın, sizə kimdən deyim, kimdən danışım, Azərbaycan Respublikasının bir qism gənc yazarlarından. Bu bir qism gənc yazar son zamanlar peyda olub, dilənərək kitab çıxarırlar.

Yəni öz media hesablarından camaata bildirirlər ki, “İlk kitabımın ön satışı başladı. Filan karta filan qədər pul atın və s.” Sonra pul göndərən insanları və qəbz şəkilləri paylaşırlar ki, “filankəs filan qədər pul atdı, siz də atın”. Sizə bir şey demək istəyirəm, əziz gənc yazarlar. WTF? WTF nigga? Niyə dilənirsiz, ay kişi?

Pulunuz yoxdu, möhtəşəm bestsellərinizi saxlayın, pulunuz olanda nəşr etdirin. Nə, kim, kimlər sizi məcbur edir kitab çıxarmağa? Bəlkə, masonlar? Ya dünyanı idarə edən yeddi ailədən biri? Bilinmir. Bununla nə qazanırsız? Özünü 12-ci imam, imam Mehdi (صلی الله علیه و آله و سلم) kimi təqdim edib, camaata Cənnətdə yerlər vəd edən və pul toplayan adamdan nə fərqiniz var? Nəysə, bu söhbətə maksimum bir abzaslıq vaxt ayıra bilərəm. Türk qardaşlarımız demiş, ben kendi reputasiyamın peşindeyim, qalanını özünüz bildiz.

Bəli, bayaq dediyim kimi, hər kəs öz həyatını yazıb çap edir, çap edə bilməyənlər də düşünür ki, onun həyatı yazılsa bir roman olar. Bu şey mənə çatmadığı üçün istərdim ki, mən də öz həyatımdan heç vaxt yadımdan çıxmayan, durduq yerə yadıma düşüb mənə əzab verən, həyatımda heç bir işə yaramayan bəzi xatirələrimi yazım. Görüm nə göstərir.

***
10 il bundan əvvəl, Lerikdə məhəllə uşaqlarımla futbol oynamağa gedirdik. 6-7 nəfər olardıq. Stadiona gedən yolda balaca bir dərə vardı. Dərəni bir-bir tullanıb, keçirdik. Məndən qabaqda Vahid adlı bir dostum vardı. Dərəni tullanan anda birdən çevrilib mənə belə bir şey dedi:

Bəyaz gecələr,
Yetim cücələr,
Talış dağları,
Teksun yağları.

***
Mənim Riyaziyyatdan, demək olar ki, anlayışım yoxdur. Riyaziyyata nifrət edirəm. Riyaziyyatı bütün fənlərin anası sayanlara da nifrət edirəm. Elə ana olar? Xahiş edirəm, aidiyyəti qurumlar bu işə əl qoyub, Riyaziyyatı analıqdan çıxarsınlar. Bütün fənlərin dədəsi, nənəsi, yeznəsi, dayısı filan olsun.

Hər nəysə, matematika ilə düşmənliyim səbəbinə görə gündəlik həyatda çoxlu problemlər yaşayıram. Abituriyent vaxtlarımda 7 il Riyaziyyatdan hazırlığa gedib, qəbul imtahanında 7 dənə düz yazmışdım. Bu, təxminən, ilə bir sual öyrəndiyimi göstərir.

Mənim Riyaziyyatdan hazırlıq müəllimim də çox vəhşi bir müəllim idi. Qətiyyən mənə acımır, eşşək kimi döyürdü. Əli də çox ağır idi.

Ümumiyyətlə, Riyaziyyat müəllimlərinin əli çox ağır olur.

Bir dəfə hansısa hovuz məsələsinə görə yenə qızların içində başıma 3-4 dənə güclü qapaz vurdu və məni təhqir etməyə başladı. Niyəsə onda balaca ürəyim dözmədi və mən ağlamağa başladım. Bu rüsvayçılığımı heç cür unuda bilmirəm. Bütün hovuz məsələlərinə nifrət edirəm. Bir boru iki hovuzu üç saata doldurursa, dörd boru neçə saata boşaldar filan. Gələcəkdə villamın həyətinə hovuz tikdirəndə, bu şeylər mənim heç vecimə olmayacaq.

***
Bir dəfə Lerikdən Bakıya gəlmişdim. Bu mənim Bakıya ilk gəlişim idi. Anamgil məni sumkaların yanında saxlayıb hansısa mağazaya getmişdilər. 28-dəki keçid ticarət mərkəzində sumkaların yanında gözləyirdim. Sıra-sıra düzülmüş mağazaların qabağında iki cavan oğlan oturmuşdu. Birdən onların biri mənə dedi:

– Sən haralısan?

Mən də cavab verdim ki, Lerikdənəm. Oğlanlardan biri dedi ki, “Kəndçisən də. Baxanda “stoykandan” bilinir”.

Onlar niyə mənim kənddən gəlməyimə rişxənd edirdilər, baş açmamışdım. Heç indi də baş açmıram. Amma bu söz heç vaxt yadımdan çıxmır.

***

Çox uzatmaq istəmirəm, çünki qulağım ağrıyır. Qulağım niyə ağrıyır, başa düşmürəm. Heç vaxt qulağım ağrımayıb. Durduq yerə, ilin günün bu vaxtı qulağım niyə ağrısın axı? Qulaq, ümumiyyətlə, çox məzmunsuz orqandır. Onun yerinə başıma iki dənə balaca deşik açdırmaq istəyirəm. Gül kimi başımın simmetriyasını pozur.

Nəysə, bye, bye.

# 957 dəfə oxunub

Oxşar xəbərlər

# # #